Bahəddin Mehrəli oğlu Həsənov

BAĞRIM OLUR  ŞANA-ŞANA, BORÇALIM

Faxralının tanınmışlarından, bu kəndin şöh­rətinin üstünə şöhrət gəti­rən oğullarından söhbət açılanda ilk olaraq yadıma düşənlər Faxralıya tac olan oğullardır. Və hər dəfə belə oğul­ları xatır­la­yan­da istər-istəməz bir məş­hur deyimi xatırla­yı­ram: oğul var ata­sına görə tanınar, ata var oğluna görə. Oğul da var mahalı tanıdıb. Belə oğullar xoşbəxt bəndələrdən olub ki, ata-anasının, əsil-nəca­bətinin kimli­yin­dən asılı olmayaraq, özünün həyat­dakı fəal mövqeyi, xeyirxah əməlləri, keç­diyi mənalı ömür yolu ilə nəinki mənsub olduğu nəslə, üstəlik elinə-obası­na onil­liklər boyu yaşayacaq başucalığı qazandırıb, şəxsi nü­mu­nəsi ilə çoxlarına örnək olub. Ərləri, ərənləri ilə məşhur olan bu kəndin övlad­ların­dan biri də polkovnik Bahəddin Həsə­nov idi. Onun atası Mehrəli Həsənov on il Faxralı kəndindəki kolxoza rəh­bərlik etmiş, 1938-1943-cü illərdə Gürcüstan SSR Ali Sove­tinin deputatı olmuşdu. Onun ən böyük fədakarlığı isə İkinci Dünya müharibəsi illərinə təsadüf edir. O qanlı-qadalı il­lərdə arxa cəbhədə var gücü ilə çalışmış, qələbə naminə faxra­lıları səfərbər etmişdir. Məhz onun rəhbərliyi altında faxralılar öz vəsa­itləri hesabına SSRİ Hərbi Hava Qüvvələrinə təyyarə bağışla­mış­dılar. Bununla bağlı SSRİ-nin o vaxtki rəhbəri, ölkənin Ali Baş Koman­danı İ.Stalindən M.Həsənovun adına təşəkkür məktubu gəlmişdi. Və bəlkə də elə bu səbəbdəndir ki, kənd haqqında fikrimi qısaca olaraq necə ifadə edə biləcəyimi soruşsalar, belə deyərdim: eşq olsun faxralılara!

Haqqında söhbət açdığım Bahəddin Həsənov saz-söz adamıydı, hərdən şeir də yazırdı.

…Bahəddin Mehrəli oğlu Həsənov 1937-ci il dekabr ayının 19-da Borçalıda – o zamankı Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində anadan olub. Kənddəki orta mək­təb­də təhsil alıb. Yaşıdlarının əksəriyyəti kimi onun da arzusu olub ki, ali təhsil alsın. Amma orta məktəbi bitirən kimi bu arzusunu reallaşdıra bilməyib. Çünki atası Mehrəli kişi 1950-ci ildə 45 yaşında ikən uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və bundan sonra da ailənin bütün ağırlığı anasının çiyin­lərinə düşmüşdü. O illərlə bağlı xatirələrini qələmə alan Bahəddin müəllim belə yazırdı: “Atamdan miras qalmış 20 m2-lik bir otaqda anam, bacım, mən və balaca qardaşım əl-ələ ve­rə­rək çətin günlərə dözürdük. 1957-ci ildə Faxralı orta mək­təbini bitirdikdən sonra maddi vəziyyətim imkan vermədiyinə görə, Bakıda ali məktəblərin birində təhsilimi davam etdirə bil­mədim. İki ay kolxozda siravi işçi kimi işlədikdən sonra kol­xozun baş mühasibi, atamla birgə işlədiyinə və dost olduqlarına görə mə­ni öz yanında mühasib vəzifəsinə təyin etdirdi və mütəmadi olaraq öy­rət­di. Bir neçə aydan sonra mənə sərbəst uçot hesablarını tapşırdı və həmin vaxtlar kolxozda ayrı-ayrı sahələrin uçotunu və hesabatlarını apardım.”

O, kolxozda çalışdığı dövrdə kmsomol təşkilatının katibi seçilib və gənc kolxozçular arasında müxtəlif tədbirlərin keçirilməsinə nail olub.

1958-ci il noyabr ayının 28-də onu hərbi xidmətə çağı­rıb­lar və o, 1961-ci ilin iyununadək orduda qulluq edib. Əsgər­lik­də olduğu müddətdə də ali təhsil almaq arzusu bir an da olsa onu tərk etməyib, arada vaxt tapıb orta məktəb kitablarını bir də oxuyub, qəbul imtahanlarına hazır­laşıb. Və hələ hərbi xid­mətdə ikən – 1961-ci ilin may ayında sənədlərini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin əyani şöbəsinə göndərib. Universitetin dəvəti ilə qəbul imtahanlarında iştirak etmək üçün Bakıya gəlib. İmtahanları müvəffəqiyyətlə verib, yuxarıda adıçəkilən fakültəyə daxil olub və ordudan tərxis olunub.

Tələbəlik illəri ilə bağlı xatirələrində o özü belə yazır: “Birinci kurs­da əyani oxuyarkən maddi çətinliklərlə üzləşdim və qəti qərara gəldim ki, axşam şöbəsinə keçim, gündüzlər isə işləyim. Bir müddət iş axtardıqdan sonra Azərbaycan SSR-in Daxili İşlər Nazirliyinin polis alayına qəbul edildim. Orduda Ali Partiya məktəbini bitirmişdim. Həm də Sovet İttifaqı Kommunist partiyasının üzvü olduğuma görə, məni bu orqanda işə qəbul etdilər. Lakin bu, uzun çəkmədi. Oxumağımla iş rejimim uyğun gəl­mə­diyinə görə oranı tərk edərək, Bayılda yerləşən 1 saylı istintaq təcrid­xa­nasında nəzarətçi vəzifəsinə düzəldim. Üçüncü kursda oxuyarkən – 1965-ci il noyabrın 7-də 28 yaşımda ikən kiçik leytenant rütbəsi aldım. 1967-ci ilin sentyabrında leytenant, 1970-ci ildə işə baş leytenant rütbəsi aldım.”

Artıq çətin günlərin arxada qaldığını demək olardı. Bahəd­din Meh­rəli oğlu onu xoş günlərə aparan bir yoldaydı. Amma bu dəfə də talenin amansız zərbəsi onu haqladı. 1971-ci ilin mart ayında dünyalar qədər sevdiyi, saçının birini ağ, birini qa­ra hörüb övladlarının xoşbəxt gələcəyi üçün hər cür fədakarlığa hazır olan anası dünyasını dəyişdi. O zaman yaşadığı kövrək hisslər şeirə çevrilərək könüllər oxşadı:

Gözümün sevinci, sözümün tamı,
Dilimin nübarı anadır, ana!
Qolumun qüvvəti, başımın tacı,
Könlümün baharı anadır, ana!
Eh, nə var dünyada anadan əziz,
Nə var o bişirən xörəkdən əziz,
Hayıf, zamanında bilməyirik biz.

İllər keçdikcə onun vəzifə pillələrindəki uğurları da get-gedə artır, rütbəsi böyüyürdü. 1973-cü ildə ona kapitan, 1978-ci ildə mayor, 1983-cü ildə podpolkovnik rütbəsi verilib. 1989-cu ildə – 51 yaşında ikən isə polkovnik rütbəsinə layiq görülüb. 1992-ci ilin fevral ayında daxili işlər orqanlarından tərxis olunaraq təqaüdə çıxıb.

Bahəddin Həsənov asudə vaxtlarında saz çalmağı sevərdi. Saz çalmaq ona babası aşıq Həsəndən keçmişdi. Şeirlərinin birində babasını xatırlayıb belə yazırdı:

Şair Nəbi hörməti var hər yanda,
Sazsız Həsən yaşamadı bir an da.
Əmrah dayı “Dilqəmi”ni çalanda,
Bağrım olur şana-şana, Borçalım.

Daxili işlər orqanlarında xidmətdən ayrılsa da, qurub-yaratmaq eşqi tükənməz olan B.Həsənov təbii ki, işsiz dayana bilməzdi. Odur ki, elə həmin vaxtdan – yəni 1992-ci ilin fevra­lından “Azneftkimyamaş” dövlət şirkətinə işə qəbul olundu və ömrünün sonuna kimi burada şöbə müdiri vəzifəsində çalışdı.

Bahəddin Mehrəli oğlu 2008-ci il iyunun 3-də dünyasını dəyişdi. Onun çox gözəl övladları var. Atalarının adını uca tutan övladları – Mehrəli, Elçin və Mehriban xanım cəmiyyətimizin ayrı-ayrı sahələrində namusla çalışırlar.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur