Qurban Hüseyn oğlu Hüseynov

Qurban Hüseyn oğlu Hüseynov 24.04.1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1980-1990 illərdə Faxralı kənd orta məktəbində təhsil alıb və 1990 ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan İnşaat Mühəndislər Universitetinə daxil olub.

1993-cü ildə Universitetin 3-cü kursunda əyani oxuyarkən könüllü olaraq Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və suverenliyi uğrunda gedən döyüşlərə qatılıb.

13.01.1994-cü il tarixdə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən ağır döyüşlərdə snayper gülləsi ilə qarın nahiyəsindən agır yaralanıb. Döyüş yoldaşlarının köməyi ilə döyüş bölgəsindən çıxarılıb və Beyləqan rayon hospitalına gətirilib. Burada onun üzərində 7 saat əməliyyat aparılıb. Lakin, həyatı təhlükədə olduğundan növbəti günü ağır vəziyyətdə o, xüsusi vertolyotla Bakı şəhərindəki Neftçilər xəstəxanasına gətirilib. Burada, o, 1 ay reanimasiya şöbəsində qalıb və yenidən ikinci dəfə əməliyyat olunub. Fədakar həkimlərin əməyi nəticəsində 4 ay sonra sağalaraq evə buraxılıb.

Tam sağaldıqdan sonra Universitet təhsilini başa vurub.

Hal-hazırda o, 2-ci qrup “1-ci Qarabağ müharibəsi” əlilidir.

Azərbaycan Respublikasının Prezidentinin Qarabağ əlilləri və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı nəticəsində 2018-ci ildə Qurban Hüseynov mənzillə təmin edilib.

O, hal-hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 15 saylı xüsusi təyinatlı yol idarəsində sahə rəisi vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur