GƏNCLİK ARZU-İNAM DEMƏKDİR
Nağılar nəsli Faxralıda halallığı, düzlüyü ilə seçilən, hamıya hörmətlə yanaşan, necə deyərlər, kimsə ilə işi olmayıb, öz tükünün üstündə dolanan bir nəsildir. Bu nəsil xeyirxah insanları, dəyərli ziyalıları ilə tanınır. Bayram babanı, Hasan babanı, Məhər babanı bu gün minnətdarlıqla xatırlayıram. Onlarla həm aran, həm də binə (yaylaq) qonşusu olmuşuq. Həmişə də onların həm özlərindən, həm də övladlarından yalnız gözəl münasibət, xeyirxahlıq görmüşük. Yuxarıda adlarını çəkdiklərimlə həm də yaxın qohumluq əlaqələrimiz var. Bayram babanı, onun həyat yoldaşı Yetər nənəni həmişə minnətdarlıqla anırıq. Sadə həyat tərzi keçirən bu insanlar – Bayram baba və Yetər nənə Alı əminin qayınatası və qayınanası idilər.
Bəli, Nağılar nəsli haqda ancaq xoş sözlər söyləmək olar. Çünki bunu özləri qazanıb: təmiz adları, halal zəhmətləri, xeyirxah əməlləri, daim yaxşılığa can atmaları, el-obaya, yurda bağlılıqları ilə. Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Nəslin bu günkü nümayəndələri də öz sələflərinin adını şərəflə daşıyır, həm mənsub olduqları nəslin, həm də Borçalının, ağır eli olan Faxralının adını ucaldır, şərəfini uca tuturlar. Bu gün onların sorağı Faxralıdan, Borçalıdan çox-çox uzaqlardan gəlir. Hər xoş soraq isə təkcə Nağılar nəslinin nümayəndələrini yox, bütün faxralıları sevindirir. Mən də sevinir, həm də qürur duyuram.
Bu nəslin gənc və gənc olmasına rəğmən artıq kifayət qədər karyera qazanmış nümayəndələrindən biri də Ruslandır. Onun atası Oruc Nağıyev haqqında bundan əvvəl işıq üzü görmüş kitabımda yazmışam. Oruc uzun müddət Kazanda daxili işlər orqanlarında çalışmışdı – şərəflə, ləyaqətlə, namusla, vicdanla, doğma Faxralının adına layiq! Borçalıdan minlərlə kilometr uzaqda olan Kazana üz tutan, yolu düşən, yaxud da orada yaşayan bütün borçalılara arxa-dayaq idi. Onun xeyirxah əməlləri bu gün də dildən-ağızdan düşmür.
Şair Abbas Abdulla şerlərindən birində yazır:
Yad önündə biri sinsə,
Salam verməz ona kimsə.
Məclislərdə böyük dinsə,
Kiçik dinlər Faxralıda.
Şairin bu misralarını oxuyanda həmişə Oruc Nağıyev kimi faxralıları xatırlayıram. Bu yazımın qəhrəmanı Ruslan, Vətəndən uzaqlarda yaşayıb fəaliyyət göstərsə də, heç zaman yurdunu-yuvasını unutmayan, elinin vurğunu olan Oruc Nağıyevin oğludur. Bayaqdan bəri Ruslanın atası və mənsub olduğu Nağılar nəsli haqqında yazdıqlarım da əslində elə Ruslanın hansı kökdən güc aldığını, hansı bulaqdan su içdiyini nişan vermək məqsədi daşıyır və onun haqqında ilkin təsəvvür yaratmağa xidmət edir. Hətta düşünürəm ki, bu təqdimatdan sonra Ruslan haqda uzun-uzadı danışmağa ehtiyac da qalmır. Sadəcə onu demək kifayətdir ki, Ruslan kimi savadlı, səviyyəli və dolu oğluyla nəinki təkcə mənsub olduğu nəsil, bütövlükdə eli-obası fəxr edə bilər. Ata yurdunu şenəldən oğullardandı Ruslan.
Ruslan Oruc oğlu Nağıyev 1979-ci il fevralın 23-də anadan olub. 1996-cı ildə orta məktəbi bitirib. Qəlbi gənclik eşqi ilə döyünən, ürəyində min bir arzusu olan Ruslan özünə bir peşə seçməkdə çox da tərəddüd etməyib. Atası kimi hüquq-mühafizə sistemində çalışmağı qərara alıb. Bunun üçün isə, təbii ki, ali təhsil almalı idi. Bu arzu onu Kazan Dövlət Universitetinin hüquq fakültəsinə gətirib. Dörd il burada oxuduqdan sonra 2000-ci ildə universiteti bitirib.
Vaxtilə böyük türk şairi Nazim Hikmət yazırdı: “Gənclik arzu-inam, igidliyə həvəs deməkdir. Gənclik lirika və romantikadır. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır”.
Ali təhsilli hüquqşünas olan Ruslan da gənclik enerjisi, gənclik həvəsi ilə fəaliyyətə başlayıb. 2001-ci ilin martında Tatarıstan Respublikası Vəkillər kollegiyasında iş təcrübəsi keçməyə qəbul olunub, altı aydan sonra vəkil statusu alıb, Kazan şəhəri Mərkəzi Hüquq məsləhətxanasına işə göndərilib.
Qısa müddətdə qazandığı təcrübə, dərin biliyi və zəngin dünyagörüşü sayəsində 2003-cü ildə Tatarıstan Respublikası Vəkillər Palatasında mərkəz yaradıb. Artıq on beş ilə yaxındır ki, həmin mərkəzə inamla rəhbərlik edir.
Ruslan Nağıyev bu gün Tatarıstanda tanınmış vəkillərdəndir. Hüquqi yardıma, məhkəmədə müdafiəyə ehtiyacı olanlar tərəddüd etmədən ona müraciət edirlər. Çünki onun uğur qazanacağına inanır, hüquqlarının qorunmasını ona etibar edirlər. Bu da təsadüfi deyil. İndiyədək yerli məhkəmələrdəki mülki və cinayət işləri ilə yanaşı, Rusiya və Avropa məhkəməsində də insan hüquqları ilə bağlı məsələlərin baxılmasında vəkil kimi çıxış etmiş və prosesi udmuşdur.
Ruslanın öz peşəsinin sirlərinə dərindən bələd olan bir vəkil olması Rusiya Federasiyası Vəkillər Palatası tərəfindən də yüksək qiymətləndirilib. Palatanın 28.01.2016-cı il tarixli qərarı ilə vəkil Nağıyev Ruslan Oruc oğlu “Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə görə” II dərəcəli medalla təltif olunub.
Ruslan ailəlidir – iki oğlu, iki qızı var. Çalışır ki, övladlarını hər şeydən əvvəl babalarının, doğma Faxralının adına layiq övlad kimi böyütsün. Başqa cür ola da bilməz!
Ruslan Allah verən ömrü sevə-sevə, sevilə-sevilə yaşayır. Elinin hörmətini qazanan, ata-baba yurduna bənövşə kimi əyilən Ruslana gələcək işlərində uğurlar arzulayırlam.
Ondan daha böyük uğurlar gözləyir, üzün ağ olsun deyirik!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.