Taleh Qiyas oğlu Qasımov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Qasımlı” nəslindəndir.
Səməndər Məmmədov: “YAYILSIN ELLƏRƏ ŞƏRƏFİN-ŞANIN, UCALT ŞÖHRƏTİNİ AZƏRBAYCANIN”
…Heç kim bilmir ki, gələcəkdə onun həyatında hansı hadisələr və hansı yeniliklər baş verəcək. Amma insanlar alın yazısına, Allahın verdiyi paya daha çox inanırlar. İnsanlar inanırlar ki, Allah mənim alnıma nə yazıbsa, o da qarşıma çıxacaq və həyatım da elə o alın yazısına uyğun da davam edəcək. Əlbəttə, hər şey Yaradanın əlində və ixtiyarında olsa da, gərək insan özü də həyatını, yaşayışını qura bilsin. Daha doğrusu, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparsın və günlərin birində o məqsədə çatanda rahat nəfəs alsın, dincəlsin, sakitləşsin. Böyük rus şairi Puşkinin həyatla bağlı gözəl bir fikri var. Puşkin yazır: “Həyatda hamar, aynatək yol olmur. Yolda rast olduğun kiçik çuxurlar ümidsizlik, kədər gətirməməlidir.” Taleh Qiyas oğlu Qasımov da həyatın bütün dolanbaclarında özünə inanıb və bir də Allahın yazdığı alın yazısına güvənib. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət.
Taleh Qasımov 1961-ci il iyunun 3-də Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, kəndin “Qasımlı” nəslindəndir. Orta məktəbi bitirəndən sonra Faxralı Üzümçülük sovxozunda fəhlə işləyib. Elə onda hiss edib ki, alın təri, zəhmət və halal çörək nə deməkdir. İnsan ki, hər bir çətinliyə qatlaşır, kirpiyi ilə “od” götürür, bərkə-boşa düşür və onda dünyanı daha dərindən tərk edir. Dünyanı dərindən dərk edir ki, o heç də günləri boş-boşuna bitirməli deyil. Yəni hərənin bu dünyada öz həyat yolu, öz seçimi, öz mübarizə məktəbi var. Bu məktəbi keçənlər, bu məktəbdə bərkiyənlər heç vaxt həyatda büdrəmirlər və büdrəsələr də, nə vaxtsa qalxa bilirlər. O, 1979-cu ildə Xabarovsk vilayətinin Pereyaslavka rayonunda yerləşən hərbi hissələrin birində xidmət edib. Hərbi hissədə olarkən özünün qabiliyyəti və qeyri-adi xarakteri ilə seçilib. O, baş çavuş, tağım komandiri kimi ehtiyata buraxılır.
Əsgərlikdən qayıdandan sonra daha da mətinləşən və möhkəmləşən Taleh Qasımov Azərbaycan Aerogeodeziya Komitəsində fəhlə işləyir. Sonradan o, Neft və Kimya Akademiyasına qəbul olub və geoloji-kəşfiyyat fakültəsində oxuyur. Ancaq o, kursu tam bitirmir.
…1992-ci ildə Prezident Qvardiyası sıralarına daxil olan Taleh Qasımov daha böyük uğurlara imza atır. Ən başlıcası isə vətənin ağır günündə əlində silah Ağdərədə, Ağdamda, Füzulidə, Qubadlıda, Laçında və Zəngilanda yağı düşmənə qarşı vuruşur. Bəzən elə anlar olub ki, o, ölümlə də üzləşib, ancaq yenə ordan sağ çıxıb. Aydındır ki, müharibənin dəhşətləri və vahiməsi daha böyük olur. Müharibənin ağrı-acısını dərindən yaşayan və bir qarış torpağımız uğrunda ölümə getməyə hazır olan Taleh Qasımov heç vaxt yağı düşməndən çəkinməyib. Ən azından ona görə ki, onun ürəyi həmişə bu torpaqlar uğrunda döyünən ürək olub.
Rus yazıçısı Ostrovskinin belə bir fikri var: “İnsan üçün ən əziz şey həyatdır. O, adama bir dəfə verilir. Ona görə həyatı elə başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni yandırmasın, rəzil və məzmunsuz həyat sürdüyün üçün qəlbin ağrımasın və ölərkən deyə biləsən ki, mən bütün həyatımı və bütün qüvvəmi dünyada ən gözəl bir şeyə – mübarizəyə həsr etmişəm.” Vətənpərvər insan olan Taleh Qasımovun da həyatı həmişə mübarizə ilə zəngin olub. O, vətəni uğrunda döyüşlərdə də mübarizəyə atılıb, adi həyatda da haqsızlığa, ədalətsizliyə qarşı həmişə etiraz səsini ucaldıb. Elə buna görə də xidmət elədiyi Milli Qvardiyada ona həmişə hörmətlə yanaşıblar. Taleh Qasımov sonradan Hərbi Akademiyaya qəbul olur və oranı bitirir. Təbii ki, ali təhsilli bu mütəxəssisə və bacarıqlı kadra zaman-zaman daha çox ehtiyac duyulur. Elə buna görə də o, Milli Qvardiyanın fəxri qarovul bölüyünə tağım komandiri, sonradan bölük komandirinin müavini, daha sonra isə bölük komandiri təyin edilir. Öz işini və məsuliyyətini dərindən dərk edən bu vətənpərvər insan vəzifəcə yenidən irəli çəkilir. Belə ki, o Azərbaycan Respublikasının Prezidentinin fəxri qaravulunun rəisi və fəxri qaravul taborunun komandiri təyin olunur. Sonradan Milli Qvardiyanın əməliyyat növbətçisi, Milli Qvardiyanın qoşun xidməti bölməsinin rəisi, 2010-cu ilin iyul ayında isə Milli Qvardiyanın döyüş hazırlığı şöbəsinə rəis vəzifəsinə göndərilir.
Polkovnik-leytenant Taleh Qasımov müxtəlif vaxtlarda səmərəli fəaliyyətinə görə, medal və döş nişanına layiq görülür. Belə ki, o Fransanın baş naziri və müdafiə naziri tərəfindən “Yubiley döş nişanı”, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Hərbi xidmətə görə” medal, “Qüsursuz xidmətlərə görə üçüncü dərəcəli” medal, “Qüsursuz xidmətlərə görə ikinci dərəcəli” medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” medalı və eləcə də xüsusi dövlət mühafizə xidmətinin rəisi tərəfindən “Yubiley” döş nişanı ilə təltif edilib.
İnsan ki, özünə bir cığır açır və o cığırla addımlayır, günlərin bir günündə həmin cığır insanı daha böyük uğurlara qovuşdurur. O cığırla Taleh Qasımov həmişə büdrəmədən yeriyib və həmişə də hamının yanında alnıaçıq olub. Qoy bu yol vətənpərvər insan, elini-obasını hər şeydən üstün tutan Talehi daha gözəl arzulara, niyyətlərə qovuşdursun. Çünki elinə-obasına, Vətəninə sevgi Talehin içindən gəlir. Özünün tez-tez zümzümə etdiyi şeirdəki kimi:
Rasim, dağ döşündə qaynayır bulaq,
Baharın eşqiylə gülür bağça-bağ.
Hər şey qazanılır dünayada, ancaq
Məhəbbət insanın canında gərək.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.