Afaq Nadir qızı Nəsibova

AĞIL QIZIL TACDIR

Afaq Nadir qızı Nəsibova 1988-ci il mar­tın 9-da Gürcüstanda – Borçalının ağır ellərin­dən olan Faxralı kəndində müəllim ailəsində anadan olub. Körpəliyi bu kənd­də keçsə də, təhsilini doğma Faxralıdan uzaqlarda almalı olub. Valideynlərinin işi ilə əlaqədar Dağıs­ta­nın Dərbənd şəhərində yaşa­dıq­larından, orta məktəbin birinci sin­finə də məhz burada get­məli olub – Dərbənddəki 11 saylı orta məktəb­də oxuyub. İlk gündən mək­təbdə müəllim­lərinin diqqətini çəkib, xüsusilə də riyaziyyat fənninə güclü marağı onu təkcə oxuduğu məktəbdə deyil, eyni zamanda Dərbənd məktəbliləri arasında məşhur­laş­dırıb. 6-cı sinifdə oxuyanda isə o, artıq Dağıstan Respublikasının mək­təbliləri arasında öz qabiliyyəti və istedadı ilə seçilib, Cənubi Dağıstan üzrə keçirilən ənənəvi riyaziyyat olimpiada­sında birinci yeri tutub. Bu, Afaqın ilk uğuru, onu böyük zəfər­lə­rə aparacaq ilk qələbəsi, gələcək uğurlarının müjdəsi idi. Təbii ki, bu uğura hamıdan çox sevinən onun valideynləri idi. Afaqın atası, özü də riyaziyyat müəllimi olan Nadir müəllim qızının sabahına böyük inamla baxırdı.

Sonradan valideynləri Bakıya köçən Afaq təhsilini 2000-ci ildən Sabunçu rayonundakı 271 saylı tam orta məktəbdə davam etdirib. Bu məktəbdə də qısa müddətdə qabiliyyəti, dərin zəkası və istedadı ilə yaşıd­ları arasında fərqlənib, müəllim və şagird kol­lektivinin hörmətini qa­za­nıb. Onun məktəbin yuxarı sinif­lər­də oxuduğu illəri yaxşı xatırla­yıram. 2002-ci ilin yanvarın­dan həmin məktəbin direktoru olduğumdan, bütün istedadlı şagird­lər kimi, Afaqın qazandığı uğrular məni də hədsiz sevin­dirirdi. Hansı müəllim öz yetirməsinin uğuruna sevinməz ki?! Hər dəfə onun oxuduğu sinfə daxil olanda şagirdlərə xitablarımdan biri bu olurdu: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Mənim bu sözləri­mə Afaqın dərhal reak­siya verməsi, dərin məz­munlu, Vətən sevgisi ilə yoğrulmuş cava­bı məni duyğulandırar və sevin­dirərdi. Və hər dəfə 271 saylı məktəbin şagirdi kimi, onun təh­sildə qazan­dığı uğurdan söz düşəndə, adı məktə­bi­mizin adıyla qoşa çəki­lən­də qəlbim fərəh hissi ilə dolurdu. Bu fəxarət hissini bir də o artırırdı ki, Afaq Borçalının ağır eli Faxralının yetirməsidir, həm də yaxın qohumumdur. Və inanırdım ki, o, gələcəkdə Bor­çalının, doğulduğu Faxralı kəndinin şöhrətinin üstünə şöhrət gətirəcək. Bu inamı onun sinifdən sinifə keçdikcə artan uğur­ları, rayon və respublika miqyasında keçirilən fənn olim­piadalarında fəal iştirak etməsi daha da artırırdı.

Afaq 2005-ci ildə Sabunçu rayonundakı 271 saylı tam orta məkətəbi fərqlənmə attestatı ilə bitirdi. Artıq gələcək həyat yolunu müəyyənləş­dirməli, bir peşənin sahibi olmalıydı. Uşaq­lıqdan riyaziyyat fənninə böyük maraq göstərməsi və bu fənn üzrə olimpiadaların qalibi olması səbəbindən onu tanıyanların çoxu hesab edirdi ki, Afaq riyaziyyatçı olacaq. Kim bilir, bəlkə də ondan yaxşı riyaziyyatçı olardı. Amma Afaqın seçimi başqa idi. O, həkim olub insanların sağlamlığı keşiyində dayan­maq istəyirdi. Bu istək də onu Azərbaycan Dövlət Tibb Univer­si­tetinə gətirib çıxardı. Orta məktəbi bitirdiyi il bu universitetin müalicə-profilaktika fakültəsinə daxil oldu. Onun bu seçimi bəzilərinə qəribə gəlsə də, Afaq bir məlum-məşhur həqiqəti bir daha sübut etmiş oldu ki, doğrudan da, riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyatı bilmədən digər elmlərə mükəm­məl yiyələnmək olmaz.

İmtahan həyəcanları ilə dolu olsa da, hər günü şirin xati­rələrlə yad­daş­lara yazılan altı illik tələbəlik həyatı arxada qaldı. 2011-ci ildə Afaq Tibb Universitetini də fərqlənmə diplomu ilə bitirdi. Amma bu da onun üçün hələ son deyildi. Qarşıda yenə təhsil almaq, daha kamil bir həkim kimi yetişmək üçün oxumaq dururdu. 2011-2015-ci illərdə rezidenturada oxudu. Bu illərdə İstanbul Universitetinin xəstəxanasında, “İstanbul Florence Nightingale” xəstəxanasında, Kayseri Erciyez Uni­vertsiteti Tibb fakültəsi xəstəxanasının Hema­tolo­giya və sümük iliyi transplantasiyası şöbələrində uzunmüddətli təcrübə keçdi.

Afaq həm də əxlaqi fəzilətlərə tapınan ziyalıdır. Ağıllı, təmkinli, hövsələli olması ilə, gözəl davranışı və ünsiyyəti ilə yoldaşlarından seçilir. Ağır oturub-duran, öz yerini biləndi. Məşhur atalar sözü var: “Ağıl qızıl tacdır, hər başda olmaz”. Mən Afaqı illərdir belə tanımışam. Və güman edirəm, zəndim məni aldatmayıb. Müdriklərdən biri demişdir:

“Qızıldan, gümüşdən, zərdən-zibadan
İnsanın bir təmiz adı gözəldir”.

Afaq Nəsibova yaxşı ad uğrunda həmişə çalışıb və bu gün də çalışır. N.Gəncəvinin aşağıdakı qiymətli fikrini yaddan çıxarmır:

“Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada”.

Hələ rezidenturada oxuduğu dövrdə – 2013-cü ildə Azər­baycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yeni açlımış “Hema­tolo­gi­ya” şöbəsində həkim kimi fəaliyyətə baş­layıb. Praktik həkimlik fəaliyyəti ilə yanaşı, elmi araşdır­malardan da ayrılmayıb. Bir neçə elmi məqalənin müəllifidir. 2016-cı ildə İtaliya və Türkiyədə keçirilən elmi konfransların iştirakçısı olub. Hazırda Milli Onkologiya Mərkəzində Onko-hematologiya şöbəsində çalışır.

Ailəlidir, həyat yoldaşı Xətai Hüseynəli oğlu Amaşov respublikanın aparıcı mobil şirkətlərindən olan “Bakcell” şirkətinin nəzdindəki “Azər­konnekt” şirkətində bölmə rəhbəri vəzifəsində çalışır. Oğlu Əli Slavyan universitetinin nəzdindəki liseyin ikinci sinif şagirdidir.

Bu gün Afaqın valideynləri, onu yetirən Borçalı və borça­lı­lar­la yanaşı, təhsil aldığı 271 saylı məktəbin direktoru başda ol­maq­la pedaqoji kollektivin bütün üzvləri onun hər uğuruna sevi­nir, onunla fəxr edirlər. Çünki məhz Afaq kimi layiqli, ləyaqətli, hər şeyin fövqündə xeyirxahlığı, insanlığı və xalqa xidməti gö­rən­lərə Vətən övlad deyir. Düşünürəm ki, Afaqın da həyat­da qazan­dığı ən böyük uğur elə budur. Bundan böyük mükafat ola bilməz.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur