Teymuraz Məhəmməd oğlu Namazov 12 noyabr 1936-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndində anadan olmuşdur.
1944-cü ildə Faxralı orta məktəbinə daxil olmuş 1954-cü ildə bitirmişdir.
1954-cü ildən 1987-ci ilə kimi Sovet ordusunda xidmət edib.
1962-ci ildə Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun rus dili qrammatikası və ədəbiyyatı fakültəsinə qəbul olub və 1966-cı ildə bitirib.
Komsomolun göstərişı ilə cəza çəkmə müəssisinə işləməyə göndərilib. Müxtəlif vaxtlarda 3, 6, 10, 12 saylı cəzaçəkmə müəssisələrində bölmə rəisi və rəis müavini vəzifələrində çalışıb.
1989-cu ildə Daxili İşlər orqanından “mayor” rütbəsində təqaüdə çıxıb.
Faxralı kəndinə, elinə-obasına vurğun olub, hər zaman dayaq və dəstək olub.
Şeirə, sözə, saza vurğun olan Teymuraz Faxralıya-Borçalıya çox sayda şeirlər yazıb.
2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.
BAX
Necə cilvələnib düzlər baharda,
Bizsiz qəribsəyən yamaclara bax!
Yaşıl papaq qoyub uca dağlar da,
Bizə əl eləyən ağaclara bax!
Durulur adamın kefı, nəşəsi,
Əyibdi boynunu tər bənövşəsi.
Yollara göz dikib hələ meşəsi,
Dumana bürünmüş bu dağlara bax!
Faxralı cənnətdi – Bağı-İrəmdi,
Görüb vurulanlar Lələ Kərəmdi.
İgidlər başında topadı, cəmdi,
Ərən nişanəsi o taclara bax!
Hər sözü yerində ox, xəncər olub,
Dar gündə hər daşı bir səngər olub.
Görüb igidləri, daş-səngər olub,
Közü el isidən ocaqlara bax!
Qəhri qəhrin olub dağın-daşın da,
Həcrətdən səyriyir gözün-qaşın da.
Təhmuraz, Təhməzdə ahıl yaşında,
Xalı göz oxşayan turaclara bax!..