Rəhim Mahmud oğlu Mahmudov

MƏNALI ÖMÜR YOLU

Hər dəfə yolum Borçalıya – boya-başa çat­dığım doğma Faxralıya düşəndə mütləq bir vaxtlar mənə dərs demiş müəllimlərlə görü­şü­rəm. Sanki yenidən məktəb illərinə qayıdıram. Şirin xatirələr çözələnərək kino lenti kimi göz­lərim önündə canlanır. Elə bil hər şey dü­nən olubmuş, orta məktəbi bitir­di­yimizdən heç onil­liklər də keçməyib. Adama elə gəlir ki, in­dicə müəllim sinfə daxil olub dərsə başlayacaq.

…Yetirmələrinin sorağı Borçalının hü­dud­­­­larını aşaraq dünyanın müxtəlif güşələ­rindən gələn Faxralı orta məktəbində minlərlə könüldə özünə yuva quran, ümumxalq məhəbbəti qazanan müəllimlər çoxdur. Ondan biri də Rəhim Mahmud oğlu Mahmudovdur.

Rəhim Mahmud oğlu 1930-cu ildə Faxralıda kəndli ailəsində anadan olmuş, 1937-ci ildə burada orta məktəbin  birinci sinfinə daxil olmuşdur.

Uşaqlığı qanlı-qadalı ikinci dünya müharibəsi illərinə təsədüf etdi­yindən, bir çox yaşıdları kimi, o da təhsilini yarımçıq qoymaq məcbu­riyyətində qalmış, Faxralı kəndindəki kolxozda böyüklərlə birlikdə işlə­mişdir. Sonralar onun bu fədakarlığı, zəhmətə bağlılığı layiqincə qiymət­ləndirilmiş və o, “1941-1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə” medalı ilə təltif olunmuşdur.

Müharibədən sonra Rəhim Mahmudov təhsilini davam etdirmiş və 1952-ci ildə Faxralı orta məktəbini gümüş medalla bitirərək Azərbaycan Dövlət Unmiversitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1957-ci ildə universiteti bitirərək ali təhsili mütəxəssis kimi Borçalıya qayıdan Rəhim müəllim Faxralı orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

Elmin sirlərinə dərindən bələd olması, pedaqoji ustalığı, kəndin və rayonun ictimai həyatında, elin xeyir-şərində yaxından iştirak etməsi və bir də ən əsası, əsl ziyalı mədəniyyəti nümayiş etdirməsi diqqətdən kə­nar­­da qalmamış və ona böyük etimad göstərilmişdir. O, 1968-1986-cı illərdə Faxralı orta məktəbində direktor və dərs hissə müdiri vəzifələrində çalışmışdır. Rayonun pedaqoji ictimaiyyəti arasında böyük hörmət və nüfuz qazanan Rəhim müəllim 1960-cı ildən 1990-cı ilədək Bolnisi rayon Təhsil Şöbəsində fizika üzrə metodbirləşməyə rəhbərlik etmiş, həmkar­larına köməyini əsirgəməmiş, gənc müəllimlərə öz təcrübəsini öyrətmişdir. Onun bu zəhməti də öz qiymətini almışdır. Gürcüstan Maarif Nazirliyi tərəfindən ona “Metodist müəllim” adı verilmiş, “Əmək­də fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Rəhim Mahmudov dəfələrlə kənd və rayon Sovetinə deputat seçi­lərək müəllimliklə yanaşı, rayonun ictimai həyatında, müxtəlif problem­lərin həllində yaxından iştirak etmişdir.

Ömrünün müdriklik zirvəsini yaşayan Rəhim müəllimin keçdiyi hə­yat yoluna nəzər salanda fəxr etməyə sözün tam mənasında haqqı vardır. İndi onun yetirmələrinin sorağı dünyanın müxtəlif güşələrindən gəlir. Müxtəlif peşə sahibi olan bu  insanların qəlbində Rəhim müəllimə böyük rəğbət və məhəbbət vardır.

Gözəl ailə başçısı, qayğıkeş ata olan Rəhim müəllimin qızları onun yolu ilə gedərək müəllimlik peşəsini seçmişlər. Aygün Məmmədova Fax­ralı orta məktəbində fizikadan, Tamam Babaşova isə Bakıdakı 169 saylı orta məktəbdə riyaziyyatdan dərs deyir. Sevinc Mahmudova da mü­əl­limədir, Faxralıda ibtidai siniflərdə dərs deyir. Hər üçü də atalarının layiqli davamçıları kimi onun adına layiq övladtək fəaliyyətlərini davam etdirilər.

Rəhim müəllim hərdən şeir də yazır. Könlünü belə boşaltmasından  zövq alır. Xalası oğlu İlyas müəllimlə yaxşı deyişməsi və məktublaşması var. Mən onlarla tanışam. Xalasıoğlu İlyas müəllimə yazdığı şerdən misal çəkmək istəyirəm:

Gəlib çatdıq biz zbora[1]
İşlər pisdir, ay xalaoğlu.
Qaçırdırlar sağa, sola.
Gəl günləri say xalaoğlu.

Sözün doğrusu budur,
Komandirin hirsi  tutur.
Kazarmanız uçub gedir.
Günlər geçir zay, Xalaoğlu.

Hazırda təqaüddə olan Rəhim müəllimə uzun ömür, cansağlığı arzu edirik. Biz bilirik ki, o, indi də müəllimlik peşəsindən əl çəkməyib. Yenə də gənclərin, yaxın və uzaq ətrafının tərbiyəsi və düzgün yol tutması üçün daim narahatlıq keçirir.

P.S. Bu yazı Rəhim müəllimin sağlığında yazılıb. Allah rəhmət eləsin!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

[1] Hərbi toplanış nəzərdə tutulur

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur