Rəşid Əli oğlu Əliyev 1954-cü il yanvar ayının 30-da Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində qulluqçu ailəsində anadan olmuşdur. Kəndin “Qaraməmmədli” nəslindəndir.
Səməndər Məmmədov: “CAHİLLİK ÖLÜMDÜ, ALİMLİK HƏYAT, KAMALA YETƏNDƏ DOĞULUR İNSAN”
Vətəni oğul tək qorudun,
Nə usandın, nə yoruldun,
Sən od-alovdan doğuldun,
Düşmən başın üz, qardaşım!
Ey, əhdinə düz qardaşım!
Lalə Əliyeva
O, hamıdan fərqli bir ömür yaşadı. Ölümlə çarpışan ağır bir ömür. Bu çətin anlarda içindən, kökündən, aldığı tərbiyədən gələn qürura sığındı. Qorxmadı, əyilmədi, sınmadı. Qucağında böyüdüyü Səngər dağı kimi. Savadınnan, səviyyəsiynən və tutarlı məntiqinnən qalib gəldi. Kamal zirvəsinə ucaldı. Və o zirvədə ikinci dəfə yenidən doğuldu. Bu maraqlı, yenilməz, basılmaz ər oğlu ər gözəl alim-ziyalımız Rəşid Əliyevdir.
Rəşid Əliyev 1961-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olsa da, 1965-ci ildə təhsilini Bolnisi şəhər rus orta məktəbində davam etdirmişdir, həmin məktəbi də müvəffəqiyyətlə bitirmişdir. İlk zamanlar rus məktəbində oxumaq dili bilməyən bir uşaq üçün çətin olsa da, Rəşid atası Əli Bayram oğlunun və özünün böyük səyi nəticəsində bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmiş, artıq 6 aydan sonra başqa millətlərdən olan yaşıdlarını qabaqlamağa başlamışdı. Atası Əli Bayram oğlu hələ kiçik yaşlarından Rəşidin şəxsiyyətinə hörmət edir, onunla bir çox mövzularda söhbətlər aparır, fikirlərinə dəyər verirdi. Rəşidin oxuduğu rus məktəbində təhsil yüksək səviyyədə aparılır və dəqiq elmlərə üstünlük verilirdi. Ona görə də, hələ uşaq yaşlarından onda radiorabitəyə, təyyarə modelləşdirməyə, fotoşəkil çıxartmağa xüsusi həvəs yaranmışdı və onun arzusu Moskva Təyyarəçilik İnstitutuna daxil olmaq idi. İstirahət və ya tətil günlərində o, qardaşları Bayram və Azadla birlikdə otağın birində öz balaca fotolaboratoriyasını qurar, hər tərəfi qaranlıq edər və həvəslə şəkil çıxardardı. Sonralar texnikaya və fizika elminə olan bu sevgi onu Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə gətirdi və 1971-ci ildə o, həmin fakültənin axşam şöbəsinə qəbul olundu. Hələ tələbəlik illərindən gənc Rəşid Universitetin elmi-tədqiqat işlərinə cəlb olunmuş və fiziki təcrübə sahəsində öz biliklərini zənginləşdirmişdir. Məhz Sovet ordusu sıralarında xidmət edərkən onun qazandığı təcrübə karına gəlmişdi. O, zenit-raket qoşunlarının kəşfiyyat bölməsinin 6 aylıq təlim kurslarını “əla” qiymətlə bitirmiş və buna görə də serjant rütbəsi qazanmış, bölük komandiri və təlim siniflərinin rəisi təyin olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra o, universitetdə təhsilini davam etdirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş və Universitetin fizika fakültəsində də saxlanılmışdır. 35 ildən artıq bir müddətdir ki, həmin fakültədə fəaliyyət göstərərək, baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlmişdir. O, hal-hazırda Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasında aparıcı mühəndis vəzifəsində çalışır. BDU-da savadlı, yüksək ixtisaslı mütəxəssis kimi tanınmış Rəşid Əliyev bir çox elmi məqalələrin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifidir.
Rəşid Əliyev Azərbaycan elmi ictimaiyyətində kifayət qədər tanınan, müasir texnika və texnologiyanı mükəmməl bilən, eksperimentin incəliklərini dərindən duyan nadir qabiliyyətə malik bir fizik-mühəndis olmaqla, nəinki Bakı Dövlət Universitetinin nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda, həm də AMEA Genetik Ehtiyatlar İnstitutunda və AMEA-nın digər institutlarındakı ən mürəkkəb rentgen, lazer və digər optik qurğuların sazlanması və işlək vəziyyətdə qalmasını təmin etmişdir. Rəşid müəllim “LAZER” Elmi-texniki Mərkəzdə işlənib hazırlanmış xüsusi təyinatlı lazer texnikasının N saylı hərbi hissədə sınqalarının təşkili və keçirilməsində yaxından iştirak etmişdir. Rəşid müəllim BDU-dakı elmi fəaliyyəti ilə yanaşı, respublikada gəmi təmiri üzrə də əhəmiyyətli işlər görmüşdür. Son dövrlərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının “Keşikçi gəmisi”nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ə.Hacıyev adına “Tədqiqat gəmisi”nin əsaslı təmirinə cəlb edilmiş, oradakı mürəkkəb qurğuların bərpası və yenidən qurulmasını uğurla yerinə yetirmişdir.
Rəşid Əliyev təmiz adı, şərəfi hər şeydən üstün tutan bir nəslin oğludur. O, 1937-ci ildə Sovet rejimi tərəfindən öz əqidəsi uğrunda güllələnmiş Şeyx Molla Qurbanın və müharibə illərində fərarilərin gülləsinə tuş gəlmiş dəmirçi Qarammədoğlu Bayramın nəvəsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində igidliklər göstərmiş bir kişinin – Əli Əliyevin oğlu olmaqla öz nəslinin layiqli davamçısıdır.
Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Rəşid müəllim ön cərgələrdə olmuş və Azadlıq Meydanında onun qurduğu mikrofonlardan Azərbaycan xalqının haqq səsi hər yana yayılmışdır. Mitinqlərdə iştirak etdiyinə görə o, 1989-cu ildə Vəzirov dövründə Sovet rejimi tərəfindən həbs edilmiş, yalnız Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin və əməkdaşlarının səyi nəticəsində tezlikə azad olunmuşdur. Rəşid müəllim ölkəmizin həyatında baş verən bütün taleyüklü proseslərdə həmişə bir əsgər kimi səfərbər olmuş və iştirak etmişdir. O, 1990-cı il 20 yanvar hadisələrindən də kənarda qalmamış, 19 yanvar gecəsi Sovet Ordusunun yerləşdiyi keçmiş “Salyan kazarmasının” yaxınlığında əliyalın Rus Sovet ordusunun tanklarının qabağına çıxmışdı.
Rəşid Əliyev vətənpərvər, cəmiyyətdə müəyyən hörmətə malik əsl ziyalı bir insandır. Erməni faşistləri tərəfindən xalqımızın başına gətirilmiş Xocalı soyqrımından sonra Rəşid müəllim bu müsibətlərə dözməyərək, 1992-ci ilin may ayında öz dissertasiyası üzərində elmi fəaliyyətini dayandıraraq 36 yaşında könüllü silaha sarılmış, Vətənin müdafiəsinə qalxmışdır. O, 1999-cu ilə qədər öz bilik və qabiliyyətindən istifadə edərək 776-cı xüsusi təyinatlı hərbi hissədə əvvəlcə kəşfiyyatçı rota komandiri, sonra isə rabitə rəisi vəzifəsində çalışmış, hərbi hissənin rabitə sistemini yaratmış və müvafiq kadrlar hazırlamışdır. Onun bu xidmətləri hərbi hissənin fərmanı ilə qeyd olunmuş və bu dövr ərzində o, baş çavuşdan kapitan rütbəsinə qədər yüksəlmişdir. O, Füzuli, Qubadlı, Ağdam, Ağdərə, Murov, Tərtər döyüşləri kimi qanlı döyüşlərdə iştirak etmiş və onun xidmət etdiyi hərbi hissə yeganə hissədir ki, heç bir döyüşdə məğlub olmamışdır. O, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır. Rəşid müəllimin vuruşduğu hərbi hissənin döyüş yoluna həsr olunmuş iki kitab işıq üzü görmüşdür: Dünyamalı Kərəmin “Qələbəni odlu qəlb əldə edir” və Aleksey Saprıkinin “Да, несудимы будем!” kitabları.
Bu kitablarda da Rəşid müəllimin obrazı vətənpərvər bir alim, istedadlı bir rabitəçi, tabeliyində olan əsgərlərə atalıq qayğısı göstərən bir zabit kimi canlanır. Rəşid müəllim müharibə qurtardıqdan sonra da həlak olmuş şəhid dostlarının ata-analarına baş çəkir, övladlarının toyunda iştirak edir və həmişə də həyatdan nakam getmiş şəhidləri ürəkağrısı ilə xatırlayır. Rəşid müəllim yeri gələndə dövri mətbuatda Qarabağın azadlığı uğrunda canlarından keçmiş döyüş yoldaşlarının qəhrəmanlıqları haqqında məqalələrlə çıxış edir və onları yad edir.
Rəşid müəllimin həyatında bir dövr də onun İrana bir mütəxəssis kimi müqavilə əsasında dəvəti lə bağlıdır…
O, 2007-ci il yanvar ayından İran İslam Respublikası tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almışdır. O, İran İslam Respublikasında kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmişdir. Şirkətin rəhbərliyi ona dəfələrlə İran vətəndaşlığını qəbul etməsini və daimi İranda qalıb işləməsini təklif etsə də, o vətənini canından artıq sevən və lazım gələndə sinəsini vətən üçün sipər edən bir insan olduğu üçün bu təklifləri qətiyyətlə rədd edərək Azərbaycana qayıtmışdır. Sonradan onu qısa müddətdə İrana dəvət edərək müəmmalı şəraitdə həbs etmiş, günahsız olaraq məşhur siyasi “Evin” zindanında qondarma ittihamla 1 il 10 ay saxlamışlar.
Rəşid müəllimin müdafiəsinə bütöv Azərbaycan cəmiyyəti ayağa qalxdı. Onun hüquqlarının müdafiə olunması üçün Azərbaycan alimlərindən ibarət Müdafiə Komitəsi yaradıldı, hüquq müdafiəçilərinin və Milli Məclisin deputatlarının iştirakı ilə dəfələrlə mətbuat konfransı keçirildi, dəfələrlə İran səfirliyinin qarşısında toplantı oldu və müraciətlər edildi. Azərbaycan dövlətinin dəstəyi ilə və bütün rəsmi dövlət qurumları, Azərbaycanın İrandakı səfirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin əməkdaşları, Rəşid müəllimin döyüş dostları, mətbuat da geniş miqyasda fəaliyyət göstərərək, onun ailəsinə dəstək oldu və vətənpərvər eloğlumuz, dəyərli ziyalımız Rəşid Əliyevi İran rejiminin caynağından qurtara bildi.
Rəşid müəllim qürbətdə zindan həyatı görsə də, ata-babalarından ona qanla keçmiş mübarizlik, mətinlik, igidlik sayəsində sınmadı, zindan həyatı dövründə də doğma Azərbaycanı təmsil etdi, ona qarşı edilən əsassız ittihamlara qarşı öz dərin məntiqi, iradəsi ilə sinə gərdi və ittihamların əsassız olduğunu sübut etdi. O, İrandakı Milli Azadlıq hərəkatının fəallarına Azərbaycanın müstəqillik, dövlətçilik və demokratiya ruhunu çatdırdı, onlarla həmrəy oldu.
Lalə xanımın dediklərindən: “Rəşid müəllim ləyaqətli bir insan olmaqla yanaşı, qayğıkeş bir oğul, qardaş, ata və zəngin həyat yaşayan ağsaqqaldır. Rəşid müəllimin mübarizliyi, mətinliyi, qorxmazlığı gənc nəslə bir örnəkdir. Qoy bizim yetişən gənc nəsil Rəşid müəllim kimi insanlardan öyrənsinlər, onun kimi qədim el-obamızı sevsinlər, Faxralımıza sahib dursunlar, onun kimi mübariz və qorxmaz olsunlar və dünyanın harasında olsalar da, həmişə el-obaya layiq övlad olsunlar.”
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.