İsrafil Məmmədov

ÖLMƏZ  İNSAN

Hər dəfə Borçalı və borçalılar haq­­qında nəsə yazmaq istə­­yəndə müt­ləq bu qədim türk yurdunun bö­yük alim oğlu, icti­­mai xadim, Millət vəkili, filologiya elmləri doktoru, pro­fessor, mər­­­hum Şamil Qurba­novun dediklərini xatırlayıram: “Bor­çalı  Azər­baycanın ən müqəddəs və ən  sağ­lam  yerlərindən  biridir”. Bu mü­qəd­dəs torpaq tarixin bütün dö­nəm­lərində həyatın sərt  sınaq­la­rın­dan üzüağ çıxmış, igid, ərən oğulları ilə fəxr  etmişdir.

Borçalıda  ağır  el  kimi  tanınan  Faxralı  kəndi  də  həmişə  sö­zü  ilə  əməli  bir olan, xeyirxahlığı, müdrik  məsləhətləri  ilə  se­çi­lən  ağsaqqallarla tanınmışdır. Onlardan  bir  çoxu  bu  gün  hə­yat­da olmasalar da, daim minnətdarlıqla xatırlanır, ba­rələ­rin­də  xoş  sözlər  söylənilir.

Qədirbilən faxralıların yaddaşında ölməz xatirələri və xe­yir­­xah əməlləri ilə yaşayan belə Kişilərdən biri də İsrafil  Məm­­mədov idi. Faxralıya həsr etdiyim bir şeirimdə  yazmışam:

Məməşoğlu  İsrafilin  ər  idi,
Əli  Bayramoğlu  eldə  bir  idi.
Məhəmmədin  ocaq  idi, pir  idi,
Ləl  naxışlı  xanimanım, Faxralı.

… İsrafil  Məhəmməd  oğlu  Məmmədov  1905-ci  ildə  anadan olmuşdur. Kənddə dünyəvi məktəb olmadığından ruha­ni  təhsili almış, sonralar isə savadsızlığı ləğvetmə kur­sunda  oxu­muşdur. Hələ uşaqlıqdan zirəkliyi ilə seçilən  İs­ra­fil  atasını  er­kən itirdiyindən əmək fəaliyyətinə yaşıdlarından tez  başlamış, kənddə   kolxoz  quruculuğunda  fəal  iştirak  et­mişdir. O  vaxt­lar  Faxralı  kəndində  iki  kolxoz  yaradılmışdı.

İsrafil  Məmmədov  1933–1936-cı  illərdə  Budyonnı  adına  kol­xozda briqadir kimi fəaliyyət göstərmiş, təşkilatçılıq, adam­lar­la  işləmə  qabiliyyəti  və  təsərrüfat  işini  dərindən  bil­mə­si­ni  nəzərə  alan  həmyerliləri  ona  daha  böyük  etimad  gös­tə­rə­rək  kolxoz  sədrinin  müavini  seşmişlər və o, 1936–1941-cı illərdə  bu  vəzifədə  şərəflə  çalışmışdır.

İkinci dünya müharibəsinin ağrı-acısı, vurduğu yaralar  Bor­­çalıdan  da yan  keçməmiş, əli  silah  tutan  minlərlə  igid  oğul­lar  mü­haribəyə  yollanmışlar. 1941-ci ildə  sovet–alman  mü­haribəsi  başlayanda  cəbhəyə  ilk  gedənlər  arasında  İsrafil  Məm­mədov da var  idi. O, cəbhədə  mərdliklə vuruşmuş, 1943-cü  ildə  yara­lan­dıqdan  sonra  tərxis  olunaraq  doğma  yurda  qayıtmışdır.

HAŞİYƏ: Cəbhəyə  getməmişdən  əvvəl  bacarıqlı  bir  təsər­rü­fat­çı  kimi  rayonda  İsrafil  Məmmədovu  yaxşı  tanıyır, hör­mətini sax­­­layırdılar. El arasında və rayon  rəhbərliyi  yanında  sö­zü  ke­çən­­lərdən, sayılıb-seçilənlərdən idi. Elə bunun  nəti­cəsidir  ki, Azər­baycanlılardan ilk dəfə olaraq gəncəli İsrafil  Məm­mədova So­vet İttifaqı Qəhrəmanı  adı veriləndə  Bolnisi rayo­nunun rəh­bər­liyi, fəalları  onun  məhz  həmyerliləri,  Faxra­lıdan  olan İsrafil Məmmədov  olduğunu  zənn  edərək  o  vaxt­lar  kolxoz  sədri  işlə­yən  əmisi  oğlu  Əli  Xəlilovu  təbrik  et­miş, dəfələrlə  ziyafətlər  ver­mişlər.

Bütün ömrünü torpağa  bağlayan  İsrafil  Məmmədov  1943-cü  ildə cəbhədən qayıtdıqdan sonra da əmək  fəaliyyətini  doğ­ma  tə­sərrüfatda davam etdirmişdir. Onun işgüzarlığı, işə can  yan­dır­ması  rayon  rəhbərliyinin  diqqətindən  yayına  bil­məzdi. 1944-cü  il­də  o, Saraclı  kəndindəki  kolxoza  sədr  vəzi­fəsinə  irəli  çəkildi. Bu, o  vaxt  idi  ki, hələ  müharibə  qur­tarmamışdı, əli  silah tutan başı­papaqlılar cəbhədə  idi. Əhalini  ac­lıqdan qorumaq və eyni  za­manda  cəbhəyə  də  kömək  et­mək üçün  gecə-gündüz  çalışmaq, bü­tün işçi qüvvəsini səfərbər etmək lazım  idi. Belə çətin  mə­qam­da  bir  rəhbər  işçi  kimi  onun  şəxsi  keyfiyyətləri  böyük  rol  oynayırdı.

O, 1949-cu  ildə Faxralıdakı  Budyonnı  adına  kolxoza  sədr  seçildi. Beş  il  bu vəzifədə çalışdıqdan  sonra, 1954-cü ildə  isə rayonun Qoçulu, İmirhəsən və  Əsmələr  kəndlərini  birləşdirən  kolxoza  sədr  vəzifəsinə  irəli  çəkildi, 1958–1964-cü  illərdə  isə  Faxralıdakı  “Qələbə”  kolxozunda  idarə  heyəti  sədrinin  mü­avi­ni  və  digər  vəzifələrdə  çalışdı.

Harada  çalışmasından  asılı  olmayaraq  daim  işgüzarlığı  və  prinsipiallığı  ilə  seçilən  İsrafil  Məmmədov  tabeliyində  olan­la­ra  qarşı  tələbkarlığı  ilə  yanaşı, həssaslığı, qayğıkeşliyi, səmi­miliyi  ilə  də  seçilmiş, xeyirxahlığı  ilə  yaddaşlara  hop­muşdur.

Bir  ağsaqqal  kimi həmişə  elin  xeyir-şərində öndə olmuş, əha­­linin  rifah  halının yaxşılaşdırılmasına, kəndin  abadlığına  bö­yük  diqqət yetirmiş, təkcə Faxralıda, Bolnisi rayonunda deyil, bütöv­lük­də Borçalıda sözü  keçən, məclislərdə  başda yer  gös­tə­rilən ağ­saqqal  olmuşdur. Onun  çoxlarına  örnək  ola  biləcək  na­tiqlik qabiliyyəti bu gün də dillərdə  danışılır. Başı­na  buxara  pa­paq qoyar, həmişə səliqəli geyinər, şux yeri­yərdi. Şair  Z.Ya­qub  de­mişkən, onun  səliqə-səhmanı sanki  haqdan  gəlmişdi.

El-oba  hörməti, ümumxalq  məhəbbəti  hər  kişiyə  nəsib  ol­mur. Tək-tək adamlar hələ sağlığında ikən insanların kön­lündə özünə yuva qurur, ölməzlik statusu qazanır. İsrafil  Məm­mədov belə nadir  kişilərdən  olub. Elə  bunun  nəticəsidir  ki, 1969-cu  ildə  dünyasını  dəyişsə  də  ölümündən  keçən    onil­liklər onu unutdura bilməmişdir. Çünki  cəb­hə­dəki  igidliklərinə  və  əmək  fəaliyyəti  dövründəki  halal  zəh­mət­lə  əldə  olunan  uğurlarına  görə  bir  sıra  orden  və  me­dal­larla  təltif  olunan  İsrafil  Məmmədovun  ən  böyük  müka­fatı  məhz  ümumxalq  sev­gi­si  olmuşdur.

İsrafil  Məmmədovu yaşadan xeyirxah  əməlləri  ilə  yanaşı  bir  də cəmiyyətdə layiqli yerlərini tutaraq onun  adına hər yer­də  şərəf  gə­tirən övladları – 4 oğlu, 2 qızı olmuşdur.  Burada onun mər­­hum oğlu Məmməd  Məmmədovu  xatırlamaq  yerinə  düşər. Azər­baycan mətbuatının inkişafında özünəməxsus xid­mətləri  olan Məmməd  müəllim uzun  müd­dət  “Sovet  kəndi” qə­zetində  şö­­­bə müdiri olmuş, “Qızıl qələm” mükafatına, “Azərbaycanın  əmək­dar mədəniyyət işçisi” və “Azərbaycanın əməkdar  jurna­listi”  fəxri  adlarına  layiq  görülmüş, tarix  elmləri  namizədi  kimi  Texniki  Uni­versitetdə  dərs  vəsaitləri  yazmış, proqramlar  hazırlamışdır.

…İllər  ötəcək, nəsillər  dəyişəcək. Amma nə  qədər  ki, Faxralı  kəndi  və  qədirbilən  faxralılar  var  İsrafil  Məmmədov  da  ya­şa­yacaqdır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur