YANAR ÜRƏK
Onun barəsində nəsə yazmaq mənim üçün həm çətindir, həm də asan. Çətindir ona görə ki, Faxralı tək bir ağır eldə dünyaya göz açıb, sonralar nəinki təkcə bu kənddə, bütünlükdə Borçalıda ad-san, böyük nüfuz qazanaraq hörmət sahibi olmuş, hələ gənc yaşlarından ağsaqqallıq zirvəsinə ucalmış bir adam haqqında söz demək böyük məsuliyyət tələb edir. Asandır ona görə ki, mən onu yaxından tanımış, bir şəxsiyyət kimi daim böyük hörmət bəsləmişəm. Bir də axı, hər kəsin özü haqqında öz əməlləri ilə dediyini adi bir qəzet yazısında necə deyəsən. Xeyirxah əməlləri, gördüyü işlərlə hələ sağlığında ikən ölməzlik zirvəsinə ucalaraq minlərlə ürəkdə özünə yuva quran Sədrəddin Namazov da belələrindəndir. Özü haqqında ən yaxşı sözü əməlləri ilə deyib bir səlnamə yaradan bu böyük şəxsiyyət haqqında xatirələr bir kitaba belə sığmaz. Adam bilmir hardan başlayıb harda qurtarsın, hansı işindən söhbət açsın. Hər dəfə də bu mövzuda düşünürkən bir fikir qəlbimə hakim kəsilir: o, yanar ürək idi. Ürəyini şam kimi yandırıb doğma yurduna nur çiləyirdi Sədrəddin müəllim.
…Sədrəddin Səməd oğlu Namazov 1939-cu il iyul ayının 23-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində dünyaya gəlmişdir. 1946-cı ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olmuş, 1957-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə ali təhsil almaq arzusu onu Bakıya gətirib çıxarmış və o, Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə institutda təhsilini başa vuran Sədrəddin Səməd oğlu Borçalıya ali təhsilli riyaziyyat müəllimi kimi qayıdaraq doğma Faxralıda – bir vaxtlar özünün təhsil aldığı məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Bir müddət burada çalışdıqdan sonra hərbi xidmətə çağırılmış, 1964-cü ildə ordudan tərxis olunduqdan sonra yenidən həmin məktəbdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.
1969-cu ildə pedaqoji ustalığını və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu Faxralı natamam orta məktəbinə dərs hissə müdiri vəzifəsinə irəli çəkdilər. Bu, o vaxtlar idi ki, Sədrəddin müəllim tükənməz enerji və böyük həvəslə çalışır, elin gözündə pillə-pillə ucalır, rayon pedaqoji ictimaiyyətinin böyük rəğbətini qazanırdı. Onun işinə məsuliyyətlə yanaşması, işdə prinsipiallığı və qayğıkeşliyi, tələbkarlığı, yüksək təşkilatçılıq qabiliyyətinə malik olması diqqətdən kənarda qalmadı və 1974-cü ildə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkildi. 4 il bu vəzifədə çalışaraq məktəbin rayon səviyyəsində qabaqcıllar sırasına çıxarılmasına nail oldu. 1978-ci ildə isə ona daha böyük etimad göstərildi: bu dəfə böyük kollektivə –Faxralı orta məktəbinə direktor təyin olundu. Əlbəttə, Sədrəddin müəllim üzərinə düşən işin məsuliyyətini dərk edirdi. Yetirmələrinin sorağı ittifaqın hər yerinə yayılmış, neçə-neçə alimi, həkimi, mühəndisi və qələm adamları yetişdirməsindən haqlı olaraq qürur hissi keçirən belə böyük kollektivə başçılıq etmək asan iş deyildi. Ancaq, bu vəzifəyə təyin edənlər ona inanır, ümid edirdilər. O, isə işdən yorulan, usanan deyildi. Sanki Allah onu iş üçün yaratmış və daim uğurla irəliləməsi üçün bütün müsbət keyfiyyətləri vermişdi. Xalqına xeyir verməyi bacaran və daim buna can atan adam idi. Özünü böyüklə böyük, kiçiklə kiçik kimi aparır, hər kəslə ünsiyyət yaratmağı bacarırdı. Eldə-obada gündən-günə hörməti artır, nüfuzu yüksəlirdi. Rayon rəhbərliyi də ona perspektivli bir rəhbər işçi kimi baxırdı. Elə bu inam və etimadın nəticəsidir ki, bir il Faxralı orta məktəbinin direktoru işlədikdən sonra 1979-cu ildə o, təkcə Bolnisi rayonunda deyil həm də Gürcüstanda böyük və qabaqcıl təsərrüfatlardan biri olan Faxralı üzümçülük sovxozu partiya təşkilatının katibi kimi daha məsul bir vəzifəyə irəli çəkildi.
Atalar yaxşı deyib: elin gözü tərəzidir. Sədrəddin müəllimin fədakar əməyi, doğma elinin abadlaşdırılması, əhalinin rifah halının yaxşılaşdırılması naminə yorulmaz fəaliyyəti qədirbilən faxralıların diqqətindən yayınmırdı. Onun işgüzarlığından, böyük-kiçik yeri bilməsindən, ağsaqqallara, ağbirçəklərə böyük sayğı ilə yanaşmasından, tabeliyində olanlara qarşı tələbkarlığı ilə yanaşı həssaslığından ağız dolusu danışırdılar. Dəyərli məsləhətləri çoxunun karına gəlirdi. Dəqiqliyi və düzgünlüyü çox sevirdi.
1982-ci ildə həmyerliləri ona daha böyük etimad göstərərək Faxralı kənd sovetinin sədri vəzifəsinə seçdilər. Ömrünün sonuna – 1991-ci ilədək bu vəzifədə çalışan S.Namazov rayon ictimaiyyətinin və faxralıların böyük hörmət və rəğbətini qazandı.
O, hansı vəzifədə çalışmasından asılı olmayaraq, halallıq prinsipini hər şeydən üstün tutdu, elinə-obasına sədaqətlə xidmət etdi. Sözü ilə əməli bir olan bütöv bir KİŞİ ömrü yaşadı. Təkcə Faxralıda deyil, bütövlükdə Borçalıda ad-san qazandı. Bu gün də o, minnətdarlıqla xatırlanır, haqqında ancaq xoş sözlər söylənilir, qədirbilən Faxralı camaatı onun xatirəsini daim əziz tutur.
…Xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutanlar heç vaxt ölmür, əbədi ölməzlik zirvəsinə ucalırlar. Ömrünü xalqının yolunda şam kimi əridən S.Namazov haqqında şirin xatirələr də onu tanıyanların qəlbində əbədi yaşayacaq, onun Yanar ürəyinin şöləsi hələ neçə-neçə könülləri isidəcək, yollarına nur saçacaqdır.
Mənbə : Səməndər Məmmədov – “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2009, I kitab.