İslam Məhəmməd oğlu Orucov (Baytar həkim)

Keşməkeşli tale yaşayan Böyük İnsan!

Sizi, enişli-yoxuşlu, keşməkeşli həyat yolu keçmiş bir şəxslə tanış etmək istəyirəm. Hansı ki, bir ömürə sığmayan çətinliklər çəkmiş, cəfalar görmüş, həyatında iki dəfə sovet rejiminin represiyası ilə üzləşmiş, lakin bu yaşamda sınmamış, dikilmiş, ayağa qalxmış, mübariz olmuş, özündən sonrkılara nurlu həyat bəxş etmiş BÖYÜK İNSAN, İslam Məhəmməd oğlu Orucov haqqında xatirələri yazmaq istəyirəm.  Onun həyat bioqrafiyası o qədər zəngindir ki, bu haqda qalın kitablar yazmaq, filmlər çəkmək olar.

Ona “İsalm dayı” kimi müraciət edərdim. Aşağıda qeyd etdiyim məlumatları İslam dayı vəfatından 1 ay əvvəl mənə nəql etmişdir…

İslam dayı, Mehdi oğlu Məhəmmədin yeganə oğludur.

O, 1927-ci ilin mart ayında  Gürcüstanın Faxralı kəndində dünyaya göz açıb. Ondan 3 il sonra (1930-cu il 5 mayda) yeganə bacısı Nərgülas dünyaya gəlib. Onların atası Mehdi oğlu Məhəmməd, varlı-dövlətli şəxs olub. Məhz bu səbəbdən, bu ailə, sovet rejiminin “qolçomaqlara qarşı aparılan mübarizə”sinin qurbanına çevrilmiş, nəhayətsiz əzab-əziyyətlərlə üzləşmişdir.

Mehdi babanın 2 oğlu olub:

  • Veysəl, arvadı Qızeytər;
  • Məhəmməd, arvadı Həvva (Saraclı kəndinin Orucovlar nəslindəndir).

Veysəl görkəmcə yaraşıqlı, qoçaq, igid bir insan olub. Onun da 2 övladı olub:

  • Oğlu – Mehdi (uşaq vaxtı təsadüfi açılan atəşdən rəhmətə gedib);
  • Qızı – Allahman.

İslam dayı öz xatirələrini mənə danışanda demişdir ki, Veysəl baba cavanlıqda kor bağırsaqdan xəstələnibmiş. O, dəliqanlılıqla, “qarnım sandıq deyil ki, açıb bağlayasınız”, – deyərək cərahiyyə əməliyyatının aparılmasına etiraz edib. Bu səbəbdən, onun appendisiti partlamış və erkən yaşında rəhmətə gedib.

İslam dayının 10 yaşı olanda, qayğısız uşaqlıq dünyasının şirinliyini, dadını çəkməmiş problemlərlə üzləşməyə başlamışdır. Belə ki, 1936-ci ildə Faxralı kəndində represiya əməliyyatı həyata keçirilirdi. “Sürgün” məqsədilə kənddə varlı-dövlətli ailələrin siyahısı tərtib edilmişdi. Atası Məhəmməd bu bəladan yaxa qurtarmaq üçün hələ 1931-ci ildə Türkiyəyə köçməyi qərara almış və var-dövlətinin bir hissəsini yaxın qohumlarına paylamışdı. Lakin sonralar məlum olmuşdur ki, Məhəmmədin adı o “qara siyahı”da yox imiş.

Məhəmməd, öz ailəsini (arvadları Həvvanı, Qızeytəri, uşaqları İslamı və Nərgülası)  və mal-qarasının bir hissəsini götürərək Türkiyə sərhədinə gəlmişdir. Sərhədi keçən zaman insident baş vermiş (sərhəddən keçmək barədə icazə alıbmışlar. Lakin kimsə sərhədi keçənlərdən biri sərhədçilərə atəş açıb) və atışma nəticəsində ailə pərən-pərən düşmüşdür. Məhəmməd Qızeytərlə Türkiyəyə keçmiş, Həvva isə öz uşaqları ilə sərhədin bu tayında qalmışdır.

İslam Orucovun anası Həvva xanım (1898-1962)

Həvva, əri Məhəmmədin öldüyünü zənn etmiş və uşaqlarını götürüb Faxralıya – öz evlərinə qayıtmışdır. Lakin, qara buludlar bu ailənin üzərindən çəkilməmiş və ailə yenə “qara siyahı”ya daxil edilmişdir.

İslam Orucovun bacısı Nərgülas xanım (1998-ci ildə rəhmətə gedib)

1936-ci ilin iyun ayında Həvva, öz uşqaları – İslam və Nərgülas ilə birlikdə, Qazaxıstanın “ilan mələyən” düzlərinin birinə – Qazaxıstanın Cambul oblastının Çuyski rayonunun Moyunkum sovxozuna  “sürgün” edilmişlər. Buna 1-ci “sürgün” də demək olar.

“Sürgün” olunan zaman İslam dayı Faxralıda 3-cü sinifdə oxuyurdu. “Sürgün”də isə o, rus bölməsinin 2-ci sinfinə qəbul edilmişdir. Ailənin maddi ehtiyaclarını ödəmək üçün o,  məktəbdə oxumaqla bərabər bir çox hallarda anasına sovxozda kömək də edirmiş.

Onlar ilə bərabər Faxralıdan digər ailələri də bura  “sürgün” etmişlər. Burada yaşayış şəraiti o qədər aşağı səviyyədə olmuşdur ki, bir çox insanlar xəstələnərək tələf olmuş, uşaqları ilanlar vurub öldürmüşdür. Bu şəraitdən təngə gələn əhali dövlətə müraciət etmiş və çətinliklə də olsa yerlərinin dəyişdirilməsinə nail olmuşlar.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar ailənin maddi imkanları daha da aşağı düşmüşdür. Bunun ilə əlaqədar İslam dayı 1942-də ildə “azyaşlı” kimi işləməyə başlamışdır. O, 1947-ci ildə arxa cəbhədə yaxşı işlədiyinə görə sovxoz tərəfindən qiymətləndirilmiş və medal ilə təlfif edilmişdir.

1946-cı ildən sonra dövlətin hansısa qərarına əsasən bəzi insanlar “sürgündən” azad edilmişlər. 1948-ci ildə onlar ilə bərabər sürgün edilənlərin bir çoxu azad edilmiş, onlar isə  1949-ci ilin mart ayında “sürgün”dən qayıtmışlar.

İslam dayının həmin vaxt 22 yaşı vardı. O, anası ilə bacısını Saraclı kəndindəki qohumlarının evinə qoyur və özü isə Faxralıya gəlir.

Lakin o, ata yurdunu tanımırdı. Anası Faxralıdakı qohumu olan Sədinin yanına getməyi məsləhət görür. Kəndə daxil olan İslam dayı, ilk rastlaşdığı adamdan Sədinin evinin harada yerləşməsini soruşur. Lakin həmin adamlar Sədi əvəzinə Sədr başa düşmüş və İslam dayını həmin illər kənd sovetinin sədri işləmiş Musa Həsənovun (xalq arasında o, Qasanov və ya Malay kimi tanınır) evinə yönləndirlər.  Orada onun səhv gəldiyini və Əfəndilərin Sədinin evinə getməyi deyirlər. İslam dayı Sədinin evinə gələndə əmisi qızı Alllahmanla qarşılaşmış və ilk görüşdə Allahman doğma əmisi oğlunu tanımamışdı.

İslam dayı isə Allahmanı tanımış və “Allahman bacı, mənəm, İslamam”-demişdi. Təbii ki, uzun illərin həsrətlə gözlənildiyi görüş səhnəsini sözlə ifadə etmək çox çətindir. Əmioğlu ilə əmiqızı sevincdən göz yaşı  tökərək biri-birinə sarılmışlar. Sonra İslam dayı Allahmandan öz evlərinin yerini öyrənmiş və dünyaya göz açdığı doğma yurdalarına gəlmişdi. Burada o, evlərinin  kolxoz tərəfindən müsadirə olunduğunun şahidi olur. Evlərinin bir tərəfinin kolxoz dəftərxanası, digər tərəfinin isə qadınlar məktəbi kimi istifadə olunduğunu gördükdə İslam dayı çox pis  olur və kədərlənir.

Kolxoz rəhbərliyi ilə danışıqlardan sonra o, öz ata-baba evlərindən bir otaq əldə edir və ana və bacısını gətirərək ata yurdunu şenləndirməyə başlayır.

Sonra ailəni saxlamaq üçün kolxozda işə düzəlir. İşi əhalidən yun yığaraq kolxoza təhvil verməkdən ibarət olur. Bu məqsədlə kənddə gəzmək üçün özünə velosped də alır.

İslam dayı 1951-ci ilin fevralında Minoyqa Bayraməli qızı İmanova ilə evlənir. Onların 1951-ci ildə Xalidə adlı ilk qız övladı olur. Lakin uşaq xəstə olduğundan çox yaşamır və tələf olur. Təbii ki, bu hadisə İslam dayı üçün daha bir uğursuz tale olur.

1951-ci ildə dekabrın 26-da yenidən mənfur Stalin rejiminin qərarına əsasən 2-ci “sürgün” dalğası  bu ailəni cənginə alır. İslam dayı ailəsi ilə birlikdə (anası Həvva, arvadı Minoyqa və bacısı Nərgülas) yenidən “sürgün” həyatını yaşayırlar. Bu dəfə onlar Cənubi Qazaxıstanın Paxtaral raonunun Karakur sovxozuna “sürgün” edilirlər. Sonralar İslam dayı öz xatırələrində deyərdi: ”Azğınlaşmış NKVD işçiləri ”sürgünə” göndərilənlər ilə çox pis rəftar edir, onları döyür, təhqir edirdilər. Ölənləri isə qatardan atırdılar.  Bir sözlə, onlar insanlıq simalarını itirmiş qəddar cəlladlar idilər”.

1953-cü ilin yazında tale onların üzünə gülür. Onların bir oğlu olur. Uşağa ad qoymaq üçün Faxralıdakı qohumlara müraciət də edilir. Hamı bu hadısəyə çox sevinir. Uşağa Xalid adi verilir. Bu adın mənası “ölməz”, “əbədi” deməkdir. Lakin həmin anda kim nə biləydi ki, “ölməz” Xalid 38 yaşında, ömrünün coşub-çağlayan vaxtında avtomobil qəzasında  “əbədiyyətə” qovuşacaqdı. Bu hadisə də İslam dayının taleyinin qara səhifəsidir.

Xalid İslam oğlu Orucov (1953-1991)

Bəzən düşünürəm, İslam dayının nə qədər nisgilli anları, çətin günləri olub. Hər insan bu çətinliyə dözə bilməzdi. O, nə qədər əzabkeş olsa da, çox iradəli, mübariz kişi olub. O, həyat fəlsəfəsini yaxşı bilirdi. Bir gün dünyaya gələn, bir gün də gedəcək, – deyirdi. Lakin həmişə deyərdi, “kaş hər şey öz zamanında olaydı”.

İslam dayı “sürgün”də olduğu müddətdə bir alman baytar həkimin yanında işləyir və ondan baytarlığın sirlərini öyrənir. Sonralar bu sənət ona böyük kömək olur.

20-ci əsrin әn böyük diktatoru, törәtdiyi әmәllәrә görә ancaq müasiri Hitlerlә müqayisә olunan, 1923‑1953‑cü illәrdә qırmızı imperiyaya rәhbәrlik etmiş İosif Stalinin martın 5‑dә ölüm tarixi, “xalq düşmənləri”nin azadlıq günüdür.

1953-cü ilin sonlarında İslam dayı ailə üzvləri ilə birlikdə “sürgün”dən qayıdır. O, Stepanavanta Baytarlıq məktəbinə daxil olur. Oranı bitirdikdən sonra kolxozun mal fermasının müdiri, baytar-həkim vəzifələrində çalışır. Alın təri ilə, halal çörək qazanan İslam dayı, ömründə bir dəfə də olsun digərinin çörəyinə bais olmayıb. Əksinə, tabeçiliyində olan insanlara maddi dəstək göstərməkdən çəkinməyib.

İslam dayının Xalid oğlundan sonra Faxralıda 5 qızı dünyaya gəlir: Validə, Füruzə, Minayə, Nəzakət, Rəna.  Sağlığında, ümumilikdə 16 nəvəsi 20-dən çox nəticəsi olmuşdu.

Nəvə və nəticələr:

Xalid Orucovdan (Validə Hüseynova):

  1. Elnur (Fidan, Leyla, İslam)
  2. Elvira (Qönçə, İnci, Oruc)
  3. Elşən (Xalid, Elay).

Validə Ağayarovadan (Cabbar Ağayarov):

  1. Sevinc
  2. Allahyar (Ege)

Füruzə Əliyevadan (Bayram Əliyev):

  1. Ramiz (Ayan, Ömər)
  2. Murad (Fərid, Nihad, Füruzə)

Minayə Poladovadan (Bayram Poladov):

  1. Sara (Ayxan, Alsu)
  2. Musa (Ayişə, Amid)

Nəzakət Hüseynovadan (Rəşid Hüseynov):

  1. Pərvanə (Lalə, Aydın)
  2. Cavanşir (Ceyhun, Cavid)
  3. Aynur (Aylin, Elay)
  4. Əfsanə (Aytac, Nicat)

Rəna Orucovadan (Kamal Qurbanov):

  1. Sevil (Sevgi, Çiçək)
  2. Günel (Mələk)
  3. Güləsər (Alea)

İslam dayı həmişə düşünərdi ki, onun atası Məhəmməd yaşayır ya yox?

İslam Orucovun atası – Mehdi oğlu Məhəmməd (1897-1967)

1965-1966 -cı illərdə Faxralıya Türkiyədən gələn insanlardan həmişə atasını soraqlaşardı. Günlərin birində ona dedilər ki, atası sağdır və Türkiyənin Kars vilayətinin Mağaracık kəndində yaşayır.

Mağaracık köyü (kəndi), 1968-1990 illərdə Mağaracık kimi adlanırdı. Hal-hazırda həmin köy Ataköy kimi adlanır. O, Kars ilinin (vilayətinin) Mərkəz ilçəsinə (rayonuna) aid olan bir köydür.

1967-cı ildə İslam dayı çox çətinliklə sənəd düzəldir və atasını qocalmış və çox müflis vəziyyətdə tapır. Onları Faxralıya gətirəcəyinə söz verir. Lakin İslam dayı qayıtdıqdan bir az sonra (1967-ci ildə) keçici vəba xəstəliyi nəticəsində Atası və Analığı həyatdan köçürlər. Onları orada yaşayan azərbaycanlılar dəfn edirlər.

İslam dayı 2014-cü ilin dekabr ayının 28-də ömrünün 88-ci çağında üzünsürən xəstəlikdən vəfat etmişdir. Həyat yoldaşı Orucova Minoyqa Bayraməli qızı isə 2022-ci ilin sentyabr ayının 15-də 92 yaşında vəfat etmişdir. Allah hər ikisinə rəhmət etsin!

Minoyqa Bayraməli qızı Orucova (İslam Orucovun həyat yoldaşı)

Təəssüflər olsun ki, İslam dayı, oğlu Xalidin davamçısı balaca Xalidi görmədi. Belə ki, 08.04.2015-ci il tarixdə onun nəvəsi Elşənin Xalid adında oğlu dünyaya gəldi. Onun sağlığında bu olsa idi, inanıram ki, onun sevincinin həddi-hüdudu olmazdı…

Bundan başqa, 25.05.2015-ci il tarixində Elnurun oğul övladı anadan oldu. Onun adını isə İslam qoydular.

Arzu edirəm, balaca Xalid, İslam adları ilə böyüsünlər və bu ailənin mənəvi boşluğunu doldursunlar…

    

 

Əlavə məlumat

Sonralar İslam dayının nəvəsi (Xalidin oğlu) Elnur, Türkiyədə Nadir babanın oğlu Musa (Faxralının Zurablı nəslindəndir) ilə internet vasitəsilə münasibət yaratmış və Məhəmməd babası barədə məlumatlar əldə etmişdir (aşağıda həmin yazışmalar olduğu kimi verilir). Elnur hətta, Türkiyəyə getmiş və Məhəmməd babanın yaşadığı evi öz gözləri ilə görmüşdür.

Musanın yazdıqları (burada Hacı baba deyərkən Məhəmməd baba nəzərdə tutulur):

“İslam dede Mağaracığa gelince onu gören Celal amca öz torununa İslam ismi koymuş. O, köyümüzde İslam isimli tek gençtir. Yani, İslam dedenin ismi bizim köyümüzde de yaşıyor”.

Növbəti yazışmada…

“Hacı dede vefatından bir hafta, on gün önce Vekil amcanı yanına getirtiyor. Vekil, benim biraz param var, artık son günlerimdir, al bu parayı Magaracik köyü camisine bir tane saat al, gerisini de camiye harca.
Onlar da camiye bir tane saat almışlar, geri kalan parayla da caminin boya badanasını yaptırmışlar”.

Digər yazışmada…

“Elnur, Hacı dede sınırı geçtikten sonra iki yıl Kars’ın Çıldır ilçesinde kalıyor. Selim ve Susuz ilçelerinde de bulunduktan sonra son olarak Kars’a geliyor, bir müddet Kars’ta Tuz dükkanı çalıştırıyor. İlerleyen yıllarda dükkanını kapatıp halasının oğlu ve Fahralı köyünden tanıdıkları olan Tekneli köyüne gidiyor. 1950 li yıllarda Mağaracık köyüyle camiye gelip giderken bağlantı kuruyor.
İlk ikamet yeri Ayvazların Aziz baynazın evinin yanında yaklaşık 7 yıl kalıyor. İkinci ikametgahı sizin gördüğünüz? benim dedemin evinin yani yaklaşık 7-8 yıl kalıyor. Üçüncü ikametgahı caminin karşısındaki dukkanın arkasındaki yer, tahmini 3 yıl kalıyor. Hacı dede ve Kızyeter nenenin vefatında 1 halısı ve 1 kililimi Tekneli-deki camiye verilmiş.
Ayriyeten Hacı dedenin ve Kızyeter nenenin fotoğrafları ve bir kaç özel eşyaları varmış. Onları da 1971 yılında Tekneliden Fahralıya giden Nadir isimli birisi İslam amcaya vermiş”.

 

Qeyd: İslam dayı Türkiyədə olan zaman Faxralıdan olan həmkəndliləri ilə görüşmüş  və aşağıdakı fotonu çəkdirmişdir:

Burada,

Nadir – Zurablı nəsli (Zurab Mustafanın oğlu Musanın oğludur). Bu nəsil Amaşlı nəsli ilə eyni kökdəndir.

Pənah – Faxralıda Aşırov Məhərrəmin qardaşıdır;

Hüseyn – Həsənov Aslanın (Molla Aslanın) qardaşıdır;

Məmmədalı, İsrafil –  Məsimöyü nəsli (Türkiyədə yaşamış Məsim/İmaməli/babanın oğlu İsmayılın oğullarıdır). Bu nəsil Amaşlı nəsli ilə eyni kökdəndir.

 

Qələmə aldı: Rəşid Hüseynov (Amaşlı)

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur