Xələddin Əmir oğlu Əhmədov 1941-ci il fevralın 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1947-1951-ci illərdə Cəfərli ibtidai məktəbini, sonra Qoçulu kənd 8 illik məktəbini bitirmişdir. 1955 -1958-ci illərdə Bolnisi rayonunun Arıxlı orta məktəbini qızıl medalla bitirmiş vəAzərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. Həmin il göndərişlə Bakının leytenant Şmidt adına (indiki Səttarxan adına) neft maşınqayırma zavodunda mühəndis-konstruktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Elmə və texnikaya olan həvəsi 1966-cı ildə onu vaxtilə təhsil aldığı Azərbaycan Politexnik İnstitutunun maşınqayırma texnologiyası kafedrasına gətirmişdir. Burada o, pedaqoji fəaliyyətlə yanaşı elmi işlə də məşğul olmuşdur. 1971-ci ildə keçmiş SSRİ-nin ən qabaqcıl texniki ali təhsil ocağı olan N.E. Bauman adına Moskva Ali Texniki məktəbində əyani aspiranturanı bitirmiş, namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Ələddin Əhmədov Azərbaycanda maşın detallarının emalı zamanı yaranan daxili gərginlikləri ətraflı tədqiqat edən ilk mütəxəssisdir. Elmi-texniki jurnallarda çap olunmuş 10-dan çox elmi məqalənin və tədris metodik vəsaitinin müəllifidir. Xələddin Əhmədov 1988-ci ildə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetin nəzdində 10 aylıq xüsusi xarici dillər kurslarının fransız dili şö’bəsini müvəffəqiyyətlə bitirmiş, 1989-1992-ci illərdə Əcəzair Xalq Demokratik Respublikasının Beşar Texniki Universitetində müəllim işləmişdir. O, Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinin metalkəsən dəzgahlar və alətlər kafedrasının dosenti vəzifəsinədək yüksəlmişdir.
Mənbə : REDAKTORDAN