Məhyəddin Əmirxan oğlu Əfəndiyev

Xatirələrdə yaşayan yarımçıq ömür

Ölümlər də insanların özləri kimi müxtəlifdir. Ölümün adiləşdiyi, bir növ ucuzlaşdığı dövrümüzdə ömrünü şərəflə başa vurmaq, ölümüylə onu tanıyanların dərin kədərinə səbəb olmaq hər adama nəsib olmur. Yalnız yer üzünə Tanrının ədalət və xeyirxahlıq rəmzi kimi gələnlərin, bənzərsiz xarakteri ilə yaddaşlara əbədi həkk olunanların ölümü onları tanıyanlar üçün ən doğma adamlarının itkisi qədər əzablı və inanılmaz olur. Çünki belə insanlar hamı kimi ətrafdakı atəşə qarışıb tüstülənmir, ürəklərindəki yanğı ilə öz ömürlərini şam kimi əridib, elə o yanğı ilə də həyatdan gedir, yandıqları kimi ölümləri ilə də yandırmağı bacarırlar. Belə insanlardan biri də uzun illər Bakı şəhəri Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi işləmiş, öz alicənablığı, təmkin və qətiyyəti ilə hörmət qazanmış Qədim Borçalı mahalının Faxralı kəndində dünyaya gəlmiş Məhyəddin Əmirxan oğlu Əfəndiyevdir.

Əfəndiyev Məhyəddin Əmirxan oğlu (İsamlar) 1959-cu il 12 dekabr tarixində Gürcüstan Respublikası Bolnisi rayonu Faxralı kəndində anadan olub.1967-ci ildə Faxralı kəndində yerləşən Şahbuzlu orta məktəbinin I sinifinə daxil olub. 1977-ci ildə Faxralı orta məktəbini bitirib. 1977-ci ildə S.M. Kirov adina Azərbaycan Dövlət Universitetinin maxanika-riyaziyyat fakultəsinə daxil olub.1982-ci ildə həmin universiteti bitirib, təyinatı üzrə Balakən rayonu Meşəşambul kənt orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Bundan başqa 1993- cü ildə Universitetin aspiranturasına daxil olmuş və 1995- ci ildə aspiranturanı bitirib, elmi işçi adına layiq görülmüşdür. 1988-ci ildən ömrünün sonuna qədər Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə adına 45 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi işləmişdir. Müəllimlik etdiyi müddətdə tələbələrindən çoxlu sayda olimpiadada yuksək yer tutanlar olmuşdur. 2017-ci il avqust ayının 16-da rəhmətə getmişdir.

Qeyri-adi biliyə, düşüncə və təfəkkür tərzinə malik olan Məhyəddin müəllim qabaqcıl dünyagörüşlü, açıqfikirli ziyalı kimi böyük nüfuza malik idi. Sadə və aydın danışıq tərzinə, anlaşıqlı və yaddaqalan tədris üsullarına, ciddi və tələbkar xarakterinə görə şagirdlərin sevimlisinə çevrilmişdir. Riyaziyyat fənninin zənginliklərini, onun hər bir incəliyini dəqiqliyi ilə izah etməyi və sevdirməyi bacarırdı. Şagirdlərini də özü kimi açıqfikirli, dəqiq və tələbkar gənclər olaraq yetişdirirdi. Müəllimliyə bütün qəlbi və ruhu ilə bağlı olduğundan sinifi məbəd kimi müqəddəs hesab edir, burada keçən hər dəqiqədən səmərəli və düzgün istifadəsini vacib sayırdı. Ona görə də hər il dərs dediyi siniflərdə pedaqoji təcrübə keçməyə gələn tələbələrin hazırlıq səviyyəsinə, sinfi idarə etmək bacarığına xüsusi diqqət yetirir, keçirilən dərslərin keyfiyyətli və səmərəli təşkilinə ciddi nəzarət edirdi. Hər dəfə bu mövzuda söhbət düşərkən “İndiki tələbələrə təəccüb edirəm, əksəriyyəti öyrənmək, bilik qazanmaq əvəzinə vaxtlarını yersiz əyləncələrə sərf edir, dövrün və şəraitin yaratdığı imkanlardan səmərəli istifadə edə bilmirlər. Axı bizim tələbə olduğumuz dövrlə indiki dövrün imkanları çox fərqlidir” – deyirdi.

Təhsil sahəsində gedən islahatlara, kurikulum konsepsiyasının tələblərinə özünəməxsus yaradıcı yanaşma tərzi ilə çoxlarından seçilən Məhyəddin müəllim öz üzərində daim çalışır, mütaliədən, yenilikləri mənimsəmək və tətbiq etməkdən yorulmurdu. Kompüter texnologiyasına, internet resurslarından istifadə qaydalarına yaxşı bələd olduğundan həm ölkə daxilində, həm də beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl təlim üsullarını öyrənməyə xüsusi maraq göstərir, onlardan yaradıcı şəkildə istifadə etməyi bacarırdı. Cəmiyyətin günbəgün dəyişən və artan tələblərinə cavab verən müəllim kimi tez-tez ali məktəblərə, müxtəlif təhsil müəssisələrində yüksək vəzifəli işlərə dəvət alırdısa da, illərlə işlədiyi məktəbdən və doğma şagirdlərindən ayrılmaq istəmirdi. Onun üçün ən böyük məktəblərdə dərs deməklə ucqar bir məktəbin, ən böyük auditoriyalarla bir neçə nəfərlik sinifin fərqi yox idi. Elə ürəkdən və həvəslə dərs keçirdi ki, ən mürəkkəb mövzuları belə asanlıqla mənimsədir, şagirdlərdə tədris etdiyi riyaziyyat – informatikaya dərin maraq oyadırdı. O, müəllimliyə sadəcə bilik öyrədən bir sənət kimi baxmır, onu ən müqəddəs, ülvi və şərəfli peşə hesab edərək deyirdi ki, cəmiyyət müəllimə hələ həyat haqqında anlayışları, dünyagörüşü formalaşmamış, pak və təmiz bir nəslin tərbiyəsini həvalə edir. Müəllim elə olmalıdır ki, həmin nəsli cəmiyyətə şikəst təqdim etməsin, onun gələcək taleyini günəş kimi parlaq şüaları ilə işıqlandırmağı bacarsın, dünyaya gəlişinin məqsəd və məsuliyyətini düzgün dərk eləyə bilsin. Təkcə öz bilik və savadı ilə deyil, düzlük və ədaləti, cəsarət və sözübütövlüyü ilə də nümunə olsun, fikrini açıq deməkdən çəkinməsin.

Bir dəfə Məhyəddin müəllimin fikirlərini öyrənmək istədim. Dərslərin gedişini elə həssaslıq və dəqiqliklə təhlil eləyib, elə maraqlı təkliflər irəli sürdü ki, ondakı məntiq və yenilikçi yanaşma tərzinə bir daha heyran qaldım. Çünki Məhyəddin müəllim orta məktəb müəllimi olsa da, ən mürəkkəb və mübahisəli məsələlərin, elmi fikirlərin izahına elə həvəslə girişir, mövqeyini elə sərrast ifadə edirdi ki, dərin zəkasına və fikrini əsaslandırmaq bacarığına həsəd aparmamaq olmurdu. Qeyd edim ki, Məhyəddin müəllim mənim qohumum olmaqla yanaşı həm də müəllimim idi. O, eyni zamanda repititorluq fəaliyyəti ilə də məşğul idi. Belə ki, şəxsən mənim universitetə daxil olmağımda onun böyük rolu olmuşdur. Bu gün həyatımda qazandığım bütün uğurlara görə mən Məhyəddin müəllimə borcluyam.

Təəssüf ki, zamansız ölüm onu sıralarımızdan tez apardı. Məhyəddin müəllim onu tanıyanların yaddaşında həm də öz cəsarəti və həqiqətpərəstliyi ilə qaldı. Onu heç bir yalana inandırmaq, öz obyektiv mövqeyindən döndərmək mümkün deyildir. Həqiqəti heç nəyə qurban verməzdi. Sözünü çəkinmədən deməyi bacarar, insanlara, eləcə də şagirdlərinə mövqeyinə, kiminsə qohumu və ya tanışı olmağına görə deyil, öz fərdi keyfiyyətlərinə, bilik və bacarığına görə dəyər verərdi. Xarakterindəki ciddiliklə bərabər, həssas qəlbi, məzəli və şən zarafatları, özünəməxsus yumor hissi ilə şagirdlərinin dərin rəğbətini qazanmışdır. Onun haqqında keçmiş zamanda danışmaq, yoxluğuna alışmaq çox çətindir. Amma ürəyimizə az da olsa təsəlli verən bircə həqiqət vardır ki, Məhyəddin müəllim kimi insanlar ölmür, onlar öz nümunəvi ömrü və fəaliyyəti ilə yetişdirmələrinin və onu sevənlərin qəlbində əbədi yaşayırlar.

Ruhun şad, yerin cənnətməkan olsun Məhyəddin müəllim!

GƏRAY BAYTALOV

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur