OT KÖKÜ ÜSTƏ BİTƏR
…Kim nə deyir-desin, hər bir insanın əsli-kökü və nəsli-nəcabəti olmalıdır. O insanın ki, damarlarından axan qan təmiz olur, duru olur, həmin insanlar həmişə xalq, millət üçün çoxlarının görə bilmədiyi işləri həyata keçirirlər. O işləri ki, yeri gələndə bu adamlar canından belə keçməyə qorxmurlar. Bir də, heç kəs dünyaya qəhrəman kimi göz açmır, həmin insanı zamanın özü yetişdirir, formalaşdırır və püxtələşdirir… Belə insanlardan biri də öz ziyalılığı və təmizliyi ilə seçilən Niyazi Allahyar oğlu Qasımovdur. O Niyazi ki, 1923-cü Faxralı kəndində dünyaya göz açıb. Çoxlarına yaxşı bəllidir ki, Faxralıdan çox böyük ziyalılar, qəhrəman oğullar, millətini və xalqını sevən insanlar çıxıbdır…
İkinci Dünya müharibəsi başlayanda Niyazi Qasımov 10-cu sinifdə oxuyurdu. Hər oğulun, hər gəncin işi deyildi ki, 10-cu sinifdən gedib Sovet Ordusu sıralarında alman faşistlərinə qarşı vuruşsun. Taqanroq diviziyasının tərkibində döyüşə gedən gənc Niyazi nələr görməmişdi? O, alman faşizminin cinayətkar sifətini, qəddarlığını və amansızlığını döyüşdüyü torpağın hər addımında görürdü. O, görürdü ki, faşistlər işğal elədikləri yerlərdə nə uşağa, nə qocaya, nə də hamilə qadına aman vermir. Almanların törətdiyi vəhşilik Niyazi Qasımovun ürəyinə çalın-çarpaz yara vurmuşdu. O, 1943-cü ildə general Tolbuxinin komandanlığı altında Cənubi Belarus cəbhəsində döyüşərək bir Vətən oğlu kimi öz sözünü demişdi. Bir müddətdən sonra isə Niyazi Qasımovu Cənubi Ukrayna cəbhəsinə göndərirlər.
Odun-alovun və güllələrin ölüm saçdığı məqamlarda heç vaxt Niyazi Qasımov qorxmayıb və əksinə, sinəsini vətən torpağına sipər edib. O, rabitəçi-kəşfiyyatçı kimi çox böyük xidmətlər göstərib. Əlbəttə, alman qoşunlarının içərisinə girmək, ordan lazımı məlumatları ötürmək o qədər də asan deyildi. Ən azından ona görə ki, hər dəfə kəşfiyyata gedərkən Niyazi Qasımov o dünyanı görüb gəlirdi. Müharibənin yazılmamış çox qanunları var. Yəni müharibə elə bir dəhşətdir ki, onun əhatəsində və içində olan hər hansı adam istənilən anda qurban gedə bilər. Bunların hamısını Niyazi Qasımov çox yaxşı bilirdi, amma onun ürəyindəki vətən eşqi, ailə məhəbbəti və bir də geriyə dönəcəyi günün ümidi heç vaxt onu tənha buraxmırdı. Çünki o bilirdi ki, müharibə ağır qanlar, ölüm-itim beşiyidir. Və bu beşikdən, bu məkandan sağ çıxmaq hər oğulun işi deyil. Burada da bir Allah sevgisi, Allah məhəbbəti vardı. Onu həmişə ən ağır döyüşlərdə belə o Allah sevgisi qorumuşdu. Elə buna görə də Ukraynadan keçən döyüş yolunu Rumıniyada, Bolqarıstanda, Macarıstanda və Avstriyada davam etdirmiş, döyüşlərdə öz sözünü demiş və həmin məmləkətlərin azad olunmasında Niyazinin böyük xidmətləri olmuşdu. Ona görə də o, “Macarıstanın azadlığı uğrunda” medalı ilə təltif olunmuşdu. Belə ki, Niyazi Qasımov Macarıstandakı döyüşlərdə və Balaton gölü sahilində bir neçə kəndin azad olunmasında qəhrəmanlıq nümunəsi göstərmişdi.
…İnsanlar bəzən elə fikirləşirlər ki, onların qəhrəmanlığını və igidliyini kimlərsə yaddan çıxarır, unudurlar. Amma bu belə deyil. Ola bilər, bəzən hansısa insan, hansısa adam kiminsə xidmətlərini və qəhrəmanlığını yaddan çıxarsın. Ancaq tarixin yaddaşı çox möhkəmdi, yəni tarix elə bir andır ki, ona yazılan məqamlar min illər də keçsə, unudulmur və yaddan çıxmır…
…Müharibənin dəhşətlərini yaşamış Niyazi Allahyar oğlu Qasımov sonradan doğma el-obasına dönür və burada yaşayıb-yaradır. Ailə qurur və 3 oğul, 1 qız atası olur. Onları da çox tərbiyəli və istiqanlı böyüdür. Ancaq Niyazinin ürəyində əbədi bir sağalmaz yara qövr edir, çünki o, müharibədə qardaşı Ənvər Qasımovu itirir. Elə bu ağrı-acı zaman-zaman onun ürəyində öz izini qoyur.
Niyazi Qasımov həmişə bir Allah sevgisinə, bir Allah məhəbbətinə sığınıb. Və Allah da onu çətin sınaqalara salsa da, bu sınaqlardan üzüağ çıxarıb. Buna görə də o, Ulu Yaradana duaçı olub.
Övladlarının hamısı elimizə, xalqımıza başucalığı gətirən, canında-qanında xalq məhəbbəti, millət sevgisi gəzdirən övladlar olublar. Niyazi Qasımovun atasının adını daşıyan Allahyar isə özünə sözün həqiqi mənasında oğul dedizdirdi. Bəli, vətən Allahyara oğul dedi. Həyatda ən ali mükafat da elə budur. Onu da Allahyar sağlığında qazandı.
Bir haşiyə çıxmaq istəyirəm. Bu ailə ilə mən çox yaxın olmuşam, Niyazi əmi böyüklə böyük, kiçiklə kiçik idi. Bizimlə hər görüşəndə sifətində təbəssüm yaranar və bizi bağrına basardı. Tofiqi, Şamili, məni Səyyaddan seçməzdi. Bizi göstərib deyirdi: Mənim yoldaşlarım və dostlarım bunlardı. Bu yüksək əxlaqi fəzilət Niyazi əminin saflığından irəli gəlirdi. Dəfələrlə bir məclisdə olmağımız Niyazi əmini bizə daha yaxından tanıtdı. Niyazi əmi bu insanlığı özü qazanmışdı. Niyazi əmini eli, obası və bizim 70-ci illərin gəncləri həmişə minnətdarlıqla xatırlayırlar.
Daha bir haşiyə: ADU-nun axırıncı kurs tələbəsi idim. Həmişə olduğu kimi, yay tətilini doğma Faxralımızın füsünkar təbiətində istirahət edərdik. Dostum Səyyad dedi ki, ay Səməndər, səni və o biri dostlarımızı Niyazi əmi Darvazdakı (Faxralının yaxınlığındakı kiçik kənd nəzərdə tutulur) evinə qonaq dəvət edir. Eldar Qurbanov, Şamil Əliyev və Tofiq Bədəlovla birlikdə Niyazi əminin dediyi vaxtda onlarda görüşdük. Həmin görüşdə Niyazi əmi bizə elan etdi ki, heç yana getməyin, mənim müharibə yoldaşım və dostum Madayev bu günlərdə Faxralıya görüşümüzə gəlir.
Bu görüşdə, nəinki kəndimizin ağsaqqalları, rəhbər işciləri, ziyalıları, hətta rayonumuzun hərbi komissarı və başqa məsul vəzifəli şəxsləri də iştirak edirdi. Mən də bu görüşdə birmənalı olaraq gənc yazar – bir qələm əhli kimi iştirak edirdim. İndiyə qədər o görüşü xatırlayıram: Əslən Çeçenistanlı olan Madayev tək gəlməmişdi. Həyat yoldaşı Tamara xanım, oğlu Əli, həmyerlisi və müharibə dostu Xizri Zakriyev ilə birlikdə gəlmişdi.
Bu dostlar bir-birinə sarıldılar, gözlərindən axan sevinc gözyaşları dayanmaq bilmirdi. Bu görüşü seyr edən bütün qonaqlar da qəhərlənmişdi. Bir həftə müddətində bu dostlar nəinki Niyazi əminin, hətta bütün faxralıların sevimlisinə çevrilmişdi.
Abdul-Məcid Madayev danışırdı ki, mənim Niyazi Qasımova bir can borcum da var. Belə ki, biz müharibə zamanı kəşfiyatçı idik. Bir gün komandanlıq bizi – məni, Niyazi Qasımovu və milliyitcə rus olan Qulyayevi yanına çağırdı və tapşırıq verdi. Biz almanların bir-biri ilə rabitə əlaqəsini kəsməli idik. Əməliyyatı uğurla yerinə yetirdik və qayıdan zaman atəşə tutulduq. Bir anda mənim ətrafımda böyük partlayış oldu və sağ ayağımdan ağır yaralandım. Niyazi bir anda özünü mənə çatdırdi və köynəyini çırıb mənim yaramı sarıdı. Çox qan itirmədən Niyazi Qasımov məni düşmənin ərazisindən uzaqlaşdırdı… Baxın, Faxralının bu igid oğlu yanımda olmasaydı, mən indi həyatda olmazdım və nə sizin kəndin füsünkar mənzərəsini, nə də Faxralının belə cəsur insanlarını görməzdim.
Müharibə veteranlarının və müharibə dostlarının 1978-ci ildə baş verən bu görüşünü rayonumuzun “Qələbə bayrağı” qəzetində geniş şəkildə işıqlandırdım. Bu cəbhə dostlarının xatirələrinin hamısını qələmə alsaydım, böyuk bir qəhrəmanlıq dastanı olardı.
Bu cəbhə dostları axırınçı dəfə 1943-cü ilin may ayında ayrı düşmüşdülər. Onların görüşü 35 il sonra, 1978-ci ildə baş tutdu və qələbənin də 33-cü ildönümünə təsadüf etdi. Sonra bu veteranlar Madayevin təşkilatçılığı altında sağ qalan cəbhə dostları ilə bir neçə dəfə görüş təşkil etmişdilər (Qələbə günü bayramlarında).
Mən bir daha dostluğun, sədaqətin və qardaşlığın necə olduğunun qələmimlə birlikdə şahidi oldum. Bu dostluq nəinki iki ailə arasında, hətta iki böyük rayon – Gürcüstanın Bolnisi rayonu və Çeçenistanın Qudermes rayonu arasında boyük dostluğa çevrildi.
Hal-hazırda bu dostluğu Niyazi əminin oğlu, mənim yaxın dostum Səyyad Qasımov və nəvələri Ənvər və kiçik Niyazi davam etdirir.
Elinə-obasına ürəkdən bağlı olan bu insan düz 70 il yaşayıb və 1993-cü ildə dünyasını dəyişib. Amma elə insanlar var ki, dünyasını dəyişsələr də, öz əməlləri ilə minlərlə insanın qəlbində özünə əbədi iz qoyurlar. Faxralının ziyalısı olan Niyazi Qasımov da məhz belə kişilərdən olub!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.