ÜRƏKLƏRDƏ YAŞAYIR
Peşənin pisi-yaxşısı yoxdur deyənlər yanılmırlar. Doğrudan da, heç bir peşə pis deyil, yetər ki, işinə vicdanla yanaşasan, üzərinə düşən işi layiqincə yerinə yetirəsən. Yəni işinin əsl peşəkarı olasan. Həyatda da o adamlar daha çox uğur əldə edirlər ki, işlərinə daim məsuliyyətlə yanaşır, peşələrini sevir və ondan zövq alırlar.
Əlim qələm tutandan mən də öz işinin peşəkarlarından – elimin-obamın ləyaqətli oğul və qızlarından yazmışam, onları tərənnüm etməkdən heç vaxt usanmamışam, əksinə zövq almış, hər yazını bitirəndə daxilən bir az rahatlanmışam. Bu illərdə müxtəlif peşə sahiblərindən yazmışam. Amma mən də ulularımız kimi, peşənin pisi-yaxşısı yoxdur desəm də, bilmirəm nədənsə, həkimlərə qarşı rəğbətim daha çox olub. Bəlkə də ona görə ki, həkimlər hamımızın həyatı üçün daha vacib olan bir peşənin sahibidirlər – sağlamlığımızı qoruyurlar. Həyatda da hər şey insanın sağlamlığından asılıdır. Sağlam bədəndə sağlam ruh olar deyimi də elə-belə təsadüfən yaranmayıb. Deməli, həkimlər bədənimizin sağlamlığını qorumaqla, həm də ruhumuzun sağlam olmasına xidmət etmiş olurlar.
Artıq yazının müqəddiməsindən də bəlli olduğu kimi, yenə də həkim haqda söhbət açmaq istəyirəm. Bu dəfə ağır elli Faxralının həkim oğlu, eldə-obada hamının daha çox Alyoşa kimi tanıdığı Alı Nağıyevdən…
Alı Kərəm oğlu Nağıyev 1956-cı il oktyabrın 1-də Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta təhsilini də elə burada alıb. Gələcək həyat yolunu müəyyənləşdirmək, özünə bir peşə seçmək məqamında isə atasının vəsiyyətinə üstünlük verib – atası onun həkim olmasını istəyirdi. Alyoşa da elə bu istəyi reallaşdırmaq üçün 1974-cü ildə Bakıya gəlib sənədlərini N.Nərimanov adına Tibb İnstitutuna verib. Amma birinci il qəbul imtahanlarında uğur qazana bilmir, kəndə qayıdır. Həmin ilin payızında hərbi xidmətə çağırılıb. İki il Rusiyanın Murmansk vilayətində Sovet ordusu sıralarında xidmət edib. Ordudan tərxis olunduqdan sonra doğma vətənə qayıdan A.Nağıyev ali təhsil almaq – həkim olmaq arzusunu reallaşdırmaq üçün yenidən sənədlərini Tibb institutuna verib və bu cəhdi də uğurlu olmayıb.
Amma atalar yaxşı deyib ki, niyyətin hara, mənzilin də oradır. Növbəti uğursuzluq da onu məqsədindən döndərməyib. Həm də ona görə ki, bu, həm də atasının vəsiyyəti idi və Alyoşa da buna mütləq əməl etməli idi. Müdriklərdən biri deyib ki, “sən öz məqsədinə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inadkarlığa, özünə inama! Bacarmıram, bilmirəm, istəmirəm sözlərini özünə qadağan etməlisən”. Arzusuna çatmaq – Tibb institutuna daxil olmaq üçün savadla yanaşı, onda inadkarlıq da vardı və elə bu keyfiyyətlər də onu sonunda məqsədinə çatdırdı. Gecə-gündüz öz üzərində çalışıb oxuması nəhayət öz bəhrəsini verdi – 1983-cü ildə qəbul imtahanlarından uğurla çıxaraq N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutna (indiki Tibb Universitetinə) daxil oldu. Altı illik imtahan həyəcanlı tələbəlik həyatını da arxada qoyub 1989-cu ildə institutu bitirdi. İndiki Milli Onkologiya Mərkəzində bir il internatura keçdikdən sonra Səhiyyə nazirliyinin göndərişi ilə Sumqayıt şəhərindəki Onkoloji dispanserdə cərrah-onkoloq kimi fəaliyyətə başladı. Qısa müddətdə çalışdığı kollektivdə hörmət qazandı, ixtisasını dərindən bilən bir cərrah-onkoloq kimi tanındı. Ona inandılar, güvəndilər, etibar etdilər. Get-gedə artan hörməti, nüfuzu, ixtisasına dərindən bələd olması ilə yanaşı, həm də təşkilatçılıq və idarəetmə qabiliyyəti onun vəzifəcə də yüksəlməsinə səbəb oldu. Çalışdığı dispanserin poliklinika şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, onun bir həkim kimi püxtələşməsində elimizin digər tanınmış həkimi, uzun illər Sumqayıtda çalışan Hümbət Nağıyevin də böyük rolu olub.
Ömrünün 25 ildən çoxunu insanların sağlamlığının qorunmasına həsr edən Alı Nağıyev səhiyyə sistemində uzunillik qüsursuz xidmətlərinə görə dəfələrlə Səhiyyə nazirliyi tərəfindən Fəxri fərman və diplopmlarla təltif olunub.
Təəssüf ki, həkimlik fəaliyyəti dövründə minlərlə insanın ömrünə ömür calayan, ailələrə sevinc bəxş edən və bacarıqlı bir həkim kimi hələ bundan sonra da neçə illər insanların sağlamlığı keşiyində dura biləcək olan Alı həkim 2017-ci il noyabr ayının 5-də qəfildən dünyasını dəyişdi. Qəfil ölüm onu canından da əziz sevdiyi doğma elindən-obasından, doğmalarından, əzizlərindən, dostlarından ayırdı. Bir ömür yolu başa varmadı, bir insan arzuları yarımçıq qaldı. 2017-ci il noyabrın 8-də doğmaları onu sağlığında çox sevdiyi “Mansırı” aşıq havasının sədaları altında torpağa tapşırdılar.
Artıq bir ildir ki, Alı həkim aramızda yoxdur. Amma bu yoxluq sadəcə cismani yoxluqdur. Ondan yadigar qalan isə üç övladı – iki qızı, bir oğlu və bir də onu tanıyanların qəlbindən heç vaxt silinməyəcək əziz xatirəsidir.
Mənbə: Səməndər Məmmədov – “Faxralılar və tarix yaradanlar” kitabı