Dünyamalı Həsən oğlu İmanov

“VAR OLAN DÜNYADA SİZ DƏ VARSINIZ”

Borçalıda ağır el kimi tanınan Faxra­lı­dan söhbət düşəndə Dünya­malı müəllimi xatır­la­ma­maq sadə­cə olaraq günah olardı. O Dünya­malı müəllimi deyirəm ki, hər za­man adı çəkiləndə Bor­çalının öm­rünü şam kimi əridən gözəl müəl­li­m­ləri xatır­la­nır.

Faxralı deyiləndə ləngərli ye­rişi, şahanə du­ruşu, ədəb-ərka­nı ilə se­çilən, eldə-obada bir sözü iki ol­ma­yan, bircə kəlməsi düş­mənlər ba­rış­­dıran, elin xeyir-şərinin yara­şığı olan ağır-bat­man kişilər yada düşür. Dünyamalı müəllim bir də ona görə çox, özü də hər dəfə minnətdarlıqla xatırlanır ki, Faxra­lı­da böyük bir ziyalı ordu­su­nun, bu gün şöhrətləri dünyanı dolaşan alim­lərin yetiş­məsində bu böyük insanın, dəyərli ziyalının – müəllimlər müəl­li­minin böyük xidmətləri var. Müəllimlər mü­əllimi ifadəsini təsadüfən işlətmədim. Çünki mənim alə­mim­də müəllim təkcə məktəbdə hansısa elmi öyrədən deyil, həm də bü­tövlükdə həyatı, hələ dünyanın sərt üzünü görməyən yeni­yetməyə həyatın enişli-yo­xuşlu yollarında inamla addım­la­mağı öyrədən bir ağsaqqaldır, yolgöstərəndir. Onun üçün müəllimlik təkcə məktəb divarları arasında, sinif otaqlarında məhdud­laş­ma­yıb.  Və məndən, onu ikicə kəlmə ilə necə xarakterizə et­məyi soruşsaydılar, cavabım elə beləcə də olardı: Müəllim-İnsan.

…Dünyamalı Həsən oğlu İmanov 1912-ci ildə Borçalının Faxralı kəndində anadan olub. Kənddəki orta məktəbdə oxu­yub, təhsilini davam etdirmək arzusu onu 1931-ci ildə Borçalı Pedaqoji Texnikumuna gətirib. 1933-cü ildə burada təhsilini başa vuraraq Faxralıya qayıdıb, kənddəki orta məktəbdə pe­daqoji fəaliyyətə başlayıb, o vaxtkı qaydalara uyğun olaraq beş il pedaqoji sınaq dərsi deyib. Bu beş il onun üçün uğurlu keçib, bir müəllim kimi çalışdığı pedaqoji kollektivdə və el arasında böyük hörmət və nüfuz qazanıb və 1938-ci ildə Faxralı orta məktəbinə müəllim təyin olunub.

Yeni təyinat həm də yeni məsuliyyət demək idi. Bu, o vaxtlar idi ki, Faxralı orta məktəbi Gürcüstanda nümunəvi təh­sil ocağı kimi tanınır, hətta qonşu kəndlərdən də orta təhsil al­maq üçün bu məktəbə üz tutur­dular. Məktəbdə güclü pedaqoji kollektiv var idi. Əslində Dünyamalı müəllim üçün burada heç bir çətinlik yox idi. Kollektiv onun qabiliyyətinə, o da kollek­tivə yaxşı bələd idi. Üstəlik beşillik təcrübəsi də ona göstərilən etimadı doğrultmaq üçün bəs edirdi. Dünyamalı müəllim böyük həvəs və enerji ilə işə girişmişdi. Amma atalar yaxşı deyib, sən saydığını say… 1939-cu ildə ikinci dünya müharibəsinin baş­lanması çoxları kimi onun da arzularını yarımçıq qoydu, se­vimli kollektivindən, doğma balası qədər sevdiyi şagird­lərin­dən ayırdı. O, cəbhəyə yola düşdü. Yeri gəlmişkən, onu da qeyd edək ki, 1941-ci ildə sovet-alman mühari­bə­si başlayanda isə onun qardaşları Nəbi və Həsən də döyüşən ordu sıra­la­rına yollandılar və bir daha geri qayıtmadılar.

Müharibənin od-alovunu görmüş Dünyamalı Həsən oğlu əsasən Bessarabiya uğrunda gedən döyüşlərdə iştirak edib, göstərdiyi şücaətə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Müharibə qurtardıqdan sonra doğma yurd-yuvasına qayıdaraq yenidən pedaqoji fəaliyyətini davam etdirmək qərarına gəlib. 1945-ci il oktyabrın 20-də Faxralı orta məktəbinə ibtidai sinif müəllimi təyin olunub.

İbtidai siniflərdə dərs demək bu gün bəlkə də kimlərəsə asan gələ bilər. Amma özümün uzunillik təcrübəmə söykənərək deyə bilərəm ki, bu, zahirən göründüyü  kimi, elə də asan iş deyil. Ailədən yenicə ayrılıb yeni mühitə düşən uşaqla işləmək mü­əllimdən sözün əsl mənasında bö­yük ustalıq tələb edir. İkin­ci dünya müharibəsinin yenicə qurtardığı o dövr­də isə bu, iki­qat çətin bir iş idi. kənddə elə ailə tapmaq çətin idi ki, mühari­bənin ağrı-acısını yaşamamış olsun. Bu ağrı-acı uşaqlara daha çox təsir edirdi. Kiminin atası, kiminin əmisi, dayısı, yaxud hansısa bir əzizi cəbhədə həlak olmuş ya da şikəst qayıtmışdı. Üstəlik iqtisadi çətinlik də öz sözünü deyirdi. Bəzən hətta ibtidai sinif şagirdi belə təsərrüfat işində valideynlərinə kömək etmək məcburiyyətində qalırdı. Belə bir şəraitdə məktəbdə şa­girdlərə dərs demək, özü də ibtidai sinif şagirdlərinə – elə dö­yüş cəbhəsindəki qədər qəhrəmanlıq demək idi. Gərək yaxşı mənada hər şagirdin nazıyla oynamağı, sınıq könüllərini ovut­mağı bacarıb onlarda gələcəyə inam, elmə, təhsilə həvəs yara­dasan. Dünyamalı müəllim bu işin öhdəsindən çox böyük usta­lıqla gəlməyi bacardı. Yüksək pedaqoji ustalığı, zəngin həyat təcrübəsi və özünün də qanlı döyüş yollarından  keçməsi və ta­nın­mış pedaqoqlarla çiyin-çiyinə çalışması da böyük rol oyna­yırdı. Təsadüfi deyil ki, Dünyamalı müəllim təkcə Faxralıda, Bolnisi rayonunda deyil, eyni zamanda Gürcüstanda bacarıqlı riyaziyyat müəl­li­mi kimi tanınan Nəbi Gülməmmədov və son­ralar folklorşünas kimi Azər­baycanda məşhur olan Hüseynqulu Məmmədlinin Faxralı orta məktəbinə rəhbərlik etdiyi illəri ömrünün ən mənalı, uğurlu dövrü hesab edir, vaxtilə dərs de­di­yi Şamil Qurbanov, İdris Kərimov, Mahal Qurbanov və digər­ləri ilə fəxr edir, onların Azərbaycan elminə verdiyi töh­fədən haqlı qürur hissi duyurdu. Özü böyük elmin dalınca getməsə də, yetirdiyi alimlər ordusu ilə hər yerdə öyünürdü. Yetirmələri də öz müəllimlərini heç zaman unutmayıb, hər dəfə yolları Faxralıya düşəndə mütləq ona baş çəkib, hal-əhval tutublar. Təxminən yarıməsrlik pedaqoji fəaliyyətinin ən böyük qazancı da məhz yetirmələrinin ona olan sonsuz məhəbbəti, sayğı və diqqəti olub. Bunu zəhmətinə verilən ən böyük mükafat sayıb.

Yuxarıda da qeyd etdiyim kimi, Dünyamalı müəllim təkcə dərs de­mək­lə kifayətlənməyib, kəndin ictimai həyatında fəal olub, elin xeyir-şərində fərqlənib, nümunəvi davranışı, yerişi-du­ruşu, yüksək ziyalı mədəniyyəti, sözünün qiymətini və yeri­ni bilməsi, ağır-batmanlığı ilə də örnək olub, ondan nümunə götürüblər. Qohum kimi də müəllim olub, qonşu kimi, eloğlu kimi də.

Dünyamalı Həsən oğlu İmanov 1990-cı il iyunun 15-də dünyasını dəyişib. Hər hansı bir insan haqqa qovuşandan sonra xatirələrdə, ürək­lərdə yaşayırsa, demək o, həmişə sağdı, həmişə diridi. Dünyamalı müəl­lim də belədir. O, Faxralının yaddaşında, faxralıların isə qəlbində yaşayır və zaman-zaman da yaşayacaq.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur