LAYİQLİ VARİS
Həyatda xoşbəxtliyi hərə bir şeydə görür. Kimi var-dövləti, kimi də ad-sanı, şan-şöhrəti özü üçün ən böyük xoşbəxtlik sayır. Ləyaqətli övladlar böyüdüb tərbiyə etməyi – yaxşı valideyn olmağı bütün xoşbəxtliklərin fövqündə görənlər də var və bəlkə elə doğrudan da bundan böyük xoşbəxtlik yoxdur. Çünki dünya şöhrətli yazıçı Ç.Aytmatovun dediyi kimi, insanın başqaları üçün, cəmiyyət üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli övladlar tərbiyə etməkdir. Elə övlad tərbiyə etmək ki, sabah sənin başını uca etsin, onun hər hansı bir əməlindən xəcalət çəkməyəsən, əksinə bir ata kimi öyünəsən, haqlı qürur hissi duyasan. Yaxşı övladın atası olmaq nə qədər xoşbəxtlikdirsə, yaxşı atanın övladı olmaq da o qədər, bəlkə ondan da artıq dərəcədə xoşbəxtlikdir. Çünki təkcə soyadını, kimin övladı olduğunu demək kifayətdir ki, sənə qarşı böyük ehtiram göstərsinlər, hörmətlə qarşılasınlar. Yetər ki, sən bu ada kölgə salacaq bir addım atmayasan, valideynin təmiz adına ləkə salacaq hərəkətə yol verməyəsən. Bu yazıda haqqında söhbət açmaq istədiyim Ceyhun Şamil oğlu Qurbanov da bu mənada xoşbəxtlərdəndir. Bəri başdan deyək ki, Ceyhun həyatda heç bir işlə məşğul olmasaydı belə onun iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş, filologiya elmləri doktoru, professor Şamil Qurbanovun – şərəfli və ləyaqətli ömür yaşamış bir alimin, ictimai xadimin oğlu olması bəs edərdi ki, bütün ömrü boyu yollarında yaşıl işıq yansın, özünü həmişə xoşbəxt saysın. Ceyhun həm də ona görə xoşbəxtdir ki, atasının adı ilə öyünüb fəxr etsə də, heç zaman bu adın kölgəsinə sığınmayıb, çalışıb ki, sevimli xalq şairimiz Zəlimxan Yaqub demiş, “qara saçlarını elmin yollarında ağardaraq bir millətin üzağlığına dönən” kişinin adına layiq olsun, onun şərəfinə, şöhrətinə xələl gətirməsin, həyatda qazandığı hər uğuru ilə onun ruhunu şad eləsin.
…1972-ci ildə Bakıda dünyaya gələn Ceyhun Şamil oğlu Qurbanov bütün varlığıyla dədə-baba yurdu Borçalıya – onun ağır ellərindən olan Faxralıya bağlı olub. Doğma el-obaya vurğunluq, məhəbbət, onun əsrarəngiz təbiətinə heyranlıq, adət-ənənəsinə bağlılıq atası Şamil müəlimdən keçib ona. 1989-cu ildə Bakıdakı 20 saylı orta məktəbi bitirən Ceyhun elə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 1994-cü ildə universitetdə təhsilini başa vurub və Bakı şəhərinin Binəqədi rayon prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb. 2000-2001-ci illərdə Azərbaycan Respublikası baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində yaradılmış xüsusi istintaq qrupunda fəaliyyət göstərib. 2001-ci ildə Bakı şəhər prokurorunun köməkçisi vəzifəsinə təyin olunub. Bir müddət həmin vəzifədə çalışdıqdan sonra həmin təşkilatda yeni yaradılmış Müraciətlərə baxılması şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. Yüksək peşəkarlığını, işə məsuliyyətini və bacarığını nəzərə alan rəhbərlik tezliklə ona daha böyük etimad göstərib və o, həmin şöbənin böyük prokuroru vəzifəsinə irəli çəkilib. 2004-cü ilin martından isə həmin şöbənin rəisi vəzifəsində çalışır, ədliyyə müşaviridir.
Ceyhun Qurbanovun yüksək peşəkarlığı, qüsursuz xidməti rəhbərliyin diqqətindən yayınmayıb, zəhməti layiqincə qiymətləndirilib. 2001-ci ildə 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibəti ilə və xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə mükafatlandırma qaydasında ona I dərəcəli hüquqşünas rütbəsi verilmişdir. 2006-cı ilin yekunlarına görə isə Azərbaycan Respublikası Prokurorluq orqanlarında qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə ona təşəkkür elan edilmişdir.
Sadaladığımız bu avtobioqrafik məlumatlardan da göründüyü kimi, Ceyhun Qurbanov gənc olmasına baxmayaraq hüquq-mühafizə sistemində məsul vəzifələr daşıyıb və hazırda da bu sahədə işini uğurla davam etdirməkdədir. Ancaq onunla yaxından ünsiyyətdə olanda adam inanmaq istəmir ki, müsahibi yüksək vəzifəli hüquq-mühafizə işçisidir. Axı, adətən biz hüquq-mühafizə sistemində çalışanların zəhmli sir-sifətinə, bəzən hətta layiq olduqlarından da yüksək səviyyədə təkəbbür və əda göstərmələrinə alışmışıq və etiraf edək ki, çoxlarımız hesab etmişik ki, polis və prokurorluq işçisi elə belə də olmalıdır. Ancaq Ceyhunun simasında biz uzun illər cəmiyyətə hakim kəsilən bu stereotipləri dağıdan bir hüquq-mühafizə işçisini görürük. Onda nə məmur amiranəliyi, özündənrazılığı, nə də başqalarına yuxarıdan aşağı baxmaq yoxdur. Həmişə çöhrəsindən nur yağır. Həlim xasiyyəti, mehribanlığı, təvazökarlığı, həssaslığı və səmimiliyi ilə diqqəti çəkir. Və istər-istəməz düşünürsən ki, ömrünü elmin və el-obanın, Vətənin yolunda şam kimi əridən, çox iş görüb az danışan, gördüyü işlərdən çox görməli olduğu işlərdən danışan Şamil Qurbanovun oğlu başqa cür ola da bilməzdi.
Философлардан бири буйурур: «Həqiqət alovu, onu aparanların əlini tez-tez yandırır». Haqqın, ədalətin keşiyində dayanan Ceyhun Şamil oğlu da bu həqiqəti yaxşı bilir və bu alovdan qorxmur. Həmişə haqlının, ədalətin – qanunun, qanunçuluğun tərəfində dayanır.
Şamil müəllimdən Ceyhuna miras qalan halallıq, təmizlik, saflıq və səmimiyyətlə yanaşı el-obaya yurda, bağlılıq, elin xeyir-şərində tapılmaq, qohumcanlılıq və bir də ailəcanlılıqdır. Gözəl ailə başçısı olan Ceyhun ömür-gün yoldaşı, filologiya elmləri namizədi Fatma xanımla bərabər üç övlad böyüdür. Onların böyüyüb cəmiyyətdə özlərinə layiqli mövqe tutmalarına çalışır. Çalışır ki, balaca Şamil babası Şamil Qurbanovun adına layiq böyüsün, nəsil şəcərəsini ləyaqətlə davam etdirsin.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.