YARATMAQ EŞQİNİN QÜDRƏTİNƏ BAX!
Borçalının ağır ellərindən olan Faxralıda zaman-zaman ər oğlu ərlər olub. Və elə bu səbəbdən də burada hər yetən at oynada bilməyib. Qeyrətinə, qüruruna sığınan, hər şeyin fövqündə kişiliyi görən ər oğlu ərlərdən biri də Bayram Əliyevdir. Ulularımızın təfəkküründən süzülüb gələn bir el bayatısında gözəl deyilib:
Eləmi üç oğul,
Bərkdən, boşdan kec, oğul.
Satqından satqın törər,
Qoç kişidən qoç oğul.
Bayram Əliyev qoç kişinin qoç oğludur.
…Bayram Əli oğlu 948-ci il iyul ayının 31-də Bolnisi rayonunun Faxralı kəndində qulluqçu ailəsində anadan olub. Qanlı-qadalı Böyük Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş Əli Bayram oğlu üçün oğlunun olması əsil sevinc və fərəh gətirib. Əli Bayram oğlu balaca Bayramı 5 yaşından Bolnisi şəhərində yaşayan dostu Aleksey Platonoviçin ailəsinə qoyur ki, bu ailədə o, gürcü dilini və gürcü xalqının adət-ənənələrini öyrənsin. Atasının və Bayramın bu əziyyətləri hədər getmir, indi Bayram müəllim 4 dil – Azərbaycan, rus, gürcü və erməni dillərini bilir. O zamanlar Bolnisidə çox az sayda azərbaycanlı ailəsi yaşayırdı və rus məktəbində oxuyan azərbaycanlılar yox dərəcəsində idi və Bayram o zaman Bolnisidə rus məktəbində oxuyan tək-tük azərbaycanlılardan idi. O, 7-8 il müxtəlif ailələrdə yaşayaraq həm həmin xalqların adət-ənənələrin öyrənir, həm də təhsil alırdı, yalnız şənbə və bazar günləri doğma Faxralıya gələ bilirdi…
1964-cü ildə atası Əli Bayram oğlu Əliyevin Bolnisi Rayon Xalq Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri seçilməsi ilə əlaqədar olaraq Bayramın kiçik qardaşları da rayon mərkəzinə köçdüyündən, o, böyük oğul kimi, ev işləri ilə də məşğul olur, kiçik qardaşlarının qayğısını çəkir, dərslərini hazırlamağa kömək edirdi.
Bolnisi 1 saylı orta məktəbini 1966-cı ildə bitirdikdən sonra Əliyev Bayram Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinin (avtomobil nəqliyyatının istismarı ixtisası üzrə) qəbul olunur.
Tələbəlik illəri də məktəb illəri kimi əziyyətli keçirdi, Politexnik İnstitutunda oxumaq üçün xeyli çertyoj çəkməli, imtahana buraxılmaq üçün bu çertyojlar üzrə kurs işləri təhvil verməli idi, rus bölməsində təhsil almaq isə ikiqat çətin idi. İlk günlərdən Bayram İnstitutun ictimai işlərində, idman yarışlarında fəal iştirak edir. Onun tələbəlik illəri əmisi Qulu Bayram oğlunun nəzarəti altında keçir. Qulu müəllim də Politexnik İnstitutunu avtomobil nəqliyyatı mühəndisi ixtisası üzrə bitirdiyindən çertyojların işlənməsi və layihələşməsində, kurs işlərinin təhvilində, imtahanlara hazırlaşmaqda qardaşı oğluna yaxından köməklik göstərir.
İnstitutu 1971-ci ildə bitirdikdən sonra B.Əliyev təyinatla Rusiyaya göndərilir. Lakin ailə vəziyyəti ilə əlaqədar, həm də Bolnisidə ali təhsilli yerli mühəndislərə ehtiyac olduğundan o, rayona qayıdır və Avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlayan B.Əliyev tezliklə kollektivinin sevimli üzvünə çevrilir və müəssisədə avtomobil texnikasının təmiri və xidmətində yeni avadanlıqların tətbiqi sahəsində xeyli işlər görür. 1972-ci ildə B.Əliyev Gürcüstan Kənd Təsərrüfatıtexnika İdarəsinin Rayon şöbəsinə stansiya rəisi vəzifəsinə irəli çəkilir. Onun rəhbərliyi altında kiçik stansiya böyük zavoda çevrilir, zavodda yük avtomobillərinin əsaslı və cari təmir işləri görülür. Həmin ərəfədə o, işlə əlaqədar bütün Gürcüstanı gəzir, texnikanın təmiri üçün ehtiyat hissələri alır.
1973-cü ildə atası Əli Bayram oğlunu itirdikdən sonra böyük bir ailəyə başçılıq etmək də onun üzərinə düşdüyündən B.Əliyevin həyatında daha məsuliyyətli və gərgin dövr başlayır. 1974-cü ildə onu Bolnisi Avtonəqliyyat müəssisəsinin baş mühəndisi vəzifəsinə təyin olunur.
Əliyev Bayramın işgüzarlığını, gənclərlə iş aparmaq bacarığını görüb onu 1975-ci ildə Gürcüstan Lenin Kommunist Gənclər İttifaqının Bolnisi Rayon Komitəsinə II katib seçirlər. B.Əliyevin həyatında bu illər çox maraqlı və məsuliyyətli illər olur. O, müxtəlif millətlərdən olan gənclər arasında ideoloji iş aparır və yerli komsomol katibləri arasında seminarlar keçirir. Beynəlmiləl ruhda tərbiyə alması, Gürcüstanda yaşayan müxtəlif xalqlar və millətlərin adət-ənənənlərini və dillərini bilməsi onun köməyinə çox gəlir.
…Rayon Partiya Komitəsi Rayon İcraiyyə Sovetinin binasında yerləşirdi. Bu bina Əli Bayram oğlunun keçmiş iş yeri idi. Burada hamı onun haqqında xoş sözlər deyir, onu hörmət və ehtiramla yad edirdi. Rayispolkomun sədri Əliyev Məsim Pənah oğlu, rayon partiya komitəsinin katibi Abbasov Mehralı Məmməd oğlu, Partiya komitəsinin şöbə müdiri Quliyev Şakir Mahmud oğlu Əli Bayram oğlunun xatirəsinə hörmət əlaməti olaraq Bayram Əliyevin bir gənc kadr kimi inkişaf etməsinə, irəli getməsinə həmişə dəstək oldular. İşlə əlaqədar Gürcüstan Mərkəzi Komitəsinin əməkdaşları ilə ünsiyyətdə olan Bayram Əli oğlunun bir siyasi rəhbər kimi formalaşmasında onlardan gördüyü atalıq qayğısının böyük rolu olmuşdur.
Bayram Əliyev 1976-cı ildə komsomol komitəsinin göndərişi ilə Zaqafqaziya Ali Partiya məktəbinə daxil olur və oranı müvəffəqiyyətlə bitirdikdən sonra 1977-ci ildə Bolnisi Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə təyin olunur. Bir il keçmiş 1978-ci ildə 30 yaşlı Bayram Əliyev rayon Partiya Komitəsinin ən aparıcı şöbəsi olan təşkilat şöbəsinin müdiri təyin olunur və 4 ilə yaxın bu vəzifədə fəaliyyət göstərir. Artıq onun müqəddəs arzuları yerinə yetmişdi, o, atası Əli Bayram oğlunun yarımçıq qalmış işlərini onun silahdaşları – Bolnisi rayon Partiya Komitəsinin büro üzvləri ilə çiyin-çiyinə davam etdirirdi. Tezliklə o, Bolnisi rayon PK-nin büro üzvü və rayon Xalq Zətmətkeş Deputatları Sovetinin deputatı seçilir. Bu illər Bayram Əliyevin həyatında gərgin iş dövrü olur: iclasların, konfransların, plenumların, bayram nümayişlərinin, mədəni və kütləvi tədbirlərin təşkili, keçirilməsi böyük zəhmət tələb edirdi və bütün bunların öhdəsindən o, bacarıqla gəlirdi. Bayram müəllimin bu sahədə fəaliyyəti müsbət qiymətləndirilir və 1981-ci ilin oktyabrında onu Bolnisi Rayon Partiya Komitəsinin katibi seçirlər və rayonun təhsil, səhiyyə, ideloji işləri ilə məşğul olmaq ona tapşırılır.
Bu illərdə Bayram Əliyev hərbi vətənpərvərliyin inkişafına xüsusi diqqət yetirir, azərbaycanlı balalarını ( Darbaz, Saraclı və digər kəndlərin gənclərini) ölkənin ali Hərbi məktəblərinə təhsil almağa göndərir. O, rayonda acınacaqlı vəziyyətdə olan səhiyyənin səviyyəsini qaldırmağa, uşaq ölümünün aradan qaldırılmasına çalışır, ağır cinayətlərin açılmasına nəzarət edir, millətlərarası münasibətlərin inkişafına, xalqlar arasında dostluğun möhkəmlənməsinə, gənclərin beynəlmiləl ruhda tərbiyələnməsinə xüsusi diqqət yetirir. Qeyd etmək olar ki, Bayram Əliyevin Partiya komitəsi katibi işlədiyi dövrdə Bolnisi rayonunda heç bir dəfə də olsun milli zəmində münaqişə baş verməyib, rayonda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi sülh və əmin-amanlıq içərisində yaşayıb.
1985-ci ildə isə Bayram Əliyev heç bir səbəb olmadan rayon partiya komitəsinin katibi vəzifəsindən azad edib, İmirhəsən kəndindəki sovxoza direktor təyin edirlər. O, bu təyinata kənd təsərrüfatı sahəsində mütəxəssis olmadığına görə etiraz edir və dəfələrlə Gürcüstan KP MK-na müraciətlər etsə də, onun ixtisası üzrə işlə təmin olunmaq ümidləri puça çıxır.
Ruhdan düşməyən Bayram Əliyevin təşkilatçılıq qabiliyyəti özünü göstərir, o, qısa müddətdə kənd təsərrüfatı sahəsində də müsbət irəliləyişlərə nail olur. Mütəxəssislərin köməyi ilə İmirhəsən kəndində yeni, iqtisadi cəhətdən güclü, varlı sovxoz yaradır. 200 baş mal-qaralıq heyvandarlıq kompleksi, sovxozun yeni inzibati binası inşa olunur, yeni yol çəkilir, traktor parkı və ambulatoriya təmir olunur. Bütün bunlar İmirhəsən kəndində zəhmətkeşlərin maddi rifahının yaxşılaşmasına, əmək məhsuldarlığının üçqat artmasına səbəb olur. Fəhlələr vaxtlı-vaxtında əmək haqlarını, ilin sonunda isə mükafat alırlar, ilk dəfə olaraq sovxozda briqada podratı iş üsulu tətbiq olunmağa başlayır. 1991-ci ilin mart ayında isə onu doğma Faxralıdakı sovxoza direktor təyin edirlər.
Faxralı sovxozu ərazi cəhətdən İmirhəsən sovxozundan böyük olsa da, gəlirsiz, torpaqları dəmyə idi. Bayram Əliyev doğma kəndində də təsərrüfat quruculuğuna başlayır və bütün qüvvəsini səfərbər edir. O, öz işinə təsərrüfatı iqtisadi cəhətdən möhkəmləndirməkdən başlayır, yanacağın işlənməsinə nəzarəti gücləndirir, toxumun qənaətlə istifadəsinə fikir verir, dövlət əmlakının talanmasına qarşı mübarizə aparır. Gürcüstanda şərabçılıq qədim köklərə malik olduğundan üzümçülüyün inkişafına xüsusi diqqət yetirir. Onun gərgin əməyi nəticəsində Faxralı sovxozu dirçəlir, məhsuldarlıq yüksəlir. Atası Əli Bayram oğlunun kolxoz sədrliyi etdiyi təsərrüfatda indi də oğlu öz doğma el-obası üçün gecəli-gündüzlü yorulmaq bilmədən çalışır. Vaxtilə atası tərəfindən salınmış 15 hektarlıq gilas bağını bərpa etdikdən sonra toplanan 55 ton məhsul sovxozun çətin vaxtında karına gəlir. O dövrdə yanacaq qıtlığı var idi və əldə olunan həmin vəsaitlə Bayram müəllim Azərbaycandan öz təsərrüfatı üçün yanacaq alır.
Bayram Əliyev Faxralı zəhmətkeşlərinin yaxından köməyi ilə sovxozda bolluq və firavanlıq yaradır. O illər Azərbaycan dilində informasiyaya həsrət qalmış Faxralı camaatı üçün Gözəldağının zirvəsində yeni televiziya retranslyatoru qurduraraq əhalini informasiya blokadasından xilas edir. Kənd zəhmətkeşlərinin maddi durumunu yaxşılaşdırır, ehtiyacı olanlara, qocalara sovxozun vəsaitindən yardım ayırır. Sərf olunan əmək öz bəhrəsini verir.
Onun dəyanəti, mərdliyi, halallığı, cəsurluğu, təkcə azərbaycanlıları deyil, regionda yaşayan başqa millətləri də heyrətə gətirir. Dəfələrlə mərkəzdən soyğunçular Faxralının əmlakını dağıtmağa gəlsələr də, əliboş, üzüqara kənddən çıxarılmışlar. Bayram Əliyev Faxralı sovxozunun özəlləşdirmə dövrünə qədər qoruyub saxladı, el-obanın var-dövlətini el-obaya da qaytardı.
Bu gün də Bayram Əliyev Faxralıda öz elinin-obasının arasındadır. İndi o, ömrünün ağsaqqal dövrünü yaşayır. Ona dəfələrlə rayon miqyasında vəzifə təkilf edilsə də, bu təklifləri qəbul etməmiş, “Sünbül” kiçik təsərrüfat müəssisəsində yenə də əmək fəaliyyəti ilə məşğul olur. Yenə öz elinə-obasına arxa-dayaq olur, elin xeyir-şərində fəal iştirak edir. Novruz bayramının təntənəli keçməsi üçün cıdır təşkil edir, qaliblərə mükafat təqdim edir, sökülüb dağılmış bulaqları təmir etdirir, bir sözlə, yenə də elin xidmətindədir.
Onu da qeyd edək ki, Azərbaycanda yaşayıb öz millətinin arasında müəyyən nailiyyətlər qazanmaq çətin olsa da, Gürcüstan kimi başqa respublikada azlıq qismində yaşayıb cəmiyyətdə müəyyən mövqe qazanmaq, ictimai xadim kimi yetişmək yüz qat çətindir. Bayram Əliyevin üzərinə təkcə özünün deyil, həm də bütöv bir elin-obanın, Azərbaycan xalqının təmsilçisi kimi məsuliyyət düşmüşdür. O, atası Əli Bayram oğlunun qoyduğu yolun əsl davamçısı olmuş, onun işlərini ləyaqətlə davam etdirmiş gözəl təsərrüfatçı, ictimai xadim kimi rayon, respublika miqyasında tanınmış şəxsiyyətlər sırasındadır. Bayram Əliyev atası kimi dövlətin və dövlətçiliyin keşiyində sədaqətlə dayanıb, qaraguruhcuları heç vaxt yaxına buraxmayıb. İçindən gələn saflıqdan çıxış edərək həmişə sağlam qüvvələrlə olub. Elin böyük hörmətini qazanan Bayram Əliyev mətinliyi və mərdliyi ilə bu gün də elin içindədir.
Bayram Əliyevdə yaşamaq və yaratmaq eşqinin qüdrəti həmişə güclü olub, bu gün də güclüdür, sabah da güclü olacaqdır. Zəlimxan Yaqub şeirlərinin birində vəsf etdiyi kimi:
Palıdın kökləri yarır qayanı,
Yaşamaq eşqinin qüdrətinə bax!…
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.