Xalid İslam oğlu Orucov

Xalid İslam oğlu Orucov 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmiş və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstututunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1976-cı ildə insitutu bitirən X.Orucov Sumqayıt şəhərindəki 2 saylı xəstəxanada birillik internatura keçmişdir.

İnternaturanı bitirdikdən sonra 1977-ci ildə o, təyinatla Dəvəçi rayonuna göndərilmiş və rayon Mərkəzi xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlamışdır. Üç il burada çalışdıqdan sonra 1980-cı ildə Bakıya qayıtmış və Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda kiçik elmi işçi olmuşdur.

Xalid Orucov 1981-ci ildə “Qala-Altı” sanatoriyasında baş həkimin müavini, 1982-ci ildə isə baş həkim vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərlik etdiyi dövrdə sanatoriyanın şöhrəti respublikanın hüdudlarından kənarlara da yayılmış, Ümumittifaq miqyasında nüfuzlu sağlamlıq ocağı kimi tanınmışdır. O, sanatoriyanın imkanlarının daha da genişləndirilməsi naminə yorulmaz fəaliyyət göstərmişdir.

İstedadlı həkim, bacarıqlı səhiyyə təşkilatçısı kimi böyük hörmət qazanmış, nüfuz sahibi olmuşdur. Ancaq, təəssüf ki, əmək fəaliyyətinin ən qızğın dövründə – 1991-ci ildə Xalid Orucov avtomobil qəzasında həlak olmuşdur.

Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu –  “BORÇALI”, Bakı – “Nurlan” – 2003.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur