Səməd Bəxtiyar oğlu Məmmədov

BAHARA DÖNDƏRƏR QIŞI NƏFƏSİ

Faxralıda dərə gözəl, dağ gözəl,
Bu yerlərə bir glmisən birdə gəl.
Gözlərə bax qəlbi anla lbə-əl,
Anlamasan ürək küsər, dil qınar.

Özünəməxsus əsrarəngiz və füsünkar gözəlliyi olan Faxralıda dil-dodaqda donan bulaqları, bu­daqlarda cəh-cəh vuran bülbül­ləri, dağlarında ətri insanı bihuş edən gül-çiçəkləri seyr etməyə iki göz azlıq edir. Bu elin obanın oğul­ları da təbiəti kimi safdı, tə­mizdi, içi çölündən, çölü için­dən duru olan vətən övladları yur­da özləri boyda şan – şöhrətdi. Sə­məd həkim də belə oğullardan biridi.

Səməd Bəxtiyar oğlu Məmmədov 10 may 1942-ci ildə Borçalının dilbər guşələrindən sayılan göz oxşayan meşələri, göylərə baş çəkən dağları, diş göynədən sərin bulaqları, dillər əzbəri olan Faxralıda anadan olmuşdur. Budaqlı nəslindəndir. Lakin sənətlərdə soyadı Budaqlıdan olan babası Boz Məmmədin adı ilə Məmmədov yazılmışdır. Atası Bəxtiyar Boz Məmməd oğlu müharibədə iştirak edib, 1945-ci ilin axırlarında müharibədən qayıdıb. El-oba, qonu-qomşu, qohumlar yığılır onun sağ-salamat qayıtmasına sevinirlər, şad yanalıq edib, bir-birlərinə göz aydınlığı verirlər. Lakin bu sevinc uzun sürmür. Məsəl var: “Sən saydığıvı say gör fələk nə sayır”. Qəflətən Səməd həkimin əziz anası Səhnə xanım xəstələnir. Dava-dərman kömək etmir 46-cı ilin payız aylarında ömrünün çiçəklənən vaxtında 35 yaşında vəfat edir. Atası bütün əziyyətlərə qatlaşıb uşaqların korluq çəkməsinə imkan vermir. Səməd həkimin dediyinə görə atası çox nurani, mülayim xasiyyətli, təmkinli, dözümlü, zəhmətsevər, sinəsi şerlə və müdrük məsəllərlə dolu olan sinə-dəftər bir insan imiş. Borçalının Ələsəgəri sayılan şair Nəbinin demək olar ki, bütün şerlərini əzbər bilirmiş.

Səməd həkimin dediklərindən:

Bizim balaca evimizə kimlər gəlmirdi. Bizim əzizimiz, anamızın qardaşı, dayımız şair Şaban, əziz hörmətli Qızyetər mamam və anamızn istəkli bacısı Tonta xanım gəliş-gedişin çətin vaxtında bizi yaddan çıxarmazdılar. Onların gəlişi bizim üçün toy-bayram olardı. Qonu-qonşu yığılır gecə keçənə kimi şirin söhbətlər eləyərdilər. Dayımız şair Şaban deyərdi:

İnsi, cinsi o mövlamdı yaradan,
Onları zaftına alandı dünya!
Yaranmış insanlar çıxar qaradan,
Axırı bilinmir yalandı dünya.

Əzbər söyləyirəm məndə lisanı,
Qarşımda durubdu haqqın divanı,
Fizuli, Firdovsi, Qurbanı hanı,
Şaban deyən namərd olandı dünya.

Sonra atam da şeyirlər söylərlərdi, məclis gecə yarıya qədər davam edərdi. Şair Əli Faxralı da o vaxtlar bizə tez-tez gələrdi atamla şirin söhbətlər eləyər və deyişərdilər. Yavaş – yavaş biz qərib yerə öyrəşirdik.

Mamam Qızyetər atama”əllə” deyə müraciət edərdi, çox şirin-şirin söhbət edərdilər.

Mənim kiçik əmim Oruc müharibədən qayıtmamışdı qara kağızı gəlmişdi. Atam-mamamla tez-tez kövrələrdilər və mamam deyərdi:

Əzizinəm hər aylar,
Hər həftələr, hər aylar,
Başım cəllad əlində,
Dilim qardaş haraylar.

Əzizinəm qar daşı,
Bağrım üstə yar daşı,
Xəstə olan nar istər,
Mən istərəm qardaşı.

Belə bir neçə gün bizdə qalardılar, bizi ovundurardılar. Onlar gedəndə maşın yoluna kimi onları yola salardıq. Hiss edirdik  hamısı tez-tez gözlərinin yaşını silirdilər. Əlbətə, buda aydın idi. Qərib yerdə qardaş balaları yaşayırdılar.

Onlar gedəndən sonra biz neçə gün özümüzə gələ bilmirdik. Artıq biz böyüyürdük. Böyük qardaşım Məmməd, Allahyar və böyük bacım Hilal işləyirdilər. Mən və kiçik bacım Zərqələm isə evdə olurduq və ev işlərinə kömək edirdik.

1953-cü ildə mən Muğanlı orta məktəbinin 1-ci sinfinə getdim. Yaxşı oxuyurdum, müəllimlər xətrimi çox istəyirdilər. Hətta bir neçə dəfə məni pioner baş dəstə rəhbəri seçmişdilər.

Artıq böyük qardaşım Məmməd ailə qurdu. Bacım Hilal Muğanlı kəndində qonşumuzda yaşayan Sabirlə ailə qurdu. Kiçik bacım Zərqələm isə Muğanlı kəndində yaxın, Əzizkənddə Mehdi əminin oğlu Aydəmirlə ailə qurdu. Hal-hazırda hamısının oğlu, qız nəvə-nəticələri var. Bir gün atamız bizi çağırdı, bir yerə yığdı və dedi:

Balalarım artıq mən qocalıram, qəriblik ürəyimi sıxır, kəndimizə köçməliyik. Düzü biz atamızın bu sözünə təəccübləndik. Gözləmirdik ki, atamız birdən-birə bu fikrə düşsün. Lakin o fikrindən dönmək istəmirdi. Atam bu fikrini rəhmətlik dayıma Qəhrəmana bildirdi. Deyilənə görə Qəhrəman çox ciddi və zəhimli adam idi, atamla isə şirin-şrin söhbət edər, şerlərinə, məsləhətlərinə qulaq asır, başını aşağı salır, fikirləşir və deyir: Bəxtiyar kişi sənin bu el-obada böyük hörmətin var, oğlunu evləndirmisən, qızlarını ərə vermisən, balaca oğlun Səməd də məktəbdə oxuyur, birdən-birə belə fikrə niyə düşmüsən? Atam deyir:

Əzizinəm Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

Qəhrəman dayı artıq bir söz demir bizə bir maşın ayırır və 1960-cı ildə biz öz kəndimizə Faxralıya  köçürük. 2 il mən Faxralı orta məktəbində oxudum və məktəbi gümüş medalla bitirdim. 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə Profilaktika fakultəsinə daxil oldum. SSRİ- nin Yollar Nazirliyinə verdilər və ordan da mənim arzum Gürcüstana qayıtmaq və orada doğma xalqıma xidmət etmək idi. Mən təyinatımdan imtina etdim. Mən o vaxtlar Bolnisi rayonu Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr işləyən eloğlumuz Əliyev Əli Bayram oğluna müraciət etdim və “Dayı oğlu” kömək edərik dedi. Əli müəllim hörmətli şairimiz Osman Sarıvəlliyə belə bir məzmunda məktub yazdı: “Salam əmi oğlu, bizim Bolnisi rayonunun əhalisinin çoxu Azərbaycanlılardır və xahiş edirəm həkim Səməd Məmmədovun təyinatına kömək edəsiniz. Öpürəm-sizin Əli!”

Məktubu götürüb Bakıya yollandım. Axtarıb, soraxlaşdım Osman əminin evini tapdım. Qapının zəngini basdım. Məni evə dəvət etdi və gülümsədi və mənim yanımda telefonu götürüb o vaxt Azərbaycan Səhiyyə Naziri işləyən rəhmətlik Fəxri Vəkilova zəng etdi və mənə kömək etməsini xahiş etdi.

Ərizəmlə nazirin qəbulunda oldum və o da məni qəbul etdi, mənə azad təyinat verdilər və qayıtdım Gürcüstana.

Hər işıqlı baxışı özünə mükafat sanan Səməd həkim əvvəl Bolnisi rayonunun Saraçlı kəndində Ambulatoriya müdir sonra 7 kəndi birləşdirən 25 çarpayılır Rəncbər (Xanqızı)  xəstəxanasına baş həkim göndərilir. Sonra uzun müddət Marneuli xəstəxanasında həkim-kordioloq kimi fəaliyyət göstərir.Marneuli xəstəxanasında işləyərkən çox böyük hörmət və nüfuz qazanır. Səməd həkim hazırda Sabunçu rayon Hərbi Həkim komissiyasında həkim-terapevt işləyir. Səhiyyə əlaçısı döş nişanından başlamış, çoxsaylı diplom və fəxri fərmanlarla təltif olunub. Gözəl ailə başçısıdır, həyat yoldaşı Zenfira xanım tibb işçisidir. 3 övlad böyüdüblər. Dörd nəvəsi var: Aysel, Məhəmməd, Osman, Polad. Faxralı şair Mahmudoğlu Hüseyn demişkən:  Hər biri kökündən cücərib min budaq olsun inşallah. Səməd həkim həm də hazırcavab kişidir. Sözü məqamında deməyi bacarır. Bir dəfə bir nəfərin haralısan? sualına belə cavab verir:

Budaqlının boz Məmmədi babası,
Şair qəlbli Bəxtiyardı atası
Kərimöyünün Qızyetərdi maması
Səməd həkimə arxa, dağdı Faxralı.

Səməd həkim işlədiyi vaxt ərzində həmişə insanların hörmətini qazanıb. İndidə Borçalıda işləməməyinə baxmayaraq  ona baş çəkən Borçalıların sayı-hesabı yoxdur. Çünki, həmişə yıxılanın əlindən tutub. Şair Rasim Kərimlinin dediyi kimi:

Səsi həyat səsi, məhəbbət səsi,
Bahara döndərər qışı nəfəsi.
Çarəsiz, köməksiz qoymaz bir kəsi,
Yıxılsan əlindən tutandır həkim.

Mənbə : Səməndər Məmmədov –  “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur