Bədəlli Sadiq Abbas oğlu əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir.
Sadiq Bədəlli Bakı şəhərində anadan olmuş, orta təhsilini Bakı şəhərinin Nizami rayonunda yerləşən “Zəngi” liseyində almış, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriat pilləsi üzrə təhsilini davam etdirərək hüquqşünas adını qazanmışdır.
Sadiq Bədəlli Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və xidmət etdiyi müddət ərzində erməni qəsbikarlarına qarşı 2-ci Qarabağ müharibəsidə Tovuz istiqaməti üzrə döyüşlərdə aktiv şəkildə ön sıralarda iştirak etmişdir.
Aralarında Sadiq Bədəllinin də olduğu seçilmiş şəxsi heyətin döyüş əməliyyatını peşəkarcasına və qəhrəmancasına icra etməsi nəticəsində mənfur düşmənin təxribat xarakterli bütün cəhdlərinin qarşısı alınmış və döyüş mövqelərinin qorunub saxlanması təmin edilmişdir. O, “Tovuz döyüşləri”ndən sonra da tərxis olunmaqdan imtina edərək rayonun Ağdam kəndində yerləşən döyüş mövqelərinin mühafizəsinin təşkil edilməsində və möhkəmləndirilməsində, eləcə də kənd əhalisinin təhlükəsizliyinin təmin edilməsində misilsiz fəaliyyət göstərmişdir.
Sadiq Bədəlli hərbi xidmətini başa vurduqdan sonra müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş və Lerik rayon prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. O, xidməti vəzifələrini yüksək keyfiyyətlə icra etdiyinə görə Lənkəran rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir.
Hal-hazırda tutduğu vəzifədə xidmət edir.