TÜRK OĞLU NƏ DÜŞMƏNƏ, NƏ BİR YADA ƏYİLƏR
“Hər cür yasarın at oynada bilmədiyi, dost qarşılayıb, yağı basan” bir mahaldı Faxralı. Yad önündə sınmayan, yol-ərkan gözləyən, dünya şöhrətli ziyalılar yetirib Faxralı. Belə məşhur kəndin oğullarından biri də Əsmələr Əlidir. Əsrimizin böyük söz fatehi Zəlimxan Yaqubun təbirincə desək – “Türk oğlu nə düşmənə, nə bir yada əyilər, əyilsə, əqidəyə, etiqada əyilər!” Faxralılar da zaman-zaman belə olublar.
Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli də Faxralı kəndinin tarixində haqq-ədalət müdafiəçisi, şəraitdən asılı olmayaraq öz haqq sözünü deyən və dediyi sözün hər zaman arxasında duran, köməksizə arxa olan, kəndin abadlaşdırılmasında böyük zəhmət çəkən, hadisələri böyük dəqiqliklə qabaqcadan görməyi bacaran, heç bir halda vicdanının əleyhinə getməyən, mərd və məğrur bir kişi kimi həmişə yaşayacaqdır. Onun nəinki Faxralıda, eləcə də Borçalının əksər kəndlərində böyük hörmət və nüfuzu vardı.
Xəlilov Əli Süleyman oğlu – Əsmələr Əli 1918-ci ilin baharında anadan olub. Atası Əsmələr Süleyman İbrahimxəlil oğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində iki qardaşı ilə birlikdə Əsmələr kəndindən Faxralıya köçüb. Köçmənin əsas səbəblərindən biri də əvvəllər Faxralıya, Qurbanalılar (Şeşə Namaz) nəslinə gəlin köçmüş bacıları olmuşdur. O, Borçalıda, Türkiyənin Qars vilayətində geniş tanınan Kalvalı nəslindəndir. Bu nəslin nümayəndələri hal-hazırda Əsmələr, Başkeçidin Qızılkilsə və Qəmərli, Marneulinin Ağaməmmədli kəndlərində, Bakıda eləcə də, Türkiyənin, Rusiyanın və Almaniyanın müxtəlif şəhərlərində yaşayırlar. Əsmələr Süleymanın süd tərəfi Cəfərli kəndinin Şatırlı nəslindəndir.
Əsmələr Süleyman 1923-cü ildə sətəlcəm xəstəliyindən vəfat edir. Bundan sonra Əsmələr Əli Güllər nəslindən olan anası Yetər xanımın himayəsində böyüyür. 1929-cu ildə Şahbuzlu məktəbinin birinci sinfinə gedir və 1938-ci ildə orta məktəbi əla qiymətlərlə bitirir. Həmin ilin sentyabrında ordu sıralarına çağırılır. 1940-cı ilin dekabr ayınadək Uzaq Şərqin Vladivostok şəhərində dəmir-yol batalyonunun 73-cü bölümündə xidmət edir.
1941-ci ilin iyununda müharibə başlayan kimi yenidən orduya çağırılır. Müharibə illəri Əsmələr Əlinin həyatında ən şanslı səhifələrdən biri olmuşdur. Əvvəlcə az bir müddətdə Marneuli hərbi hissəsində starşina rütbəsində xidmət etdikdən sonra Telavi şəhərində hərbi zabit məktəbinə göndərilir. 1942-ci ilin avqustunda hərbi məktəbi əla qiymətlərlə bitirərək birbaşa leytenant rütbəsi alır. O zaman hərbi məktəbi bitirən 300-dək zabitdən yalnız iki nəfərinə əla oxuduqları üçün birbaşa leytenant rütbəsi verilmişdir. Qalanları kiçik leytenant rütbəsi almışlar. Hərbi məktəbi bitirən kimi 46-cı ordunun 394-cü qırıcı diviziyasının 810 saylı qırıcı alayında qırıcı rotanın komandiri vəzifəsində Qafqaz dağlarının Marux aşırımında müharibəyə girmişdir. 1942-ci ilin dekabr ayınadək burada düşmən ordusu ilə vuruşmuşdur. 1942-ci ilin dekabr ayında Suxumi şəhərindən Tuapseyə gedərək orada öz rotası ilə hücuma keçmişdir. Burada Severskaya stanisasında almanlarla amansız toqquşma olmuşdur. Əsmələr Əlinin rotasında cəmisi 12 nəfər qalmasına baxmayaraq onlar stanisanı ələ keçirmişlər. Arxadan kömək gəldikdən sonra onlar almanları qovmağa başlayırlar. Geriyə çəkilən almanlar Axtırski qəsəbəsində möhkəm müdafiə qururlar. Alay komandiri Əsmələr Əlini öz rotası ilə Bereqovoy kəndi istiqamətinə göndərir. Onun başçılığı altında gecə kəndə hücum edən rota böyük qələbə qazanır. 300-dək alman əsgəri məhv edilir, çoxlu sayda əsir götürülür. Severskaya və Bereqovoy yaşayış məntəqələrindəki uğurlu hərbi əməliyyatlara görə Əsmələr Əli müharibə vaxtı ən yüksək medal sayılan “Rəşadətə görə” medalı ilə təltif edilir və “Qırmızı ulduz” ordeninə təqdim olunur.
Əsmələr Əli 1943-cü ilin avqust ayında növbəti döyüşlərdə kontuziya alaraq xəstəxanaya düşür. 1943-cü ilin sentyabrından 1944-cü ilin yanvar ayına kimi Dnepropetrovsk şəhərində hərbi komendaturada işləyir. 1944-cü ilin yanvar ayından mart ayına kimi Dnepropetrovsk şəhəri hərbi komendantının müavini vəzifəsində çalışır. Sonra onu Kiyev hərbi dairəsinin Ternopol vilayətində Kozlov rayonuna hərbi komendaturaya göndərirlər. 1944-cü ilin 28 aprel tarixində hərbi çağırışçıları orduya yola salarkən Ternopol şəhərində alman qırıcı təyyarəsindən açılan atəş nəticəsində qəlpə yarası alır. Qəlpə gicgah nahiyəsində yerləşdiyindən onu çıxarmaq mümkün olmamış, ömrününü sonuna kimi həmin qəlpəni özü ilə gəzdirmişdir. Sağaldıqdan sonra 1944-cü ildən 1946-cı ilə kimi iki il müddətində qərbi Ukraynada bender bandit dəstələri ilə vuruşmalarda olmuşdur. Orada Marusya adlı bir ukraynalı qadınla evlənmiş və ondan bir qızı olmuşdur.
Müharibə illərində Faxralı kəndindən 500-dək kişi müharibəyə yollanmışdır. Onlardan təxminən 300 nəfəri döyüşlərdə həlak olmuşdur. Ən ağır itkisi olan nəsillərdən biri də Əsmələr nəsli olmuşdur. Əsmələr Əlinin 3 doğma əmisi oğlanlarının hamısı – Xəlil, Eyvaz və Vəli müharibədə həlak olmuşlar. Müharibədən qayıdanlar arasında Faxralı kəndində ən yüksək hərbi rütbə – baş leytenant ancaq Əsmələr Əlinin olmuşdur.
Orduda böyük prespektivləri olmasına baxmayaraq kənddə tək qalan anasına görə 1946-cı ilin aprel ayında ordudan tərxis olunaraq Faxralıya qayıtmış və 1948-ci ildə yenidən ailə qurmuşdur. Bundan sonra onun 3 oğlu və 4 qızı dünyaya gəlmişdir. 1947-ci ildən kolxozda hesabdar, 1948-1949-cu illərdə heyvandarlıq fermasının müdiri, 1950-ci ildə kolxoz təftiş komissiyasının sədri, 1951-ci ildə tikinti briqadiri, 1952-də anbar müdiri, 1955-1962-ci illərdə qoyun fermasının müdiri, 1963-1967-ci illərdə yenə tikinti briqadiri, 1968-1970-ci illərdə heyvandarlıq fermasını müdiri, 1971-1977-ci illərdə sovxozda anbar müdiri və 1980-1986-cı illərdə su kəmərinin texniki vəzifələrində çalışmışdır. Çalışdığı çoxlu sayda kollektivlərdə işçilərinin böyük rəğbətini qazanmışdır. Əsmələr Əli 1989-cu il martın 21-də ürək çatışmazlığından vəfat etmişdir.
Əsmələr Əli hörmətli, qururlu kişilərdən biri olmuşdur. Onun hərbi, riyaziyyat, hüquq, coğrafiya, islam dini kimi elmlərdən dərin bilikləri olmuş, inşaat işləri və maldarlıq sahəsində də böyük təcrübəyə malik olmuşdur. Heç təsadüfi deyildir ki, kənddə məhkəmə işi ilə bağlı problemləri olan çox adam hüquq elmini yaxşı bildiyinə görə kömək və məsləhət üçün onun yanına gələrdi. Əsmələr Əli həmişə haqq-ədalətin müdafiəçisi olmuş və ədalətin zəfər çalmasına var qüvvəsini sərf etmişdir. O, 1950-ci ildə Moskvada Malenkovun qəbulunda olmuş, Gürcüstanda baş verən haqsızlıqları yoxlamaq məqsədi ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin komissiyasının yaradılmasına nail olmuş, o zaman Bolnisi rayonunda ədalətin bərpasında xidməti olmuşdur. 80-cı illərin əvvəllərində Andropovun qəbuluna yollanan Gürcüstan azərbaycanlılarından ibarət nümayəndə heyətinin tərkibinə Borçalı ziyalıları Bolnisi rayonundan Əsmələr Əlini də daxil etmişlər. Lakin o, yaşlı və nasaz (bir neçə ay əvvəl infakt keçirmişdi) olduğu üçün bu səfərdən imtina etmişdir.
Əsmələr Əlinin kəndin abadlaşdırılması işində də böyük xidmətləri olmuşdur. Şahbuzluya qədər çınqıl yolun salınması, Şahbuzluya Təhməzdən suyun çəkilməsi, əlavə elektrik transformatorunun qurulması işlərinin birbaşa təşəbbüskarı olmuşdur. Onun ferma müdiri olarkən yaylaqdakı fəaliyyətini Yırğançaq, Soyuqbulaq və s. yaxın kəndlərin sakinləri yaxşı bilir. Müharibə illərində yaylaqda Hasanlının Yurd yeri deyilən ərazini gürcülər zəbt etmişdilər. O, 1948-ci ildə gürcülərin böyük müqavimətinə baxmayaraq kolxozun mal fermasını zor yolu ilə həmin ərazidə yerləşdirmiş və həmin yurdun yenidən Faxralıya qayıtmasına nail olmuşdur.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.
Qeyd: Əsmələr Əli barədə bu mənbədən də tanış olmaq olar.