Əziz dostlar! Bir zamanlar bu dünyada bir insan yaşayırdı. Həmin insan indi xatirələrdə yaşayır. Onu hər zaman xatırlamaq bizlərin mənəvi borcudur.
Xəyalım məni təqribən 40 il əvvələ – keçmişə aparır. Hadisələr kino lenti kimi gözlərim önünə gəlir, xatirələr saralmış yarpaqlar kimi çözəllənməyə başlayır…
Bilənlər – tanıyanlar bilir, bilməyənlər – tanımayanlar üçün yazıram bu yazını. Haqqında yazmaq istədiyim şəxs Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində Məsimöyü (Cəlilli Alının törəmələri) nəslində doğulub boya-başa çatmış, lakin ömrünün ən cavan çağında dünyasını dəyişmiş Məmmədəli Eyvaz oğlu Məsimov barəsindədir.
Allah insanlara normalda 70-80 il zaman kəsiyi qədər ömür bəxşiş etdiyi halda, onun ömrü çox qısa – cəmi 34 il olub (dekabr 1941- 13.01.1975 ).
Körpəlikdə balaca Məmmədəli xəstələnmiş və yaşadığı dövrdə müalicəsi mümkün olmayan – “ürək qüsuru” xəstəliyinə düçar olub.
Məmmədəlinin atası Eyvaz Məmmədəli oğlu (onun atası 19-cu əsrdə yaşamış Məsim kişi, Faxralıda varlı-dövlətli şəxlərdən biri olub) Böyük Vətən Müharibəsinə getmiş və 1945-ci ilin mart ayının 15-də öz tankında Berlin şəhərində qəhrəmancasına həlak olub. Onun hərbi rütbəsu “baş leytenant” idi. Balaca Məmmədəli anası Pəri və nənəsi Qızyetərin himayəsində böyüyüb, boya-başa çatıb.
Məmmədəli 1957-ci ildə Faxralı orta məktəbini, 1965-ci ildə “gecə” məktəbini bitirib və 1965-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. İnstitutdan sonra o, doğma kəndinə qayıdıb və Faxralı kəndinin ortasında yerləşən məktəbdə fransız dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Peşəsi müəllim olduğuna görə Faxralıda onu “Məmmədəli müəllim” kimi tanıyırdılar. O, öz peşəsini dərindən sevən, məsuliyyətli, çox tələbkar müəllim idi.
Məmmədəli müəllim öz əmisi qızı Güləbətinlə (Amaşova) evlənib və onların Eyvaz və Təranə adlı iki gül balaları dünyaya gəlib.
Bunlar onun həyatının ən gözəl anları idi, lakin amansız xəstəlik öz işini görürdü…
Onu belə xatırlayıram…
Məmmədəli dayımı (ona belə müraciət edirdim) yada salanda həmişə gözlərim yaşla dolur, qəhərlənirəm. Onu ucaboy, arıq cüssəli, iri qonur gözlü, qara saçlı, ağ sifətli, yaraşıqlı gənc kimi xatırlayıram. Məmmədəli dayı həm də, daxilən büllur kimi saf, su kimi təmiz , şəffaf, əməli-saleh insan idi.
O, məni məktəbdə yaxşı oxuduğuma görə çox sevərdi. Məni hər dəfə görəndə sorğu-suala tutardı. Yadımdadır, o, qonşuluqdakı uşaqlar arasında tez-tez bilik yarışları keçirərdi. Çox zaman yarışların qalibi mən olardım. Bu səbəbdən Məmmədəli dayı mənim xətrimi çox istəyirdi.
O, çox səliqəli geyinər, paltarı həmişə ütülü olardı. Onu heç zaman səliqəsiz görməzdim. Mən Məmmədəli dayını çox sevirdim. Çünki, o əsl ziyalı idi.
Ölümündən 3 gün əvvəl…
Faxralıda evimizin bayır (kənddə “yol qapısı” deyirlər) qapısı səhər tezdən bağlı idi. Kimsə qapımızı döyürdü. Tez bayıra çıxdım. “Kimdir?” deyə ucadan səsləndim və qapıya tərəf getdim. “Ay Rəşid mənəm”, – dedi. Mən Məmmədəli dayının səsini tanıdım və tez qaçaraq qapını açdım. O əlindəki fənəri mənə göstərdi. “Gecələr tez-tez lazım olur, bəlkə sizdə bunun batareykaları olar?”, – dedi.
Atam mənə təzə fənər və ehtiyat batareykalar almışdı. “Yəqin haradansa Məmmədəli dayı xəbər tutub, ona görə bizə gəlib” – deyə fikirləşdim və tez cavab verdim:
– Bəli var, Məmmədəli dayı! Bir dəqiqə gözləyin gətirim, – deyərək batareykalar dalınca qaçdım.
Məmmədəli dayı fənəri yananda çox sevindi və mənə qəpik pul da uzatdı. Mən “hədiyə verirəm”, – deyərək, puldan imtina etdim.
O sevinərək uzaqlaşdı, mən isə dünyalar qədər xətrini istədiyim Məmmədəli dayıma yaxşılıq etdiyimə görə özümü xoşbəxt sandım.
Ölümündən 2 saat əvvəl…
Mən Şahbuzlu məktəbində oxuyurdum. 1975-ci ilin 13 yanvar günü idi. Həmin gün hava çox küləkli idi. Hava soyuq və temperatur bir qədər aşağı düşmüşdü. Tənəffüs vaxtı idi. Sinifimizin qarşısındakı balkonda dayanmışdım. Bu zaman Məmmədəli dayımı Şahhuzlu yolu ilə yuxarı evlərinə qayıtdığını gördüm. O ətrafa baxmadan yüksək sürətlə addımlayırdı. Elə bil harasa tələsirdi. Onu gördüyümə çox sevindim. Lakin bilmirdim ki, bu mənim onu sonuncu görməyim olacaq…
Dərs başa çatdı, mən evə gəldim.
Birdən kimsə qara xəbər gətirdi: Məmmədəli dayı xəstələnib…
Tez, bütün qohum-qonşu onlara yollandıq. Həkim də çağırdılar. Heç bir faydası olmadı, artıq gec idi. Məmmədəli dayım keçinmişdi.
Mən çox sarsıldım. İnana bilmirdim nə baş verib. Uzun müddət daxilən qapalı oldum. Belə bir insanı bir daha görə bilməyəcəyimi fikirləşəndə məni dəhşət bürüyürdü… Heyif, o insana, çox heyif… Allah rəhmət eləsin!
Yadımdadır, o dəfn olunanda, həmin fənəri də yandıraraq yanına qoydular. Onun qaranlıq məzarı heç olmasa bir günlük işıqlı olacaqdı.
Ölümündən sonra…
Məmmədəli dayımın məzarı Faxralı kəndinin yuxarısında yerləşiən qəbrstanlıqdadır. O, öz yaxınlarının əhatəsinədə əbədi uyuyur.
Artıq 40 ildən çoxdur ondan ayrılmışam. Lakin, ona olan istəyim heç zaman dəyişməyib. Deyirlər nə zamansa, “zaman maşını” icad olunacaq. Onda insanlar keçmişə və gələcəyə səyahət edəcəklər. Təsəvvür edirəm, necə xoşbəxlik olardı? Onda həmin maşınla Məmmədəli dayımın yanına enər və onu doyunca bağrıma basardım…
Məmmədəli dayının ölümündən bu günədək onu yasını tutan, başı qara örpəkli xanımı Güləbətin, ərinin yadigarlarını böyüdüb boya-başa çatdırdı, hər cür çətinliyə qatlaşaraq yurd-yuva sahibi etdi.
Bu gün Məmmədəli dayının Əhməd, Nərgiz adlı oğul və Vüsalə və Pərvinə adlı qız nəvələri var. Allah onları saxlasın. Nə yaxşı sizlər varsınız. Biz Məmmədəli dayının ətrini sizlərdən alırıq.
Güləbətin xanımın sayəsində Məmmədəli dayının yaşadığı yurddan daima işıq gəlir, orada yeni həyat canlanır. Əhsən sənə dəyanətli El QIZI! Çünki, bu yurdu sən qoymadın sönməyə, onu daha da şərafətləndirdin.
Qələmə aldı: Rəşid Hüseynov (Amaşov)