Oruc Bayram oğlu Nağıyev

HAQQINI DƏRK EDƏN OĞUL

Hər bir insanın heç kimə bən­zəməyən taleyi və həyat yolu var. Ay­dındır ki, bu yolu seçmək in­san­dan mübarizlik, zəhmət­keş­lik, bir qədər də iradə tələb edir. Adam var ki, həkim olur, adam var ki, mühəndis peşəsini seçir, adam da var ki, hər hansı bir sənətin arxasınca gedir.

Oruc Bayram oğlu Nağıyev isə ürəyi istə­diyi bir işin da­lın­ca gedib. Daha doğrusu, həmişə qa­nun keşikçisi olmaq və çiy­nində zabit rütbəsi daşımaq istəyib. An­caq bu istəyə çatmaq o qə­dər də asan olmayıb. Böyük Nizami Gəncəvi deyib: “İş bər­kə düşəndə bədbin olma sən.” Belə baxanda Oruc Nağı­ye­vin işi heç bərkə də düş­məyib. Amma həyatın bərkin­dən-boşundan və çətinliklərindən çıxmaq məc­buriyyəti qarşısında qalıb. Hər bir çətinliklə üzləşəndə inanıb ki, onu qarşıda uğurlu bir aləm göz­ləyir. Bu aləmə çatmaq üçün isə təbii ki, zəhmətə qatlaşmaq, əziyyət çəkmək və mübarizə aparmaq lazımdır.

Abbasqulu Ağa Bakıxanov yazır: “Həyatda olduğu kimi təmiz, alicənab olmaq, on minlərlə adamın içindən seçilmiş olmaq deməkdir”. Elə Oruc Nağıyev də başqalarından seçilən və fərqlənən insan olub. O, 1946-cı il fevralın 20-də Borçalı mahalının Faxralı kəndində anadan olub. Orta məktəbi bitirib və 1968-ci ildə Kazanda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra nə vaxtdır ürəyində gəzdirdiyi arzusunun dalınca addımlayıb.

Artıq 1969-cu ildə o, milis orqanlarında işə düzəlir. Milis­də işlə­məklə Oruc Nağıyev ali məktəbə daxil olur və hüquq fakültəsini bitirir. 1975-ci ildə leytenant rütbəsi alır. Çiynində rütbə gəzdirmək və qanunu qorumaq xoşbəxtliyi ona nəsib olur. Düzdür, rütbə qazanmaq olar, hətta ən yüksək mərtəbəyə qalxmaq belə mümkündür, ancaq o rütbənin şərəfini qorumaq hər zabitə məxsus olan məziyyət deyil.

Bütün bunlara Oruc Nağıyev nail olur. Fəaliyyəti və işi göstərir ki, o, heç də milis orqanlarına təsadüfən düşməyib. Bir müddət sahə inspektoru və baş axtarış müfəkkili işləyir. Təbii ki, işdəki uğurları bu zabitin daha yüksək pillələrə qalx­masına kömək edir. Elə buna görə də öz işini yaxşı bilən Oruc Nağıyev müstəntiq vəzifəsində çalışır və mayor rütbəsi alır. O, milis orqanlarında işlədiyi dövrdə ağır cinayət hadisələri, kri­mi­nal elementlər və qanun pozucuları ilə üzləşir. Bəzən elə olur ki, silahlı cinayətkarları zərərsizləşdirərkən ölümlə üzbəüz qalır. Belə anlarda peşəkarlığı və çevikliyi onun köməyinə çatır. Məhz bunun nəticə­sidir ki, Nazirlik və rəhbərlik tərəfin­dən çoxsaylı diplom və təşəkkürlərə layiq görülüb. Oruc Nağı­yev milis orqanlarında xidməti vəzifəsini yaşı ilə əlaqədar olaraq başa çatdırıb təqaüdə çıxır. Sonra bir müddət “Tatme­bel” fabrikində kommersiya məsələləri üzrə direktor vəzifə­sin­də işləyir. O, harda işləyibsə, həmişə həmin kollektivdə və həmin yerdə özünə böyük xətir-hörmət, nüfuz qazanıb.

Oruc Nağıyev 2001-ci il yanvarın 5-də dünyasını dəyişib. Ancaq onun yurdunda çox ağıllı, çox da istedadlı oğlu Ruslan böyü­yüb. O, boya-başa çatıb və Kazan Dövlət Universitetinin hüquq fakültəsini bi­tirib. İndi atasının yolunu davam etdirir. O, Tatarıstan Vəkillər Pala­tasında vəkil işləyir.

Deməli, ataların qoyduğu yolu oğullar davam etdirir və onlar əməlləri ilə atalarına oxşamağa və yeni izlər qoymağa çalışırlar.

Onu da qeyd etməyi özümə borc bilirəm ki,  Orucu Kazan­da dostları və yoldaşları Kazıbek kimi tanıyırdılar. Hamı ona bu adla müraciət edirdi. Dostluqda etibarlı və sədaqətli idi.

Ocağında dövlət  daşa, var daşa,
Dostun yoxsa kasıblardan, kasıbsan,

– beytini tez-tez işlədirdi. İnsanlara tez qaynayıb-qarışan idi. Sanki, Kazanda bir Faxralı nümayəndəliyi yaratmışdı. Dəfə­lərlə Bakıda qo-na­ğım olmuşdu. Onunla həmsöhbət olmaq toy-bayram idi. Bu keyfiy­yətlər isə Orucun içinin təmizliyindən irəli gəlirdi. Onda olan bu yüksək əxlaqi keyfiyyətləri dədə-baba qonşusu və dostu Nadir Allahverdi oğlu Məm­mədov da təsdiq edir. Nadirin dediklərindən: Oruc uşaqlıqdan diribaş və çevik idi. Tənbəlliyin nə olduğunu bilməzdi. Öz üzərində daim çalışırdı. Sanki mühüm xidməti orqanlar üçün doğul­muş­du. Bu bir faktdır ki, Ka­zanda elini-obasını yüksək səviyyədə təmsil edirdi. Harda millətinin nümayəndəsini görürdüsə, ona öz doğması kimi baxırdı. Onun Faxralıya hər gəlişi bayram idi.  Uşaqlıq xatirələrimiz çözələnirdi. Həm də Orucun yaxşı yaddaş və yoldaşlarını yamsılamaq məharəti vardı. Elimizin yaxşı oğlu idi və öz haqqını, hüququnu yaxşı bilirdi. Böyük söz sultanı Zəlimxan Yaqubun təbirincə desək:

Öz haqqını dərk etməyən,
Qeyrətsizdi, təpərsizdi!

Allah Oruca rəhmət eləsin, ruhu şad olsun!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur