Abbas İsrafil oğlu Abbasov

YURDCANLI ZIYALI

Faxralı zaman-zaman el-el tanınan oğullar yetirib. Bu kənd adı-sanı olan ağır ellərdəndir. Alimləri və dəyərli ziyalıları, qorxmaz oğulları, basılmaz igidləri ilə şöhrət tapıb Faxralı. Abbas Abdulla təsadüfən deməmişdi ki, “Qonum-qonşu dara düşsə, Torpaq inlər Faxralıda”. Faxralıda ocaqcanlı, yurdcanlı ziyalılar çoxdur. Onlardan biri də Abbas Abbasovdur.

Abbas İsrafil oğlu Abbasov 1 iyun 1951-ci ildə Gürcüstan SSR Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olub. Həmin məktəbi 1967-ci ildə müvəffəqiyyətlə bitirərək M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.

1972-ci ildə institutu bitirib təyinatla Şəmkir rayonunun Çaparlı kəndində rus dili müəllimi ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.
10 may 1974-cü ildə sovet ordusu sıralarına çağırıldığına görə pedaqoji fəaliyyətinə ara verməli olub, hərbi xidmətdən təxris olunduqdan sonra 26 avqust 1975-ci ildə Faxralı məktəbində yenidən rus dili və ədəbiyyatı ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirib. 10 noyabr 1978-ci ildə Faxralı 8 illik məktəbinə direktor vəzifəsinə təyin olunub.

Məktəb direktorluğu dövründə iş təcrübəsi (1982-ci ildə) Gürcüstan SSR Maarif Nazirliyinin Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutu tərəfindən öyrənilib və metodik vəsait kimi dərc olunaraq məktəb direktorlarına paylanılıb. Xalq maarifi sahəsində fədakar və məhsuldar əməyinə görə Gürcüstan SSR Maarif Nazirliyinin 6 yanvar 1981-ci il tarixli 5 nömrəli əmrinə əsasən “Xalq maarifi əlaçısı” döş nişanına layiq görülüb. Bundan başqa, maarif sahəsində xidmətlərinə görə çoxlu sayda fəxri fərmanlarla təltif olunub. Abbas Abbasovun rəhbərliyi altında Faxralı məktəbi, pedaqoji kollektivi səmərəli fəaliyyəti, işgüzarlığı, bacarığı sayəsində respublikada ən sanballı, layiqli yerlərdən birini tutub.

Abbas müəllim direktorluq etdiyi dövrdə məktəbdən məzun olan Faxralı gəncləri ilə bu gün də fəxr edir. Onlar sonradan eldə-obada tanınan, təqdir olunan kamil vətəndaşlara çevriliblər. Onların bir çoxu bu gün müxtəlif xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğuldurlar.
Ancaq idarəetmə və təşkilatçılıq bacarığı, ünsiyyətçilliyi və başqa üstün məziyyətləri o dövrdə xalq maarifinin tanınmış simalarından hesab edilən Abbas müəllimi şagirdlərindən ayırdı – Abbas Abbasov 1991-ci il 11 dekabr tarixində tərkibində üç kəndi (Faxralı, İmirhəsən, Kiçik Darvaz) birləşdirən Faxralı kənd İdarə Heyətinin sədri vəzifəsinə təyin edildi. Özünün dediklərinə görə, ən çətin və yuxusuz gecələri də məhz o tarixdən başlayıb. Çünki yeni vəzifəsinin icrası keçmiş İttifaqın dağılması dövrünə təsadüf etdiyindən, elə də asan olmayıb. İlk illərində iqtisadi çətinlik, dövlət büdcəsinin aşağı səviyyədə olması, tədricən dövlətin dirçəlməsi, möhkəmlənməsi, ayağa qalxması kimi tarixi mərhələləri əhatə edən həmin dövrdə gördüyü işləri Abbas müəllim belə xatırlayır: “Bir nömrəli həlli vacib məsələmiz yerli əhalinin su təchizatı problemi olub. Elektrik enerjisi bəzi günlər olmayıb, bəzi günlər isə qrafiklə sutkada üç saat verilib. Bu çətinliklərə baxmayaraq, meşədən əlavə su xətləri çəkib əhalini su ilə təmin etmişik. Bu işdə yerli əhalinin gücündən də istifadə etmişik. Qarasu-Tənəhli Gafkeçid su xəttini çəkməyə nail olduq. İmirhəsən kəndində əsrlərlə əziyyət çəkən əhalini içməli su ilə tam təmin etdik. Dörd ədəd su quyusu qazdırıb birdəfəlik su problemini aradan qaldırdıq. Su ilə kənd əhalisini təmin etməkdə idarənin işçiləri, rəhmətlik Abdu Abduyevin, Qasım Qasımovun, Alpaşa Paşayevin əməyini xüsusilə qeyd etmək lazımdır…”

Abbas müəllimin dövlət qulluğunda çalışdığı dövrün yaddaqalan işlərindən biri də 1500 kub metr tutumu olan su anbarının əsaslı təmiri olmuşdur. Hal-hazırda da həmin anbardan istifadə edilir.

Abbas müəllim elimizin ləyaqətli, elcanlı oğullarının – rəhmətlik Arif Əliyevin, Süleyman Qasımovun 1993-1994-cü illərdə su çatışmayan dövrdə iki ədəd dizel generatoru, üç ədəd su nasosu alıb elimizə hədiyyə vermələrini də minnətdarlıqla xatırlayır. Yeri gəlmişkən qeyd edək ki, rəhmətlik Arif Əliyev və Süleyman Qasımov sonralar da elimiz üçün, Borçalı üçün xeyli xeyirxah işlər gördülər. Doğma kəndimiz Faxralı üçün yolların çəkilişinə, asfalt döşənməsinə əhəmiyyətli köməklik göstərdilər, körpülər saldılar. Həmin o iki körpüdən birinə “Arif körpüsü” deyilir.

Abbas Abbasov Faxralı kənd İdarə Heyətinin ərazi inzibati bölgəsində yaşayan əhalinin insan və vətəndaş hüquqlarının qorunması üçün əlindən gələni etmiş, dövlət qulluğunda rəhbər vəzivədə işlədiyi dövrdə bir sıra hüquqpozmaların qarşısını almışdır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən nəzərdə tutulmuş ünvanlı yardımların (vauçer paylarının) sahiblərinə çatdırılmasında operativliyi, ədaləti təmin etməyə çalışmışdır.

Abbas müəllim və onunla çiyin-çiyinə çalışan dövlət qulluqçuları inzibati ərazi vahidliyində yerləşən təhsil ocaqlarının, səhiyyə mərkəzinin normal fəaliyyətini təmin edirdilər. Yeni binaların, sosial obyektlərin inşası, mövcud binaların, məktəbin, ambulatoriyanın cari, lazım gəldikcə isə əsaslı təmiri həyata keçirilirdi. Həmin idarələr yanacaqla yetərincə təmin olunurdu. Kənd yollarına büdcə hesabına asfalt və çınqıl döşəməsi yaddan çıxarılmırdı.

Abbas müəllimin idarə etdiyi heyət ziyalı həmvətənlərimizin dəstəyi ilə dövlət dilinin öyrənilməsi üçün geniş imkanlar yaratdı. Pulsuz kurslar təşkil olundu. Yaşayış məntəqələrində idmanın inkişafı üçün də xeyli işlər görüldü. İdman ictimaiyyətinin görkəmli nümayəndəsi Məhəmməd (Qaqarin) Abbasovun məşqçilik etdiyi futbol, voleybol komandalarımız rayon yarışlarında həmişə layiqli yer tuturdu.
İdarə Heyətinin xalqla qarşılıqlı təmasda olması, onlarla ayda heç olmasa iki dəfə ümumi yığıncaq qaydasında görüşlər keçirməsi, sakinlərin problemlərini öyrənməsi və yerinə yetirməsi əhali tərəfindən hüsn-rəğbələ qarşılanırdı. O vaxtlar əhaliyə həyətyanı torpaqların paylanması və kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi işinin öhdəsindən 21 nəfərlik komissiyanın iştirakı ilə layiqincə gəlindi. 429 ha Faxralı, 37 ha İmirhəsən, 2,5 ha Kiçik Darvaz kənd əhalisinə həyətyanı torpaq paylandı. 2003-cü ilədək Faxralıda 1580 ha, İmirhəsən kəndində 333 ha torpaq sahələri yerli əhaliyə icarəyə paylandı. İdarə heyəti Faxralı və İmirhəsən kəndinə məxsus olan Dmanisidə yay otlaq sahələrini Abbas müəllimin rəhbərliyinin son gününə qədər əldə saxlaya bildi və əhali ondan yay mövsümündə mal-qara, davar üçün istifadə etdi.

İdarəetmə və özünüidarəetmə işinin təşkilində peşəkarlığına, regionda gürcü və azərbaycanlı əhali arasında dostluq əlaqələrinin dərinləşməsində göstərdiyi xidmətlərə və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına verdiyi töhfələrə, səmərəli təşkilatçılıq fəaliyyətinə və ictimai işlərdə aktivliyinə görə Bolnisi rayonunun Faxralı kənd İdarə Heyətinin sədri Abbas Abbasov Gürcüstan prezidenti E.Şevardnadzenin 18 mart 2003-cü il 294 nömrəli sərəncamına əsasən “Şərəf” ordeninə layiq görüldü.

Abbas Abbasov 15 oktyabr 2004-cü ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. 2004-cü ildən hal-hazıra qədər sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Ailəlidir, həyat yoldaşı Nərgiz Abbasova rus dili müəllimidir. Bu gün də Faxralı kəndindəki –Arif Əliyev adına məktəbdə öz işini davam etdirir.

İki oğlu, dörd nəvəsi var – Abbas, Elvin, Nərgiz və Yusif. Oğulları və gəlinləri ali təhsillidirlər, müxtəlif sahələrdə çalışırlar.
Hər dəfə söz düşəndə Abbas müəllim Faxralı kənd İdarə Heyətinə rəhbərlik etdiyi 1991-2004-cü illərdə əldə edilmiş nailiyyətlərə görə iş yoldaşları M.Əlizadəyə, Z.Budaqova, B.Poladova, Ş.Xəlilova, O.Hə¬sə-nova, H.Məmmədova, Z.Abbasovaya, B.Xudiyevaya, M.Xudiyevə və H.Ayvazova minnətdar olduğunu bildirir.

Abbas müəllimə möhkəm cansağlığı, ömrünün qalan hissəsini də əzizlərinin əhatəsində şad-xürrəm keçirməsini arzulayıram. İnanıram ki, ondan tərbiyə, nəsihət görən, onun irsini daşıyan övladları, nəvələri də xalqa, Vətənə, bəşəriyyətə gərəkli xidmətlər göstərəcək, şərəfli, savab işlərə imza atacaqlar.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar, Bakı, “Elm və təhsil” nəşriyyatı 2018, II kitab

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur