Yolçu Əhməd oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT

Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə Faxralı orta məktəbini qızıl madalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısıdlr. Müharibədə orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946 – 1968-ci illərdə Bolnisi rayonunun bir sıra kəndlərində kolxoz və sovxozların baş mühasibi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə aspiranturaya daxil olmuş, 1968-ci ildə isə aspiranturanı bitirmişdir. Sonra Gürcüstan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda dissertasiya müdafiə edib iqtisad elmlər namizədi elmi dərəcəsi almışdır. 1968 – 1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat uçotu kafedrasında dosent vəzifəsində işləmişdir. 1969-1974-cü illərdə həmin ali məktəbin “Mühasibat uçotu və maliyyə-kredit” fakültəsində dekan müavini və dekan vəzifələrində işləmişdir. Mühasibat uçotuna və onun təkmilləşməsinə aid 35 elmi məqalənin və 3 dərs vəsaitinin müəllifidir. Bu sahə üzrə elmi konfranslarda fəal iştirak etmiş, məqalələr çap etdirmişdir. 1985-1990-cı illərdə Azərbaycan Ali məhkəməsinin iclasçısı olmuşdur. II dərəcəli müharibə əlilidir.

Mənbə : REDAKTORDAN

QÜRUR DUYULASI NƏSLİN ZİYALI OĞLU

Bu yazımın qəhrəmanı haq­qında düşü­nən­də nədənsə həmişə ilk növbədə onun soyköükünü və bir də “Kəlilə və Dimnə”də oxu­duğum bir fikri xatırlayıram: “İs­te­dadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düş­mə­­­ni çox olsa da, o, əql və kəlamı sayə­sində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmi­si­niz­mi ki, çırağı söndür­mək istərkən o, yüksəyə qalxmağa meyil göstərir”.

Soykökünü ona görə xatırlayıram ki, bu nəslin XX əsrin əvvəllərində təkcə  Faxralıda yox, bütünlükdə Borçalıda ma­ari­fin inkişafı yolunda sözün əsl mənasında böyük fəda­kar­lıqlar göstərmiş Mirzə Rza, Mirzə Seyfulla, Mirzə Həbi­bulla və digərləri kimi tanınmış nümayəndələri olub. Onların hər biri xalqın maariflənməsi yolunda çırağa dönərək bu yolda ömür­lə­rini şam kimi əritmişlər. Nə zamanın amansız sərt küləkləri, nə də o illərin təlatümləri bu çırağı söndürə bilməmiş, əksinə yu­xa­rıdakı sitatda deyil­diyi kimi, bu alov daha da şölələnmişdir.

Qori seminariyasının məzunu olan Mirzə Rza Əlizadə hələ ötən əsrin əvvəllərində Zaqafqaziya Sey­minin vaxtında Təhsil nazi­ri­nin Azərbaycan məktəblərfi üzrə müavini olub. O, eyni za­man­da vaxtilə Borçalı qəzasının sədri işləyən Ə.Haqver­diyevin də müavini vəzifəsində çalışıb. Sonradan Sovet hakimiyyəti il­lə­rində haqsız təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün Tür­ki­yəyə keçib və onun oğlu Hidayət Turan XX əsrin otuzuncu illərində Türkiyə Cüm­huriyyətinin energetika naziri vəzifə­sin­də çalışıb.

Həbibulla Əlizadə Borçalı qəzasında maarif üzrə inspektor vəzi­fə­sin­də çalışıb. Seyfulla Əlizadə də xalqın maariflənməsi istiqamətində yo­rul­maz fəaliyyət göstərib, Faxralıda və digər kənd­lərdə məktəblərin açıl­ma­sında böyük xidmətləri olub. Fax­ralıya həsr etdiyim bir şeirimdə yazmışam:

Mirzə Rzam, Mirzə Həbim, Gül Pərim,
Hümmət, Musa kimi kəsərli ərim,
Telli sazda həm zilimsən, həm bəmim,
Nəbim kımi gövhər-kanım, Faxralı.

Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Faxralıda Koxalılar kimi tanınan bu nəslin el yolunda həyata keçirdiyi xeyirxah işlər sonralar da davam etdirilib. Faxralıda kolxoz sədri vəzi­fə­sində çalışmış İsrafil Əli­za­dəni  bu gün faxralılar yol salan, kör­­pülər tikdirən bir rəhbər işçi, el yolun­da can yandıran eloğlu  kimi minnətdarlıqla xatırlayırlar.

Bu nəslin Faxralının və bütövlükdə Borçalının tarixinə öz ad­la­rını əbədi yazmış nümayəndələrinin siyahısını bir qədər də uzat­maq olar. Amma məqsədimiz heç də bütövlükdə bu nəsil­dən yox (bu, ayrıca, özü də daha geniş bir mövzunun söh­bə­ti­dir), onun layiqli davamçılarından olmuş Yolçu müəllimdən danışmaqdır.

Yolçu Əhməd oğlu Əlizadə 1922-ci il sentyabrın 2-də Fax­ra­lıda dünyaya gəlib. Burada orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olub. Amma o, hələ tələbə ikən 1941-ci ildə İkinci dünya müharibəsi başla­dı­ğın­dan təhsilini yarımçıq qoyaraq cəb­həyə yollanıb. Müha­ri­bə­nin sonunadək cəbhə bölgələrində olan Y.Əli­zadə döyüşlərdə göstərdiyi şücaətlərə görə bir sıra orden və medallarla tə­ltif olunub. 1945-ci ildə müharibə bitdikdən sonra doğma el-obaya qayıdıb və yenidən ali təhsil almaq qərarına gəlib. Bu dəfə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və oranı 1956-cı ildə bitirib. Doğ­ma Faxralıya ali təhsilli mütəxəssis kimi qayıdaraq kənddəki “Qələbə” kolxozunda baş mühasib kimi fəaliyyətə başlayıb və 1968-ci ilədək bu vəzifədə çalışıb. O zamanlar bu, heç də balaca vəzifə deyildi. Və bəlkə də bir başqası olsaydı belə “yağlı vəzifədə” oturduqdan sonra ancaq dola­nışığını, gün-güzəranını düşünərdi. Amma o, həyatın mə­na­sını təkcə var-dövlət toplamaqda, tutduğu vəzifədən yarar­la­na­raq şəxsi ambisiyalarını həyata keçirməkdə görənlərdən de­yil­di. Hər müşküldən nicat yolunun elmdə olduğnu yaxşı bilir­di. Elə buna görə də kolxozda çalışdığı müd­dətdə həm də elmi araşdırma ilə məşğul olub. İstehsalatdan ayrılmadan Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun dissertantı kimi elmi iş üzərində çalışıb. Və yuxusuz gecələr, gərgin elmi axtarışlar öz bəhrəsini verib, 1968-ci ildə o, “Mühasibat uçotunda maya dəyərin hesablanması metodu və təkmilləşdirilməsi” mövzusunda na­mi­zədlik dissertasiyasını uğurla mü­dafiə edərək iqtisad elmləri na­mizədi elmi dərəcəsi alıb. Yeri gəlmiş­kən qeyd etmək lazım­dır ki, Yolçu Əlizadə o vaxtlar SSRİ məkanında kənddə kol­xoz­da baş mühasib işləyə-işləyə elmi tədqiqatla da məşğul ola­raq elmlər namizədi alimlik dərəcəsi almış ilk mütəxəssis idi.

Müta­li­əli və məlumatlı kişi idi Yolçu müəllim. Ə.H.Bəhmənyar  uzaq­görənliklə deyirdi: Elə adamlar axtarın ki, onlarla söhbət yax­şı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi fi­losoflarla söhbətə dəysin. Yolçu müəllimlə hər söhbət hə­qi­qə­tən bir kitaba bərabər idi. Özüm bunun dəfələrlə canlı şahidi olmuşam.

Artıq onun üçün daha geniş fəaliyyət meydanı lazım gəlirdi. Kənd yerində yaşamaq onun daha geniş sferada elmi-tədqiqatla məşğul olmaq imkanını məhdudlaşdırırdı. Elmi mühitə daha da yaxın olmaq məqsədi ilə 1968-ci ildə Bakı şəhərinə köçdü və burada müsabiqə yolu ilə Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) “Mühasibat uçotu­nun təşkili və təhlili” kafedrasında baş müəllim vəzifəsini tutdu. Az sonra həmin kafedranın dosenti seçildi və ömrünün sonunadək burada elmi-pedaqoji fəaliyyətlə məşğul oldu. Eyni zamanda 1972-1983-cü illərdə “Mühasibat uçotu və maliyyə-kredit” fakültəsinin dekan müavini və dekanı vəzifələrində də çalışıb.

35 elmi məqalənin və 3 dərs vəsaitinin müəllifi idi Yolçu müəllim.

Qürur duyulası bir keçmişi olan Yolçu müəllim üçün də həyat­da ən böyük xoşbəxtlik L.Tolstoy demiş, yaxşılıq eləmək və yax­şı­lıq eləmək­dən duyulan həzz olmuş və övladlarına da bunu təlqin etmişdir. Buna görədir ki, 2001-ci il martın 3-də dün­yasını dəyişən Yolçu Əlizadəni tək­cə doğmaları və  faxralılar yox, borçalılar, dostları, tanışları, həmkar­ları və dərs dediyi minlərlə yetirməsi hər zaman minnətdarlıqla xatırlayırlar.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur