QISA MƏLUMAT
Hüseyn Səməd oğlu Səmədov – 1930-cu ildə Faxralı kəndində anadan olub. 1951-ci ildə M.F.Axundov adına iki illik müəllimlər institutunu fərqlənmə diplomu ilə bitirib. Az müddət doğma kəndində müəllim işlədikdən sonra, 1953-cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyat institutuna daxil olub və buranı da əla qiymətlərlə başa vurub. Hüseyn müəllim bütün ömrünü rus dilçiliyinin nəzəri problemlərinin öyrənilməsinə həsr edib. Rus dilçilik alimləri ilə elmi müzakirələr aparan Hüseyn müəllim, ensiklopedik biliyə malik ali, peşəkar pedaqoq və vətənpərvər ziyalı olub. Kəndimizdə rus dili fənninə maraq Hüseyn müəllimlə başlamışdır.
Mənbə : Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.
“SAFLIQ ÖRNƏYİ”, ÜSTƏGƏL…
Ölməyən, torpağa qarışıb vətən olan ziyalımız Hüseyn Səmədovun sağlığında gerçəkləşdirilməyən mütərəqqi ideyalarına işıq tutulmalıdır!
XVII əsr ispan yazıçısı Qrasian tövsiyə edirdi ki, “şah olmasan da, tutduğun əməllər şaha layiq olsun, ağlın ilə seçdiyin mühit çərçivəsində özünü şah kimi apar; işlərində böyük, fikirlərində yüksək ol. Mənsəbin olmasa da, həmişə hər şeydə şahlara yaraşan ləyaqət göstər, çünki əsl şahlıq ürəyin böyüklüyündədir”.
Haqqında söhbət açdığım kitabın qəhrəmanı, rus dilçiliyi üzrə istedadlı tədqiqatçı alim, görkəmli pedaqoq, gözəl insan Səmədov Hüseyn Səməd oğlu da öz mühitində şah idi, şahlardan da üstün idi, əzəmət nümunəsiydi.
Bütün ömrünü rus dilçiliyinin nəzəri problemlərinin öyrənilməsinə həsr etmiş ensiklopedik biliyə malik alim, peşəkar pedaqoq, vətənpərvər ziyalı, fədakar insan Hüseyn Səmədovun mənalı həyat yolundan, elmi-pedaqoji fəaliyyətindən bəhs edən “Saflıq örnəyi” adlı xatirə kitabı 2012-ci ildə Bakıda “İdeal-Print” nəşriyyatında işıq üzü görmüşdür. Mərhum alim barədə xatirə oçerkləri toplayıb tərtib edənlər onun qohumları – İsa Babaşov, Əmirxan Babaşov, və Məhəmmədəli Babaşov, redaktoru isə Musa Nəbioğludur. Kitabda görkəmli alimlərin, müəllim həmkarlarının, keçmiş tələbələrinin və yaxınlarının Hüseyn Səmədov haqqında xatirələri təqdim olunur. Şadam ki, bu kitabda mənim də müəllifi olduğum “Ölüm yalan sözdür, ziyalılar ölmür” sərlövhəli oçerkim yer almışdır.
Doğrudan da, öz əməlləri ilə yalnız müasirlərinin deyil, həm də gələcək nəsillər qarşısında da cavabdehlik daşıdığını dərk edən kamil insanlar ölmürlər, həyatın dərin qatlarını duyub, yaşadıqca özlərindən sonra dərin iz qoyurlar. Elə bir iz ki, bizi özündən sonra neçə-neçə sabahlara aparacaq, həyatın fəlsəfəsini, onun açılmayan sirlərinin qapısını üzümüzə açacaq. Bu gün arxaya boylanıb yaxın keçmişimizə nəzər saldıqda, vaxtilə qarşımızda öz nuraniliyi ilə seçilən bu müdrik insanların ağıllı kəlamlarını və bizə verdikləri öyüd-nəsihətləri xatırlayırıq. O kəlamları ki, bizi həmişə təmizliyə, saflığa aparıb bütövləşdirib, əsl insani keyfiyyətləri özümüzdə cəmləşdirib. O dəyərlər ki, həyatın özüdür, o keyfiyyətlər ki, insanlara xasdır, cəmiyyətimizin sağlamlığına xidmət edir. O insanlar xoşbəxtdirlər ki, həmişə böyük olurlar və özlərinin böyüklüyünü özgələrinin gözlərindən hiss edirlər. Zaman-zaman, vaxt ötüb keçdikcə onlar ürəklərə hoparaq şirin xatirələrə çevrilir, ətrafımıza işıq sala-sala nağıllara dönürlər.
Ölməyən, torpağa qarışıb vətən olan ziyalımız Hüseyn Səməd oğlu 1930-cu ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açmışdır; kəndin tarixi köklərə malik Babaşlı nəslinin nümayəndəsi olan Hüseyn Səməd oğlu həm ata, həm ana tərəfdən ziyalı qohumlarının olduğunu bildiyindən, bu amil onun təhsilə hədsiz maraq göstərməsinə səbəb olmuşdur. Kitabda Hüseyn müəllimin şərəfini daşıdığı Babaşlı nəslinin və anası Səkinə xanımın təmsil etdiyi Koxallı nəslinin görkəmli nümayəndələrinin adları hörmətlə çəkilir.
Orta təhsil aldığı 1937-1948-ci illər müharibə dövrünə düşdüyündən çoxuşaqlı ailənin övladı olan Hüseyn Səməd oğlu bütün “müharibə uşaqları” kimi, “tez böyümüş”, məhrumiyyətlərə qarşı dözümlülük vərdişlərinə yiyələnmişdi. Yaxın qonşusu və qohumu, rəhmətlik Nəbi Gülməmmədov onun təhsilə marağının artmasında, bir şəxsiyyət, vətəndaş kimi formalaşmasında müstəsna rol oynamışdır. Orta təhsilini başa vurandan sonrakı ilk ildə maddi imkanının məhdudluğu səbəbindən ali məktəbə daxil olmaq planını təxirə salmalı olan Hüseyn Səmədov bir il kitabxanada işləmiş, bu müddətdə onun müta-liəyə sevgisi daha da artmışdır.
Sonrakı il müvəffəqiyyətlə imtahan verən Hüseyn Səmədov M.F.Axundov adına Azərbaycan Dövlət İkiillik Müəllimlər İnstitutuna daxil oldu. 1951-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələndi və sonrakı iki ildə Faxralı kənd orta məktəbində müəllimlik etdi. 1953-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olan Hüseyn Səmədov tələbəlik illərində rus dili üzrə öz üzərində gərgin əmək sərf edərək ensiklopedik biliyə yiyələndi. Çalışqanlığı ilə institut rəhbərliyinin diqqətini çəkən H.Səmədov Stalin təqaüdünə layiq görüldü və təhsilini bitirdikdən sonra elə həmin institutda rus dili kafedrasında laborant vəzifəsinə qəbul edildi. Daha sonra baş laborant, müəllim, institut komsomol təşkilatının katibi vəzifələrinə irəli çəkildi. 1957-ci ilin noyabr ayında Hüseyn müəllim İnstitut Elmi Şurasının qərarına əsasən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsi nəzdində məqsədli aspiranturaya göndərildi. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib aspirantura təhsilinə başlayan Hüseyn Səmədov rus dilçiliyi sahəsində biliklərini zənginləşdirdi. Aspiranturada təhsil aldığı 1957-1961-ci illərdə məşhur dilçi alim, filologiya elmləri doktoru, professor Timofey Petroviç Lomtevin elmi rəhbərliyi altında rus dilinin ən çətin problemi olan “Felin fərz kateqoriyasının mahiyyətinin açılması” mövzusu üzrə elmi araşdırmalar aparan Hüseyn Səmədovun əldə etdiyi nəticələr dilçilikdə çox böyük rezonansa səbəb olacaq dərəcədə yeniliklər olduğuna, elmi dövriyyədə olan o vaxtkı nəzəriyyələri inkar etdiyinə görə qəbul edilmədi. Elmi rəhbərinin, müəyyən tezislərdən imtina etmək hesabına işi başa çatdırması barədə çoxsaylı təkidlərinə baxmayaraq, namizədlik dissertasiyasını müdafiə etməyə tələsmədi.
Hüseyn müəllim bu prinsipial mövqeyindən ona görə geri durmadı ki, elmi tədqiqatı elmi dərəcəyə sahib olmaq naminə deyil, məqsəd olaraq aparırdı. Kitabda bu məqama xüsusilə yer ayırılmışdır. Bu sırada Hüseyn müəllimin özünün nəql etdikləri əsasında qələmə alınan xatirələr maraqlıdır: “70-ci illərin əvvəlində elmi rəhbərinin Bakıya gəlişi zamanı onun qaldığı “Cənub” mehmanxanasında görüşürlər. Səhər saat 10-dan başlayan qızğın müzakirə növbəti gün axşama qədər davam edir. Elmi rəhbərinin bir-birinin ardınca gətirdiyi dəlillərin müqabilində Hüseyn müəllim məntiqi cavabları ilə öz elmi mülahizələrini açıqlayır. Nəhayət, onun gətirdiyi əks dəlillərdən sonra elmi rəhbəri əllərini qaldıraraq – “Yaxşı, mən təslim oldum. Ancaq unutma ki, sənin bu fikirlərini heç bir elmi jurnal dərc etməyəcək”, – deyir. Sonra köksünü ötürərək əlavə edir: “Deməli, sən türksən”.
Bu sətirləri oxuyarkən yadıma məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenov düşdü. Onun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə orijinal bir münasibətə görə əsassız hücumlara məruz qalmışdı. O, “İqor polku haqqında dastan”da slavyan sətirlərində türk-qıpçaq sözlərini tədqiq etmiş və maraqlı nəticələrə gəlmişdi.
“Saflıq örnəyi” kitabında Hüseyn Səmədovun həqiqətən də məhz Böyük Türk Alimi adını şərəflə daşıdığına dəlalət edən faktlar sadalanır. Məsələn: “Həyatı boyunca “Elmin vətəni yoxdur, ancaq alimin vətəni vardır” prinsipinə sadiq qalan Hüseyn müəllimin ən böyük arzularından biri də müstəqillik əldə etmiş türkdilli xalqların elm sahəsində də birliyinə nail olunması idi. Bunun üçün sovet hakimiyyəti illərində əldə edilmiş elmi-texniki nailiyyətlərdən türk dünyasının gələcəyi naminə səmərəli istifadə edilməsini vacib sayırdı. Eyni zamanda, bu respublikalarda təbiət və texnika elmləri, kosmik tədqiqatlar sahəsində əldə olunmuş təcrübənin Türkiyə üçün də maraq kəsb etdiyinə inanırdı. Bu məsələlərdən bəhs edərkən Corc Soros Fondunun keçən əsrin 90-cı illərində Rusiyada və Şərqi Avropa ölkələrindəki fəaliyyətlərini örnək gətirirdi. Mətbuatda və elmi dairələrdə həmin fəaliyyətlərin xeyriyyəçilik kimi təqdim olunduğunu qeyd edirdi: “Corc Soros Rusiya elminə 2 milyard dollar ayırdı deyə hər yerdə təbliğat gedir, az qala onu Rusiya elminin xilaskarı kimi təqdim edirlər. Əslində, burada diqqətdən kənarda qalan son dərəcə ciddi bir məqam var. Sovet bürokratiyasının həyata keçirilməsinə imkan vermədiyi, onillərlə yığılıb qalan orijinal elmi ideyaların xeyriyyəçilik pərdəsi altında çox ucuz qiymətə satın alınması prosesi gedir. Bənzər aqibətlə birinci növbədə kifayət qədər güclü elmi potensiala malik olan tatarların, daha sonra digər türkdilli xalqların da üzləşməsi qaçılmazdır. Bunun qarşısını almaq, mövcud elmi potensialın yad əllərə keçməməsi üçün mütləq müəyyən addımlar atmaq lazımdır. Lakin yenicə müstəqilliyinə qovuşmuş türkdilli respublikalardan bunu gözləmək doğru olmazdı. Bu məsələnin öhdəsindən ancaq Türkiyə dövləti gələ bilər”. Bununla da Hüseyn müəllim türk dövlətləri arasında iqtisadi və mədəni inteqrasiya ilə yanaşı, gecikmədən elmdə də bənzər prosesin həyata keçirilməsinin vacib olduğuna diqqət çəkirdi. Onun fikrincə, əgər bu baş tutsaydı, o zaman Qərbə yönələn “beyin axını”nın qarşısını almaq və bu prosesi Türkiyəyə yönəltmək, həm də daha mütəşşəkil şəkildə həyata keçirmək mümkün olardı. Təəssüflər olsun ki, onun 90-cı illərin əvvəllərində gündəmə gətirdiyi bu taleyüklü məsələ ancaq sonralar anlaşıldı və qismən gerçəkləşdirildi”.
1967-ci ildən 20 noyabr 2002-ci ilə – yəni ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetinin Rus dilçiliyi kafedrasında baş müəllim işləyən Hüseyn müəllimin rəhbərliyi altında yerinə yetirilən diplom işlərinin hər biri öz elmi sanbalı, səviyyəsi və mükəmməlliyi ilə fərqlənib. Hüseyn müəllim özü bir çox nəzəri seminarlar təşkil etmiş, görkəmli alimlərin iştirakı ilə yetərincə aktual və dinləyici marağına səbəb olacaq problemlərin müzakirəsinə nail olub.
Kitabda Hüseyn müəllimin elmi, pedaqoji fəaliyyəti, ana dili və xarici dillərə aid fikirləri barədə, milli-mənəvi və əxlaqi dəyərlərə çox yüksək qiymət verməsi, haqq-ədalət və paklıq tərəfdarı olması, gənclərin maarifləndirilməsində rolu haqqında müfəssəl məlumatlar verilir, onun gözəl insan, sədaqətli dost, qayğıkeş ailə başçısı olduğunu isbatlayan faktlar sadalanır.
Hüseyn Səmədov pedaqoji fəaliyyətdə olduğu müddətdə mütəmadi olaraq, rüşvətxorluğa qarşı mübarizə aparmış, haqqın-ədalətin keşiyində dayanmışdı. O, 1967-ci ildə Bakı Dövlət Universitetinə keçdikdən sonra ilk dəfə olaraq müəllim uşaqlarına “5” qiymət yazmaq ənanəsini pozmuş, tələbənin biliyini hər şeydən üstün tutmuşdur. Ədalət hissini qətiyyən itirməyən Hüseyn müəllim imtahanlarda biliklərin qiymətləndirilməsində daim obyektiv mövqe tutduğundan, hətta rektorun gəlininə belə “qeyri-kafi” qiymət yazmaqdan çəkinməmişdi. Onun hətta ən yaxın dostlarına belə bu məsələdə güzəştə getməməsinə dair kitabda çoxlu misallar gətirilir. Eyni zamanda Hüseyn Səmədovun insanpərvərliyinə dair faktlar sadalanır. Mentalitetimizin antipodlarına qarşı çıxan Hüseyn müəllim oğlunun toy məclisinə dəvət etdiyi şəxslərdən pul və hədiyyə qəbul etməməsi ilə də özünün qeyri-ordinar şəxsiyyət olduğunu təsbitləmişdir. Ad günlərinə, yubileylərə münasibətdə də israfçılığın əleyhinə idi Hüseyn müəllim.
Kitabda Hüseyn müəllimin təmənnasızlığına, dünya malında gözü olmadığına sübut kimi xatırlanan olaylar sırasında ən maraqlısı onun mənzilinin oğurlanması ilə bağlı baş verənlər və bu zaman özünü necə aparması olmuşdur. “Saflıq örnəyi”ndə oxuyuruq: “Hüseyn müəllim nəfsini saxlamağı bacarırdı, halal çörək yeyirdi. Pula, mala tamahı yox idi, özgə malına, haram çörəyə əl uzatmazdı. Bunu evini oğurlayan cinayətkarların tapılmasından sonra Bakı şəhəri milis idarəsində baş verən hadisə zamanı bir daha büruzə verdi. Milisin oğrulardan əldə etdiyi əşyalar adıçəkilən idarədə bir zala toplanmışdı. Hüseyn müəllimlə Kordeliya xanımı ora dəvət etmişdilər ki, gəlib bu əşyaların arasında onların əşyaları varsa, tanıyıb götürsünlər. Kordeliya xanım zaldakı əşyaların arasında iki süfrəsini, bir Yaponiya istehsalı məcməyisini, bir çarpayı örtüsünü, bir dənə də konfet qabını tanıdı. Qalan əşyaları, o cümlədən xalçaları oğrular xırd etmişdilər. Milis mayoru xırd edilmiş şeylərin əvəzinə çox qiymətli bir xalçanı və ya antikvar qızıl əşyanı götürməyi məsləhət görür. Hüseyn müəllim bu əşyalara heç gözünün ucu ilə də baxmır və təklif olunan əşyaları götürməkdən imtina edir. O, öz qərarını belə əsaslandırır: “Başqalarına aid olan əşyaları qəbul edə bilmərəm”. Eyni zamanda oğurlanmış qiymətli əşya sahiblərindən birisi özünün antikvar əşyasına yaxın dura bilməməsi səbəbindən dolayı yolla həmin əşyanı öz adına götürməsinin müqabilində Hüseyn müəllimə böyük məbləğdə pul verməyə hazır olduğunu çatdırır və bu məsələdə köməklik göstərməsini xahiş edir. Hüseyn müəllim qəti şəkildə bu təklifə də rədd cavabı verir.”
Evinin yarılması ilə bağlı daha bir diqqətə layiq məqam Hüseyn müəllimin heç nədən yox, məhz kitablarından narahat olmasıydı. Qardaşı Məhərrəm Babaşov kitabda yer alan “Çətinliklər qarşısında sınmayan iradə” başlıqlı məqaləsində xatırlayır: “…Hüseyn 1965-ci ildə üçotaqlı bir ev aldı. Həmin ildə də evləndi. Qohumlarının, dostlarının iştirakı ilə elə evdəcə toy məclisini keçirdik. Evlənəndən bir müddət sonra Hüseynin mənzilində oğurluq baş verdi. Hadisədən xəbər tutan qardaşım evə gələr-gəlməz tez kitablar olan otağa keçir. Baxıb görür ki, kitabların hamısı yerə dağılıb. Sən demə, oğrular kitabların arasında pul axtarırmışlar. O, görəndə ki, kitabların hamısı yerindədir, sevinərək otaqdan çıxır və üzünü həyat yoldaşına tutaraq: “Allah bunları qorusun, mənim kitablarıma toxunmayıblar”, – deyir”.
“Saflıq örnəyi” kitabında Hüseyn müəllimin mütaliəyə olan hədsiz sevgisi barədə çox yazılıb. Demək olar ki, onun barəsində xatirə sözü yazanların hamısı onun kitabsevərliyini xüsusi vurğulayıblar. Onu yorulmaz oxucu, “canlı ensiklopediya”, elmin gerçəklik fədaisi kimi xatırlayan alim və pedaqoq həmkarları Hüseyn müəllimi ətrafındakılara mütaliə mədəniyyəti öyrədən, kitabı anlayaraq oxumaq vərdişi aşılayan tükənməz bir xəzinə kimi təqdim edirlər. Xatirə oçerklərin daşıdıqları sərlövhələr Hüseyn müəllim haqqında arayış verir: “Hüseyn müəllim insanlıq etalonu idi” (Tahir Pənahov), “Ulu Borçalının sadə və böyük insanı” (Əmirxan Xəlilov), “Dupduru gözlər və işıqlı təbəssüm” (Eyvaz Borçalı), “Səmimi insan və kamil alim” (Qiyas Kazımov), “Xeyirxahlıq abidəsi” (Oruc Əlizadə), “Zirvələrin yaraşığı” (Bayraməli Gülməmmədov), “Şərəfli ömrün sahibi” (Məhəmməd Babaşov), “Alim bilən deyil, bildiklərini vicdanında duyan kimsədir” (Məmmədəli Babaşlı), “Söz və əməl vəhdətinin timsalı” (Tahir Qasımov) və s. Oğlu Azər Səmədovun uşaqlıq xatirələri isə daha təsirlidir. O, yada salır ki, Hüseyn müəllim necə barmağı ilə havada xəyali hərflər və rəqəmlər cızıb sözlər və formullar “yazırmış”. Xatırlayır ki, bacısı ilə birgə atasını işdən gələndə necə sevincək qarşılayırmışlar. Çünki bilirmişlər ki, onun nəhəng ölçülü portfelində mütləq onlarçün gətirdiyi yeni kitablar var. Dərslərini hazırlamaqda Hüseyn müəllimin onlara necə kömək elədiyini, ailəvi istirahətə getdiklərini, atasının anasına necə gül dəstəsi bağışlamasını həzinliklə xatırlayan Azər Hüseyn oğlu atası ilə ünsiyyətdən aldığı üç əsas dərsin də nədən ibarət olduğunu qələmə alıb. Birinci dərs budur ki, əksər insanlardan fərqli, daha mənalı yaşamaq mümkündür. İkinci dərs odur ki, atasının öyüd-nəsihətləri zamanla özünü doğrultmuşdur və Azər istəyir ki, onun övladları həmin nəsihətlərə daha erkən yaşlarından əməl etsinlər. Üçüncü dərs ondan ibarətdir ki, qarşıya qoyulmuş məqsədə doğru inamla irəliləmək üçün zamanın hər anında daha dərin və geniş bilgilərə yiyələnməyə çalışmaq lazımdır.
Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universiteti klassik rus ədəbiyyatı kafedrasının müdiri Məmməd Orucovun arzusuna qoşuluram. O, öz müəllimi barədə yazıb: “Hüseyn müəllimin elmi irsinin, onun şah əsərinin itib-batması günahdır və tarix bu günahı bizə bağışlamaz. Həmçinin Hüseyn müəllimin elmi məqalələrinin və həyatının sonuna qədər üzərində çalışdığı elmi işinin əlyazmasının nəşr edilməsi yerinə düşərdi… Əminəm ki, o, ömrü boyu bir dəfə də olsun təəssüf hissi keçirmədi ki, onun nə doktorluq dərəcəsi, nə də cild-cild kitabları vardır, hərçənd, ola bilərdi, istəmədi. Ona görə istəmədi ki, elm, elmə olan eşq onun üçün həm şan-şöhrətdən, həm də maddi dəyərlərdən qat-qat üstün idi, müqəddəs idi. Bu eşqi, elmə, biliyə olan o ali məhəbbəti Hüseyn müəllim heç bir həyat nəşəsinə, şan-şöhrətə, mənsəbə və s. praqmatik dəyərlərə dəyişməzdi və dəyişmədi də. Öz dünyasında yaşadı, aşağı qatlara enmədi, səma əhli olaraq qaldı, kimin onu necə başa düşəcəyindən, onu necə dəyərləndirəcəyindən asılı olmayaraq özü olaraq qaldı – Hüseyn Səmədov olaraq qaldı”.
“Saflıq örnəyi” kitabını oxuduqca, Hüseyn Səmədov şəxsiyyətinin ucalığını, ləyaqətini təsdiqləyən fikirlərlə tanış olduqca, daha artıq qürur duyuram ki, Hüseyn müəllimin mənə ünvanladığı “halal olsun”, – alqış nidasını eşitmişəm, qazanmışam. Ali məktəbi yaxşı və əla qiymətlərlə bitirdiyimi öyrənəndə uğurlar arzulamışdı.
İnid atası, babası, necə deyərlər, yeddi arxa dönəni haqda kitab yazan, yazdıran çoxdur. Qohumbazlığın, yerlibazlığın ifrat təzahürü kimi ortaya çıxan nəşrlər az deyil. “Saflıq örnəyi” belə bir zəmanədə doğulsa da, qəhrəmanı kimi təmənnasızdır. Onu ərsəyə gətirənlər təkcə Hüseyn Səmədovun cənnətməkan ruhunu sevindirməyiblər, həm də indiki və sonrakı nəsillərə sözün hərfi mənasında, həqiqi mənasında saflıq örnəyi kimi xidmət edəcək gözəl bir əsər yaradıblar. Oxucular bu kitabdan, qəhrəmanın adı məchul olsaydı belə, adları hətta şərti qəbul etsələr belə, özləri üçün fayda kəsb edə bilərlər. Bəlkə də nəşrin yetərincə uğurlu alınmasının bir səbəbi də onun tələsik deyil, Hüseyn Səmədovun haqq dünyasına qovuşmasından düz on il sonra araya-ərsəyə gətirilməsidir. “Saflıq örnəyi” çox qiymətli qədirşünaslıq nümunəsi olsa da, bununla belə, yenə hesab edirəm ki, Hüseyn Səmədovun ruhunu şad etmək üçün ən yaxşı hadisə məhz onun ideyalarının gerçəkləşdirilməsi olardı.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.
“ÖLÜM YALAN SÖZDÜR, ZİYALILAR ÖLMÜR”
Yaxşı əməl, xeyirxahlıq və mənəvi saflıq insanın özündən sonra qoyub getdiyi ən ülvi, ən müqədddəs dəyərlərdir. Kamil insan öz əməlləri ilə yalnız müasirlərinin deyil, gələcək nəsil qarşısında da cavabdehlik daşıdığını dərk edir. O cür adamlar ölmürlər. Həyatın dərin qatlarını duyub, yaşadıqca özlərindən sonra da bir iz qoyurlar. O, iz ki, bizi özündən sonra neçə-neçə sabahlara aparacaq, həyatın fəlsəfəsini, onun açılmayan sirlərinin qapısını üzümüzə açacaq. Bu gün arxaya boylanıb yaxın keçmişimizə nəzər salanda, vaxtilə qarşımızda öz nuraniliyi ilə seçilən bu müdrik insanların ağıllı kəlamlarını və bizə verdiyi öyüd-nəsihətləri xatırlayırıq. O kəlamlar ki, bizi həmişə təmizliyə, saflığa aparıb, bütövləşdirib, əsl insani keyfiyyətləri özündə cəmləşdirib. O dəyərlər ki, həyatın özüdür, o keyfiyyətlər ki, insanlara xasdır, cəmiyyətimizin sağlamlığına xidmət edir. Belə insanlar xoşbəxtdirlər ki, həmişə böyük olurlar və özlərinin böyüklüyünü, özgələrinin gözlərindən hiss edirlər. Zaman-zaman, vaxt ötüb keçdikcə onlar ürəklərə hopmuş özü kimi şirin xatirələrə çevrilir, ətrafımıza işıq sala-sala nağıllara dönürlər. Belə insanlardan biri də 1930-cu ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açıb, ərsəyə gəlmiş, və ömrünü xalqımızın maariflənməsinə həsr etmiş, böyük alim, ziyalı, xalqımızın ölməz oğlu Hüseyn Səmədovdur. Onun atası Səməd Babaşov isə Azərbaycan xalq yaradıcılığını, dastanları, xüsusən də “Koroğlu” eposunu mükəmməl bilən ziyalılarımızdan biri idi.
Anası Səkinə xanım qədim türk tayfası olan Koxallı nəslindəndir. O Koxallı nəslindən ki, Mirzərza Əlizadə, Həbibulla Əlizadə, Seyfulla Əlizadə, Hidayət Turan, İsrafil Əlizadə kimi bütün Borçalıda məşhur olan işıqlı ziyalılar yetirmişdir. Səkinə xanım da bu nəslin xanım-xatın qızı olub. Üzündən həmişə nur yağar, sözlərindən bal süzülərdi. Şirinliyi, saflığı, təmizliyi, alicənablığı ilə elimizin qadınlarına nümunə olardı. Cavan qızlarımıza yol göstərərdi. Onların tərbiyəsi üçün öyüd-nəsihətlər, məsləhətlər verərdi. Bunları sadalamaqda məqsəd Hüseyn müəllimin insan kimi yetişməsində, əxlaqi tərbiyəsində anasının böyük rol oynamasını vurğulamaqdır.
Hüseyn Səmədov 1948-ci ildə Faxralı kənd orta məktəbini əla qiymətlərlə başa vurur, 1949-cu ildə İkiillik Müəllimlər İnstitutuna daxil olur, 1951-ci ildə oranı bitirir, 1951-1953-cü illərdə doğulduğu Faxralı kənd orta məktəbində rus dili və ədəbiyyat fənnini tədris edir. Dərs dediyi müddət ərzində istər şagirdlərə, istərsə də tələbələrə öz fənnini sevdirməklə yanaşı, həyatın incəliklərini onlara öyrədir. Həm də gənclərin bir şəxsiyyət kimi formalaşmasında səy və bacarığını əsirgəmirdi. Ondan vaxtılə dərs almış bir qrup insanlar iftixar, qürur hissi ilə onu xatırlayaraq deyərdilər: “Hüseyn Səmədov savadlı müəllim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Bu iki amil onun şəxsiyyətində cəmləşmişdir. Çalışırdı ki, biz həm savadlı, həm də tərbiyəli olaq. Bizim əxlaqımızda nə qədər müsbət keyfiyyətlər varsa, onlar ədəbiyaşar müəllimimiz olan Hüseyn Səmədovdan gəlir”.
Hüseyn Səmədov 1953-cü ildə təhsilini artırmaq üçün Bakıya gəlib M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. O, Babaşlı nəslindən ilk ali təhsil alan şəxsdir. Onun istedadını nəzərə alan institutun elmi şurası əyani aspiranturaya qəbul olunması üçün qərar qəbul edir. 1957-ci ildə o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturaya qəbul olur. Onun elmi işi rus dilinin çox mürəkkəb sahəsi olan feilin növlərinə aid olub. Hüseyn müəllim aspiranturanı bitirəndən sonra Bakıya qayıdır, M.F.Axundov adına APİ-də komsomol və fakültə partiya təşkilatının katibi olur. Qısa bir vaxt ərzində institut kollektivinin böyük hörmətini qazanır. Könlünü kitablara verir, oxuyur, mütaliə edir. Bekon vaxtılə yazırdı: “Kitab, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir”. Hüseyn müəllim o fikir gəmisinin sükanı arxasında duran ziyalılardan olub həmişə.
1967-ci ildən 21 noyabr 2002-ci ilə qədər, yəni ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetinin Rus dilçiliyi kafedrasında baş müəllim işləyib. Onun məzarı Yasamal qəbirstanlığındadır. Bu da bir faktdır ki, Hüseyn müəllim həmişə sağdır, həmişə diridir. M.Şeyxzadənin dediyi kimi:
Elə ölənlər var ki,
Həmişə sağ, diridir.
Elə sağlar da var ki,
Min ölüdən biridir.
Nəcib insan, dilçi alim Hüseyn Səmədovun ölümündən 8 il ötsə də, o yenə də bizim aramızdadır. Hüseynsevərlər onun xatirəsini həmişə əziz tutur, gül-çiçəklə qəbrini ziyarət edirlər. Böyük alimlər müdriklər, filosoflar onun haqqında gözəl sözlər söyləyib və söyləyirlər. Görkəmli filosof Asif Əfəndiyev BDU-da “Etika və estetika” klubunun rəhbəri kimi keçirdiyi məşğələlərdə hər hansı bir mövzudan söhbət açanda ilk öncə o, Hüseyn Səmədovdan sitat gətirərdi. Çünki Hüseyn müəllim dərin zəkaya, fəlsəfi biliyə malik olan alim, pedaqoq və ziyalı idi. Vaxtılə adıçəkilən universitetin professoru Cəlal Abdullayev deyərdi: “Hüseyn müəllim biz professorlara dərs deyəcək səviyyədə bir ziyalı idi”. Və yaxud Faxralının qonağı olmuş dostumuz və ziyalı qardaşımız professor Kamil Vəli Nərimanoğlu Hüseyn Səmədovdan səviyyəli dilçi kimi söz açardı. Şəxsən özüm uzun müddət Slavyan Universitetinin rektoru olmuş professor Firidun Hüseynovun qohumum, professor Şamil Qurbanovla söhbət edərkən Hüseyn Səmədovdan ağızdolusu danışdığının şahidi olmuşam.
Çünki ziyalılığına hörmət edir, ziyalı adını həmişə uca tuturdu. O ziyalı ki, bu gün onunla fəxr edir, adını daim uca tuturuq. O, ad ki, bu gün yaşayır, gələcəkdə də yaşayacaq. Və, neçə-neçə nəsillərin elmi biliyinə açılan qapılarının ziyasına çevriləcək. Bir epizodu xatırlamağı özümə borc bilirəm: Mən BDU-da təhsil alırdım, ilk dəfə onun yanında olanda Hüseyn müəllim kimliyimi soruşdu. Dərslərimlə maraqlandı və mənə yaxşı oxumağı tövsiyyə edərək dedi: “Əgər hər hansı çətinliyin olsa, yanıma gələrsən”. Mən həmyerlimin sözündən qürur duydum, özümə böyük bir arxa, dayaq bilib bu sözdən ruhlanaraq daha da yaxşı oxudum. Ali məktəbi yaxşı və əla qiymətlərlə bitirəndən sonra sevincək onun yanına gedib, bu haqda məlumat verdim. Nəcibliyi və qayğıkeşliyi ilə seçilən, hər vaxt gənclərə qayğı göstərən Hüseyn müəllim bu xəbəri eşidən kimi sevincindən çöhrəsinə təbəssüm gəldi. Sonra mənə, halal olsun, deyərək uğurlar arzuladı.
Hüseyn müəllim həm də gözəl övladlar böyüdüb, tərbiyə edib. Oğlu Azər Moskvada AVİO şirkətdə çalışır. Qızı Nəzrin atasının yolunu davam etdirir, Azərbaycan Xarici Dillər Universitetində müəllim işləyir.
Bəli, Hüseyn Səmədov haqqında bu gün söylənilən xatirələr xalqımızın ona olan böyük məhəbbətinin təzahürüdür. Bir də bilmək lazımdır ki, “Ziyalılar ölmür, torpağa qarışıb vətən olurlar”.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.