Əli Xəlil oğlu Xəlilov

EL  HÖRMƏTİ  QAZANDI

İnsanın  ömrü  təkcə  onun yaşadığı  illərlə  ölçülmür. Adam var  ki, yüz  il ömür sürür, amma  dönüb  keçdiyi  hə­yat  yoluna  nə­zər  salanda yadda qalası, öyü­nüləsi  bir  şey  tap­mır. Belə­ləri  sa­dəcə olaraq cəmiyyətdə möv­cud olur, insan kimi  yaşamırlar. Ne­cə  deyərlər, oldusu  ilə  öldü­sü­nün  fərqi  olmur. Amma  elə  adam­lar  da  var  ki, yaşadığı  illə­rin  az  və  çoxluğundan  asılı  olma­yaraq xeyirxah əməlləri  ilə  təkcə  öz  qohum-əqrəbasının  yox, bütövlükdə elin-obanın sevimlisinə  çevrilir. Özü  bu  dün­yadan  köçsə  də  sözü  qalır, əməlləri  yaşayır. Bax, bu, insanın  ikinci  ömrüdür.

…Ulu  Borçalının  qədim  və  ən  böyük  kəndlərindən  olan  Fax­ralıda da zaman-zaman sayılb-seçilən, sözün əsl  mənasında  qeyrət  mücəssəməsi  olan  kişilər  olub.

Əli  Xəlil  oğlu  Xəlilov 1907-ci  ildə  Faxralıda  anadan  ol­muş­­­­­dur. Hələ erkən yaşlarından  əməyə  bağlanan  Əli  kişinin  gənc­­­­lik  illəri  kolxoz  quruculuğu  dövrünə  təsadüf  etmişdir. O, 1953-cü  ilədək  kənddəki  kolxozda  torpaqölçən, briqadir  və  kol­xoz  idarə  heyətinin sədri vəzifələrində çalışmış, 1953–1964-cü  illərdə  isə  kolxoz sədrinin müavini, ferma müdiri və briqadir kimi əmək  fəaliyyətini  davam  etdirmişdir. Atalar  yaxşı  deyib: elin gözü  tə­rə­­zidir. Ə.Xəlilovun  zəhmətsevərliyi, işgüzarlığı, təşkilatçılıq ba­­­carığı diqqətdən kənarda  qalmamış­dır. 1964-cü ildə ona  daha  böyük  etimad  göstərilərək  Faxralı  kənd Sovetinin sədri seçil­mişdir. O, bu vəzifədə 1972-ci  ilədək  şərəflə  çalışmış, sonra  isə  tə­­­­qa­­­üdə  çıxmışdır. Təqaüddə olsa da ömrünün  sonuna  – 1988-ci  il  avqustun  13-dək  elin-oba­nın  xeyir-şərində  yaxından  iştirak  etmiş, el  ağsaqqalı  ki­mi də­yərli məsləhətlərini əsirgəməmişdir. İlk baxış­da çox­la­rına  adi görünə  biləcək  bu  sadə  tərcü­me­yi-halın  arxasında  bütün  ömrünü xalqına xidmətə  həsr  et­miş, insan  həyatının  kitablara  sığmayacaq  xatirələri  yaşayır. Bu  gün  təkcə Faxralıda deyil, bütövlükdə Borçalıda onu tanıyanlar haqqında ancaq xoş  söz­lər söyləyirlər. O, sözünə bütöv adam olub. İşdə prinsipiallığı və tələbkarlığı ilə seçilib. Əhalinin güzaranının  yaxşılaşdırıl­ma­sına çalışıb və  bu  yöndə  çox  işlər görüb. Xüsusilə, kolxoz sədri olanda kən­din abadlaşdırılmasına diqqət yetirib.  Səkkiz­illik məktəb bina­sını əsaslı təmir etdirib. Deyirlər su  çəkdir­mək  savabdır. İndi həmyerliləri Əli kişini belə savab işinə görə də minnətdarlıqla xatırlayırlar. Ondan  ya­digar qalan iki bulaq bu gün də xalqın  istifadəsindədir. “Duman aşan”  bulağından  faxralılarla  yanaşı  Saraclı camaatı da  istifadə  edir. İkinci bulaq  isə  kəndin  içindədir. Elə buradaca  könlümdən  süzülüb  gələn  bir  bayatını  xatırlamaq  istəyirəm:

Əli  Xəlil  bulağı,
Üstünə  gəl  yaz  çağı.
Tamamlanmış  kitabdır,
Tarixdir  hər  varağı.

Faxralıya  həsr  etdiyim  bir  şerimdə  isə  yazmışam:

Əli  Xəlil  el  hörməti  qazandı,
Bütöv  oldu, uca  tutdu  düz  andı.
 Xalq  üçün  yaşadı, xalq  üçün  yandı,
Adı  bəlli  şöhrət-şanım, Faxralı.

Doğrudan da eli-obası, xalqı üçün  yaşadı, düzlüyü, təmiz  andı  hər şeydən uca tutdu, heç zaman haqqı-nahaqqa qurban  vermədi. Elə bu keyfiyyətləri də ona el hörməti qazandırdı. Əmə­yi layi­qin­cə qiymətləndirildi. Sovet hökümətinin ən yük­sək müka­­­fat­­­larından  sayılan  “Şərəf  nişanı” ordeninə  la­yiq  gö­rüldü, bir  sıra  medallarla təltif olundu. Ən böyük mü­kafatı  isə xalqının ona  olan  məhəbbəti, hörməti  idi. Elə  bir  məhəb­bət  ki, artıq  20  ildən çoxdur ki,  hə­ya­­­tdan  köçməsinə  bax­ma­ya­raq  onu  yaddaşlarda, xatirələrdə  ya­­şadır  və hələ bundan  sonra  da  yaşadacaqdır. Nəsillər  dəyişsə  də o, heç zaman unu­dul­mayacaq. Ən azından onun çəkdirdiyi bu­­laq­lardan su içənlər minnətdarlıqla  “Allah sənə rəhmət eləsin, Əli  kişi” deyəcəklər. Beləcə, bulaqlarla qoşa yaşayacaq onun adı. Bu  yerdə  Borçalıda yazıb-yaradan  şair Əli Səngərlinin ona həsr  etdiyi  şeirdən  bir  bənd  yadıma  düşür:

Bülbül  məskənidir, saldığım  bağlar,
Çəkdiyim  bulaqlar  hər  zaman  çağlar.
Məndən  bir  məktəb  də  qaldı  yadigar,
Uğurlu  yollarda  qocaldı  ömrüm.

Əli Xəlilov ömrünü xalqının yolunda  faydalı  işlər gör­mək­­də qocaltdı, qara saçlarını bu yolda ağartdı. Ağaran saçları  elini-oba­­sını  nura  boyamaqla  yanaşı  onun  öz  ömür  yoluna  da bir mayak kimi işıq saçdı. Elə  bir  ömür  yaşadı  ki, qaranlıq  bir­­cə səhifəsi də olmadı. Bu  gün  çoxlarına  örnək  ola  biləcək  bir  ömür yolu  keçən  Əli  Xəlilov  hər  zaman  xatirələrdə  yaşa­ya­caq­dır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur