Vüqar İmdad oğlu Mikayılov

Vüqar İmdad oğlu Mikayılov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Qazaxlı” nəslindəndir.

O, Azərbaycanın Böyük Vətən (2-çi Qarabağ) müharibəsində  Füzuli rayonunda gedən döyüşlərdə həkim kimi iştirak edib.

Səməndər Məmmədov: “AĞIR  ELLİ, ŞİRİN DİLLİ ZİYALI”

Elimiz-obamız haqda, Vətənin qıraq­da qalan yeri Borçalı haqda, xüsusən Fax­ralı barədə, bu elin ayrı-ayrı ziyalıları haq­da, Faxralı orta məktəbini bitirib indi müxtəlif sahələrdə işlə­yən­lər haqda xeyli yazılar yaz­mışam. Həmişə yazı qəhrə­man­­­­larımın özləriylə, bir də onları yetirən torpaqla fəxr etmişəm. Bu günsə haqqında söz açdığım şəxs Faxralı kəndində nüfuz­lu bir nəslin övladıdır. Onun təmsil etdiyi nəslə Qazaxlı nəsli deyirlər. Nəslin ağsaqqalı Abdı baba­nın ocağında tərbiyə almış öv­ladlarından, onun nəvəsi Vüqar Mikayılov barədə yazmaq qərarına gəldim.

Qazaxlılar  nəslinin adamları həmişə öz namuslu əməyi, in­sanlara gözəl münasibəti, xeyirxahlıqları, yaxşı əməlləri ilə se­çi­liblər. Həmişə aranlı-dağlı olublar. Özlərinin yurd yeri, binələri…

Uşaq idik.  Orta məktəbi bitirənədək hər il uşaqlığımızın yay dövrü Qaraarxaç yaylağında keçib. Yadımdadı, Asırğallı boyun deyilən yerdə yurd salardıq. Bizim babamızın yurd yeri əvvəl Cən­nət Bulağında, sonra­larsa Asırğallı boyunda olardı… Qazax­lı­ların yurd yeri Qaranlıq dərədə olardı. Abdı baba çox mərifətli, yüksək tərbiyəli, səviyyəli, kamil övladlar böyüdüb, həyata vəsi­qə verib. Hökm deyil ki, insan kamil olmaq üçün mütləq hansısa elm sahəsini  seçsin. Sadəlikdən yüksək elm yoxdur, məncə. Bir insan ki, eldə-obada sevi­lir, məncə, ən böyük mükafat da elə bu­dur. Abdı babanın özü də, övladları da bu mükafatı sağlıqda qa­zan­dılar. Abdı babanın övladlarından  biri – Muxtar əmi  (Allah rəhmət eləsin) atamın dostuydu. Bu yerdə bir haşiyə çıxmaq istə­yirəm: Hələ onuncu sinifdə oxuyurduq. Böyük qardaşım Sərdarla bir yerdə atam bizə tapşırıq verdi ki, bağı sulayın. Gücümüz çatmırdı – beli endirəndə torpağa sanca bilmirdik, qaldıranda çətinlik çəkirdik. Muxtar əmi, demə, müşahidə edirmiş, görür ki, suyun ağzını düzəldə bilmirik. Yaxınlaşıb dedi: “A bala, məndən sizə məs­ləhət, bax, bu belin əlindən qurtarmaq üçün ancaq oxu­ma­lı­sı­nız, ali məktəbə qəbul olunmalısınız. Çıxış yolunuz oxu­maq­­dadı. İndi mən Muxtar əminin  sözlərini minnətdarlıqla xatır­la­yı­ram. Allah Muxtar əmiyə qəni-qəni rəhmət eləsin. Özündən sonra gözəl əməl və gözəl övladlar qoyub getdi. Abdı babanın övladlarının hamısı bir-birindən gözəldi.

Abdı Baba ocağının böyük ürəkli ziyalı övladı, pedaqoji elm­lər doktoru, hörmətli professor Şəmistan Mikayılov orta mək­təb dərslik­lərinin müəllifi və gözəl pedaqoq kimi tanınır. “Orta məktəbdə ədəbiy­yat nəzəriyyəsi” dərsliyi şagirdlərimi­zin, orta ümumtəhsil məktəb­lərin­də çalışan ədəbiyyat müəl­lim­lə­rinin ən yaxşı istinadgah­ların­dandır. Bun­larla yanaşı, peda­qo­ji elmlər sa­həsində elmi kadrların hazırlan­ma­sında böyük zəhməti olub. Məşhur “91-lər”dən olan Şəmistan Mikayı­lovun fəaliyyəti zaman-zaman dövlət tərəfindən yüksək qiymətlən­di­rilib, “Qa­baqcıl maarif xadimi” döş nişanı, “Şərəf nişanı” or­deni ilə təltif olunub, Prezi­dent təqaüdünə layiq görülüb. Uzun müddət Təhsil Problemləri İnistituna rəhbərlik edib. Mən fəxrlə deyə bilərəm ki, yazdığım kitablarda Şəmistan müəllim və Almaz müəllim barədə oçerklərim yer alıb, ürək sözlərimi deyə bilmişəm.

Abdı baba ocağının daha bir ziyalı oğlu Mikayılov Almaz coğra­fiya­çı alimdi, bu yaxınlarda rəhmətə gedib. Respublikanın Əməkdar elm xadi­miydi. Uzun müddət Milli Elmlər Akademi­ya­sının Coğrafiya İnsti­tu­tunda çalışdı, hörmət, sevgi qazandı. Bax­mayaraq ki, yaş fərqimiz çox idi, mənim onunla həmişə yaxşı mü­nasibətim olub. Almaz müəllim Ake­demi­ya­nın Coğrafiya İns­ti­tutunda yaxşı alimlərin sırasında öz adını həkk  edib haqqa qovuşdu.

Mən işıqlı şəxsiyyətləri yetirən torpağı, eli-obanı sevirəm, bundan əlavə, imkanım daxilində nurlu insanları tərənnüm edi­rəm. Bunu qarşıma məqsəd kimi qoymuşam. Fəxr edirəm ki, Borçalımızın, əsasən də doğma Faxralımızın təxminən üç yüzə yaxın ziyalısı haqqında on beş il ərzində kitablar yazıb nəşr etdirmişəm.

Bu gün də həmin nəslin layiqli davamçısı Vüqar Mika­yı­lov haqda öz ürək sözlərimi söyləmək qərarını verdim. Vüqarın atası çox hörmətli İmdad müəllim, anası – hamımızın sevimlisi Bahar müəllimə mənim müəllimlərim olublar. Özümü biləndən diqqətlə onları izləmişəm. Sözün həqiqi mənasında, necə de­yər­lər, usta bağlamayıb, zərgər düzməyib, elə bil bunları Allah haqdan mü­əllim kimi, tərbiyəçi kimi göndərib. Oturuşlarında, duruşlarında, əxlaqlarında həmişə tərbi­yəvi əhəmiyyətli cizgi­lər müşahidə etmişəm. Görmüşəm və fikirləşmişəm ki, bunları mütləq qələmə almaq lazımdır. İkisi də həm müəllim kimi, həm valideyn kimi həmişə ancaq ən gözəl sözlərə layiqdirlər. Dün­ya­mızın böyük şairi Zəlimxan Yaqub deyir ki, nə yaxşı həyatda yaxşılar var. Allah-təala yaxşıları yaratmasaydı, xəlq eləmə­səy­di, yaxşılıqlar itib-batardı. Allah yaxşıları ona görə yaradıb ki, yaxşılıqları ya­şat­sınlar. Bizim hörmətli İmdad müəllim də, Ba­har müəllimə də yax­şılardandılar. Allah onları qorusun. Bunları xatırlayanda məş­hur mahnıdan bir misra yada düşür: “Bir ömür durnalar qoşa uç­sa, yorulmaz”. Arzu edirəm ki, İmdad müəl­limlə Bahar mü­əllimə də həmin o durnalar kimi qoşa uçsunlar, həyat­da heç vaxt yorul­ma­sınlar. Bu günə qədər necə yaşayıblarsa, bundan sonra da Allah verən ömrü elə şərəflə yaşasınlar. Gözəl yetirmələriylə, on­ları sevənlərlə birgə sevinsinlər, uğurlarına baxıb öyünsünlər, mə­nəvi zövq alsınlar.

Vüqara gəlincə isə, öncə onu deyim ki, barəsində yazdığım mə­qaləyə başlıq tapmaq üçün çox düşünmək lazım gəlmədi: “Ağır elli, şirin dilli ziyalı”. Bildiyimiz kimi, həkim üçün çox ölçü,  meyarlar var ki, onların da sırasında şəfalı əllərlə bəra­bər, həm də şirin dilə malik olması olduqca önəmlidir. Həkimin şirin dili xəstədən gərginliyi götürür, psixoloji sarsıntını aradan qal­dı­rır, Zəlimxan Yaqub demişkən, adamın ruhunu qanad­lan­dırır. Xəstə xəstəliyini unudur, yaşamaq, həyat uğrunda müba­rizə apar­maq istəyir.

Vüqara müraciət edəndə tanıyanların ondan aldıqları ilk cavab: “Ay can!” kəlməsidir. Aşıq Ələsgərin bir sözü var: “Can deməklə candan can əskik olmaz, məhəbbət artırar, mehriban eylər”. Vüqar da mehri­banlığı ilə özünə olan hörməti artırır. Bu cür mehriban xasiyyətinin formalaş­masında da əlbəttə ki, vali­deynləri İmdad müəllimdən, Bahar müəllimə­dən aldığı tər­biyənin əhəmiyyəti böyükdür.

Vüqar İmdad oğlu Mikayılov 1973-cü il noyabrın 26-da Gürcüs­tanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1991-ci ildə eyni vaxtda 3 ali məktəbə (Azərbaycan Politexnik İnstitutuna, Azər­bay­can İnşaat və Memarlıq İnstitutuna, Azər­bay­can Dövlət Neft Aka­de­mi­yasına) daxil olub. Təhsilini Azər­bay­can Politexnik İnstitutunun Avto­mexanika fakültəsində da­vam etdirib. 2 il burada təhsil aldıqdan sonra 1992-ci il də test üsulu ilə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. 1998-ci ildə Tibb Universitetini əla qiymətlərlə bitirib. Sonrakı bir ildə sərbəst təyinatla Tbilisi şəhərində 9 saylı şəhər xəstəxanasında “Ümumi cərra­hiyyə” ixtisası üzrə internaturanı başa vurub. 2000-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Təd­qi­qat Travma­to­logiya və Ortopediya İnstitutunda həkim-trav­ma­toloq  kimi  fəaliy­yətə başlayıb. Hal-hazırda həmin insti­tut­da travmatoloq-cərrah işləyir. Ailəlidir, üç  övlad atasıdır. Həyat yoldaşı Emilya xanım da həkim-kardioloqdur. V.Mikayılovun fəaliyyəti ölkənin tibb ictimaiy­yəti və əlbəttə ki, onun xidmə­tindən istifadə edən insanlar tərə­fin­dən yüksək qiymətləndirilir. Vüqar həkim hələ 2003-cü ildə Səhiyyə Nazirliyi tərəfindən İran İslam Respublikasının Vəm şəhərində on gün ezamiyyətdə olmuş, xəstələrə yardım etmiş­dir. Bu gün də öz üzərində çalışan doktor Mikayılov sertifikasiya imtahanı verərək yüksək bal toplayıb. Dəfələrlə fəxri fərmanlara, diplomlara layiq görülüb.

Cavan olmasına baxmayaraq, artıq yaxşı həkim kimi ad çıxa­ran Vüqar Mikayılovun haqqında daha təcrübəli həmkarları çox yüksək fikirdədirlər. İnstitutun direktoru, Əməkdar elm xadimi professor Vaqif Verdiyev onu belə təqdim edir: “Xalqın müqəddəs sayıb, inanıb etibar etdiyi həkim adını daşımaq olduq­ca şərəfli və məsuliyyətlidir. Öz davra­nışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə fərq­lənən, özünə inam yaratmağı bacaran Vüqar Mikayılov yaxşı bilir ki, xəstədə inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbirləri sə­mərəsiz olur. Xəstəni müayinə və müalicə edərkən inam prin­sipini həmişə rəhbər tutan Mikayılov həkim kimi, eyni zamanda xəstənin adət və xasiyyətlərini, əsəbi və­ziy­yətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran ob­yek­tiv və subyektiv amilləri diqqətlə öyrənir, nəzərə alır. Həkimin xoş sözü, mehri-məhəbbəti iç dünyasının göstəricisidir. Belə hallarda həkimin qayğısı, sə­mi­miy­yəti ən təsirli müalicə vasi­tə­sidir. Vüqar həkim xəstəni mü­ayi­nə edərkən nəyi və necə soruş­maq lazım olduğunu gözəl bilir, xəstənin yaşını, təhsilini, dünyagörüşünü və.s xüsusiyyətlərini nəzərə alır”.

Hörmətli eloğlumuz, gözəl həkim Loğman Bayramov  da Vü­qar Mikayılov haqqında yüksək fikirdədir: “Doktor Mika­yı­lov hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviy­yəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyir­xah və işgüzar xarakterə malikdir. Səmimilik, alicənablıq, qay­ğı­keşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözlə işin vəhdəti, vətənpərvərlik, Vətənə və tor­pa­ğa hədsiz mə­həb­bət də Vüqar Mikayılova xas olan xüsusiy­yət­lərdir. Sadalanan əxlaqi fəzilətlərin fövqündə təbii ki, həkimlik dayanır. Bu xüsu­siy­yətlərin formalaşmasında heç şübhəsiz ki, onun doğulub boya-başa çatdığı ailənin də xüsusi rolu olub”.

İnsan arzu ilə, istəklə yaşayır. Valideyn istəyir ki, övladı  adı­na layiq olsun, gələcəkdə yaxşı olsun, baxıb desinlər: bax, bu, filankəsin övladıdı, halal olsun, valideyinin zəhmətini itirməyib. Vüqar həkim haqqında kəlbəcərli şair, şeirləri sevilə-sevilə oxunan,  İmdad müəllimin dostu olan Bəhmən Vətənoğlu (Allah rəhmət eləsin) hələ 1986-cı ildə çox gözəl şeir yazıb:

Acılı-şirinli keçən günləri,
Danışdım, söylədim nə var balama.
Əmidən, xaladan gələn məktubu,
Ay İmdad, söylədim İlqar balama.

Zəmanənin kohlənini çaparıq,
Çapıb-çapıb bir-birimizi taparıq.
Allah qoysa, bir görüş də yaparıq,
Məndən salam söylə Vüqar balama.

Bəhmən istər, boya çatdır sən onu,
Ulu dünyam qoy böyütsün şən onu.
Faxralının fəxri görüm mən onu,
Qismət olsun xoş arzular balama.

Vüqar özü də deyir ki, rəhmətlik Bəhman Vətənoğlunu, atası ilə dost olduğundan, əmi gözündə görüb. Şairin ona ün­vanlı “Fax­ra­lının fəxri görüm mən onu” sözləri Vüqarın məs­uliyyət hissini birə-on artırır və o, hər addımında, hər söhbə­tində, sö­zündə dostların, yoldaşların, müəllim­lərinin eti­ma­dını doğrult­mağa borclu olduğunu xatırlayır, məmləkətinin, dövlə­ti­nin məna­fe­yini uca tutmağa çalışır. Və təbii ki, bu yolu qara­layıb gedir Vüqar. Arzu edirəm ki, dönməsin bu yoldan, ta uca zirvələrə səl­tənətinə yetişənədək.

Var olan dünyada siz də varsınız,
Gözəl bir kəssiniz, bəxtiyarsınız.

Allah-təala hər hansı insanı gözəl kəs yaradıbsa, o, demək bəxti­yardır. Vüqar, sən ətrafın tərəfindən sevilirsənsə, demək, gözəl kəssən. Gözəlsənsə, demək bəxtiyarsan və səndən də bütün el-oba, doğmaların  yalnız bunu gözləyir.

Vüqar həm də sazın fanatıdı, vurğunudu, saz onun ana lay­la­sıdı, ruhunu qanadlandıran möcüzədi. Vaxtilə yazdığım şeirdən bir bənd yadıma düşdü:

Sazda gəzən barmaqların birdi, bir,
Barmaqların gəzişməsi sirdi, sirr.
Donmuşam yerimdə, olmuşam əsir,
Gətir Səməndəri sən dilə, dindir.

Vüqardan  soruşdum  ki, ən çox sevdiyi hansı saz havasıdı. “Ruhani”di, “Dilqəmi”di, – dedi. Dedim: “Eşq olsun sənə!”

Bu da öz şeirimdi:

Ürəyimin fəryadıdı “Dilqəmi”,
Bu fəryaddan yaranıbdı “Dilqəmi”.
Həyatımın bahar çağı öndədi,
Ağzına almasın bir də dil qəmi.

Sağ ol, ay Vüqar! Arzu edirəm, dilin qəmi yaxına burax­ma­sın, həmişə gözəl günlər yaşayasan. Ətrafınla, əhatəsində olduğun gözəl-gözəl  insanların sevgisi ilə, məhəbbəti ilə uzun, xoşbəxt, dolu, mənalı ömür yaşayasan. Canında, qanında həyat eşqi, millət sevgisi, Vətən məhəbbəti daim var olsun!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur