Şahpəri Hüseynqızı

NURLANSIN HƏYATIN, ÇİL-ÇIRAQ OLSUN…

İstər bədii olsun, istər elmi, siyasi, bütövlükdə ən müxtəlif baxışları, prinsipləri əks etdirən publisistika təkcə demokratiyanın göstəricisi deyil, həm də fərdin yaradıcı təfəkkürünü cəmiyyətin inkişafına, ictimai şüura təkan verən amillər sırasına çıxarır. Bu yöndən yanaşılarsa, istənilən yaradıcı insanın, sənətkarın publisistikası daha çox onun vətəndaş mövqeyini qabardır.

Siyasi publisistikanın dəyərli nümunələrindən sayılan “Kəmalüddövlə məktubları”nın müəllifi Mirzə Fətəli Axundzadənin adı ilə bağlı olan Azərbaycan publisitikasının tarixi zəngindir. Şəfiqə Əfəndizadə isə Cənubi Qafqazada ilk qadın Azərbaycan dili müəllimi, həm ilk azərbaycanlı jurnalist-publisist qadın olub. XX əsrin əvvəlində fəaliyyətə başlayan bu maarifçi xanım bir pedaqoq və bir jurnalist kimi cəhalətə və ədalətsizliyə qarşı tam gücü ilə mübarizə aparıb. Ş.Əfəndizadənin qadınların acınacaqlı vəziyyətinə həsr olunmuş məqalələri müəllifin öz həyatını da çətinləşdirib, bəzən hətta təhdid və hədələrlə üzləşdirib.

Müasir Azərbaycan publisistikasında imzasına hörmət edən təcrübəli pedaqoq Şahpəri Hüseynqızının yaradıcılığı haqda yazmaq bu sətirlərin müəllifi üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, onunla ömür-gün yoldaşı, bir elli, həmkəndli və həmkar olduğumçün, peşə və yaradıcılıq müstəvisində etibarlı tərəf-müqabili olduğumuz üçün onu yaxından tanıyıram. Çətindir ona görə ki, barəsində qələmə aldığım dəyərləndirmələr təvazökarlıq həddini aşmamalı, mübaliğəsiz olmalı, eyni zamanda layiq olduğu qiymətdən də az görünməməlidir.

Ay Şahpəri! İnsanlığın tükənməz
O yanar ürəyin alışar, sönməz.
Məsləkin, amalın, əqidən dönməz,
Dağların saflığı qəlbinə dolsun,
Altımış yaşın mübarək olsun!

Şahpəri Hüseynqızı 1958-ci ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirdikdən sonra bir müddət Lerik rayonunda və Bakı şəhərində orta məktəbdə müəllim və direktor müavini işləyib. Hazırda pedaqoji fəaliyyətini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirir. Şahpəri Hüseynqızı təhsilin müxtəlif problemləri ilə bağlı aktual yazılarla respublika mətbuatında müntəzəm çıxış edir. O, həmçinin indiyədək bir neçə bədii kitabın redaktoru olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Şahpəri müəllimənin mövzu aydınlığı ilə seçilən, müxtəlif mövqe və maraqları əks etdirən məqalələri təkcə təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmir, daha geniş oxucu kütləsi tərəfindən də maraqla qarşılanır. Nə vaxtsa Şahpəri müəllimə haqqında demiş olduğum sözləri respublikanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məqalələrinin birində belə xatırladıb: “Səməndər müəllim yaradıcılığından danışanda ilk növbədə Şahpəri xanımın adını minnətdarlıqla çəkir, deyir ki, onun diqqəti, yaradıcılığıma qarşı həssaslığı olmasaydı, bəlkə, mən heç bu qədər yazıb-yaratmazdım”.

Minnətdaram ki, dostumuz Musa müəllim bizim qurduğumuz ailəni gənclərə nümunə kimi göstərib: “Səməndər müəllimin təyinatdan yayınmaq imkanları var idi. Ən azından ailə qurması barədə rəsmi orqanlara arayış təqdim edib azad təyinat ala bilərdi. Amma o, buna getmədi. Əksinə, universiteti ondan bir il sonra bitirən ömür-gün sevdası Şahpəri xanımın təyinatını da Lerikə yazdırdı. Və bu gənc ailə C.Ruminin bir müdrik nəsihətinin işığına sığınaraq daha böyük xoşbəxt gələcək naminə birgə fəaliyyətə başladı: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma və əgər sənə xoşbəxt tale yazılıbsa o, səni tapacaq”. Onların hər ikisi L.Tolstoyun “Yaşamaq lazımdır, sevmək lazımdır və inanmaq lazımdır, M.Ordubadinin “Əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir” kimi qiymətli fikirlərinə həmişə sayğılı oldular. Gəncliyin bu qızıl dövrünü elə yaşadılar ki, indi o illərin şirin xatirələrindən danışmaqla doymurlar… Səməndər müəllimin bir ailə başçısı kimi xoşbəxtliyi ondadır ki, qurduğu ailə hər şeydən əvvəl sadəlik, səmimiyyət, xeyirxahlıq və həqiqət kimi vacib təmələ söykənib. Və bir də ondadı ki, Şahpəri xanım yaxşı bilirdi: “Ailə quruluşunun dərs kitabını qadının özü yaratmalıdır” (M.S.Ordubadi). Və heç kəsin ailə kitabına bənzəməyən, amma böyüklərin öyüd-nəsihətindən güc alan özünəməxsus bu kitabı sətir-sətir yazırdı”.

Ömür yollarında deyib-gülmüşük,
Çətinliklər olub, sinə gərmişik.
Özümüzü dünyanın safı bilmişik,
Nurlansın həyatın, çil-çıraq olsun,
Altımış yaşın mübarək olsun!

Şahpəri xanımla ömür-gün yoldaşı kimi birgə yaratdığımız əsərlər böyüdüb boya-başa çatdırdığımız, kamil həyata vəsiqə verdiyimiz, cəmiyyətdə qazandıqları nüfuz ilə ümidlərimizi doğruldan övladlarımızdır, gözəl-göyçək nəvələrimizdir, həmkar olaraq zəhmətimizin bəhrəsi uğurlarına sevindiyimiz şagirdlərimizdir, qələm dostu olaraq birlikdə ərsəyə gətirdiyimiz hələlik ən yaddaqalan iş isə həmmüəllif olduğumuz “Pedaqoji düşüncələr” kitabıdır. Filologiya elmləri namizdəi Razim Məmmədli həmin kitaba yazdığı ön sözdə Şahpəri müəllimə ilə birgə əməyimizin məhsulu olan “Pedaqoji düşüncələr”i müəllimlər, valideynlər, gələcəkdə müəllim olacaq ali məktəb tələbələri – bir sözlə, bütün təhsil işçiləri və eyni zamanda geniş ictimaiyyət üçün gözəl hədiyyə kimi dəyərləndirmişdir.

Oxucu qarşısına birgə çıxsaq da, kitabda yer alan məqalələr sırasından məhz Şahpəri müəllimənin qələmə aldığı “Şagirdlərin vətənpərvərlik tərbiyəsi”, “Müəllim-şagird münasibətləri”, “Bir daha dərsliklər haqqında”, “Məktəb və ailə münasibətləri” sərlövhəli və digər məqalələri hələ kitab işıq üzü görməzdən əvvəl respublikanın nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunmuş və alqışlanmışdır. Sevindirici haldır ki, Şahpəri Hüseynqızının həmin məqalələrdə qaldırdığı problemlərin bir çoxu sonradan ölkənin təhsil rəhbərliyi tərəfindən nəzərə alınmış, peşəkarcasına toxunduğu məsələlərin həllinə nail olunmuş, müşahidə etdiyi uyğunsuzluqlar aradan qaldırılmışdır.

Şahpəri müəllimənin incə məsələ kimi yanaşdığı müəllim-şagird münasibətlərində həm də novator olduğuna dəlalət edən, aktuallığını itirməyən bəzi fikirlərinin altını cızmağı vacib sayıram: “Müasir gənclik bir növ qayda-qanun sevməyən, sərbəstliyə daha çox meyilli, ata-ana və məktəb nəzarətini qəbul etməyən gənclikdir. Bu, həm onların dünyagörüşününü genişlənməsi ilə, həm də böyüklərin onlara yuxarıdan aşağı baxmaq vərdişlərinə dözə bilməmələri ilə bağlıdır. Bu işdə gəncliyi qınamaqdan çox ona yardım etmək, hiss etdirmədən pis vərdişlərə yiyələnmələrinin qarşısını almağa çalışmaq lazımdır. Əlbəttə, məktəbin və müəllimin üzərinə düşən məsuliyyət daha böyükdür. Çünki yeni insan tərbiyəsindən söhbət edəndə köhnə üsullardan danışmaq yersizdir. Bu və ya digər amillər müasir müəllimin gündəlik fəaliyyətinin əsasını təşkil etməlidir. Bu gün müəllimin hər bir dərsi şagirdlər üçün açılan sabah olmalı, onları yeni təlim materialları ilə təmin etməklə, təfəkkür müstəqilliyini formalaşdırmalıdır”.

Şahpəri Hüseynqızı hesab edir ki, müəllim öz şagirdinə təkcə bilik verməklə kifayətlənməməlidir, həm də onun daxili aləminə sirayət etməyi bacarmalı, şagirdini dərindən öyrənməli, onu hərtərəfli tanımalıdır: ”Müəllim şagirdin daxili dünyasına sirayət etməklə hər şagirdə fərdi yanaşmalıdır. Çalışmalıdır ki, şagird onu təkcə elm öyrədən yox, həm də bir ata, ana, onu mənən duyan sirdaş bilsin”.

Şahpəri müəllimənin öz çoxillik pedaqoji təcrübəsindən çıxardığı nəticələrdən biri də budur ki, çox vaxt şagird hansısa müəllimin şəxsiyyətinə hörmət etmədiyindən onun tədris etdiyi fənni də sevmir, oxumur: “Ona görə də müəllim şagirddə təkcə fənninə deyil, həm də öz şəxsiyyətinə də maraq və hörmət hissi tərbiyə etməlidir. Maraq şəxsiyyətin inkişafında əsas rol oynayan vasitələrdən biridir. Şagirdin hər bir yaxşı cəhəti müəllim tərəfindən qiymətləndirildikdə onda özünəinam hissi güclənir və qorxu aradan qalxır… Bu gün parta arxasında oturan hər bir şagird bir dünyadır. Gərək bu dünyanın sirli qapılarını açıb oraya daxil olmağı bacarasan və bu dünyada elə bir işıq yandırasan ki, onun nurundan başqalarına da pay düşsün”.

İki il qabaq Ulu Öndər Heydər Əliyevlə bağlı müsabiqədə II yerin qalibi olmuş Şahpəri Hüseynqızı təhsilimizin böyük qayğıkeşi olmuş Ümumilli Liderimizin bu sözlərini tez-tez xatırlayır, məqalələrində istinad edir: “Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməlidir, gənc nəsli təhsilinə, müəlliminə kömək etməlidir”.

Müəllim adını uca tutubsan,
Saysız ocaqlarda ocaq çatıbsan,
Hər yana davamlı köklər atıbsan,
Qarşında qanqallar yox olub solsun,
Altımış yaşın mübarək olsun!

Şahpəri müəlliməni daim bu suallar düşündürür: Övladlarımızın, gələcəyimiz olan uşaqların qəlbində öz kökünə, adət-ənənələrinə, mənsub olduğu millətə, onun maddi və mənəvi sərvətinə məhəbbət şamı yandıra bilirikmi? Bu uşaqların timsalında millət öz milli simasını qoruyub saxlaya biləcəkmi? O, belə qənaətdədir ki, respublikamızın suverenliyini qorumaq, siyasi və iqtisadi müstəqilliyini inkişaf etdirmək istəyiriksə, yetkin şəxsiyyətlər, milli qürur və ləyaqət hissi tərbiyə etmək lazımdır: “Hər bir şagird bilməlidir ki, o kimdir, hansı kökdən boy atıb. Axı, özünə bələd olmayan, kökünə bağlanmayan, xalqını sevməyən birinin başqasını sevəcəyinə inanmaq sadəcə gülüncdür”.

Ş.Hüseynqızı hesab edir ki, milli azadlıq ideyalarının həyat həqiqətinə çevrilərək gündən-günə genişləndiyi indiki həssas məqamda Vətənin bütövlüyü uğrunda mübarizəyə hər an hazır olan yetkin şəxsiyyətlər və əsl vətənpərvərlər yetişdirilməsi, onlara yurda sədaqət, doğma xalqa məhəbbət və düşmənə nifrət hisslərinin aşılanması təhsil işçilərinin qarşısında duran əsas vəzifədir: “Şagirdlərdə milli mənlik kimi müqəddəs hisslərin aşılanması da digər hisslər kimi təlim-tərbiyə prosesində uzun sürən bir prosesdir. Müəllim bir neçə dərsdə belə çətin və mürəkkəb işin öhdəsindən gələ bilməz. Bu, hər bir müəllimdən, xüsusilə də ədəbiyyat müəllimlərindən gərgin səy, böyük zəhmət, qətiyyət və səbir tələb edən ağır yaradıcılıq işidir. Ədəbiyyat müəllimi kimi biz də tədris zamanı bu sahəyə xüsusi diqqət yetiririk. Milli qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz haqqında əsərlərin tədrisi zamanı bu məsələni xatırlatmağa, onların xalqa, vətənə bağlılığını ön plana çəkməyə çalışırıq”.

Məsələn, M.Hüseynin qədim Alban dövlətinin başçısı Cavanşirə həsr olunmuş “Odlu Qılınc” əsərinin təhlili zamanı Şahpəri müəllimə Cavanşirin qeyrətli bir azərbaycanlı oğlu olduğunu, bütün ömrünü xalqını, torpağını yağılardan qorumağa həsr etdiyini şagirdlərin nəzərinə çatdırır: “Şagirdlərə başa salıram ki, Cavanşirin damarlarında Azərbaycanlı qanı axıbdır. Onun üçün Vətən ən müqəddəs nemət, alınmaz qaladır. Qeyrətli oğullar isə bu qalanın məğlubedilməz keşikçiləridir. Xalqımız Cavanşirin alicənablığı, müdrikliyi ilə həmişə tanınıb, torpaqlarımıza uzanan əllər kəsilib, dikilən gözlər ovulub”.

Yaxud, “Babəkin andı” (M.Rzaquluzadə) hekayəsinin tədrisi zamanı vətənpərvər müəllim şagirdlərin diqqətini qəhrəmanın dediyi bu sözlərə yönəldir: “Yox, anacan, yaxşı oğul gərək özünü, öz komasını düşünməsin. Bizim elimiz, yurdumuz var, anacan! Sənin də, mənim də böyük anamız var – Vətən!…. And içirəm Vətənimizin bağrından fışqıran odlara, and içirəm dikbaşlı azad dağlarımız üzərində ucalan günəşə, ana yur¬du¬mu¬zun üfüqlərindən yad səsləri kəsilməyincə, bu qılınc qınına girməyəcəkdir!”

Təcrübəli pedaqoqun fikrincə, şagirdlərin milli mənlik şüurunun formalaşmasında ana dilimizə münasibət də böyük əhəmiyyət kəsb edir. Axı, doğma dili sevmək, ona hörmət etmək hər bir azərbaycanlının qeyrət məsələsidir.

Şahpərisən, pərilərin şahısan,
Yurdumun layiqli vətəndaşısan.
Vətən çiçəyisən, Vətən daşısan,
Yolların həmişə gül-çiçək olsun,
Altımış yaşın mübarək olsun!

Şagirdlərinə sirdaş olan, şagird dünyasına yol göstərən mayak kimi işıq saçan Şahpəri müəllimə bu gün pedaoqji fəaliyyətini və eyni zamanda publisistikasını uğurla davam etdirir. Şadam ki, həm həyat yolunda, həm pedaqogikada, həm də ədəbiyyat müstəvisində adım 60 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Şahpəri Hüseynqızı ilə qoşa çəkilir. Bu münasibətlə onu həyat yoldaşı, övladlarının atası, nəvələrinin babası, müəllim həmkarı, qələm dostu kimi üçqat, beşqat təbrik etməkdən çox məmnunam.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur