Cümşüd Allahverdi oğlu Gülməmmədov – 10 fevral 1951-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Atası Allahverdi Tanırverdi oğlu öz dövrünün uzaqgörən ziyalılarından olduğuna görə, oğlu Cümşüdün təhsil və mədəni səviyyəsinin yüksək olması uğrunda daima çalışmışdır.
Cümşüd Gülməmmədov 1968-ci ildə əla qiymətlərlə Faxralı orta məktəbini bitirmiş və ali təhsilini, indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinə daxil olaraq davam etdirmişdir.
O, 1973-cü ildə həmin Universitetin riyaziyyat fakultəsini bitirərək Faxralı orta məktəbində “riyaziyyat müəllimi” kimi əmək fəaliyyətinə başlamışdır.
Cümşüd müəllim 1999-cu ildən hal-hazırkı dövrədək Faxralı orta məktəbinin direktoru vəzifəsində çalışır.
O, müəllim işlədiyi dövrdə riyaziyyatın tədrisi haqqında müxtəlif səpkidə məqalələri ilə dövrü mətbuatda iştirak etmiş və “Çoxluqlar və onlar üzərində əməllər” kitabının müəllifidir.
Cümşüd Gülməmmədov Faxralı xalqının böyük hörmətini qazanmışdır.
Müxtəlif dövrlərdə onun əməyi Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 1978-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Rəşadətli Əməyə görə” medalı ilə, 1979-cu ildə SSR-i Maarif Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1988-ci ildə Gürcüstan Xalq Təhsil naziri, Cümşüd müəllimi riyaziyyat üzrə “Metodist-Müəllim” adına layiq görmüşdür.
Cümşüd müəllimin əməyi hal-hazırda Xalq və Dövlət tərəfindən qiymətləndirilir və o, məktəbin müasir məkana inteqrasiyası üçün yeniliklərdə fəal iştirak edir. Belə ki, 2007-ci ildə vətəndaş inteqrasiyası kursunun sertifikatını, 2014-cü ildə və müxtəlif illərdə gürcü dili üzrə A1, A2 və B1-səviyyəli sertifikatlarını, məktəbin finans işləri üzrə sertifikatını, “Qəyyumlar şurası” ilə işləmək sertifikatını, infrastrukturu ilə əməkdaşlıq sertifikatını və s. almışdır.
REDAKTORDAN