İŞ SƏNİ YETİRƏR VARA, QAZANCA, İŞSİZ, QAZANCIN DA GEDƏR ASANCA…
Məlum olduğu kimi, aprelin 24-də Türk Dünyası Çanaqqala zəfərinin 100 illiyini təntənəli surətdə qeyd etdi. Mərasimdə Türkiyə Cümhuriyyətinin kökübir qardaşı, ən sadiq silahdaşı, strateji tərəfdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısına tədbirdə ayrılan yeri dəyərləndirməyə çalışan diplomatlar bildirirlər ki, cənab İlham Əliyev ən hörmətli qonaq, hətta bir az da artıq – ev sahibi statusunda olub. Bu da, əlbəttə, təsadüfi deyildir.
Dili bir, dini bir, mədəniyyəti bir qardaşlar olan Anadolu və Azərbaycan türklərinin həm də ortaq tarixləri var. Xeyir-şərləri bir olub, düşmənə qarşı da birgə savaşıblar.
Elə həmin Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlı əsgər şəhid olub. “Yol ver Türkün bayrağına!” – deyən istiqlal şairimiz Əhməd Cavad da türk xalqına yardıma gedən Qafqaz könüllüləri sırasında Trakya cəbhəsində Abdulla Şaiqlə birgə mehmetciklərlə çiyin-çiyinə vuruşmuşdur, gəzib-dolaşdığı yerlərin poetik mənzərəsini təsvir etmiş, şahidi olduğu hadisələri nəzmə çəkmişdir.
Gürcüstanın azərbaycanlı ziyalıları arasında da Ümumtürk ideyalarına xidmət edən, türkçülüyü vəsf eləyən ziyalılar çox olub. Onlardan “Faxralıtək ağır elim var mənim” deyən şair Nəbi Miskini, hətta ondan da qabaqkı Borçalı ədəbi mühitində yetişmiş Aşıq Poladı, Aşıq Allahverdini və başqalarını göstərmək olar.
Aşıq ədəbiyyatından adlayıb maarifçilik müstəvisinə keçəndə burda Mirzə Rza Əlizadənin imzası uzaqdan görünür. Vaxtilə Gürcüstanda Azərbaycan məktəbləri üzrə nazir müavini işləyib, Borçalıda məktəblərimizin açılmasında müstəsna rolu olub. Həmin nəsli təmsil edən digər ziyalımız Mirzə Həbibulla Əlizadə də maariflənmədə, savadsızlığın ləğv olunmasında xüsusi xidmətlər göstərmişdir.
Görkəmli pedaqoqlardan olmuş Qara Hümbətov uzun müddət Candar məktəbinin direktoru, sonra isə Rayon Partiya Komitəsində məsul vəzifədə çalışmış, Borçalı türklərinin savada, mütərəqqi dünyagörüşə yiyələnməsində əhəmiyyətli işlər görmüşdür.
Borçalının görkəmli simalarından ötən əsrin 30-cu illərində Türkiyədə energetika naziri işləmiş Hidayət Turanı xatırlamağa dəyər. Çox güclü mühəndis olub, Gürcüstanda yolların inşa olunmasında, tunellərin çəkilməsində müstəsna xidmətlər göstərib.
Görkəmli dövlət xadimi, diplomat, alim və dramaturqumuz Həsən Əziz oğlu Həsənovun təbrincə desək, qeyrəti heyranlıq doğuran, iki çağırış Milli Məclisin deputatı olmuş alim Şamil Qurbanovun Azərbaycan-Türkiyə qardaşlıq tellərinin daha da möhkəmlənməsi naminə göstərdiyi xidmətlər danılmazdır. Onun Türk dünyasının mübarək isimlərinə, tanınmış simalarına dair araşdırmaları, tədqiqatları çoxdur. Ömər Faiq Nemanzadəyə həsr etdiyi əsərlər Mirzə Cəlilin “sağ əli” olmuş, “Molla Nəsrəddin” jurnalını birgə nəşr etdikləri, “Qeyrət” mətbəəsini bərabər açdıqları Faiq Əfəndini gözəl insan, əsl türk oğlu, həqiqi vətənpərvər, görkəmli ədib kimi təqdim edir. Öz dövründə dünya panislamizminin banisi olmuş Kəmaləddin Əfqaninin həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə dair araşdırmaları da Ş.Qurbanovun türk dünyasının bilgi xəzinəsinə verdiyi təmənnasız töhfələrdir.
Türk olaraq türkçülüyə sanballı incilər bəxş etmiş ziyalılarımız sırasında dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayıb-yaradanlara isə uzun ömür, cansağlığı versin. Onların şəxsiyyətini bir insan materialı kimi öyrənmək, göstərdikləri xidməti, qoyduqları irsi yaddaşlarda, dərsliklərdə əbədiləşdirib gələcək nəsillərə ötürmək bizim borcumuzdur.
Haqqında söz açdığım Xatirə Şamil qızı da əslən bizim Faxralı kəndinin Qazaxlı nəslindəndir.
Kırcaalili (Həsənova) Xatirə Şamil qızı 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə 1-ci sinifə gedib. 1992-ci ildə 104 saylı orta məktəbi dərəcəylə bitirdi. Həmin il ilk dəfə Türkiyədəki universitetlərə Azərbaycandan tələbə qəbulu olucaqdı. Bu, iki ölkə arasındakı ən önəmli körpünün ilk təməllərindən idi. İmtahana girən Xatirə elə həmin il Türkiyənin Konya şəhərində olan Selçuk Universitetinə, Məsləki Egitim fakültəsinə qəbul oldu.
İlk dəfə ailəsindən uzağa gedərkən həyəcanlı olduğu qədər, üzərinə düşən məsuliyyəti də bilirdi. Türkiyəyə gedən bütün tələbələr kimi, Xatirə də getdiyi yerdə sadəcə özünü, ailəsini deyil, ölkəsini də təmsil edəcəkdi. Bu böyük məsuliyyəti heç bir zaman yadından çıxarmadı.
Digər tələbə yoldaşları ilə birlikdə hər il türk qardaşlarına ölkəsini tanıdacaq tədbirlərdə yaxından iştirak etdi, Azərbaycanı tanıtmaq üçün əlindən gələni əsirgəmədi. Dörd ilin sonunda ölkəsinə qayıtmaq üçün hazırlaşdı. Bu müddət ərzində Azərbaycanda baş verən siyasi dəyişiklikər xaricdə oxuyan tələbələrin də diqqətini cəlb edirdi. Xatirə Konya şəhərində bir özəl məktəbdən iş təklifi aldı.
Ölkəsinə qayıtsa da, burada iş imkanları çox məhdud olduğu üçün Türkiyədəki iş təklifini qəbul etdi və özəl bir məktəbdə işləməyə başladı. Bu arada boş durmadı. İmtahanlara baş vurdu və öz ixtisası üzrə magistraturada oxudu. Həm oxudu, həm işlədi. Magistratuturanın son ilində həyatını birləşdirəcəyi insanla – Türkiyə Hava Qüvvələrində hərbiçi olan Mehmetlə tanış oldu.
1999-cu ildə ailə qurdular. Mehmetin hərbçi olması səbəbi ilə Türkiyənin müxtəlif şəhərlərində işləməyə getdilər. Konya, Malatya, İzmir, Elazığ bunlardan bəziləridir. Hal-hazırda Malatya şəhərində 2 övladlaryla yaşayırlar. Böyük oğlu Selim Mert 13 yaşında, kiçik oğlu Şamil Aytunc 8 yaşındadır.
Türk qadının ərinə qarşı sədaqətli, etibarlı olduğunu Səgrəyin xanımının simasında da görürük. Ərinin toy gecəsi səfərə çıxdığını görən qadın nə qədər yalvarsa da, onu bu yoldan saxlaya bilmir. Əlacsız qalan gəlin ərinə vəfalı olacağına söz verir, onun yolunu gözləyəcəyini deyir.
Dastanda ər-arvad münasibətlərinin ən gözəl nümunəsini “Duka Qoca oğlu Dəli Domrul boyu”nda görürük. Dəli Domrul Tanrının göndərdiyi Əzrayıla meydan oxuyur, bununla da o, Tanrının qəzəbinə düçar olur və Tanrı Əzrayıla tapşırır ki, onun canını alsın. Dəli Domrul Əzrayıla təslim olmaq istəmir. İpə-sapa yatmayan oğuz alpı səhvini başa düşür, Tanrıdan aman diləyir.
Tanrı ondan can yerinə can istəyir. Domrul atasına, anasına bu sirri açır, onlardan can istəyir. Qoca valideynlər buna razı olmayanda Domrul qadınının yanına gəlir, olanları “yad qızı halalına” danışır: Dəli Domrulun qadını belə cavab verir ki:
Sənin ol müxənnət anan-baban
Bir canda nə var
Sana qıymamışlar.
Ərş tanığ olsun,
Yer tanığ olsun, gög tanığ olsun,
Qadir Tanrı tanığ olsun,
Mənim canım sənin
Canına qurban olsun.
Bu parçadan da gördüyümüz kimi, ər-arvad arasında möhtəşəm sayğı, sevgi və sədaqət vardır.
Qədim türk ictimaiyyətində ailə ən vacib sosial birlik olduğundan ailənin əsasını təşkil edən qadın türk dastanlarında, türk əfsanələrində elə bir uca mərtəbəyə qoyulmuşdur ki, qadını belə bir uca varlıq halına gətirən mədəniyyətə heyran olmamaq mümkün deyil. Qadın kişinin həyat yoldaşı və uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir. Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə hörmət ilə əyildikləri bir şərəf abidəsidir. Türk dastanlarında qadın ilahi bir varlıq səviyyəsinə çatdırılır.
Yaradılış dastanında Tanrıya dünyanı və insanları yaratması üçün fikir və ilham verən “Ağ Ana” adında bir qadındır. Oğuz kağanın ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə mübarək bir ağacdan doğmuş qeyri-adi varlıqlardır. Yakutlarda ağ oğlan ağacın içindən çıxan nurlu bir qadın tərəfindən əmizdirilmişdir. İlk türk abidələrində olan “Bilgə Kağan kitabəsi”ndə xaqan belə söyləyir: “Sizlər, anam xatun, böyük analarım, bacılarım, xala və bibilərim, şahzadələrim”. Ən qədim türk inancına görə, “Xan və Xaqan” göy ilə yerin övladlarıdır. Qadın burada göyün 7-ci qatındadır. Qadına belə bir müqəddəs varlıq kimi yanaşılan cəmiyyətdə qadının döyülməsi, xor görülməsi mümkün deyil. Və əlbəttə ki, türk mədəniyyətində, türk dastanlarında belə bir vəziyyət gözə dəymir. Türk dastanlarında qadın daim kişinin yanındadır. Onların güc və ilham qaynağıdır (20).
Yeni türk kültüründə dastan qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşı döyüşən qadınlarla evlənmək istəyirlər. Necə ki, Oğuz türklərinin ana kitabı olan “Dədə Qorqud” dastanlarındakı “Bamsı Beyrək” boyunda olan Banu Çiçək buna nümunədir. Dastanda ər-arvad münasibətlərini ifadə edən qəlib-formullara baxaq. Dastanda ərin öz qadınına münasibətinin ifadəsi kimi çox tez-tez təkrarlanan formullar – təşbehlər, bənzətmələr olduqca heyranedicidir:
“Bəri gəlgil başım baxtı, evim taxtı,
Evdən çıqub yürüyəndə səlvi boylum!
Topuğında sarmaşanda qara saçlum,
Qururlu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum”.
Dastandakı qadın qəhrəmanları da ərlərinə hörmətlə yanaşır, eyni zamanda onlara böyük sevgi və etibar nümayiş etdirirlər. Xatunu Dirsə xana belə müraciət edir:
“Xan babamın göygüsi,
Qadın anam sevgisi.
Atam-anamın verdigi,
Göz açuban gördügim,
Könül verib sevdigim”.
Bu müraciətdə “qədim türkün bütöv nikah-evlənmə məcəlləsi” əks olunur: qızın ərə köçməsində ata-ananın ciddi iştirakı var – babanın (atanın) göygüsü, anamın sevgisi deyilir. Deməli, ata və ananın razılığı ilə yanaşı, qızın həyat yoldaşı seçərkən özünün fikiri, münasibəti də vacib sayılmışdır. Əgər belə olmasaydı, Dirsə xanın xatunu “göz açuban gördügüm, könül verib sevgidim” deməzdi. “Kitab”da ərlə arvadın bir-birinə “başım baxtı”, “evim taxtı” deyə xitab etmələrinə tez-tez rast gəlirik. Bu müraciət formasını Dirsə xanın, onun xatununun, Qazan xanın, Burla xatunun dilindən oxuyuruq. Ər qadının başının baxtı, yəni alın yazısı, taleyi, evinin taxtı, yəni ailəsinin dayağı, səltənəti bilir, qadın da ərini. Bu təşbehdə türk ailəsinin varlığında ər və qadın bərabərliyi təsdiqlənir. Əzəldən türk belə qəbul edib, belə qavrayıb, ailənin tərkibi müqqədəs hisslərin birliyidir.
Türk qızının bu fəzil sifətlərini özündə təcəssüm etdirən Xatirə xanım hələ tələbəykən yay tətilərindən birində onunla bir məclisdə görüşüb həmsöhbət olmuş, hazırcavablığına, intellektual səviyyəsinə, xalq şairi Zəlimxan Yaqub demişkən, necə dolu bir ziyalı olmasına sözün həqiqi mənasında heyran qalmışdım və düşünmüşdüm ki, gələcəkdə bizim gözəl ziyalı xanımlarımızdan biri kimi böyük perspektivi var. Sonralar atası ilə görüşüb haqqında eşidəndə bir daha yanılmadığıma əmin oldum. Arzu edirəm ki, sədası həmişə uca zirvələrdən gəlsin, ailə səadəti, xoşbəxtlik daim onu müşayiət eləsin!
Xatirə xanımın mənsubu olduğu Qazaxlı nəsli görkəmli ziyalılar yetirib. Bu nəslin tanınmış nümayəndələrindən Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan, “Ədəbiyyat nəzriyyəsi”nin müəllifi Şəmistan Mikayılovun adı çoxlarına bəllidir. Respublikanın Əməkdar müəllimi və Əməkdar elm xadimi, uzun müddət Təhsil Problemləri İnstitutunun direktoru işləmiş, gözəl ziyalı olan Şəmistan Mikayılovu pedaqoji ictimaiyyət bir ağsaqqal kimi qəbul edib. Onun zəhməti, ziyası ilə ərsəyə gələn dərs vəsaitləri və proqram sənədlər hələ uzun zaman Azərbaycan təhsilinə, elminə fayda verəcəkdir.
Bu nəcabətli nəslin övladlarından coğrafiyaçı alim, Əməkdar elm xadimi Almaz Mikayılov uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasında şöbə müdiri işləmişdir.
Xatirə xanımın babası Mikayıl kişi bizim ailəylə mehriban münasibətdə olub, dostluqda sədaqət nümunəsi göstərib. O da eldə-obada özünün insanlığıyla, böyüklərə hörməti, ehtiramıyla, kiçiklərə xeyirxahlığıyla həmişə seçilib. Təbii ki, övladları da onun şərəfli yolunu davam etdirmiş və etdirməkdədirlər.
Türk dünyasının böyük şairi Z.Yaqub deyir ki, Allah-təala yaxşıları ona görə xalq eyləyib ki, yaxsılıqlar itib-batmasın. Bizim Xatirə xanım da həmin o yaxşılardan biridir. Allah-təalə onu da məhz yaxşılıqları yaşatmaq üçün yaradıb. Elimizin, obamızın harada yaşamalarından, işləmələrindən asılı olmayaraq, yaxşısı varsa, Allah var eləsin. Çünki işgüzarlıq, çalışqanlıq, halal ruzi qazanmaq, haramdan qaçmaq artıq çox şeydən xəbər verir və həmin şəxsin malik olduğu çoxsaylı fəzil sifətlərdən biri kimi qəbul olunur. Nəsir Xosrov demişkən:
İş səni yetirər vara, qazanca,
İşsiz qazancın da gedər asanca…
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.