Əflatun Əhməd oğlu Amaşov (AR MM-in V çağırış millət vəkili olmuşdur)

QISA MƏLUMAT

Cəlilli Alının nəslindəndir (Amaşlı)

Əflatun Əhməd oğlu Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Jurnalistika və ictimai-siyasi fəaliyyəti

1985-1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. BMM-in “Söz” mükafatına layiq görülüb.

Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Jurnalist Əflatun Amaşov hal-hazırda Azərbaycan Mətbuat Şurasının sədri və eyni zamanda AR Milli Məclisinin V çağırış deputatı olmuşdur.

Mənbə : REDAKTORDAN

 

SAĞLAM FİKİRLİ ZİYALI

Onu nəinki faxralılara və bor­çalılara, bütövlükdə Azər­bay­can icti­maiyyətinə təqdim etmə­yə ehtiyac yoxdur. Çünki onu hər yerdə təqdimatsız-filan­sız sa­dəcə olaraq Əfla­tun Amaşov ki­mi tanıyırlar. Ar­tıq bu ad Azər­baycan ictimaiy­yətinə o qə­dər doğma­laşıb ki, son illərdə res­pub­lika­mızda mət­buatdan söz dü­şən­də müt­ləq Əflatun Amaşov, Əfla­tun Amaşovun adı çəkilən yerdə isə ilk növbədə mətbuatımız yada düşür. Borçalıda və Faxralıda isə onu həm də bu yurdun layiqli təmsilçisi, daim el-oba təəssübü çəkən bir eloğlu kimi tanıyırlar.

Eloğlu dedim, yadıma iki çağırış  Azərbaycan Milli Məcli­si­nin üzvü olmuş filologiya elmləri doktoru, professor, rəhmətlik Şamil Qurbanov düşdü. Elimizin bu ən böyük oğlu Əflatundan həmişə razılıqla danışar, gələcəyinə böyük ümidlər bəslədiyini deyər, onun hər uğuruna sevinərdi. Elə Əflatun Amaşov da öz müəllimini həmişə minnətdarlıqla xatırlayır. Bu gün əminliklə demək olar ki, Əflatun Amaşov vaxtilə  Şamil müəlli­min ona bəslədiyi etimadı tam doğruldub.

Məlumat üçün deyək ki, Amaşov Əflatun Əhməd oğlu 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayo­nunun Faxralı kən­dində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə sovet ordusunda xid­mət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filo­lo­giya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Uni­ver­sitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü illərdə “AzərTAc” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələ­rində çalışıb.

Ə.Amaşov 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I qurul­tayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə ke­çiri­lən qurultaylarda bu vəzifəyə təkrarən seçilib. Dünya Mətbuat Şura­ları Təşkilatının İdarə Heyətinin üzvüdür. Avropa Mətbuat Şuraları Assosiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Ötən əsrin səksəninci illərinin sonlarında keçmiş SSRİ-nin hər yerində milli azadlıq hərakatı güclənməyə başladığı vaxtda xalqın doğru sözə, tarixi keçmişimiz, qan yaddaşımız haqqında əsl həqiqətləri öyrən­məyə böyük ehtiyacı vardı. So­vet rejimi­nin çürük ideologiyasının təbliğat qrupu olan mət­bu­atdan be­zik­miş cəmiyyət azad sözə təşnə idi. Bu ehti­yacı isə hə­mişə ol­duğu kimi, söz adamları doldurmalı idi. Belə bir həs­sas mə­qam­da mətbu­atı­mıza yeni ruh, yeni nəfəs gətirmək is­tə­yən­lər­dən biri də Əflatun müəllim idi. Təsadüfi deyildir ki, 1994-cü ildə yaradılan “Yeni nəsil” Jurnalistlər Birliyinin təsisçi­lə­rin­dən biri Əflatun Amaşov idi. 1997-ci ildə isə “Ruh” Jur­nalistlərin Hüquqlarının  Müdafiəsi Komitəsini təsis edərək ona rəhbərlik etdi.

Ölkəmizdə yeni keyfiyyətli, yeni ruhlu azad bir mətbuatın forma­laşmasında böyük zəhməti olan Əflatun Amaşova res­pub­­li­ka­nın mətbuat işçiləri, ictimaiyyətin nümayəndələri böyük etimad gösdərərək onu yeni yaradılan Azərbaycan Mətbuat Şurasının sədri seçdilər. Sonradan bu vəzifəyə təkrar seçilərək artıq neçə illərdir ki, Azərbaycan Mətbuat Şurasının  sədri kimi olduqca məsul və çətin bir vəzifəni daşıyır.

Yeri gəlmişkən bir faktı da qeyd etmək lazımdır ki, Əf­latun Amaşov elə bir vaxtda Azərbaycan Mətbuat Şurasının  rəh­bəri seçildi ki, keçid dövrünü yaşadığımızdan cəmiyyə­ti­mi­zin bütün sahələrində olduğu kimi, mətbuatın da özünəməxsus spesifik problemləri vardı. Üstəlik keçmiş SSRİ məkanında bu yöndə ilk qurumlardan olan Şuranın özünün təşkil olunması da böyük zəhmət tələb edirdi. Hər işin başlanğıcı çətin olsa da, möh­kəm iradə, prinsipiallıq və peşəkarlıq olan yerdə bütün ma­neələri dəf etmək mümkün olur. Əflatun Amaşov da Mətbuat Şurasının sədri seçilər­kən ona necə böyük etimadın göstəril­di­yinin, hansı yükün altına çiyin verdiyinin fərqində idi. Amma nə işin çətinliyi, nə də bəzən ünvanına söylənən yersiz iradlar onun əlini işdən soyuda bilmədi. İqtidar və müxalifət yönümlü olmaqla iki cəbhəyə bölünmüş mətbuatımızın prob­lem­lərinə eyni prizmadan baxmağı bacardı.

Böyük yapon alimlərindən sayılan Nişi buyurur: “Əsas hadisələr deyil, əsas sənin ona münasibətindir”. Bu hikmətli fikir bugünkü Azər­bay­can reallığında olduqca aktual səslənir. Bu gün cəmiyyətdə baş verən hər hansı bir hadisəyə ayrı-ayrı mət­buat orqanlarında müxtəlif fikirlərin səsləndirilməsinin azmı şahidi oluruq? Bəzən eyni hadisəyə bir-birindən kəskin fərqlənən, əks qütblərdə dayanan elə fikirlərə rast gəlirik ki, hətta mənafeyinə toxunulduğunu hesab edən tərəf Əflatun Ama­şovun obyek­tiv­li­yi­nə, olaya ədalətli münasibət göstə­rə­cə­yinə inandığından haqqının qorunması üçün ilk növbədə Mət­buat Şurasına  üz tutur. Çünki yaxşı bilir ki, Əflatun müəllim ağa qara, yaxud da əksinə deyən deyil. Bilir ki, müdriklərdən biri demiş: “Əgər biz, doğurdan da, xəstəyiksə, camaatın bizi sağlam hesab etməsinin bizə nə xeyri?! Əgər biz, doğurdan da, sağlam olanda bizi xəstə hesab edirlərsə, bunun bizə nə zərəri ola bilər”.

F.Köçərli çox haqlı olaraq yazırdı: “Doğru və salamat fi­kir­li adamların kamalı həmişə aydın, açıq və düzgün olur”. Ə.Amaşov doğru və salamat fikirli, sözü urvata mindirən ziyalıdır. O, sözü havayı yerə xərcləmir. Fikrini az sözlə yerində ifadə edir. Yaxşı bilir ki, söz insan mənəviyyatının sultanıdır və sultanı sevmək lazımdır. Sultanı sevmək sözü­mü­zü sevmək, fikrimizi sevmək, mənəviyyatımızı sevməkdir. N.Gəncəvi nahaq yerə demirdi ki:    

Ağıllı adamın söylədikləri
Yer altına düşsə, itməz dəyəri.
Söz deyən düşünüb söyləsə əgər,
Pis söz də söyləsə, yenə xoş gələr.

O, eyni zamanda jurnalistikanın nəzəri məsələləri – müasir jurnalistikanın qlobal problemleri ilə də məşğul olur. Çoxsaylı kitablar müəllifidir.

Əflatun Amaşov keçmişlə gələcək arasında özünün yerini müəy­yənləşdirə bilən ziyalı, çox iş görüb az görünən, etdik­lə­ri­ni gözə soxmağa çalışamayan təmənnasız adamdır. Bu gün Azər­baycan mətbuatının başın­da duran, sözün əsl mənasında onun cəfa­keşlərindən biri olan Əflatun müəllim bu cəbhədə ge­neral kimi külüng çalsa da, özünü sıravi əsgər kimi aparır. Fəxri ad, müxtəlif mükafatlar almaq üçün hər cür imkanı və üstəlik buna layiq olsa da, belə şeylərdən həmişə gen durub. Düşünüb ki, xalq şairi Osman Sarıvəlli demiş, şan-şöhrət dalınca qaçmaq əbəsdir, ləyaqəti olanı cəmiyyət  özü onsuz da axtarıb tapacaq. Jurnalisti­kamızın inkişafında onun xidmətləri isə nəinki respublikamızda, həm də dünya miqyasında yüksək qiymətləndirilməkdədir. Hələ 2001-ci ildə ona BMT-nin “Söz” mükafatının verilməsi də dediklərimizin sübutudur.

Əflatun Amaşovu mənsubu olduğu elimiz Faxralıda da çox sevir, oxuduğu Faxralı kənd orta məktəbində ona dərs deyən mü­əllimlər də hər uğurlu addımına sevinirlər. Sadə bir ailənin övladı olan Əflatun Ama­şo­vun  çox hörmətli, nüfuzlu bir zi­ya­lıya çevril­məsi, respublika miqya­sın­da, ölkəmizin hüdud­la­rından kənarda da tanınması, əlbəttə ki, onun həm­kəndlilərinin, ellilərinin qəlbini qürur hissi ilə doldurur. Azərbaycana çox bö­yük ziyalılar bəxş etmiş Borçalı mahalının, Faxralı kəndinin yetirdiyi görkəmli şəxsiyyətlər içərisində özünəməxsusluğu ilə seçilən Əflatun Amaşov artıq növbəti beş il müddətinə də Mətbuat Şurasına sədr seçil­mişdir. Bu, tərəqqipərvər Azər­baycan jurnalistikasının onun zəhmətinə verdiyi qiymətdir.

Əflatun Amaşovun Azərbaycan mətbuatının sağlam­laş­dı­rıl­ması na­mi­nə xidmətləri dövlətimiz, onun başçısı cənab İlham Əliyev tərəfin­dən də yüksək qiymətləndirilir. Məlum ol­duğu kimi, bu yaxınlarda möhtərəm prezidentimiz “Jurna­list­lərin dostu” seçildi. Belə bir seçim media nüma­yən­dələri tərəfindən atılmış tamamilə doğru addımdı. Məsələ burasın­da­dı ki, jur­nalistlər Prezident İlham Əliyevin diqqət və qayğısını hər zaman hiss ediblər. Həm jurnalistlərin mənzil-məişət şəra­itinin yaxşı­laş­dırıl­ması, həm prezident yanında Kütləvi İnfor­masiya Vasitə­lərinin İnkişafına Dəstək Fondunun yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olun­ması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümu­nə­si­dir. Yeri gəlmiş­kən, cənab İlham Əliyevin jurnalist­lərin dos­tu seçilməsi ilə əlaqədar tədbirdə dövlətimizin başçısı mət­bu­atımızın yaxın gələ­cəkdə inkişaf pers­pektivləri ilə bağlı ümid­verici mesajlar verdi. Pre­zident çıxış edən jurnalistləri din­ləyərək, mövcud problem­lərin həlli istiqamətində tapşı­rıqlar verdi, Azər­baycan jur­nalistikasının durumu ilə bağlı öz düşün­cələrini açıq­­ladı. Bildirdi ki, Azərbaycanda digər hüquq və azadlıqlar kimi, söz və mətbuat azadlıqları da qorunur. Mətbuat azadlığı Azər­baycan üçün çox mühüm əhəmiyyət kəsib edir: “Bu gün biz dün­ya­nın mütərəqqi medi­alarının təcrübəsindən istifadə etmə­liyik. Azər­bay­canda müx­təlif dillərdə medialar fəliyyət göstər­məli və Azərbaycan mənafeyini, haqq sözünü dünyaya çatdır­ma­lıdır. Əsasən də döv­lətimizi qara piardan qorumalıyıq”.

Pre­zident həmçinin qəzet satışında yaranmış problemlərin həll oluna­cağını vəd etdi, gələcəkdə mətbuatın inkişafına öz dəs­təyini əsirgə­məyəcəyini və bu şəkildə üçüncü dəfə də “Jur­nalistlərin dostu” mükafatına layiq görüləcəyinə ümid etdiyini bildirdi.

Həmin tədbirdə çıxış edən Əməkdar jurnalist, professor Şir­məmməd Hüseynovun nitqi, yaddaqalan oldu: “Mən 65 ildir dövlət rəhbərliyinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündük­lə­rini söylədi. Burdakı jurnalistlərə, sözün həqiqi mənasında, Pre­zident dərs keçdi. Biz Vətən abadlığından yazanlarıq, Və­təni abad edən deyilik. Biz millət salamatlığından yazanlarıq. Biz camaat tərəq­qisindən yazanlarıq. Bu işləri – Vətənin abad­lığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz, biz jurnalistlər nə yazarıq? Bizim və­zifəmiz nə olar? Ona görə də Sizə “Jurnalistlərin dostu” adını vermək qanunidir, təbiidir, seçim düzdür”.

Şirməmməd müəllim həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı Sərəncama görə təşəkkürünü bildirdi.

Əlbəttə, bütün bunlar bir daha təsdiqləyir ki, dünyada Azər­baycan kimi elə bir demokratik dövlət yoxdur ki, jurna­listlərə bunca qayğı, qələm adamlarına diqqət göstərilsin. Bu həssas münasibətin əsasını vaxtilə Kremlə sancılmış Türk Bayrağı Heydər Əlirza oğlu Əliyev qoyub. Ulu Öndərimizin mətbuatın inkişafına qayğı siyasəti bu gün Ümummilli lideri­mi­zin siyasət məktəbinin ən kamil məzunu, möhtərəm Prezi­dentimiz  İlham Heydər oğlu Əliyev tərəfindən davam etdirilir. Belə həssas münasibət jurnalistlərə qol-qanad verir, yazısının siqlətini dəyişir, mənasını dəyişir. Hörmətli Prezidentimizi özünə dost seçən Əflatun Amaşov və ölkəmizin digər tərəq­qi­pərvər, salamat fikirli jurnalistləri, heç şübhə yoxdur ki, bun­dan sonrakı fəaliyyətlərində sübut edəcəklər ki, bu  dostluğa sədaqətlidirlər.

Bəlkə də bəziləri, elə Əflatun Amaşovun özü də heç bunun fərqində deyil ki, o, bu gün Azərbaycanda mətbuatın inkişafı üçün hansı böyük işləri görür, bu yolda necə fədakarlıq edir. Amma illər ötəcək, Azərbaycan Mətbuat Şurasının qurucu­ların­dan biri və ilk sədri kimi adını mətbuat tariximizə yazmış Əflatun müəllimin xidmətləri daha aydın görünəcək. Və o za­man bu gün hətta müəyyən məqamlarda nəyisə irad tutanlar da onun azad, demokratik mətbuatımızın təşəkkül tapması və in­ki­şafı naminə ardıcıl və yorulmaz xidmət göstərdiyini etiraf edə­cəklər. Hələliksə o, mətbuatımızın sükanı arxasındadır və ina­nı­rıq ki, bundan sonra da hələ uzun müddət azad sözün daha da güclənməsinə, mətbu­atı­mıza, onun sözün əsl mənasından dör­düncü hakimiyyət kimi cəmiyyətdə mövqelərini möhkəm­lən­dir­məsinə sanballı töhfələr verəcəkdir.

2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə parlamentin üzvü seçilib, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna başçılıq edib. Tez-tez Gürcüstana gedib bu ölkənin rəhbərliyi ilə görüşüb, Borçalıda yaşayan soydaşlarımızın problemlərinin aradan qaldırılmasına çalışıb.

Əflatun müəllimin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2015-ci il iyulun 15-də Azərbaycan Respublikası Preidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2017-ci il aprelin 25-də isə anadan olmasının 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub. Əziz eloğlumu yubileyi və bu təltifi münasibəti ilə təbrik edirəm.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur