Səyyad Əhməd oğlu Hüseynov

ƏQİDƏLİ ZİYALI

Faxralı ziyalılarından söz düşəndə həmişə adı hörmətlə çə­ki­­lənlərdən biri də artıq ömrünün yeddinci onilliyini tamamlamış Səy­yad Hüsey­novdur. Uzun müd­dətdir ki, Faxralıdan aralıda – Sumqayıt şəhərində yaşayıb fə­aliyyət göstərsə də doğma yurd­dan bircə an aralı olmayıb Səy­yad müəllim. Tez-tez Borçalıya – ağır elli Faxralıya baş çəkib, eloğlularının gün-güzəranından, dolanışığından halı olub. Bakıda və Sumqayıtda yaşayan fax­ralılarla isə əlaqəsi daha sıx olub, həmyerlilərinin xeyir-şərində tapılıb. Heç vaxt nə sözündə, nə də əməlində saxtakarlıq olma­yıb, heç nə onu əqidəsindən, inamından döndərə bilməyib. Xarakter bütövlüyü ilə seçilib və bu bütövlük onun həyatda qayəsinə çevrlib, yol yoldaşı olub. Bir vətəndaş kimi bütöv olub, ziyalı kimi, müəllim kimi bütöv olub. Bəziləri kimi za­man, şərait dəyişəndə mövqeyini dəyişməyib. Borçalımızı hər yerdə ləyaqətlə təmsil edib, onun adına xələl gətirəcək addım atmayıb. “Səngərim” şeirində yazdığım kimi:

Yüksəkdəsən qəm – qüssədən, qəhərdən,
At üstəsən, düşməmisən yəhərdən.
Dosta dostsan, düşməninə zəhərdən
Daha da acısan, acı Səngərim.

Faxralıda Səməndərə qalasan,
Sinən  üstə nəyin varsa qala san.
Arzum budu, qaldığın tək qalasan,
Möhtəşəm Səngərim, uca Səngərim!

Səyyad müəllim heç vaxt dəyişmədi, necə var elə də qaldı. Bir­üz­lü kişilərdən olmasını günümüzə qədər qoruyub saxlaya bildi.

Son zamanlar çoxları insani dəyərlərin aradan çıxdığından, milli mentalitetimizə məhəl qoyulmadığından gileylənirlər. Am­­ma Səyyad müəllim kimi kişilərlə ünsiyyətdə olanda qəlbin bir az rahatlanır, özlüyündə bir təskinlik tapırsan ki, yüksək əxlaqi dəyərlərin nə demək olduğunu yalnız bu dəyərləri qo­ruyub saxlayan, yaşadan, onu nəsillərə ərməğan etməyə çalı­şan­lar bilər və nə yaxşı ki, belə insanlar var. Deməli, hələ yaşamağa dəyər.

…Səyyad Əhməd oğlu Hüseynov 1939-cu il sentyabr ayının 5-də Gürcüstanın o vaxtkı Lüksemburq (indiki Bolnisi) rayo­nu­nun Faxralı kəndində kolxozçu ailəsində anadan olub. 1948-ci ildə Faxralı orta məktəbinin birinci sinifinə gedib və 1958-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Ali təhsil almaq istəyi ilə Bakıya gələn S.Hüseynov sənədlərini Azər­baycan Politexnik İnstitutunun inşaat fakültəsinə verib və qəbul imtahanlarından müvəffəqiyyətlə çıxaraq tələbə adına layiq görülüb. 1963-cü ildə həmin fakültədə təhsilini uğurla başa vu­ra­raq sənaye və mülki tikinti ixtisası üzrə inşaatçı-mühəndis dip­lomu alıb. O vaxtlar ali məktəbi bitirənlər gənc mütəxəssis kimi işlə təmin olunurdular. Səyyad Hüseynov da təyinatla Sum­­qayıt şəhərinə göndərilib. Burada o,  respublika Sənaye Tikintisi Nazirliyinin Sumqayıtdakı 1 saylı tikinti trestində əmək fəaliyyətinə başlayaraq bu şəhərdə tikilməkdə olan Kimya Kombinatının inşasında çalışıb. Bir neçə ay burada tikinti ustası kimi fəaliyyət göstərdikdən sonra hərbi xidmətə çağırılıb və 1963-cü ilin oktyabrından 1965-ci ilin dekabr ayınadək Belorusiyada hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə – 1965-ci ildə həmçinin Brest şəhərində ehtiyat zabitlər hazırlayan üç aylıq kursu da bitirib.

1965-ci ildə orduda xidmətini başa vuran Səyyad Hüseynov yenidən Sumqayıt şəhərinə – əvvəlki iş yerinə qayıdıb və burada tikinti ustası, iş icraçısı və sahə rəisi vəzifələrində çalışıb.

Dörd il istehsalatda çalışdıqdan sonra pedaqoji sahəyə keçən S.Hüseynov 1969-cu ilin oktyabr ayından Sumqayıt Politexnik texnikumunda çalışmağa başlayıb. Burada ixtisas fənn müəl­li­mi kimi ilk pedaqoji təcrübəsinə başlayan Səyyad Əhməd oğlu tezliklə kollektivdə böyük hörmət və nüfuz qazanıb, isteh­sa­lat­da tətbiq etdiyi nəzəri bilikləri tələbələrə böyük uğurla öyrədə bilib. Qısa müddətdə qazandığı pedaqoji təcrübə texnikum rəhbərliyinin diqqətindən yayınmayıb və o, fənn komissiya­sı­nın sədri, sonra qiyabi şöbənin müdiri vəzifəsinə təyin olunub.

1977-ci ildə Azərbaycan KP MK Marksizm-Leninizm Uni­versiteti Sumqayıt fılialının ikiillik partiya-təsərrüfat şöbə­sini də fərqlənmə diplomu ilə bitirən Səyyad müəllim texnikumun və Sumqayıt şəhərinin ictimai həyatında da yaxından iştirak edərək müxtəlif illərdə burada xalq nəzarəti qrupunun və yerli həmkarlar komitəsinin sədri, partiya təşkilatının katibi olub.

1985-ci ildə isə ona daha böyük etimad göstərərək tədris iş­lə­ri üzrə direktor müavini vəzifəsinə irəli çəkiblər. 1988-ci ilə­dək bu vəzifədə, 1989-cu ilin yanvar ayından 2000-ci ilin okt­yabr ayınadək yenə Sumqayıt Politexnik Texnikumunda, sonra isə Bakı Texniki Kollecinin Sumqayıt şöbəsində, Sum­qayıt Dövlət Texniki Kollecində müəllim  kimi pe­­daqoji fəaliyyətini uğurla davam etdirib.

Səyyad müəllim pedaqoji fəaliyyətlə yanaşı şəhər və texni­kum miqyaslı tədbirlərin aparıcılarından olub, müxtəlif mət­bu­at səhifələrində müxtəlif mövzulu yazıları dərc olunub, res­pub­li­­ka və şəhər radiosunda müntəzəm olaraq çıxış edib.  Eyni za­man­­­da bir çox elim-nəzəri və praktik konfranslarda müxtəlif möv­­zulara və tarixi hadisələrə həsr edilmiş məruzələrlə çıxış edib.

Səyyad Hüseynovun bu fədakar əməyi diqqətdən yayın­ma­yıb, öz layiqli qiymətini alıb. Hələ ordu sıralarında xidmət edər­kən – 1965-ci ildə “1941-1945-ci illər – Böyük Vətən müharibəsində qələbənin iyirmi illiyi” yubiley medal və iki dəfə – 1973 və 1978-ci illərdə “Sosializm yarışının qalibi” döş nişanı ilə təltif olunub.

Yuxarıda da qeyd etdiyimiz kimi, dönməz əqidəyə malik olan Səyyad Əhməd oğlu Azərbaycan Kommunist Partiyasının və Sov.İKP-nin üzvüdür. Fəal ictimai-siyasi fəaliyyətinə görə “Lenin ordeni” ilə təltif olunub.

İki oğul, bir qızın atası, üç istəkli nəvənin sevimli babası olan Səyyad müəllim ömrünün səkkizinci onilliyində ilk ad­dım­larını atmaqdadır. Faxralılar üçün qədirbilən eloğlu, övlad­ları üçün qayğıkeş ata, nəvələri üçün hər kəlməsi hikmət dolu baba olan Səyyad müəllimə talenin ona bəxş etdiyi ömür payını bundan sonra da ağrı-acısız, qayğısız yaşamağı arzu edirik.

P.S. Təəssüflər olsun ki, bu yazını oxumaq Səyyad müəllimə qismət olmadı. 2009-cu ilin dekabrında qəflətən dünyasını dəyişdi. Allah rəhmət eləsin!

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur