MAARİF YOLLARINDA AĞARAN SAÇLAR
Faxralıda doğulsa da, şüurlu həyatı və əmək fəaliyyəti Bakıda keçmiş və elinin-obasının adını uca tutmuş ziyalılardan biri də, Güləsər Əli qızı Əliyevadır.
O, 1946-cı il aprelin 14-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Ailənin ilk övladı olmaq həm də məsuliyyətdir. Hələ uşaq vaxtından Güləsər özündən kiçik bacı-qardaşlarının da qayğısına qalır, onların təlim-tərbiyəsində ata-anasına yardım edirdi. Məhz uşaq vaxtından onda yaranmış qayğıkeşlik və məsuliyyət hissi bir müəllim kimi onun fəaliyyətinin əsasını təşkil edirdi. O, orta təhsilini Faxralı orta məktəbində almış və 1962-ci ildə oranı bitirmişdir. Böyük Vətən müharibəsindən sonrakı dövrün uşaqları olduqlarından o il Faxralı orta məktəbinin məzunlarının sayı 15-20 nəfər ancaq olardı, qızların sayı isə 5-6 nəfər idi. Düz 50 il bundan qabaq Güləsər xanım da Faxralıdan pərvazlanmış barmaqla sayılan ilk ali təhsil almış qızlardandır. O, 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub və ali təhsilini 1967-ci ildə bitirib. Tələbəlik illəri rəhmətlik əmisi Qulu müəllimin və onun həyat yoldaşı Tamara xanımın qayğısı altında başa çatdıqdan sonra elə həmin ildən təyinatla Bakıdakı 8 nömrəli Musiqi təmayüllü İnternat Məktəbində (Hazıkı Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyası) tərbiyəçi-müəllim kimi fəaliyyətə başlayıb. Gənc Güləsər o zaman məktəbdə işləyən Kəbirə müəllimə, Sadıq müəllim kimi təcrübəli müəllimlərdən öyrənərək özü də bir pedaqoq kimi püxtələşib və öyrəndiklərini başqalarına da öyrədib. Onunla çiyin-çiyinə eyni məktəbdə işləyən bacısı Sona xanım, bacısı qızları Aynur, Aytən, Leyla Güləsər müəllimənin yetirmələri sırasındadırlar.
İnternatda təhsil alan şagirdlərin əksəriyyəti valideyn qayğısından mərhum olan uşaqlar idi. Onların qəlbinə yol tapmaq üçün həm pedaqoji ustalığın, həm təcrübən, həm səmimiyyətin, həm də ana ürəyin olmalı idi. Bütün bu xüsusiyyətlər Güləsər müəllimədə həm ailədən qaynaqlanıb, həm də öz daxilindən gəlib. O, öz övladları ilə tərbiyə etdiyi şagirdlər arasında fərq qoymayıb. Qayğıdan mərhum olan uşaqları evinə gətirib çimizdirb, əyin-başını səliqəyə salıb və hərtərəfli diqqət yetirib.
Güləsər müəllimə nəinki, şagirdlərinə, həm də Gürcüstan azərbaycanlıları arasında böyük hörmət-izzət sahibi olan atası Əli Bayram oğlunun vaxtsız vəfatından sonra öz kiçik bacı-qardaşlarına həyat yoldaşı rəhmətlik Əli müəllimlə birlikdə böyük qayğı göstərmişdir. 27 yaşlı Güləsər öz zərif çiyinlərinə ağır yük alaraq bacı-qardaşlarının Bakı şəhərində kiçik 2 otaqlı mənzilində yaşayıb ali təhsil almaları üçün hər cür fədakarlıq edib. Onların təhsilinə, əyin-başlarına bir bacı kimi diqqət yetirib, nə çətinlikləri olsa, həll etməyə çalışıb. Güləsər müəllimə tək bacı-qardaşlarının deyil, qayın, baldız övladlarına da öz qapısını açmış, onların da ali təhsil almalarına şərait yaratmış və qayğılarını çəkmişdir. Ümumiyyətlə, Güləsər müəllimə həm işdə, həm də evdə pedaqoji fəaliyyət göstərib. Onun evi də sanki bir təhsil ocağı olub. Bu evdə onlarla insan ali təhsilə yiyələnib. Üç övlad anası olan Güləsər müəllimə övladlarına da müəllimlik etmiş və onların mükəmməl təhsil almalarına öz töhfəsini vermişdir. Böyük oğlu Allahyar bəy, kiçik oğlu Vüqar bəy və qızı Şəlalə xanım həkimdirlər. Vüqar bəy Rusiya Federasiyasında Sankt-Peterburq şəhərində yaşayır, neyrocərrahdır, tibb elmləri namizədidir və doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Güləsər xanım həm də mehriban və qayğıkeş nənədir, bu gün də nəvələrinin tərbiyəsi və təhsili ilə məşğul olur, çalışır ki, ailə ənənələrini onlara da aşılasın.
Güləsər müəllimə rus dilini sevə-sevə nə çox, nə az düz 45 il İncəsənət Gimnaziyasında tədris edib. Dəfələrlə yenidən təşkil etdiyi rus dili kabineti məktəbdə Güləsər müəllimənin adı ilə bağlı olub. Bu kabinetdə zəngin kitabxana, rus klassiklərinin portretləri olub. Dərs zamanı əyani vəsaitlərdən istifadə edib, beyin həmləsi, Vyen diaqramı, söz zənciri, rollu oyunlar, dialoqlardan istifadə edərək şagirdlərə yeni mövzuları daha səmərəli öyrətməyə çalışıb. Uzun illər Slavyan Universitetinin gənc tələbələri Güləsər müəllimənin pedaqoji təcrübəsindən yararlanıblar. Güləsər müəllimə əmək fəaliyyətində fəal və yaradıcı olub. O, məktəbdə rus dili metodbirləşməsinin sədri və rus dili dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib. Onun elmi metodik məqalələri “Русский язык и литература в Азeрбайджане” jurnalında dəfələrlə nəşr olunub. Əmək fəaliyyəti dövründə tədrisin problemlərinə həsr olunmuş konfranslarda müxtəlif mövzularla çıxışlar edib. Məhz Güləsər müəllimənin öz işinə yaradıcı yanaşması və can yandırması nəticəsində onun dərs dediyi şagirdlər rus dilində sərbəst danışır və savadlı yazıb-oxuyurlar. Gimnaziyada təhsil alan şagirdlər müxtəlif sahələrdə istedadlı olduqlarından Güləsər müəllimə onların hər birinə fərdi yanaşıb, respublikadan kənara çıxdıqda dil bilməyin necə vacib olduğunu onlara başa salıb. Onun şagirdləri müxtəlif müsabiqələrdə işirak edərək laureat adı qazanıblar və sevimli müəllimlərinin sevincini birə-beş artırıblar. Güləsər müəllimənin işinə can yandırması, rus dilinin tədrisindəki müvəffəqiyyətləri məktəbin rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilib: 12.12.1993-cü il şəxsi işinə yazılmaqla təşəkkür; 01.05. 2006-cı ildə 60 illik yubileyi ilə əlaqədar şəxsi işinə yazılmaqla Fəxri fərman; 2009-cu ildə Respublika İncəsənət Gimnaziyasının 50 illik yubileyi münasibəti ilə Fəxri Fərman; 2010-cu ildə 8 mart qadınlar bayramı münasibəti ilə təbrik və mükafat; 2011-ci ildə 65 illik yubileyi münasibəti ilə Fəxri Fərman və mükafat onun əməyinə verilən dəyərlərdir.
Güləsər müəllimə hər şeydən əvvəl sagirdlərinə şəxsiyyət kimi yanaşıb, onlara hörmət edib, onların məğrur, mübariz, vətənpərvər ruhda tərbiyə edib. O, təbiətcə həm qürurlu, həm təvazökar, həm də işinə ciddi və məsuliyyətlə yanaşan bir pedaqoqdur. Həmişə müəllim adını uca tutan, müəllim müqəddəsliyini özündə cəmləşdirən, öz ixtisasını yüksək səviyyədə tədris edən bir müəllimdir, bunu onun uzun illər işlədiyi kollektivdə hamı qeyd edir. Güləsər müəllimənin sinif otağı da başqa siniflərdən həmişə səliqə-səhmanı və tərtibatı ilə fərqlənib. Onun sinfi həmişə təlim-tərbiyəsinə və tədrisin səviyyəsinə görə məktəbdə birinci yerə layiq görülüb. Pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi yüzlərlə sagirdinin sorağı dünyanın hər yerindən gəlir. Fərəhləndirici haldır ki, Güləsər müəllimənin şagirdlərindən bir neçəsi onunla çiyin-çiyinə işləyiblər. Onları görəndə fikirləşib ki, zəhməti hədər getməyib: “Yaşamağa dəyər. Axı o, müəllimlərin müəllimidir”.
Şəhərin hansı hissəsində olursan ol, mütləq Güləsər müəllimənin bir şagirdinə rast gələcəksən. Və onlar yenə də məktəbdəki kimi deyəcəklər: “Здравствуйте, Гюласар Алиевна! Как поживаете?” O, isə cavab verəcək: “Спасибо, мои дорогие, все хорошо!”
Müəllim üçün bundan yüksək qiymət olarmı?
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.