Şərif  Məhəmməd oğlu Ayvazov

ALİM NƏDİR KİTABA BAX, ŞAİR KİMDİR – XALQDAN SORUŞ

Xalq sevməyən insanı heç bir tərifdolu məqalələr, monoqra­fi­yalar yaşada bilməz. Hər bir insanın insanlığı üçün meyar yaxın və uzaq ətrafının sevgisidir. Şərif həkim tale verən ömrü sevgilərin, sağolların içində keçirdi. İnsanları bir-birindən seçmədi. Hamını bir gözdə gördü. Və bu əxlaqi keyfiyyət onun kişiliyindən, insanlığından xəbər verirdi. Evinin qapısı hamının üzünə açıq idi. İçi çölünnən, çölü içinnən duru idi. Bu duruluq və dirilik onu həmişə sevdirirdi.

Şərif  Məhəmməd oğlu Ayvazov 1939-cu il oktyabrın 12-də Faxralı kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1957-ci ildə Faxralı orta məktəbini gümüş medalla bitirərək M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur.

Lakin o, uşaqlıqdan həkim olmaq istəyirdi. Buna görə də Pedaqoji İnstitutda təhsilini yarımçıq qoyaraq səndələrini Tibb İnstitutuna vermişdir. 1960-cı ildə o, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profi­laktika fakültəsinə qəbul olmuşdur.

1966-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra Bol­nisi rayonunun Kəpənəkçi kəndində öz ixtisası üzrə fəaliyyətə başlayır. 6 aydan sonra öz doğma kəndi Faxralıya həkim-tera­pevt təyin olunur.

1979-cu ildə SSRİ Səhiyyə Nazirliyinin “ Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Ş.Ayvazov eyni zamanda ictimai həyatda da fəal iştirak et­miş, dəfələrlə rayon sovetinə, ölümündən qabaq isə kənd məc­lisinə deputat  seçilmişdir. Ş.Ayvazov 2004-cü ilin iyun ayının 7-də dünyasını dəyişmişdir.

R.Rollan yazırdı: “Yaşamaq ölümü öldürmək deməkdir”. Şərif həkim yaxşı bilirdi ki, insan yerdə, göydə olmasından asılı olmayaraq torpaqdan yaranıb, torpaq da olacaqdır. Ona görə həyatda bircə yol var – insanlıq yolu, haqq yolu. Şərif həkim də  haqqa tanınıb, haqqa qovuşana qədər  bu yolu qaralıyıb getdi.

Baharsansa barın hanı?
Zirvəsənsə qarın hanı?
Günəşsənsə nurun hanı?
İsinməyə köz gərəkdir.

Şərif həkimin barı, qarı, nuru da, isinməyə közü də var idi. Özü də canlı aparat idi. Onun aparatı əvəz edən əlləri çox xəs­tələrə şəfa verdi. Elnən durub, elnən nəfəs alırdı. Sözün həqiqi mənasında el adamı idi. Onun vaxtsız getməsinə də uzun müddət el dözə bilmədi. Bütün Faxralı, İmirhəsən və Saraclı camaatı Şərif həkimin timsalında əziz bir eloğulularını itirdiklərini söylədilər.

Şərif həkim həyat yoldaşı Sultan xanımla həm də gözəl övladlar böyüdüblər. Oğlu Məhəmməd çox istedadlı həkim idi. Təəssüf, min təəssüf həyatının çiçəkləndiyi bir dövrdə həyat­dan nakam getdi. Qızı Vəfa xanım da həkimdir, oğlu Novruz isə Borçalıda “SOKAR”-da işləyir. Demək həyat davam edir. Nə qədər Faxralı və faxralılar var Şərif həkim də var. Dirilər heç vaxt ölmür. Torpağa qarışıb Vətən olurlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur