Məmmədəli Dünyamalı oğlu Şərifov

UMACAĞIM, QAZANCIM AD-SANIMDI DÜNYADA

 Məmmədəli Şərifov – şagirdlərinə bir neçə siniflik deyil, bir ömürlük dərs deyib, təkcə alim olmağa yetəcək qədər deyil, kamil insan olmağa çatacaq qədər savad, tərbiyə verən müəllim!

Elimiz-obamız haq­qında, Borçalının gözəl güşə­lərin­dən olan, çox böyük ziya­lılar, böyük alimlər, gö­zəl xadimlər yetir­miş Faxralı haq­qında həmişə ya­zanda ürək­­lə yazmışam, sevə-sevə yazmışam, özümü gücə salmadan yaz­mı­şam. Nə demişəmsə, hamısını ürək­dən demişəm, özümü bir dəfə də yormamışam, incitmə­mişəm. Və bütün bu yazılarıma görə həmişə özümü xosbəxt sanıram ki, heç olmasa, elimin-obamın iki yüzdən yuxarı ziyalısı haqqında mər­kəzi mətbuatda yazı yazıb onları üçcildlik “Ağır elsən, Borçalıda adın var” və dördcildlik “El sevəni aləm sevər” adlı kitab­larımda toplamışam. Hələlik, bu  missi­yamı davam etdirirəm.

Haqqında söhbət açdığım Məmmədəli müəllim də Fax­ralının ağır-batman ziyalı kişilərindəndir. Məmmədəli Dün­yamalı oğlu Şərifov 1936-cı ildə Faxralı kəndində anadan olub. İkinci Dünya müharibəsinin başalnması çoxları kimi, Şərifovlar ailəsinin də bü­tün planlarını alt-üst edir. 1942-ci ildə atası Dünyamalı Şərif oğlu vəfat edir. Yeddi kiçik yaşlı uşaq – iki qız, beş oğlan anası Həcər Əfəndi qızının himayəsində qalır. Çox qoçaq və ağıllı qadın olan Həcər xanımın atası Molla Mahmud Əfəndi də zamanın qabaqcıl adamlarından biri olub. Mahmud Əfəndi XIX əsrin 90-cı illərində İstanbul Universitetinin İlahiyyət fakültəsinin Astronomiya şöbə­sini bitirmişdi. Tezliklə Həcər ana iki böyük qızını ərə verir, iki böyük oğlunu kolxozun tikinti  biriqadasında ustalığa  düzəldir. Qalan üç oğlunun hər birini çox böyük çətinliklə də olsa, ali təhsilə yiyələndirir.

Məmmədəli müəllim məktəbə çox gec gedir. Ailədə böyük maddi sıxıntılar yaşanırdı. Uşaqlar kəndin malını, buzovunu otar­mağa məcbur idilər. Ona görə də Şahbuzlu ibtidai mək­təbinə ge­dəndə onun on yaşı var idi. İbtidai məktəbi bitirdikdən sonra  Fax­ralı orta məktəbinə daxil olur və 1957-ci ildə həmin məktəbi gü­müş medalla bitirir. Məktəbdə oxduğu illərdə həm kolxozda iş­ləyər, həm də dərsə gedərdi. 1952-1956-cı illərdə kolxozda çalı­şaraq ailəsinə maddi yardım göstərib.

Belə bir vaxtda, 1956-cı ildə ÜİLKGİ-nin Mərkəzi Komi­tə­sinin ölkə gənclərinə müraciətinə cavab olaraq Qaza­xıstana xam və dincə qoyulmuş torpaqlara yollanan Məmmədəli Şə­ri­fov sinif yoldaşı İsmayılov Nəciblə birlikdə bol məhsul yığı­mında iştirak edir. 1957-ci ildə Faxralı orta məktəbini müvəf­fəqiyyətlə bitirən kimi Bakıda M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnsti­tu­tuna daxil olur. 1958-ci ildə 2-ci kursda oxu­yarkən yenidən, ikinci dəfə könüllülər dəstəsində Qazaxıstanın Aktu­binsk vilayətinə bol buğda məhsulu yığmaq üçün kö­məyə gedir. Yaxşı işlədiyinə görə elə həmin il ÜİLKGİ Mərkəzi Komitəsinin təsis etdiyi “Xam torpaqların kəşfi” döş nişanı ilə təltif edilir.

1962-ci ildə təcrübə keçmək üçün Zəngilan ra­yonuna gön­də­rilir. Rayon Maarif Şöbəsi xeyli söhbətdən sonra onu əmrlə Ördəkli 8-illik məktəbinə rus dili müəllimi göndərir. 1962-ci ildə ali məktəbi mü­vəf­fəqiyyətlə bitirib doğma rayo­nuna gəlir və qonşu Saraçlı orta məktəbinə rus dili və ədə­biy­yat müəllimi təyin edilir. Növbəti dərs ilində Məm­mədəli müəllim Bolnisi Rayon Maarif Şöbəsinin təyinatı ilə doğma Faxralı kəndinə gəlir, orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyir. Tezliklə o, zamanında dəb­də olan kommunist partiyası sıralarına üzv qəbul olunur. 1968-ci il sentyabr ayının 1-də Faxralı orta məktəbinə direktor vəzifəsinə irəli çəkilir. Həmin vaxt məktəbdə şagirdlərin sayı həddindən çox idi. Onları iki növbədə belə yerləşdirmək mümkün deyildi. Bu məsələyə rayon Maarif Şöbəsində, Rayon İcraiyyə Komitəsində, Partiya Komitəsində baxılır.

İkinci bir 8-illik məktəb açmaq qərara alınır. Məktəb üçün kəndin yuxarı hissəsində bina seçilir. Sayı 300-350 nəfəri keçən şagirdlər üçün müəllimlərin seçilməsi məsələsi də həll olunmalı idi. Rayon Maarif Şöbəsi bütün təşkilatı işləri Məmmədəli müəl­li­mə həvalə edir. O, qısa bir zaman ərzində Gürcüstan Maarif Nazirliyində problemin həllinə nail olur və 8-illik məktəbin açıl­ma­sına icazə verilir. 1969-cu ildə Məmmədəli Şərifovu yeni yaranmış məktəbə direktor və rus dili müəllimi təyin edirlər.

Artıq yeni dərs ilində məktəbdə hər şey hazır idi. Tam kö­nül­lülük əsasında bütün ixtisaslar üzrə müəllim, 300 nəfərdən çox şagird kol­lektivi və hər ləvazimatla təmin olunmuş sinif otaqları şagirdlərin üzünə açıq idi.

Məmmədəli müəllim doğulub boya-başa çatdığı Faxralı kən­dində pedaqoji fəaliyyət göstərməyə başladığı elə ilk gün­dən mü­əllim kollek­ti­vi­nin, şagird kontingentinin hörmətini qazanır. Təbii ki, Məm­mədəli müəllim özü haqqında hamının fi­kir­lərini dəqiq­ləş­dirə bildi. O, gözəl insan, gözəl pedaqoq kimi tanındı, harada işlədisə, hörmət qazandı. Bu yerdə “otaqların küncünə çəkilməyən, düzlər keçib dağlar aşan, dünya ilə dünyalaşan” şair Hüseyn Arifin bir məşhur kəlamı yada düşür:

Alim nədir,  kitaba bax,
Şair kimdir, xalqdan soruş!

İnsanın insanlığını, ziyalının ziyalılığını ölçmək üçün bir meyar varsa, o da xalqın sevgisi, məhəbbətidi. Müşahidə­lə­rim­də gəldiyim qə­naət bundan ibarətdir ki, Məmmədəli müəl­lim xalqın mehr-məhəbbətini qazana-qazana, sevgi içəri­sində yaşayıb.

Gözəl pedaqoq olmaqla yanaşı, Məmmədəli müəllim həm də ba­ca­rıqlı təşkilatçı, təsərrüfatcıl kimi dəyərləndirilib. 1973-cü ildə Hüsey­nov Uğurlu kənd soveti sədri vəzifəsindən kolxoz sədri vəzi­fəsinə keçiriləndə Məmmədəli Şərifov da kənd soveti sədri vəzifəsinə seçilir və 1979-cu ilin sonunadək həmin vəzifədə ça­lışır. 1975-ci il aprelin 1-də  kolxoz ləğv edilir, əvəzində Fax­ralı Üzümçülük və kartofçuluq sovxozu yaranır. Lakin sovxoz­da adıçəkilən sahələrdən başqa maldarlıq, qoyunçuluq, donuz­çu­luq, quşçuluq, arıçılıq kimi sahələr də var idi. Tezliklə, sovxozun adı, bütün respublikada məşhur oldu. Sovetlik həmin il­lərin çoxunda sosializm yarışının qalibi çıxırdı. İki dəfə (1974, 1977) sovetliyə VAZ-2101 və VAZ-2106 markali minik maşını ayrıldı. Məm­mə­dəli müəllim 1979-1998-ci illərdə sovxozun kadrlar şöbəsinin ins­pektoru və sonralar müdiri vəzifəsində işləyir. Hal-hazırda tə­qa­üdçüdür. Həyat yoldaşı və üç övladı ali təhsillidir.

Ömrünün müdriklik çağını yaşayan Məm­mədəli müəllimin öyün­məyə, sevinməyə mənəvi haqqı var. Ən bö­­yük mü­kafatı xalqın sev­gi­sini, məhəbbətini qazanmasıdı. Bizim elimizin-obamızın yetirməsi, Ame­ri­kanın “Qızıl heykəl” mükafatı laureatı, Azərbaycan KİVİHİ-nin “Qızıl qələm” mü­kafatını almış, respublikanın Əməkdar müəllimi, professor  Əli Hüseynov da qeyd edir: “Elin-obanın içərisində olan, elnən nəfəs alan, elnən duran, elində-obasında fəaliyyət göstərən ziyalıları qəhrəman ziyalılar adlandırıram. Səməndər müəllim, Məmmədəli Şərifov bizim o ziyalıları­mız­dandır ki, bu gün də elində, obasında yaşayır, xalqın içə­ri­sindədir. Müəllim kimi də yaxşı müəllimdir. Hansı vəzifədə çalışıbsa, çəkinmədən xalqın sözünü deyib”.

Məmmədəli müəllimin də imkanı olub ki, gəlib şəhərdə ya­şa­sın. Amma o, qət edib ki, nə qədər həyatda vardır, nə qədər Allah-təala ömür verib, ancaq və ancaq xalqla olmalıdır, xalqın içində olmalıdır. Ən azından, ətrafı, el-oba bilir ki, Məmmədəli müəllim kimi ziyalıların xalqın içərisində olması bir çox baxımdan, el üçün arxadı, dayaqdı.

Bunun üçün biz Məmmədəli müəllimə yalnız sağ ol deyə bi­lərik. Fəxarət hissi keçirirəm ki, Məmmədəli müəllim mənim də müəllimim olub, özü də yaxşı müəllimim olub, ciddi müəl­limim olub. Hər bir mövzuya çox ciddi yanaşıb. Mən Dədə Camal haq­qında yazmışam ki, onun barəsində tədqiqat əsəri yazılmalıdı, şəxsiyyəti bir insan materialı kimi öyrənilməlidi. Oturuşunda tər­biyə, duruşunda tərbiyə, yerişində müşahidə olu­nan tərbiyəvi cəhətlərin altı cızılmalıdı. Bunu mən Məm­mədəli müəllimə də aid edirəm. Ən azından ona görə ki, Məmmədəli Şərifov bunu örnək həyatı ilə, məhsuldar pedaqoji fəaliy­yəti ilə, insanlığı ilə qazanıb. O, indi də məktəblə əlaqəsini kəs­məyib. Mən Məmmədəli mü­əl­limin tərcümeyi-halına baxanda keçən illər yadıma düşür, xa­ti­rə­lərim can­­lanır. Orta məktəbdə oxuduğum 1968-ci ildə Məm­mə­dəli Şərifovun istedadlı yazıçı, görkəmli pedaqoq L.A.Ma­karenko haqqında rayonun “Qələbə bayrağı” qəzetində yazdığı məqalədən tutmuş, 1973-cü ilə qədər kommunist şair və yazıçılar M.Qorki, Lesya Uk­ra­inka, F.Dostoyevski, dahi sənətkar N.Nekrasov, gör­kəm­li söz ustası K.Fedin, dahi dramaturq A.Ostrovski, polyak yazıçı Yulius Fu­çik haqqında yaz­dıq­larını o dövrdə böyük əks-səda doğuran, ma­raqla qar­şı­lanan, “A.S.Puşkin Gürcüstanda”, “Mixail Stel­max və Ukray­na”, “Müəllim və həyat” kimi məqa­lə­lərini nə­zər­dən keçirirəm. Onların bir çoxundan sonra­lar xəbər tut­muşam. Əlbəttə, bu yazıları yazmaq üçün birinci növ­bədə insa­nın içində gərək nəsə olsun, haq­qında yazdığın qəhrə­manların hə­yat və fə­aliyyəti barədə zəngin mə­lumatın olsun, onların də­yər ver­diklərini sən də qiymətləndirsən, hə­yata baxışlarını, dün­ya­gö­rüşlərini müəyyən mənada bö­lü­­şəsən. Ya­zarlar bilir ki, bu, çox məsu­liyyətli işdir. Belə bir məsuliyyətin altına çiyin ve­rən şəxs həm də bir növ maariflənmə işi aparır. Məmmədəli müəllim də orada – Borçalıda rus yazıçılarının həyat və yaradıcılığı haq­qında gənc nəslə məlumat verir, oxucularını maarifləndirir. Onun hər bir yazısı, məqaləsi həm də tarixdi, o dövrün mənzərəsidi, görün­tü­südü. Bu mə­nada yazıçı həm də bir növ salnaməçi kimi çıxış edir. Məmmədəli müəl­lim üzərinə gö­türdüyü bütün bu çətin vəzifələrin öhdəsindən uğurla gəlmişdir və gəlməkdədir.

Poeziyaya böyük marağı olan Məmmədəli müəllim bəzən özü də şeirlər yazır. Onun yaradıcılığında vətənpərvərlik mo­tiv­ləri üstün­lük təşkil edir, doğma yurda bağlılıq, qeyrətin tə­rən­nümü, xəyanətlə barışmazlıq ön planda yer tutur:

Hər yanda gurlasın “Cəngi”nin səsi,
Satqının, alçağın ocağı sönsün.
Odlar diyarının hər bir guşəsi
Gül-çiçək açaraq cənnətə dönsün.                                

Görüb sezdiyimi öz gözlərimlə,
Yazmaq istəyirəm, yaza bilmirəm.
Satqının qəbrini öz əllərimlə
Qazmaq istəyirəm, qaza bilmirəm.   

Qılıncdan kəsərli qələminlə sən,
Onların qəbrini tez qazmalısan.
Namuslu, qeyrətli bu ulu kəndin
İndi dastanını sən yazmalısan.

Düşmən tapdağı altında inləyən Qarabağımızın nə vaxtsa yal­nız danışıqlar yolu ilə geri qaytarılacağına boş yerə ümid edənlərə də öz tövsiyəsini verir Məmmədəli müəllim:

Tarixin amansız bir qanunu var,
Davasız hər zaman torpaq alınmaz.
Vətən də, millət də birlikdə deyir:
Qurbansız heç zaman zəfər çalınmaz.

Xalq şairi Zəlimxan Yaqubun bir sözü var, deyir ki:

Gözümdə eynək yox, əlimdə əsa,
İstədiyin qədər sağlamam, sağlam.
Necə saçlarını ağartmışamsa,
Elə də üzünü ağardacağam. 

Demək, Məmmədəli müəllimin dərs dediyi şagirdlər, çox önəmli haldı, doğrudan da onun üçün sözün həqiqi mənasında üzağlığına çev­riliblər. On­lardan biri də Moskva Dövlət Univer­si­tetində müdafiə etmiş kimya elmləri namizədi Arif Bədə­lovdu. O, Məmmədəli Şərifov haqqında yazır: “Məm­mədəli mü­əllimin tim­salında mən həqiqi mənada bir ciddi müəllim gör­düm, ədalətli mü­əllimdən dərs aldım. İndinin özündə də Məmmədəli müəllim mə­nim aləmimdə özünə hörmət edən, peşəsinə hörmət edən, sa­vad­lı, səviyyəli bir müəllim kimi qalıb”. Arif Bədəlovun özü­nün yaşı 60-ı haqlamasına bax­ma­ya­raq, müəllimi haq­qında yük­sək fi­kirdə olması, əlbəttə ki, Məmmədəli Şərifovun əməyinin qiy­mə­ti­di. Bu o deməkdi ki, Məmmədəli müəllim şa­gird­lərinə bir neçə si­nif­lik deyil, bir ömürlük dərs deyib. Təkcə alim olmağa yetəcək qə­dər deyil, kamil insan olmağa çatacaq qədər savad, tərbiyə verib.

Hər dəfə görüşəndə səmimi görüşürük, mənim ona bir zi­ya­lı kimi, elin-obanın bir dəyərli oğlu kimi çox böyük hörmə­tim var. Məmmədəli müəllimə cansağlığı arzulayıram. Elimizi-obamızı, Fax­ra­lımızı, Borça­lı­mızı orada və Borçalıdan kənarda layiqlə təmsil edən bizim bütün ziya­lılarımız var olsun! O, ziyalılara dərs demiş, bu gün də elində-obasında, xalqımızın içərisində fəaliyyət göstərən Məmmədəli müəllim kimi eloğlularımız var olsun! Zəlimxan Yaqub demişkən:

Var olan dünyada siz də varsınız,
Gözəl  bir kəssiniz, bəxtiyarsınız. 

Allah insanı xəlq eləyəndə hər kəsə yaxşı kəs demir, yaxşı insan demir. Allaın yaxşı bəndələri məhz ona görə yaxşıdırlar ki, həyatda yaxşılıqları yaşadırlar. Yaxşılıqları yaşadan yaxşı­lardan biri də Sizsiniz, hörmətli Məmmədəli müəllim!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur