SADƏLİK VƏ SAFLIQ NÜMUNƏSİ
Qaraməmmədli nəsli Faxralıda sayılıb-seçilən nəsillərdəndir. Bu nəsilin yetirdiyi ziyalılar həmişə elin hörmətini qazanıb. Adı-sanı və xeyirxahlıqları ilə xatırlanıblar. El-el tanınan oğulları bir deyil, beş deyil. Yalnız bütün Borçalıda böyük hörmət qazanmış, sözün həqiqi mənasında xalqımızın sinəsində yanar ürək gəzdirən oğullarından biri olan Əli Bayram oğlu Əliyev kimi namuslu, ziyalı övladlarının adını çəkmək bəs edər ki, bu nəsil haqqında tam təsəvvür olsun. Abbas Abdulla şerlərinin birində yazır:
Dörd tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar.
At oynatmaz hər cür yasar,
Ər oğlu ər Faxralıda.
Qaraməmmədli nəslinin layiqli davamçılarından biri də Vüqar Əli oğludur.
Vüqar Əli oğlu Əliyev 1971-ci il avqust ayının 12-də Bakı şəhərində anadan olub. Orta təhsilini də bu şəhərdə alıb – 1977-ci ildə Yasamal rayonundakı 20 saylı məktəbdə birinci sinfə gedib, 1988-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Həkim olmaq arzusu onu N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) gətirib çıxarıb. O vaxtlar qəbul imtahanlarında yüksək nəticə, prestij sayılan ekstern yolu ilə (o vaxtlar ali məktəbə qəbul olunmaq üçün ixtisasa uyğun olaraq dörd fəndən imtahan vermək lazım gəlirdi, ekstern yolla qəbul şərtlərinə görə isə ilk iki imtahandan yüksək qiymət alan abituriyent sonrakı iki imtahana daxil olmadan tələbə adını qazanırdı) institutun müalicə-profilaktika fakültəsinə daxil olub. 1994-cü ildə həmin fakültədə təhsilini uğurla başa vurub fərqlənmə diplomuna layiq görülən Vüqar Əli oğlu bir illik internatura təhsilini 1994-1995-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin Mərkəzi xəstəxanasında reanimatoloq-anestezioloq ixtisası üzrə alıb. Artıq bundan sonra yüksək ixtisaslı bir həkim kimi, istədiyi bir müalicə müəssisəsində çalışmaq imkanı olsa da, Vüqar təhsilini davam etdirmək, biliklərini təkmilləşdirmək qərarına gəlib və bu məqsədlə də Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. 1996-1999-cu illərdə bu şəhərdə A.L.Polenov adına Neyrocərrahiyə İnstitutunda neyrocərrah ixtisası üzrə ordinatura keçib. Onun sonrakı əmək və elmi fəaliyyəti də Sankt-Peterburq şəhəri ilə bağlıdır. Burada müxtəlif xəstəxanalarda həkim-neyrocərrah kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda A.L.Polenov adına Neyrocərrahiyə İnstitutunda elmi-tədqiqatla da məşğul olub. “Kəllədaxili anevrizmli xəstələrin beyin qan dövranının autotənziminin vəziyyəti” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib və 2003-cü ildə dissertasiya işini uğurla müdaifə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Bundan sonra da elmi axtarışlarını davam etdirib və 2015-ci ildə “Neyrocərrahi xəstələrin beyin qan dövranının autotənziminin qeyri-invaziv qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Vüqar hazırda Sankt-Peterburq şəhərində Müqəddəs Yelizaveta adına şəhər xəstəxanasında şöbə müdiri vəzifəsində çalışır. O, dünyanın bir çox ölkələrində elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, Rusiya (Moskva – 2005, 2009), Fransa (Lion – 2008; Tuluz – 2012), Türkiyə (İstanbul – 2011) və Finlandiyada (Helsinki – 2013) treninqlərdə neyrocərrahiyənin müxtəlif sahələri üzrə təhsilini daha da təkmilləşdirib. Kəllədaxili anevrizmli xəstələrin beyin qan dövranının autotənzimi mövzusunda məqalələri Rusiyanın “Функциональная диагностика”, “Вестник Военно-медицинский академии”, “Acta Neurochirurgica” kimi beynəlxalq miqyaslı jurnallarında çap olunur.
Vüqar həkim 2008-2014-cü illər ərzində Rusiya Federasiyasında 9 ixtira üzrə patent alıb. Ali dərəcəli həkimdir. Neyrocərrahiyə üzrə 20 illik iş təcrübəsinə malikdir.
Bu sadaladıqlarımız Vüqar həkimin ömür kitabının ayrı-ayrı səhifələrindən fraqmentlər, fəaliyyətinin qısa statistikasıdır. O, bu qədər yüksək nailiyyətləri yad ölkədə öz səyi, bilik və bacarığı sayəsində qazanıb. Təbii ki, burada onun özünün bacarığı və səyi ilə yanaşı, tərbiyə aldığı ailə, böyüdüyü mühit də böyük rol oynayıb. Gözünü açandan ailədə həmişə elmə-savada böyük maraq, ciddi münasibət görüb. Anası Güləsər xanım rus dilinin incəliklərini nəinki Vüqara, həm də qohum-qonşuların uşaqlarına da öyrədərdi. Yüksək savada malik olan atası Əli müəllim övladlarının da təhsil almaları üçün əlindən gələni edərdi. Vüqar hələ uşaqlıq illərindən yüksək məsuliyyət hissinə malik olmasıyla fərqlənərdi, ona tapşırılan hər işi sona çatdırmamış sakitləşməzdi. Çox əməksevər və səliqəlidir. Dərslərini əla oxumaqla yanaşı, musiqi təhsili də almışdı. Fortepiano gözəl ifa edir və əgər həkimlik ixtisasını seçməsəydi, yəqin ki, gözəl bəstəkar ola bilərdi. Uşaqlıq illərində qazandığı bu qabiliyyət indi də onun köməyinə gəlir. 7-8 saatlıq əməliyyatdan sonra fortepianonu dilləndirdikcə, bütün əsəb və fiziki yorğunluğunu unudur.
Vüqar Əliyev ali dərəcəli həkim, tibb üzə elmlər doktoru olmaqla yanaşı, hüquq və iqtisadiyyat üzrə də ali təhsil alıb. Rusiyada yaşasa da, öz kökünə, elinə-obasına, yurduna bağlı bir insandır. Mehriban, qayğıkeş, insansevər, səmimi və təvazökardır. Milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir xəstəyə diqqətlə yanaşır və həkimlik borcunu sonunadək ləyaqətlə yerinə yetirməyə çalışır. İşinə o qədər məsuliyyətlidir ki, hətta doğma Vətənə məzuniyyətə gəldikdə belə bir də görürsən ki, xəstələri üçün narahat olur, telefonla əlaqə saxlayaraq onların vəziyyəti ilə maraqlanır, lazımi göstərişlərini verir. Məhz bu xasiyyətləri Vüqar həkimi xəstələrin gözündə yüksəldərək onlarda minnətdarlıq hissi yaradır. Müalicə etdiyi xəstələr hər zaman onun haqqında minnətdarlıq hissi ilə danışırlar. Rusiyanın müxtəlif guşələrindən ünvanına gələn minnətdarlıq məktubları da bunu sübut edir: “Vüqar həkim məni Peterburqda əməliyyat etmişdi. Mən onun yanına İnquşetiyadan gəlmişdim. Mən çox şadam ki, Rusiyada da xaricdəki kimi yaxşı həkimlər var!” (Hacı Murad, 2016-cı il). “Çox yaxşı həkimdir, əlləri qızıldır! O, mənim anamı anevrizmə görə əməliyyat etmişdi, bu gün də anam ona dua edir!” (Zara, 2015-ci il). Bu sayaq nümunələr onlarla, yüzlərlədir. Çoxları isə Vüqar həkimə öz minnətdarlıqlarını internet vasitəsilə bildirir və ona cansağlığı arzulayırlar.
“Ağac bar gətirəndə başını aşağı əyər!”, – deyiblər. Vüqar Əliyev də sadə, səmimi, həm də təvazökar, lovğalıqdan uzaq bir insandır. Bu sadəlik, saflıq və təvazökarlıq hər şeydən əvvəl kökdən gəlir. Haqqında yazmaq istəyimizi biləndə də razı olmaq isəmirdi ki, mən bir həkim kimi öz borcumu yerinə yetirirəm.
Bu gün Vətəndən uzaqlarda elimizi-obamızı, millətimizi, Borçalımızı, Faxralımızı ləyaqətlə təmsil edən Vüqar həkimə daha böyük uğurlar arzulayır və deyirik: Sağ ol, Vüqar həkim, Allah əllərinin şəfasını bol eləsin, gözlərinə nur, canına sağlıq versin!
Sizin kimi insanlar nəinki Faxralının, Borçalının, bütövlükdə Azərbaycanın fəxridir!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.