Yasin Əli oğlu Xəlilov

“BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ”

Eldə-obada belə bir adət, ya­zıl­mamış  qanun var: birinci də­fə rastlaşdığın adamla tanış olmaz­dan əvvəl onun kimin oğlu, ya­xud qızı olması ilə maraqlanırsan. Və bu ilk məlumat, qarşındakı adamın hansı ocaqdan od, hansı kökdən güc alması, hansı  bula­q­dan su içməsi sənə çox şey deyir.  Atalar nahaq deməyib ki, ot kökü üstə bitər. Nadir istisnaları nəzərə almasaq adətən övlad valideyn­lə­rin əmələrinin davamçısı, adının üstünə ad gətirəni olur. Təbii ki, burada valideynlərdən də çox şey asılı olur. Əsil övlad əsil atadan törəyər.

Ulu Borçalının ağır eli kimi tanınan Faxralı kəndində də belə ağır-batman, ədəb-ərkanı, yüksək mədəniyyəti, əsl el-oba adamı olmaları ilə seçilən ailələr çoxdur. Onlaradan biri də Əli Alməmmədli nəslində Xəlilovun ailəsidir. O Əli Xəlilov ki, uzun müddət Faxralıda kolxozun və kənd sovetinin sədri və­zi­fə­lərində ləyaqətlə çalı­şa­raq böyük hörmət və nüfuz qa­zan­mışdı. 20 ildən çoxdur ki, aramızda olmasa da, qədirbilən fax­ralılar bu gün də onu min­nət­darlıqla xatır­la­yırlar. Bu arada vaxtilə yazdığım şeirin bir bəndi yadıma düşür:

Əli  Xəlil  el  hörməti  qazandı,
Bütöv  oldu, uca  tutdu  düz  andı.
Xalq  üçün  yaşadı, xalq  üçün  yandı,
Adı  bəlli  şöhrət- şanım, Faxralı.

Bəli, Əli Xəlilov el hörməti qazandı. Ona görə ki, həmişə xalq üçün yaşadı, xalq üçün yandı, xırda hisslərlə yaşamadı, hər əməlində bütöv oldu. Və Əli Xəlilovdan söz düşəndə Xalq şairi  Zəlimxan Yaqubun bir beytini xatırlamamaq olmur:

Diri var ki, tez bükəsən ağlara,
Ölü varki, dayaq olub sağlara.

Bu yazıda məqsədim Əli Xəlilov haqqında söhbət açmaq olmasa da (onun haqqında ayrıca yazı yazmışam), söhbətə onunla başlamağım səbəbsiz deyil. Əvvəldə də qeyd etdiyim ki, barəsində söz açacağım Yasin Xəlilov haqqında oxucuda ilkin təsəvvür yaratmaq üçün öncə məhz onun atası barədə mə­lu­mat verdim. Yeri gəlmişkən onu da qeyd edim ki, Əli Xəli­lovun əmisi oğlu, uzun müddət Bolnisi rayonunun ayrı-ayrı kənd­lərində kolxoz sədri işləmiş İsrafil Məmmədov da sayılıb-seçilən, adı həmişə hörmətlə çəkilən kişilərdən olmuşdur.

Belə bir ailədə boya-başa çatan Yasin Əli oğlu Xəlilov 1939-cu ildə anadan olub. Uşaqlığı qanlı-qadalı ikinci dünya müharibəsi illərinə təsadüf edən Yasin 1946-cı ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub, 1957-ci ildə orta təhsilini başa vurub. Elə həmin ildə də ali təhsil almaq arzusu ilə Bakıya gəlib və o vaxtkı M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna daxil olub. 1962-ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra yenidən Borçalıya – doğma Faxralıya qayıdıb və bir vaxtlar təhsil aldığı Faxralı orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə baş­layıb. Bir il bu­ra­da müəllimlik fəaliyyətindən sonra hərbi xid­mətə çağırılıb və 1963-1965-ci illərdə sovet ordusu sıralarında qulluq edib.  Hərbi xid­mətini başa vurduqdan sonra yenidən doğ­ma kəndinə qayıdan Ya­sin müəllim yenidən burada peda­qoji fəaliyyətini davam et­dirib. 1969-1972-ci illərdə məktəbdə dərs hissə müdiri, 1972-1974-cü illərdə isə Faxralı orta mək­təbinin direktoru kimi da­ha böyük qayğılarla məşğul olub. Son­rakı illərdə də təcrübəli müəl­lim, bacarıqlı maarif təşkilatçısı kimi  əlindən gələni əsirgəməyib.

İlk baxışda adi avtobioqrafik məlumat xarakteri daşıyan bu məlumatların, qeyd olunan illərin arxasında gərgin zəhmət, elinə-obasına can yandıran, onun maariflənməsi yolunda ömrünü gilə-gilə əridən böyük bir ziyalının yanar ürəyi dayanır. Bir pedaqoq kimi Yasin müəllim yaxşı bilirdi ki, Xalq şairi Zəlimxan Yaqub demiş, “gənclik üzünü dədələrə tutanda, yö­nünü sənət Məkkəsinə, elm məbədinə, fikir ehramına, hikmət türbəsinə çevirəndə kamilləşmə yolunda yorulmaq bilmədən irəliləyir və kamilləşir”. Ona görə də çalışırdı ki, gənclər daha çox elmə bağlansınlar. Bunun üçün isə gecəli-gündüzlü çalış­maq lazım idi. O dövrdə isə Faxrlıda təlim-tərbiyənin səviy­yə­sinin yüksəliş dövrü olmasına baxmayaraq müəyyən prob­lem­lər də var idi. Bu da hər şeydən əvvəl məktəb binasının kiçik ol­masından, tələbatı ödəyə bilməməsindən irəli gəlirdi. 1968-1969-cu tədris ilində Faxralıda səkkizillik məktəbin açılması da yeni məktəb binasına olan tələbatı aradan qaldırmamışdı. Fax­ralı orta məktəbinə yeni bina tikilməsinə böyük ehtiyac vardı. Məktəbin direktoru vəziyyətdən çıxış üçün yollar arayır, yuxarı təşkilatlara müraciətlər edirdi. O dövrdə Bolnisi rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Faxralının qeyrətli oğlu, təkcə öz kəndi üçün yox, bütövlükdə Bolnisi rayonu üçün çox işlər görmüş Əli Bayram oğlu Əliyev növbəti müraciətlərinin birində Yasin müəllimə belə cavab vermişdi: “O kəndi mən də çox istəyirəm, bir neçə dəfə tikinti nazirinin ya­nında və Maarif nazirliyində olmuşam. Bir dəfə yenə gedə­cəyəm, bu dəfə bir az ciddi danışacağam”. Əli Bayram oğlunun növbəti müraciətinə isə Maarif nazirinin müavini ironik bir cavab vermişdi: “Faxralıda hər ailənin on uşağı var, biz borclu deyilik ki, onlara hər il bir məktəb tikək”.  Bu cavaba Əli Bayram oğlunun sərt reaksiya­sın­dan ehtiyatlanan  Maarif naziri Tamara Laşkaraşvili Faxralıda ye­ni məktəbin tikintisinə baş­lamağı tapşırmışdı. Artıq yeni binanın tikin­tisinə razılıq alın­mışdı. Bundan sonra layihə-smeta sənəd­lərinin tez bir zamanda qaydaya salınması lazım idi ki, tikinti işləri yubanmasın, vaxtında başlasın. Əli Bayram oğlunun qətiy­yəti hesabına yaranan bu fürsəti əldən vermək olmazdı. Yasin müəllim böyük zəhmət bahasına bu işin öhdəsindən gələ bildi. Məktəbin tikintisi aparılan vaxt artıq Bolnisi rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə T.Xelaşvili seçilmiş, Ə.Əliyev isə Bolnisi rayon Su Təsərrüfatı və Meliorasiya idarəsinin rəisi vəzifəsinə keçirilmişdi.

Nəhayət, gözlənilən gün gəlib çatdı. 1973-cü ilin sentyab­rın­da yeni dərs ilini Faxralı məktəbliləri yeni məktəbdə qar­şıladılar. Məktəbin açılışına həsr olunmuş böyük təntənədə ray­komun birinci katibi T.Xelaşvili də iştirak edirdi. Məktəbin direktoru Yasin Xəlilovun və bütün faxralıların həmin andakı se­vincinə isə bir kədər də əlavə olunmuşdu: yeni məktəbin ti­kin­tisi üçün əlindən gələni edən, böyük zəhmət çəkən Əli Bay­ram oğlu Əliyev bu təntənədə iştirak etmirdi. Tədbir işti­rakçıları onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

…Dünya şöhrətli yazıçı Cek London yazırdı: “Düşünməyi bacarmayanlar elə bilirlər ki, düşünürlər və odur ki, doğrudan da düşünə bilən adamların müqəddəratını həll edir­lər”. Bu mə­nada Yasin müəllim doğrudan da eli-obası, onun daha firavan gə­ləcəyi üçün düşünməyi bacaran insan idi. Nə etmək, necə etmək lazım  olduğunu bilirdi. Bir müəllim kimi onu əsas düşün­dürən isə təbii ki, yeniyetmə soydaşlarının yüksək səviyyədə təlim-tərbiyə əldə etmələri idi. Heç zaman yersiz söz danışmaz, boş vədlər verməzdi. Onun bu xarakterinə bələd olan həmkarları, eloğluları bilirdilər ki, Yasin müəllim bir söz dedisə, deməli onu yüz ölçüb, bir biçdikdən sonra qərara gəlib və bu fikir, bu təklif ümumi işin xeyrinədir. O, danışmağı, özü də yerində və gözəl danışmağı bacarırdı. Elə burdaca müdriklərdən birinin dediyi fikir yada düşür: «Данышмаг цчцн ин­сана ики ил лазым олдуьу щалда, даныш­маьы юйрянмяк цчцн  60 ил вахт тяляб олунур».

Zəlimxan Yaqubun tez-tez işlətdyi bu sözlər heç vaxt ya­dım­dan çıxmır: “Müsəlmanların qibləsi Məkkədirsə, bəşəriy­yə­tin qib­ləsi dahi şəxsiyyətlər, ustadlar, sərkərdələr, dühalar, pey­ğəm­bərlərdir”.  Bəli, bəşəriyətin qibləsi dahilərdir. El-obada, daim böyük-kiçik yeri bilinən kəndlərimizdə isə bu qiblə el ağsaqqaları, ağır-batman kişilərdir. Yasin Xəlilov kimi kişilər… O Yasin müəllim ki, ləyaqətli ömür yaşadı, xeyirxah əməlləri ilə adını Faxralının tarixinə yazdı. 2005-ci ildə haqq dünyasına qovuşan Yasin müəllim bu gün də bizimlədir, bizim sıramız­dadır, elmin sirlərini öyrətdiyi minlərlə yetirməsinin qəlbində, qədirbilən faxralıların yaddaşındadır. Sonda yenə də fikrimi elə Xalq şairi Zəlimxan Yaqubla tamamlamaq istəyirəm:

Baxmağa güzgüsü, aynası yoxdu,
Yüz il yaşasa da mənası yoxdu.
Diri ölülərin dünyası yoxdu,
Bu dünya əbədi dirilərindi.

Mənbə : Səməndər Məmmədov –  “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur