SƏRT QAYALAR ƏYİLMƏZ Kİ, ƏYİLMƏZ
Maksim Qorkinin gözəl bir fikri var: “Gələcək təmiz adamlara məxsusdur”. Bu sözün dərinliyinə enəndə hiss edirsən ki, həqiqətən də dünyanın ən çətin anında, ən ağır vəziyyətində təmiz və yaxşı insanlar onu çiynində daşıyır. Yəni bu insanlar istəməyiblər ki, dünyamızda mizan-tərəzi pozulsun, haqq-ədalət ayaq altına atılsın, gecələr-gündüzü üstələsin.
Əlbəttə, insanın ürəyi təmiz olanda onun getdiyi yol daha çox işqılı və çox da rahat olur. Belə insanlardan biri də Mustafa Rəhim oğlu Hüseynovdur. O Mustafa ki, 1936-cı il yanvarın 1-də dünyaya göz açıb, elə hər şeyi də gördüyü və hiss etdiyi kimi dərk edib. Fikirləşib ki, hər şey Allahın yaratdığı kimi olsa, onda həyat daha gözəl və daha rahat olar.
O, orta məktəbi bitirəndən sonra ordu sıralarında olub. Təbii ki, Sovet ordusunda olmaq, orda bərkə-boşa düşmək elə özü bir həyat məktəbi idi. O da orduda qulluqdan sonra Nalçikdəki milis məktəbini bitirir və bir müddət Bolnisi rayonunun Daxili İşlər Şöbəsində kiçik serjant işləyir. Zaman keçdikcə bir qədər də təcrübə toplayır, peşəkarlığını artırır və günlərin birində Mustafa Hüseynov polis kapitanı rütbəsi alır.
Onun həyatında çox risqli anlar və çox da ağır məqamlar olub. Təbii ki, milis işçisi olaraq qanunu qoruyan və cinayətkara qarşı mübarizə apararkən ən ağır anlarla üzləşib və bu anlarda həmişə ona peşəkarlığı kömək edib. O, polis işçisi olmaqla yanaşı, fəaliyyət göstərdiyi dövrdə ictimai vəzifə də daşıyıb. Başqa sözlə demiş olsaq, Mustafa polis şöbəsində “partkom” kimi də fəaliyyət göstərib. Zaman keçib, illər ötüb və polis orqanlarında günlərin birində xidməti müddətini başa vurub, təqaüdə çıxıb. 1989-cu ildən o, başqa bir sahədə fəaliyyət göstərməyə başlayıb. Belə ki, 1989-1990-cı illərdə Bolnisi rayonu Mülkü Müdafiə Şurasının rəisi vəzifəsində işləyib. Bu müddətdə də onun vətənpərvərliyi və sonsuz məhəbbəti üzə çıxıb. Yəni həmin dövrdə Azərbaycan kəndlərinə qarşı gürcülər tərəfindən basqınlar və quldurluq olunurdu. Aydındır ki, elə məqamda el-obanı başına yığıb onlara ağsaqqallıq eləmək və insanlara düz yol göstərmək hər adama nəsib olmur. Camaat çətin gündə Mustafa Hüseynovu yaratdıqları Ağsaqqalar Şurasına sədr seçir. Ona görə sədr seçir ki, azərbaycanlılar Gürcüstanda sıxışdırılırdı. Bu məqamda Mustafa müəllim camaatı başına yığıb, onlara ürək-dirək verir və deyir ki, biz ata-babalarımızın qəbrini burda qoyub gedə bilmərik. Ya öləcəyik, ya da Faxralını saxlayacağıq. Elə bu cür oğulların hesabına bu gün Faxralı camaatı dədə-baba yurdunda duruş tapıb və öz isti ocaqlarında yaşayırlar. Əgər bu cür insanlar olmasaydı çoxdan Göyçədəki kimi, azərbaycanlılar öz el-obalarına tərk edib, Azərbaycana pənah gətirmişdilər. Nə yaxşı ki, Mustafa Hüseynov kimi ürəyində böyük təpər, biləyində güc olan insanlar varmış.
Mustafa Hüseynov həm də gürcü və rus dilini çox gözəl bilirdi. Ona görə də gürcülərin və azərbaycanlıların iştirak etdiyi məclislərdə çox vaxt o tamada olardı. Ədəbiyyatı, aşıq sənətini o qədər gözəl bilirdi ki, onlardan danışanda gürcülər də ona qibtə edərdi. Gürcü dilini gürcüdən yaxşı bilən, rus dilində çox səlis danışan bu insana qarşı gürcülər öz xəbis niyyətlərini gizlədə bilmirdilər. Axı,heç kimə sirr deyil ki, bəzi millətlər bizim kimi deyil, özlərini hamıdan çox istəyirlər.
Mustafa müəllim son dərəcə təmiz, vicdanlı və mənəvi cəhətdən zəngin insan idi. Onun elə bir kitabxanası vardı ki, bu kitabxanadan çoxları istifadə edər, lazım gələndə məsləhət üçün Mustafa müəllimə üz tutardılar. Nizami Gəncəvinin sözləri ilə demiş olsaq “Adam yüksələndə əhdini pozmaz”. Elə Mustafa Hüseynov da hansı yüksəkliyə ucalıbsa, o ucalıqdan həmişə eyni cür görünüb: sadə, səmimi və ziyalı bir insan kimi. Həm də sərt qaya dözümünü yaşayıb. Heç vaxt əyilməyib.
O, 2000-ci ilin mayın 4-də dünyasını dəyişib. Ancaq camaatın, elin-obanın xatirəsində və yaddaşında haqq-ədalətin, insanlığın və kişiliyin simvolu kimi qalıb. O kişiliyin ki, son ana qədər Faxralıya və camaatına sadiq olub. Onun itgisinə eloğlu Qıcı Tahar şeir də həsr edib. Şeirin bir yerində deyir:
Sevindin saldığın bağça-bağınla,
Mehriban oldun qonşularınla.
Təmiz adınla, namus-arınla,
Kişi tək yaşayıb, kişi tək getdin.
Ona görə də bu cür kişilər uzun illər ötsə də, xatirələrdən və yaddaşlardan silinmir və elin-obanın xatirəsində həmişə yaşayır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.
Türkiyədə yaşamış İmaməli Məsimoğlunun nəvəsi Ənvər Taşdəmir, 1999-cu ildə Faxralıda olan zaman Şahbuzlu orta məktəbi kimi tanınan öz doğma evlərini ziyarət etmişdir. Ziyarət zamanı Mustafa Hüseynov, Arif Amaşov, Eldar Musayev, Alı Məsimov və Güləbətin Məsimova da iştirak etmişlər. Qeyd edirik ki, babası İmaməli Məsimoğlu Şura hökumətinin yeritdiyi represiyaya siyasətinin qurbanı olmuş, məcburiyyət ucbatından Türkiyəyə qaçmış və onun var-dövləti dövlət tərəfindən müsadirə olunmuşdur. Bu barədə Mustafa Hüseynov aşağıdakı video filmdə qeyd edir: