Oqtay Qulu oğlu Nəbiyev

ÜRƏKDƏ OD QALASIN

Görkəmli pedaqoq S.M.Qənizadənin dediyi kimi, kitabxananı evi, dəftər yox­lamağı istirahət, uşaqların səs-küyünü nəğ­mə və elin məhəbbətini ən böyük qazanc sayan müəllimlər haqqında indi­yədək çox yaz­mışam. Ola bilsin, bunu mənim özü­mün də müəllim olmağımla bağlayanlar da tapı­lacaq. Bəlkə də, onlar hardasa haqlıdırlar. Artıq 40 ilə yaxındır ki, pedaqoji sahədə çalışıram. Üstəlik bu illərin çox hissəsini məktəb direktoru vəzi­fəsin­də çalışdığımdan müəllimlərlə daha çox ünsiy­yət­də olmağım bu müqəddəs peşə sahiblərini yaxından tanımağıma imkan yara­dıb. Və bu illər ərzində bir qənaətim ildən-ilə möhkəmlənib ki, pe­daqoji ixtisas verən ali təhsil ocağını bitirmək, yəni müəllimlik dip­lomu almaq hələ müəllim olmaq demək deyildir. Burada sa­vad­la yanaşı, əxlaqi keyfiyyətlər də mühüm rol oynayır. Müəllim olmaq istəyən şəxs həm də yerişi, oturuşu-duruşu, mənəvi-əxlaqi keyfiyyətləri və digər insani dəyər­ləri ilə bu sahənin tələblərinə cavab verməlidir. Elə olmalıdır ki, dərs dediyi şagirdlər onun simasında cəmiyyətin bütöv, yetkin bir şəxsiyyətini görsünlər. Məhz belə olduqda şagirdlərdə həm elmə həvəs artar, həm də cəmiy­yət üçün layiqli vətəndaş kimi böyüyərlər.

Bəli, indiyədək müəllimlər haqqında çox yazmışam. Onların ara­sın­da vaxtilə mənə orta məktəbdə və Bakı Dövlət Universitütində dərs de­yənlər də olub, çiyin-çiyinə çalışdıqlarım da. Hər biri haqqında da böyük məhəbbətlə ürəkdən gələn sözlər demişəm. Bu yazıda da yenə müəllim şəxsiyyətindən, müəllim əməyindən söhbət açmaq istəyirəm. Fərq yalnız ondan ibarətdir ki, bu dəfəki qəhrəmanım həm də orta məktəblər üçün pedaqoji kadrlar hazırlayan təhsil ocağında çalışır.

Oqtay Qulu oğlu Nəbiyev 1960-cı il noyabr ayının 7-də Bakı şəhə­rində anadan olub. Əslən Borçalının Faxralı kəndin­dəndir. 1935-ci ildə Faxralıda anadan olmuş atası Qulu Hüseyn oğ­lu təkcə Faxralının yox, həm də Borçalının ilk ali təhsilli hü­quq­şünaslarından idi. Azərbay­can Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsini bitir­mişdi. Təəssüf ki, 1968-ci ildə təbii fəlakət nəticəsində həyata vida deyib, haqqa qovuşdu. Əslin­də isə “məclislərə bərəkət kimi sifətindən nur yağan”, sinəsində saz istəkli ürək gəzdirən ziyalı bir insan ölmədi – torpağa qovu­şub canı-qanı qədər sevdiyi Vətənin bir parçasına çevrildi.

Elimiz Qulu Nəbiyevin timsalında Azərbaycanın ən gözəl ziyalısını və hüqüqşünasını itirdi. Allah rəhmət eləsin. Qulu Nəbiyevin həyat yol­daşı Nərgiz xanım (Nərgiz mama) nə çək­disə, içində çəkdi. Əyilmədi, sınmadı. Tərbiyəli övladlar boyütdü. Hamısına ali təhsil verdi. Cəmiyyət üçün dəyərli övladlar yetirdi. Bu gün Nərgiz xanım gözəl balaları və nəvələri ilə nəfəs alır, övladları da Nərgiz xanımla. Və Nərgiz mamanın dilindən düş­məyən bir bayatısını xatırlayıram.

Əziziyəm, balasın,
Ürəkdə od qalasın.
Mən istərəm balamı,
Balam istər balasın.

Bəli, Oqtay Nəbiyev içində yanar ürək gəzdirən və ürək­lərdə od qalayacaq yüzlərlə Vətən oğlullarından biridir.

O, 1967-ci ildə Bakının Yasamal rayonundakı 31 saylı mək­təbin 1-ci sinfinə qəbul olunub, sonra təhsilini Nəsimi rayonun­dakı 247 saylı məktəbdə davam etdirib və 1977-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə də Azərbaycan Dövlət Uni­ver­sitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1982-ci ildə həmin universiteti bitirərək riyaziyyatçı, riya­ziyyat müəllimi ixtisaslarına yiyələnib.

Universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə orta mək­təbdə riyaziyyat müəllimi kimi başlayıb. Belə ki, təyinatla Dəvəçi (indiki Şab­ran) rayonuna göndərilib və 1982-1985-ci illərdə burada riyaziyyat müəl­limi kimi çalışıb.

1987-ci il mart ayının 2-dən əmək fəaliyyətini Azərbaycan Müəl­limlər  İnstitutunda davam etdirir. Müxtəlif  illərdə həmin ins­titutda proq­ram­çı mühəndis, metodist, laboratoriya və kabinet müdiri vəzifələrində çalışıb. 2002-ci ildən isə “Riyaziyyat və onun tədrisi metodikası” kafed­ra­­sın­da baş müəllim vəzifəsində çalışır. Eyni zamanda Bakı Qızlar Uni­ver­­sitetində “Kompüter mərkə­zi”nin müdiri vəzifəsində fəaliyyət göstərir.

Bəllidir ki, son illərdə təhsilimzidə nəzərəçarpacaq key­fiy­yət dəyi­şiklikləri olub. Demək olar ki, bütün fənlər üzrə yeni dərs­liklər, müəl­limlər və şagirdlər üçün köməkçi vəsaitlər ya­zı­laraq nəşr olunub. Artıq şagirdlərin biliyinin qiymətləndi­ril­mə­sində də yeni qaydalar tətbiq olu­nur. Bütün bunların nəzəri əsasları isə pedaqoji ali məktəblərdə, o cüm­lədən Oqtay müəl­limin də çalışdığı Azərbaycan Müəllimlər İnstitutunda işlənib ha­zırlanır. Bu istiqamətdə onun da böyük xidmətləri var. O, orta mək­təblərin I, V, X və XI sinifləri üzrə “İnformatika” proq­ram­larının  və V-VI siniflər üçün riyaziyyat, VII-IX siniflər üçün cəbr və həndəsə fənlərindən didaktik materialların müəllif­lə­rin­dən biridir. Ali məktəbin bakalavr pilləsi üçün “Riyaziyyatın ib­tidai kursunun nəzəri əsasları” dərs vəsaitinin, V-IX siniflər üçün riyaziyyatdan “Didaktik materiallar” (cəbr və həndəsə fən­lə­ri üzrə, sayı 8), “Riyaziyyat – 4” (Müəllimlər və valideynlər üçün) metodik vəsaitlərinin və 40-a yaxın elmi-metodik mə­qalənin müəllifidir.  Müntəzəm olaraq respublika və beynəlxalq səviyyəli elmi-praktik kon­frans­larda məqalə və tezislərlə çıxış edir.

Respublikada fəaliyyət göstərən informatika və riyaziyyat müəllim­lərinin yetişdirilməsində və təkmilləşdirilməsində onun əməyi xüsusilə qeyd olunmalıdır.

Pedaqoji fəaliyyətlə yanaşı, həm də məhsuldar elmi axtarışları ilə se­çilən O.Q.Nəbiyev eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazir­liyinin “Fizika, Riya­ziy­yat və İnfor­ma­tika tədrisi” elmi-nəzəri və metodik məcmuəsinin məsul katibidir.

Oqtay həm də gözəl ailə başçısı, iki övlad atasıdır. Övlad­larının hər ikisi ali təhsillidir. Həyat yoldaşı Sədaqət xanım da müəllimdir, Bakı Qızlar Universitetində çalışır.

Oqtay müəllim xeyli vaxtdır ki, üzərində işlədiyi “Riya­ziyyat dərs­lərində şagirdlərin alqoritmik mədəniyyətinin forma­laş­­dırıl­ması” mövzu­sunda dissertasiya işini müdafiə edib. İnanıram ki, o bundan sonra elmi fəaliyyətində böyük uğurlar əldə  Faxralının alimləri sırasında özün layiqli yerini tutuacaq, “Fax­ralı kimi ağır elim var mənim” deyən şair Nəbinin bu məşhur kən­dinə bir daha başucalığı gətirəcək. Ona bu yolda uğurlar arzulayırıq.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur