VAR-DÖVLƏT DOST DEYİL, DOST VAR-DÖVLƏTDİR
Başqalarını bilmirəm, amma qələm adamları yəqin mənimlə razılaşar ki, bəzən ən yaxından tanıdığın, insanlığına, xeyirxahlığına bələd olduğun, səmimiyyətinə vurulduğun ən doğma adam haqqında nəsə yazmaq elə də asan olmur. Nə qədər ki, əlinə qələm götürüb düşüncələrini vərəqlərə köçürməyə başlamamısan düşünürsən ki, sənə bunca doğma və əziz olan bir insan haqqında yazmağa nə var ki?! Amma elə ki, əməli işə keçirsən – ürəyindən keçənləri ipə-sapa düzməyə başlayırsan görürsən ki, yox, bu iş sən düşündüyün qədər də asan deyilmiş. Bilmirsən nədən başlayıb nədə qurtarasan. Sabir Budaqov haqqında yazmaq istəyərkən bu hissləri bir də yaşamalı oldum. Düşüncələr içində var-gəl edirkən birdən ağlıma nə vaxtsa oxuduğum və müəllifini unutduğum şeirdən bir beyt düşdü:
İnsan olduğumu düşündükcə mən,
Daim yüksəlirəm, fəxr ilə qəlbən.
Doğrudan da xoşbəxt o adamdır ki, bu dünyada Allahın verdiyi ömür payını sözün əsl mənasında insan kimi yaşayır, qürurunu, mənliyini hər şeydən uca tutur. Qürurunu qoruya bilməyənin qeyrəti də ola bilməz. Öz mənliyini ucuz tutanlar başqalarının da qədir-qiymətini bilməz. O, adamlar başıuca, alnıaçıq və üzüağ gəzə bilir ki, şərdən, böhtandan, yalandan, riyakarlıqdan, ikiüzlülükdən, təkəbbürdən və saxta təbəssümdən, tamahdan uzaq olur, insanlara var-dövlətinə, tutduğu vəzifəyə görə yox, daxili dünyasına, ləyaqətinə görə qiymət verir, haqqa inanır, haqqa güvənir. İnanır ki, M.S.Ordubadi demiş, “lap dünya dağılsa da haqq-ədalət həmişə olacaq”. Və bir də dünyada hər şeyi pulla ölçmür. Bilir ki, “pula, layiq olduğundan artıq qiymət vermək olmaz, o, yaxşı nökər və pis ağadır” (A.Düma).
Sabir Alı oğlu Budaqov 1941-ci ildə Faxralı kəndində kolxozçu ailəsində anadan olub. Yaşıdlarının çoxu kimi müharibənin ağrı-acılarını öz taleyində yaşayıb. Yetimliklə böyüsə də, hələ uşaqlıqdan qürurunu sındırmayıb, kimin və nəyin qabağındasa əyilməyib. 1958-ci ildə Faxralı orta məktəbini bitirib ali təhsil almaq üçün Bakıya gəlib. Sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verib və tələbə adını qazanıb. Ancaq cəmisi bir neçə aydan sonra tələbə həyatı ilə vidalaşmaq zorunda qalıb. Maddi durumu imkan verməyib ki, təhsilini davam etdirsin. Həyatda hər şeyi öz gücünə əldə etməyə çalışan Sabir Budaqov kömək üçün kiməsə ağız açmağı da özünə sığışdırmayıb, şəninə yaraşdırmayıb. Sadəcə olaraq qüruru buna yol verməyib. Düşünüb ki, bu da tale verən bir qismətdir. İnstitutda təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb. 1960-cı ildə hərbi xidmətə çağırılb. İki illik hərbi xidmət dövrü onu ali təhsil almaq arzusundan uzaqlaşdıra bilməyib və o, 1962-ci ildə ordudan tərxis olunduqdan sonra ali məktəbə daxil olmaq üçün yenidən Bakıya gəlib. Bu dəfə sənədlərini Politexnik İnstitutuna (indiki Texniki Universitet) verib və təbii ki, imtahanlardan uğurla çıxaraq tələbə adını qazanıb. Amma onu dabanbasaraq izləyən maddi çətinlik burada da təhsilini sonadək davam etdirməyə imkan verməyib. İki il oxuduqdan sonra yenidən tələbəlik həyatı ilə vidalaşaraq Neft Daşlarında fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
Bəlkə də ali təhsil almaq üçün iki cəhdi uğursuz alındığından başqaları artıq bu arzudan vaz keçərdi. Amma Sabir Budaqovun möhkəm iradəsi, arzusu yolunda dönməzliyi və ən başlıcası isə yuxarıda da qeyd etdiyim kimi qüruru buna yol verməzdi ki, inamsızlıq ona üstün gəlsin, taleyin çətin sınaqları onu öz yolundan döndərsin. Hər çətinlikdən çıxmaq üçün Allahın bir qapı açdığına, hər zülmət gecənin bir işıqlı sabahı olduğuna inandığından bu illər ərzində ali təhsil almaq arzusundan vaz keçməyib. Əksinə, öz üzərində daha ciddi, daha inadkarlıqla çalışıb, düşünüb ki, oxumaq heç vaxt gec deyil. Nəhayət 1965-ci ildə Xarici Dillər İnstitutunun ispan dili fakültəsinə daxil olub. Burada sadəcə elmin sirlərinə yiyələnməklə kifayətlənməyib, institutun ictimai həyatında yaxından iştirak edib. Həyat təcrübəsini, məsuliyyətini, təşkilatçılıq qabiliyyətini, və işgüzarlığını nəzərə alaraq təşkilatı işlərdə ona böyük etimad göstərilib və o, iki il institut tələbə həmkarlar təşkilatına rəhbərlik edib. 1970-ci ildə ali təhsilini başa vurub.
1971-ci il onun həyatında dönüş ilidir desəm yəqin ki, səhv etmərəm. Həmin ildə Sabir Budaqov Azərbaycan Respublikasının Daxili işlər orqanlarında işə düzəlib. Qətiyyəti və dözümü, inadkarlığı, möhkəm iradəsi hər zaman olduğu kimi, burada da onun əsas güvənc yeri olub, həmişə köməyinə çatıb. Elə bu keyfiyyətləri ilə kollektivdə yaxşı mənada seçilib, fərqlənib, xidməti fəaliyyəti rəhbərliyin diqqətindən yayınmayıb. Üç il Nəqliyyatda Baş Polis İdarəsində çalışdıqdan sonra Daxili İşlər Nzirliyində baş inspektor vəzifəsinə təyin olunub. İki il həmin nazirlikdə Viza və Qeydiyyat şöbəsinin rəisini əvəz edib.
1980-ci ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olub. Elə həmin ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Sosialist Əmlakını Dağıdanlara Qarşı Mübarizə (SƏDM) İdarəsinin əməkdaşı olub. 1983-1987-ci illərdə Sumqayıt şəhər Daxili İşlər İdarəsinin SƏDM şöbəsində əvvəlcə baş əməliyyatçı, sonra isə həmin şöbənin rəisi vəzifəsində, 1991-ci ildə daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra isə dörd il gömrük sistemində çalışıb.
Sabir Budaqovu tanıyanlar daha çox onun dostluqda sədaqətindən danışır, dostluq timsalı kimi gənclərə nümunə göstərirlər. Çünki o, Pablo Nerudanın təbirincə desək, dünyanı dostlarla görmək istəyənlərdəndir və düşünür ki, insanın tənhalığı cinayətdir. Onun mərhum həkim, şəfalı əlləri ilə minlərlə ailəyə sevinc bəxş etmiş, xeyirxahlığı, insanpərvərliyi, səmimiyyəti ilə könüllərdə özünə abidə qurmuş Hümbət Nağıyevlə dostluğunun mən də şahidiyəm. Hər ikisinin şəxsi taleyi – yetimliyin, ehtiyacın ağrı-acıları ilə yanaşı onların xarakter bütövlüyü, KİŞİ sözünü, ləyaqəti, mənliyi hər şeydən üstün tutmaları, el-oba yolunda hər şeyə hazır olmaları bu dostluğu daha da möhkəmləndirirdi. Yunan filosofu Stobeyin “var-dövlət dost deyil, dost var-dövlətdir” kəlamı sanki bu dostlar üçün deyilmişdir. Sabir Budaqovun dostlarından ürəkdolusu danışdığının dəfələrlə şahidi olmuş və danışdıqca da yüngülləşdiyini görmüşəm. Sabir Budaqovla Hümbət Nağıyevin dostluğu ona görə davamlı, dayanıqlı və etibarlı idi ki, bünövrəsində kişilik və halallıq dururdu. Kəlbəcərin nəğməkar oğlu Əli Qurbanovun yazdığı kimi:
Kim qurban eyləməz dosta yağını,
Yedirtməz bağrının dosta yağını.
Qoysun gözüm üstə dost ayağını,
Dolaşım ellərdə ay şişə-şişə.
Onun həmçinin Kərim Gülməmmədov, Arçil Nuriyev, Veysəl Aşırov, Yahaların Abbas və digərləri ilə heç bir təmənnaya söykənməyən, qarşılıqlı hörmət və sədaqət üstündə qurulan dostluğu da çoxlarına, xüsusən də bu günkü gənclərə əsl örnəkdir.
Sabir Budaqovu faxralılar və bütövlükdə borçalılar sözdə yox, əməldə elə-obaya bağlı, qəlbi yurd məhəbbəti ilə dolu bir qeyrətli eloğlu kimi tanıyırlar. Bu mənada Sabiri çoxlarından fərqləndirən bir də odur ki, o, dədə-baba yurdunu təkcə sevmir, həm də onun daha işıqlı sabahı üçün əlindən gələni edir. Yaxşı bilir ki, müdriklərdən biri demiş, “yardım edən əllər dua oxuyan ağızlardan müqəddəsdir”. Hər il ən azı 1-2 ay doğma Faxralıda olub elin dərd-sərindən halı olur, kəndin sosial inkişafı naminə bacardığı qədər maddi və mənəvi köməklik göstərir. Özü gördüyü işləri yeri gəldi-gəlmədi dilə gətirməyi xoşlayan olmasa da, onun kənddə həyata keçirdiyi işlərdən birini qeyd etmək istəyirəm: Faxralıda tikilməkdə olan məscidin dörd tərəfini şəxsi vəsaiti hesabına hasara aldırıb, dəmir darvaza qoydurub.
Sabir Budaqov həm də gözəl ailə başçısı, Vətənə layiqli övladlar böyüdən atadır. Oğlu Fuad Azərbaycan İqtisadi İnkişaf Nazirliyində, qızı Ofeliya isə xarici şitkətdə bank sistemində çalışır. Heç şübhəsiz ki, onlar da ömrünün müdriklik çağlarını yaşayan ataları Sabir Budaqov – elimin bu qeyrətli oğlu kimi Vətən təəssübü, el-oba təəssübü çəkəcək, od aldıqları ocağın adına layiq olacaqlar.
Mənbə : Səməndər Məmmədov – “Ağr elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.
Qeyd: Sabir Budaqov 12.12.2020-ci ildə vəfat edib. Allah rəhmət eləsin!