Şamil Rza oğlu Əlizadə

ÇÖHRƏSİ NURLU HƏKİM

Yaddaşıma adı qızıl hərf­lər­lə yazılıb, nurlu bir insan kimi xətri mənim üçün həmişə əziz olanlardan biri də Faxralının ilk ali təhsilli həkimlərindən olan Şamil Əlizadədir. Özü də tam mə­suliyyətlə deyə bilərəm ki, o təkcə mənim qəlbimdə yox, bütün faxralıların, borçalı­ların, bir sözlə onu tanıyanların qəl­bin­də özünə mənəvi abidə qurub, heykəlləşib. Təkcə özü üçün ya­şamayıb Şamil Əlizadə, həm də başqalarının yaşaması üçün yaşayıb, fəaliyyət göstərib. Sözün birbaşa mənasında başqa­la­rı­nı yaşadıb: onun şəfalı əlləri sayəsində miunlərlə xəstə şəfa ta­pıb, ömürlərinin üstünə ömür calanıb. Əllərinin şəfasına dilinin şirinliyi, xasiyyətinin həlimliyi, sadə təbiəti daha da güc verib. Onu hər yerdə seviblər: həkim kimi, xeyirxah insan kimi, yur­d­canlı eloğlu kimi, sadiq dost, qeyrətli vətəndaş kimi. Sözü ilə əməli bir olan bütöv şəxsiyyət – kişi sözünü hər şeydən üstün tutan Türk oğlu türk kimi! O, elə bir nəsildə böyüyüb boya-başa çatmışdı ki, başqa cür ola da bilməzdi. Yeri gəlmiş­kən Fax­­ralıda bu nəsil həm də saza-sözə daha çox bağlılığı və ta­nın­­mış ziyalıları  ilə seçilir. Borçalıda məşhur olan el şairləri Gül­lər Pərisi, İs­ma­yıl Güllər, aşıq Şəmistan, həyatdan nakam get­miş istedadlı şair Məmmədəli Zəngin və bir çox başqaları Gül­lər nəslinə, el-obaya başucalığı gətirənlərdir. Azərbaycan İn­şaat Mühəndisləri Universitetinin müəllimi, fizika-riyaziyyat elm­ləri namizədi, bir neçə kitabın müəllifi alimliyi insan­lı­ğın­dan, insanlığı alimliyindən gözəl və hər ikisi bir-birini tamam­la­yan ziyalı qardaşımız  İbrahim Əlizadə də məhz bu nəslin nü­ma­­yəndəsidir.

…Şamil Rza oğlu Əlizadə 1930-cu ildə Faxralıda anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü ikinci dünya müharibəsinə tə­sadüf etdiyindən yaşıdları kimi o da müharibənin ağrı-acı­la­rı­nı görüb. 1950-ci ildə Faxralı orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Univer­si­teti) pediatriya fakültəsinə daxil olub və burada təhsilini 1959-cu ildə başa vurub. Həkim kimi ilk əmək fəaliyyətinə Şə­ki­­dəki birləşmiş uşaq xəstəxanasında pediatr kimi başlayıb. 1963-cü ildə Bakıya qayıdaraq elmi mühitə yaxın olmaq, tibb el­­minin son nailiyyətlərini öyrənərək təcrübədə tətbiq etmək məq­sədilə bir vaxtlar təhsil aldığı Azərbaycan Dövlət Tibb İns­ti­tutunun “Uşaq infeksiyası” kafedrasında klinik-ordinator, 1964-cü ildə Respublika Onkoloji dispanserində onkoloq-cərrah kimi fəaliyyətini davam etdirib.  1965-ci ildən fəaliy­yə­ti­ni Respublika kliniki xəstəxanasında ordinator-onkoloq kimi davam etdirən Ş.Əlizadə 1970-ci ilədək bu sağlamlıq ocağında çalışaraq minlərlə xəstəyə şəfa verib. Bir həkim kimi ixtisasına dərindən bələd olması, yüksək peşəkarlığı və təşkilatçılıq qa­bi­liy­yəti, mənəvi dəyərlərə böyük önəm verərək hər şeyin föv­qün­də insanlığı və insanlara xidməti görməsi sadə insanlar ara­sın­da onun hörmət və nüfuzunu artırdığı kimi, yuxarıların da diqqətindən yayınmayıb. Ona böyük etimad göstərərk 1970-ci ildə Sumqayıt şəhər Onkoloji dispanserinin baş həkimi vəzifə­si­nə təyin ediblər. Yeni təyinat isə təkcə onun vəzifə səlahiy­yət­lərinin genişlənməsi deyil, həyatın mənasını insanlara xid­mət­də görən Şamil Rza oğlu üçün insanların sağlamlığı naminə daha geniş fəaliyyət dairəsi, ehtiyacı olanlara kömək etmək üçün daha geniş meydan demək idi. Ona etibar olunan vəzi­fə­nin məsuliyyətini dərk etsə də, heç zaman özünü məmur kimi apar­madı, tabeliyində çalışanların hamısı ilə səmimi müna­si­bət­də oldu, şəxsi problemləri ilə maraqlandı. Təşkilatçılıq qabi­liy­yəti, səhiyyə işini dərindən bilməsi və eyni zamanda səmi­miy­yəti, başqalarına qarşı həssaslığı və diqqətcil olması sayə­sin­də qısa müddətdə kollektivdə sağlam ab-hava yaradaraq  hər kəsin hörmətini qazandı. Müalicə etdiyi xəstələr də, tabeliyində çalışna həkim və orta tibb işçiləri də onu eyni dərəcədə sevdi, dəyərləndirdi. Təkcə çalışdığı kollektivdə yox, Sumqayıtda, res­­publikanın səhiyyə işçiləri arasında sayılıb-seçildi, hər yerdə adı hörmətlə çəkildi və ömrünün sonunadək bu vəzifədə çalış­dı.

Şamil həkimi tanıyanlar yaxşı bilir ki, o, xəstələri təkcə dər­manla müalicə etmirdi. Onun hər kəlməsi, hər cümləsi  dərman idi. Ona müraciət edən xəstə ilk andaca ağ xalatın vahiməsi ilə deyil, çöhrəsindən nur yağan bir insanın xoş təbəssümü ilə qar­şı­laşırdı. Cəmisi bir neçə dəqiqəlik söhbəti kifayət idi ki, ən ağır xəstədə belə tam müalicə olunacağına sonsuz inam yaran­sın. Həkimə inanmaq isə xəstənin sağalmasında mühüm rol oy­na­yır. Bu səbəbdən də Şamil həkim əvvəlcə xəstənin  həyata ina­mının sönməməsinə çalışır, onu mütləq sağalacağına inan­dırır, yalnız bundan sonra müalicəyə başlayırdı.

Şamil Əlizadənin ailəsi həkimlər ailəsi kimi tanınıb eldə-oba­da, dost-tanışlar arasında. Onun həyat yoldaşı Sədaqət xa­nım, övladları Çingiz, Fəridə, Rəna və Zöhrə də insanların sağ­lam­lığı keşiyində dayanmağı həyatlarının mənası sayıblar həmi­şə.

Hüseynqulu Məmmədli özünün “Görüm Faxralının biri olsun beş…” adlı kitabında Şamil Əlizadə barəsində belə yazır: “Şamil Rza oğlu Əlizadə xoşxasiyyət, xəstələrə qarşı diqqətli və qayğıkeş həkimlərdən idi. Onun şəfalı əlləri neçə-neçə ağır xəstəni həyata qaytarmışdı. Ən ağır xəstə ilə ilk dəfə görüşəndə onun mülayim rəftarı, xəstənin çəkdiyi ağrı-acını dərindən duy­ması, daxilən bir an da olsa xəstənin vəziyyətini yüngülləş­di­rir­di. Həkimə qarşı inamı, ümidi artırırdı. O, insanlıq ləyaqətini hər şeydən üstün tuturdu. Qohum üçün də, yad üçün də eyni də­rə­cədə mehriban və istiqanlı idi. Yaşından asılı olmayaraq bütün xəstələri onu üzü nurlu, əlləri şəfalı həkim kimi müqəd­dəs sayırdılar. Onun peşəkarlığını yüksək qiymətləndirir, ona ümid və inam bəsləyirdilər”.

Ancaq təəssüflər olsun ki, belə bir gözəl insan, təcrübəli və yüksək səviyyəli bir həkim ömrünün ən gözəl çağında – 1988-ci ildə 57 yaşında bu dünyadan köçdü. Həyatda xeyirxah əməlləri ilə başqalarına nümunə olan, çoxlarından fərqlənən Şamil Əlizadə ölümü ilə də fərqləndi, hamını heyrətə saldı. Ölümdən qorxmadı, ondan boyun qaçırmadı, ona meydan oxudu və bir toy məclisində mərdi-mərdanə, müdrikcəsinə ölümü qarşıladı…  Vaxtsız ölümü təkcə yaxınlarını və doğ­ma­la­rını deyil, eloğlularını, həmyerlilərini, onun tanıyanların ha­mı­sını sarsıtdı, göynətdi. Xalq şari Zəlimxan Yaqub onun bu qəfil ölümündən təsirlənərək yazmışdı:

Bəd xəbər pis yerdə döydü qapını,
“Şamil Əlizadə getdi!” dedilər.
Toyda yaxaladı loğmanımızı,
“Əcəl bildiyini tutdu” dedilər.

Biz indi bildik ki, son nəfəsdə də
Sevinmək olarmış, gülmək olarmış.
Bu mələk ölmüdü, quş yuxusudu,
Oynaya-oynaya ölmək olarmış.

Hər qaranlıq gecənin bir sabahı var deyiblər. Oynaya-oynaya haqqa qovuşan, adını ölməzlərin cərgəsinə yazan Şamil Əlizadə üçün bir gecə sabahsız gəldi. Amma hər gecə ardında yanan sübh çırağı onun övladlarının, nəvələrinin daim yol yolda­şıdır.

Mənbə : Səməndər Məmmədov –  “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur