İlqar Hümbət oğlu Əhmədov (20 Yanvar şəhidi)

İlqar Hümbət oğlu Əhmədov 1965-ci ilin may ayının 25-də Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. İlqar o vaxtlar Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun 4-cü kurs tələbəsi idi. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə İlqar dostları ilə birlikdə Salyan kazarmasının yanında əsgərin dinc əhaliyə divan tutan vaxt yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı. İlqarın və dostlarının yaralılara kömək etmələri imperiya xidmətçilərinin xoşuna gəlmədi və İlqarıda atəşə tutdular. Gecə saat 02:30 dəqiqədə güllə sol gözündən dəymişdi İlqarın. Aldığı bu ağır güllə yarasından sonra İlqar yerindəcə dünyasını dəyişmiş və şəhidlik zirvəsinə yüksəlmişdir.

Şəhid İlqar Əhmədov Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.

Onun adı Bakı şəhərinin Şəhidlər Xiyabanında şəhidlərin siyahısına daxil edilmişdir.

Allah rəhmət eləsin!

Mənbə: REDAKTORDAN

 

 

Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Hümbət oğlu Əhmədov 1965-ci ildə anadan  olmuşdu. Tay-tuşlarından heç bir nəzərəçarpacaq xarakteri ilə fərqlənmirdi, sakit təbiətli oğlan idi…

Politexnik institutunun IV kursunda oxuyurdu.

Orta məktəbimizdə riyaziyyat müəllimi işləyirdim. Bir gün dərsdə kimin hansı sənəti seçdiyi ilə maraqlandım:

– Mən mühəndis diplomlu insan olacağam, – dedi İlqar Hümbət oğlu.

Onda baxışlarım bir anlığına xətrini çox istədiyim şagirdimin baxışlarına dikildi. İnam vardı o baxışlarda, bir ömrə bəs olası ümid vardı. O inama iman gətirdim, inam gətirdim. Saçlarını oxşadım, digər yoldaşları kimi ona da ürək dolusu uğurlar arzuladım. 1983-cü iliydi…

İlqar Əhmədov politexnik institutunda oxuyurdu. Sinif yoldaşları deyirdilər ki, qrupda həlim xasiyyətinə, canıyananlığına, qayğıkeşliyinə görə xətrini çox istəyirlər. Bacım oğlu İlqarla (Ayvaz öyünün Nəsibin oğlu) dost idilər və onların bu dostluğu Hümbət oğlu İlqarla məni vaxtaşırı görüşdürürdü. Hər görüşəndə gülümsünüb deyirdim:

– Diplom almağına alacaqsan, savadına, həvəsinə bələdəm. O böyük arzunla bağlı fikrini dəyişməmisən ki?

– Yox, müəllim. Bədxahlara, riyakarlara, ikiüzlülərə görə belə bir istəkdən əl çəksəm hamınız məni qınayarsınız. Gülümsünərdik…

Qürrələnərdim ki, belə geniş dünyagörüşə malik olan eloğlum var…

Ömrünü nə vaxtsa yadlara pay verilmiş Borçalının, yadların tamahına ünvan olmuş Qarabağın taleyinə üzərrik bilirdi İlqar Hümbət oğlu. Qanlı Faxralının bu qeyrətli oğlu vətənpərvər oğul idi…

1990-cı il idi. Azərbaycanda milli-azadlıq hərəkatı müqayisəgəlməz səviyyədə genişlənmişdi. Bu dönməz prosesin qarşısını almaq daha mümkün deyildi. Azərbaycanda imperiyanın zəncirləri qırılmaqdaydı. Bunu duyan rus imperiyası Bakıya qoşun yeritməyi qərara alıbmış…

Yanvar ayının 19-u idi. Dizində taqət, ürəyində Vətən sevgisi olanların hamısı şəhərin giriş yollarına axışırdı. Gözü odlar ayaqlamış Bakının işğalının qarşısını almaq üçün, müstəqilliyinə qovuşmaq istəyən məmləkətimizi əsarət zəncirindən biryolluq xilas etmək üçün. O gecə şəhərə daxil olmaq istəyən müstəmləkə həvəslisinin yaraqlıları qarşısında canlı sipər idi fədai soydaşlarımız. Hamısı ömrünü bir amalın yolunda fəda eləməyə hazır idi. Azadlıq, müstəqillik mübarizəmizin sınaq gecəsiydi o gecə. O gecə qanla boğula bilərdi – azadlıq fədailəri imkan vermədi. O mücahidlər sırasında yaxın qəriblikdə qalmış Faxralının İlqar adlı bir oğlu da vardı. Onlar ölümləri bahasına azadlığımıza ömür verdilər. O gecə imperiyanın zülmü ərşə dayaq ola bilərdi məmləkətimizin azadlıq istəyinin zəhmindən çəkindi…

O gecə digərləri kimi İlqar Hümbət oğlu Əhmədov da nə udduğu havanın zəhmindən çəkindi (muzdlu qatillər soydaşlarımızı zəhərli hava ilə sındırmaq istəyirdilər), nə də üstlərinə ələnən güllələrdən. Zəhərləndirilmiş havanı udmamaq üçün İlqar da ağız-burnunu boğaz şarfı ilə sarımışdı. O da düşmən qarşısında diz çökmək istəmirdi. Digərləri kimi düşmənin (bəli, düşmənin!) bu qəddarlığını dözümü ilə dağlayırdı. O, dostu, tələbə yoldaşı Aydınla qol-qola tutmuşdu ki, güllələr onların sırasından yol tapıb Bakımızı yaralamasın… Güllə ölümün üzünə cəsarətlə baxan İlqarı da tapdı…

Aydın dostunu xəstəxanaya çatdıra bilmədi…

O gecə Faxralının qarışıq yuxusuna qan çiləndi – bu faciə ona da əyan olmuşdu…

Bakının küçələri al-qana boyanmışdı…

İlqar həmişə yelinə uçduğu Faxralıda dəfn olundu. Onun ziyarətgah misallı məzarı üzərində arzuladığı, uğrunda canından keçdiyi üçrəngli Azərbaycan bayrağımız dalğalanmaqdadır…

İlqarın Faxralıdan başlanan ömür yolu Bakıda güllələrlə parçalandı…

İlqar Hümbət oğlu İ N S A N kimi köçdü dünyadan…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur