Binnət Hüseyn oğlu Mah­mu­dov

SAYILAN VƏ SEÇİLƏN ZİYALI

Elə insan var ki, o, uzun illər yaşa­yır, amma heç bir əməli, yaxşılığı  və işi ilə yadda qalmır. Daha doğrusu, bu cür insanlar dünyasını dəyişəndən sonar da heç kimin yadına düşmürlər. Heç sağ olanda da sağlıqları ilə  yaşamaqları bilinmir. Yəni bir in­san ki, el-obasının xeyrinə-şərinə  yaramır, çətin gündə cama­atın içində olmursa, əlbəttə belələri nə sağ olanda yadda qala­caq, nə də dünyasını dəyişəndə. Ona görə də insanlar dünyaya gələndə hərə öz bacardığı səviyyədə insanlara yaxşılıq etmək,  həyatda yaxşı əməlləri ilə iz qoymaq istəyir.

Hər hansı bir insana bir xoş söz demək, onun könlünü ələ almaq özü də böyük xoşbəxtlikdir. Elə bir xoşbəxtlik ki, bu, hər insana qismət olmur. El-obasının dəyərli kişilərindən  və sayılıb-seçilən insanlarından olan Binnət Hüseyn oğlu Mah­mu­dov da məhz belə bir ömür yaşayıb. Elə ömür yaşayıb ki, heç vaxt yaşadığı illər, aylar və günlər üçün peşmançılıq hissi keçirməyib. Əksinə qürur duyub ki, mən bir işi aşırmaqla, kiminsə qolundan tutub ayağa qaldırmaqla hardasa böyük xeyirxahlıq  eləmiş olmuşam. Çünki bu kənddə, bu mahalda həmişə yaxşı insanları çoxları yada salır və xatırlayırlar.

Binnət Mahmudov  1910-cu ildə Borçalının Faxralı kəndində dünyaya göz açıb, bu kəndin  havasını udub, suyunu içib, çörəyini yeyib. Yediyi çörək həmişə hallalıqdan yoğrulub. O, elə ilk təhsilini də həmin  kənddəki məktəbdə alıb. Bu kən­din ziyalı ocağı və maarifçilik məkanı olduğunu çoxları yaxşı bilir. Təbii ki, Binnət Mahmudov da belə bir ziyalı mühitində yaşayıb. O, 1935-1936-cı illərə kimi Faxralı məktəbində müəl­lim işləyib. Öz biliyini, bacarığını və savadını şagirdlərə öyrət­məkdən çəkinməyib. Hətta ən dəcəl şagirdin dilini belə asan­lıqla tapıb və onu yoluna qaytarıb. Həmin dəcəl şagirdlər də sonradan Binnət müəllimi daha çox istəyiblər ki, onları adam eləyən və düz yola qaytaran bu kişi olub.

Binnət Mahmudov Bakıda Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb. Binnət müəllim ömrünün 1936-1941-ci illərdə təsadüf edən hissəsini gənc nəslin təlim-tərbi­yə­sinə həsr edib. 4-cü kursdan sonra pedaqoji istehsalat təcrübəsi keçmək üçün Gürcüstan  Maarif Nazirliyinin sərəncamına gön­də­ri­lib. Təbii ki, orada da Binnət müəllim öz bacarığı, savadı və insanlarla yaratdığı ünsüyəti  sayəsində böyük  hörmət qaza­nıb.

Hər bir insanın həyatında hərbi xidmət böyük rol oynayır. Yəni əsgərlik həyatını keçənlər, ordu sıralarında xidmət edənlər başqalarına nisbətən çətinliyə daha tez alışır və həyatın enişli-yoxuşlu yollarında özünə gec-tez bir yer tapa bilir. Bu cür in­san­lar zamanın bütün cətinliklərinə, ağrı-acısına dözür və addım-addım istəyinə doğru irəliləyir.

Bir il hərbi xidmətdən sonra o Sadaxlı kənd orta məktəbində müəllim işləyir. Binnət Mahmudovun  həm pedaqoji, həm də hə­yat təcrübəsi daha da zənginləşir. Elə buna görə də onu Bor­çalı  Pedaqoji Texnikumunu direktor vəzifəsinə təyin edirlər.

Binnət müəllim texnikumda direktor işlədiyi dövrdə özünün qeyri-adi bacarığı, təşkilatçılığı və insanlarla ünsiyyət yaratmaq bacarığı ilə də seçilib. Kollektivin üzvləri bu ziyalı insanın ob­yektiv mövqe tutmasına, yaxşını pisdən ayırmasına, haqqı-na­haq­qa qurban verməməsinə hörmətlə yanaşıblar. Hörmətlə ya­na­şıblar ki, Binnət müəlllim gözünün işığı olsa belə, imkan verməzdi ki, bir kimsə haqqı-ədaləti tapdalasın. Birinin günahı, qəbahəti olanda, onu elə başa salardı, səhvini elə inçəliklə deyərdi ki, bu, həmin adamın qətiyyən xətrinə dəyməzdi. Təbii ki, bu da Binnət Mahmudovun  pedaqoji ustalığı, insan pisixologiyasını gözəl bilməsi ilə bağlı idi.

Məyyən zaman kəsiyindən sonra, yəni  1947-1950-ci illərdə Binnət müəllim Faxralı orta məktəbində direktor işləyir.  Pedaqoji sahədə qazandığı uğurlar onun kənd camaatı arasında nüfuzunu daha da artırır. Belə ki, “K.N.Çarkivani” və “Budyonnu” adına kolxozlar birləşib “Qələbə” kolxozu yarandıqdan sonar onu bu təsərrüfata sədir seçiblər. Fasilə ilə o, 15 il bu vəzifədə çalışıb. Rəhbər işçilərin diqqətini Faxralıya yönəldib. Xalq şairləri Səməd Vurğun və Hüseyn Arif dəfələrlə Faxralıda qonaq olublar. Həmin anlarda Faxralı ziyalıları Binnət Mahmudov, Hüseynqulu Məmmədli, Hacı Həsənov, Musa Həsənov, Əli Bayramoğlu və xalq şairlərinin görüşünə gələn digər ziyalılarımız dünya ilə bir idilər. Sevinclərinin həddi-hüdudu yox idi. “Otaqların küncünə çəkilməyən, düzlər keçib dağlar aşan, dünya il dünyalaşan dünya şairi” Hüseyn Arif  Faxralıya səfərini belə təsvir edirdi:

Oldum Faxralıda, oldub bir payız,
Məni qarşıladı, neçə oğul, qız.
Hanı Musa kişi, Binnət qağamız,
Zamanın hökmüdür, neynəyə billəm.

Binnət müəllim yüksək çinni qonaqlara diqqət göstərən, insan kimi, həm də təsərüfat rəhbəri kimi böyük ürək sahibi idi.

Aydındır ki, böyük bir təsərrufatı idarə etmək, insanların əmə­yini qiymətləndirmək o qədər də asan iş deyildi. Bu, Bin­nət müəllimdən bir çox keyfiyyətlər tələb edirdi.  Yəni birinci­si, o, tabeliyində olan ayrı-ayrı təsərrüfat rəhbərlərinə qarşı çox tələbkar idi. Bəzən elə olurdu ki, məhsul yığımı vaxtı isti yay günlərində nə özü, nə də tabeliyində olan təsərrüfat rəhbərləri bir saat belə dinçəlmirdilər. Bax onda, Binnət müəllim onun yanında olan insanlara deyərdi ki, siz heç də qanınızı qaralt­ma­yın, gərək yayda möhkəm işləyəsən ki, qışda da  evində rahat oturub qazandıqlarını yeyə biləsən. İndi tər tökürsünüz, qışın soyuğunda isti sobanızın qarşısında və balalarınız da ətrafınız­da bir  parça çörəyinizi rahat yeyə biləçəksiniz.

O, heç vaxt heç kimə fərq qoymazdı; istər kəndin yad adamı olsun, istərsə də qohumu. Hamıya eyni gözlə baxardı. Gözünün işığı da olsa, işi yarıtmasaydı, heç vaxt ona hörmət eləməzdi. Elə bu keyfiyyətlərinə görə də, el-oba həmişə  Binnət Mah­mu­do­vu çox istəyib.

Təsərrüfatın dirçəlişındə, kəndin abadlaşmasında zəhməti danılmazdı. Və onu da deməyi özümə borç bilirəm ki, Binnət müəllim Borçalı mahalında sayılıb-seçilən el təəssübü çəkən ziyalılardan olub. “Qələbə” kolxozu sovxoza çevrildikdən son­ra isə Binnət Maxmudov bu təsərrüfatda baş mühasib, kənd so­vetinin sədri və başqa müxtəlif vəzifələrdə işləyib. 1984-cü ildə ürək tutmasından qəflətən dünyasını dəyişib.

Amma Binnət Mahmudov dünyasını dəyişsə də, köhnə kişi­lərin və Faxralı camaatının yadında çox dəyanətli, qeyrətli və namuslu bir insan kimi qalıb.  Elə bir insan ki, ömrünün ilk gü­nündən sonuna qədər heç kimin yanında gözükölgəli olmayıb və heç kimin də haqqını tapdalamayıb. Bunun  nətiçəsidir ki, ona ünvanlanan rəhmət sözü elin dilindən düşmür.

Mənbə : Səməndər Məmmədov –  “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur