Həmid Kərimov

YAŞAMAQ YANMAQDIR…

Dünya bərqərar olandan üzü bu yana hər dövrün iqtisadi inki­şa­fına görə çox şeylər dəyişib, hətta bəzi mənəvi dəyərlər də  mü­­­əy­yən mənada yeni­ləşib. Amma bununla belə elə dəyər­lər də var ki, min illər boyu dəyişməz qalıb. Əslində, dəyişilməsi heç müm­kün də olmayıb. Və nə yaxşı ki, bu, belə olub. Yoxsa ya­şa­­maq mənasız olar­dı. Nədir bu dəyərlər?!  Bu, ulu­lu­la­rımı­z­dan bizə miras qalaraq nəsildən-nəslə keçən halallıq, paklıq, düzlük, sə­daqət, etibar, yurd sevgisi, Vətən yanğısıdır. Təbii ki, bunları bu gü­­nümüzə qədər yaşadan ilk növbədə gələcəyə ge­dən yolda daim ma­yak olan müdriklər, sözün əsl mənasında zi­yalı adını daşı­yan­lar­dır. Zaman öz süzgəcindən keçirərək bəzən insanları dəyişə bilir. Amma müdriklər, ziyalılar heç zaman dəyişmir, öz müd­riklik mərtəbəsindən enmirlər. Elə bu səbəb­dəndir ki, hər dövrün özünəməxsus kasıbı və zəngini olsa da, bütün dövrlərin müdrik­ləri sanki bir-birinə bənzəyir: aqilliyi, aliliyi, mənəvi ucalığı ilə. Başqa cür ola da bilməz, çünki haq­qın, ədalətin, halallığın, sədaqətin, etibarın həmişə bircə rəngi olub, bir üzü olub.

Bəli, zaman-zaman dünya nehrə kimi çalxanır,  “yağı yağ üs­tə çıx­dıqca, ayranı altda qalır”.  Belə məqamlarda insanları bir az da yaxından tanımaq mümkün olur: kimi pul hərisi, kimi var-dövlət, və­zifə. Əməllərindən baş açılmayan bu dünyada çox suallara ca­vab arayaraq xəyal dünyası ilə baş-başa qalanda üz tutub dər­di­mi­zi bölüşə biləcəyimiz ünvan kimi yadımıza ilk düşən  də məhz bu müdriklərimiz, əsl ziyalılarımız olur. Və ada­mın içindən bir nida qopur: yaxşı ki, siz varsınız.

…Hər dəfə yolum doğma Borçalıya – böyüyüb boya-başa çat­dığım Faxralı kəndinə düşəndə mütləq bir vaxtlar təhsil al­dı­ğım orta məktəbə baş çəkir, mənim üçün dünyanın ən müqəd­dəs­lə­rin­dən olan  müəllimlərimlə gö­rüşürəm. Xəyal məni çəkib yeni­dən keçmişə – bir vaxtlar şagird ki­mi təhsil aldığım bu təh­sil oca­ğına ayaq döydüyüm illərə aparır. Xatirələr çö­zə­lənir, yaddaşlar təzələnir. Elə bil hər şey dünən olubmuş. Mən mü­əllimlər haqqında soruşuram, onlar da borclu qalmırlar. Bir­cə-bircə uşaqların hamı­sını xatırlayıb, bugünkü vəziyyətləri ilə maraqlanırlar. Elə ki, ki­min­­sə xoş sorağını eşitdilər, sevincdən qəlbləri dağa dönür. Və mən Müəllim adının böyüklüyü qar­şısında bir daha baş əyərək dahi şəxsiyyət Heydər Əliyevin müdrik kəlamını xatır­layıram:“Cəmiyyət  haradan  olursa  ols­un, nədən  olursa  olsun, kə­sib  təh­­silə  xərcləməlidir, gənc  nəs­lin  təhsilinə, müəllimə  kö­mək  et­məlidir”.

Zəmanəmizin böyük şairi Zəlimxan Yaqub isə məktəb və mü­əllimə belə qiymət verir:  “Məktəb Məkkə, müəllim pey­ğəm­bər, qələm Allahın danışan dilidir”.

Tale məni həyatda çox gözəl müəllimlərlə rastlaşdırıb. Onlardan biri də bu gün də pedaqoji fəaliyyətini yorulmadan da­vam etdirən Həmid müəllimdir. Onunla hər görüşüm mənim üçün undulmaz bir tarixə çevrilir. Ona görə ki,  təpədən dırnağa halallıq və  müdriklik mücəssəməsi olan Həmid müəllimin heç vaxt dünya malın­da, naz-nemətdə, vəzifədə gözü olmayıb. Hə­mişə sadə­li­yi və səmimiliyi ilə seçilib, boğazdan yuxarı söz de­məyib,  “üt­ü­lü adamlardan” gen durub. Şagirdlərinə də bun­ları təlqin edib. Ye­tir­mələrinin ona olan xoş münasibətini ən böyük mükafat sa­yıb, ucuz şöhrət dalınca qaçmayıb.  Bəlkə elə buna gö­rədir ki, şöhrət özü onu axtarıb tapıb: uzunmüddətli və sə­mə­rəli pedaqoji fəaliyyətinə görə 2001-ci ilin  sentyab­rında Gür­cüs­tan Respub­li­ka­sının “Şərəf” ordeni ilə təltif olunub. Müs­təqil Gürcüstanın yüksək mükafatına layiq görülənə qədərsə, Həmid müəllim şərəfli bir ömür yolu keçmişdir.

…Həmid Kərimov 1940-cı ildə Borçalıda – Bolnisi rayo­nu­nun Fax­ralı kəndində dünyaya gəlib. 1959-cu ildə orta mək­təbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin coğra­­fi­ya-biologiya fakultəsinə daxil olub. 1963-cü ildə Uni­ver­siteti bitirərək Faxralı orta məktəbində əmək fəaliyyətinə başlayıb. Elə o vaxtdan da bu məktəbdə şagirdlərin təlim-tər­biyəsi ilə məşğul olur. 1993-cü ildə keçirilən attestasiya za­manı birinci dərəcəli müəllim adına layiq görülüb. Maarif işinin gözəl bilicisidir.

Bu gün ömrünün müdriklik çağlarını yaşayan, ha­­lal­lığı hər şeydən uca tutan, haqqı nahaqqa qurban verməyən, dini və mil­li dəyərlərimizə böyük önəm verən Həmid müəllim hər bir mü­səl­man üçün əziz olan Həcc ziyarətində də olub.

Gözəl insan, sözün əsl mənasında böyük ziyalı olan Həmid mü­əllim haqqında danışmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, bizim münasibətlərimiz sadəcə olaraq eloğlu və yaxud şagird-müəllim münasibətilə məhdudlaşmır, ne­çə illərdir aramızda səmimi münasibət formalaşıb. Hə­mid mü­əl­lim mənim gözümdə dünyanın ən müdrik insan­la­rın­dan bi­ri, ən böyük müəllimlərdəndir. Barəsində danışmaq mənim üçün ona görə çətindir ki, o, hər addımından, hər kəlməsindən öyrəniləsi, nümunə götürüləsi adamdır. Həyatda ondan öyrənməli çox şey var: doğma yurda bağlılıq, el-obaya sə­daqət, səmimiyyət, sa­də­lik, ləyaqət, əsl vətəndaş və ziyalı mə­dəniyyəti, yüksək peda­qo­ji ustalıq, hər an эцвяниля bilərək qohum, vəfalı ömür-gün yoldaşı olmaq, daha nələr, nələr… Olduqca maraqlı  müsahibdir. Onunla söhbətdən doymaq olmur. Elə ilk kəlmələrdən onun səmimiyyəti, həssaslığı adamı elə ovsunlayır ki, vaxtın necə keçdiyinin bilmirsən. Onun keçdiyi ömür yolu, həyat təcrübəsi  çoxlarına örnək ola biləcək bir məktəbdir.

Elə burada ARDNŞ-də məsul vəzifədə çalışan Tahir Qası­movun Həmid müəllimlə bağlı fikirlərini qeyd etmək istəyi­rəm:

– Həmid müəllimin həyat yolu bu günkü gəncələrə əsl ör­nək­­dir. O,  dərs dediyi şagirdlərə təkcə elm öyrətməklə kifa­yət­lənmir, onları əsl həyata hazırlayır. Necə deyərlər, həyat dərsi keçir, bər­kə-boşa düşüb sınaqlardan çıxmağın yollarını da öy­rədir. Elə bu­nun nəticəsidir ki, yetirmələri bu gün də bir ağ­saq­qal kimi onun dəyərli məsləhətlərini dinləyir, hər yerdə hörmə­tini saxlayırlar. Həmid müəllim eldə-obada böyük hörmət və nüfuz sahibir. Bu, həm onun yetirməsi, həm də yaxın qohumu kimi mənim qəlbimi fərəhdən dağa döndərir.

Onun çalışdığı məktəbin direktoru Söhbəddin Məmmədov da razılıq hissi ilə danışaraq qeyd edir ki, Həmid müəllim zən­gin təcrübəyə, yüksək pedaqoji ustalığa malik bir müəllimdir. Elə bu səbəbdən də onun kimi müəllimlərə hər zaman ehiyac duyulur və biz işimizdə daim onun iş təcrübəsindən yararlan­ma­ğa çalışır, dəyərli məsləhətlərinə qulaq asırıq.

Cəmiyyətdə nüfuz sahibi olmaq, eldə-obada tanınmaq, xeyirdə-şərdə yuxarı başa çəkilmək böyük şərəfdir. Amma bun­lar asanlıqla əldə olunan deyil. Hər kəs bu hörmətə o vaxt layiq olur ki, həyatını kimə və nəyə həsr etdiyini bilir, məqsədsiz yaşamır. Həmid müəllim ömrünün 40 ildən çoxunu gələciyimiz olan uşaq­ların təlim-tərbiyəsinə həsr etməklə, elin xeyir-şərində də fəallığı ilə seçilib. Və hələ bundan sonra da uzun illər səmərəli pedaqoji fə­aliyyəti ilə məktəbdə, dəyərli məsləhətləri və ağsaqqal xeyir-duası ilə eldə-obada seçiləcəkdir.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur