Haqqında yazmaq istədiyım şəxs, Faxralıda xalq arasında “Malay” kimi tanınan Musa Həsən oğlu Həsənovdur. Onun babasının adı Oruc, əmiləri Şair Nəbi və Tanırverdi olmuşlar.
O, ucaboy, qrayanız, yaraşıqlı, xoşxasiyyətli, səmimi bir insan olmuş və işlədiyi bütün vəzifələrdə xalqının, elinin-obasının qeyrətini çəkən mərd, qorxmaz, məğrur bir insan olmuşdur.
O, rus, gürcü dillərini səlis bildiyinə görə qeyri millətlərlə geniş ünsiyyət yaratmış və Gürcüstanda xalqımızın hüquqlarının müdafiəsi uğrunda əzmlə mübarizə aparmışdır.
Musa Həsənov, 13 avqust 1915-ci ildə Faxralı kəndində anadan olmuş, əvvəlcə molla məktəbində, sonra isə kənddə yeni açılan sovet məktəbində orta təhsil almışdır.
Onun həyat bioqrafiyası enişli-yoxuşlu və çox zəngin olmuşdur.
O, 1938-ci ildə Tiflisdə milis məktəbini bitirmiş və Faxralı kəndində komsomol katibi vəzifəsində çalışmışdır.
1942-ci ildə Böyük Vətən Müharibəsinə getmiş və Krım uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
1944-cü ildə Cəbhədə yaralanmış və Gürcüstanın Manqlisi şəhərinin hərbi hospitallarının birində müalicə olunmuşdur. Müharibədən sonra 1945-ci ildə Manqlisi şəhər milis orqanına işə düzəlmişdir.
1946-cı ilin sonunda iş yerini dəyişərək Marneuli rayonu Qullar kəndində sahə müvəkkili vəzifəsində işləmişdir.
Ailə vəziyyəti ilə əlaqədar 1948-ci ildə milis orqanından tərxis olunmuş və Faxralı kəndində ferma müdüri vəzifəsində çalışmışır.
Xalq arasında böyük hörmətə sahib olduğuna, ictimai həyatda fəal iştirak etdiyinə görə Musa Həsənov 1952- 1962-ci ilər ərzində Faxralı kənd sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir.
İşlədiyi illər ərzində Faxralı kəndində böyük işlər görmüş və xalqın sevimlisinə çevrilmişdir.
1963-cü ilin payızında o, daha yüksək vəzifəyə, sovet dönəmində “SELPO” (“сельское потребительское общество” – kənd istehlak cəmiyyəti) kimi tanınan təşkilata sədr vəzifəsinə təyin edilmişdir.
Lakin, gözlənilməz faciəli (bəlkə də müəmmalı) avtomobil qəzası 50 yaşında Musa Həsənovun həyatına son qoydu. O, sentyabr ayının 1-də yeni vəzifəsini təhvil-təslim edib evə qayıdan zaman avtomobil qəzasına düşərək həlak oldu.
Xalqımız bu itkini çox ağrılı qəbul etdi. Elin, obanın bir arxası da həyatdan getdi. Onun qurub, yaradcağı çox işlər yarımçıq qaldı. Çox-çox təəssüflər! Allah ona rəhmət etsin!
Araz Xəlilov (Nəslin nümayəndəsi)
Musa Həsənov barədə xatirələr
Musa Həsənovun qızı Tamara Xəlilova, öz atası barədə maraqlı hadisələr danışır. Onlardan bir neçəsini təqdim edirik:
Mal sürüsünün gürcü oğrularından azad edilməsi
Bir gün gürcü oğruları Faxralıya məxsus heyvan sürüsünü oğurlayırlar.
Həmin gün Musa Həsənov xidməti maşınla gedən zaman bir neçə nəfər onun qarşısına çıxaraq deyir: “Ay Musa, mallarımızı güneylə Xaçınlı tərəfə apardılar…”
Musa Həsənov çox əsəbləşir və onun kəndinə sataşanları cəzəlandırmaq qərarına gəlir. Ləngimədən maşından düşüb atına minir və oğruları tez bir zamanda Xaçınlı dərəsində yaxalayır.
Onun zəhmli səsindən qorxuya düşən oğrular, Musa Həsənovun ayaqları altına yıxılıb üzr istəyirlər: “Bir işdi oldu, Musa, qələt etmişik, qoy mal yiyələri özləri gəlib heyvanlarını aparsınlar”.
Musa Həsənov isə onlara qışqıraraq deyir: “Necə heyvanları gətiribsiniz, elə də onları yiyələrinə aparacaqsınız”.
Əlacsız qalan oğrular suyu süzülə-süzülə Musa Həsənovun göstərişini yerinə yetirirlər.
Bu hadisədən sonra gürcü oğruları Faxralı kəndinə bir daha toxunmurlar.
Gürcü qonaqlarının inciməsi
Musa Həsənov milli təəssüfkeş, öz xalqını sevən, sözü bütöv, dəyərli bir insan olmuşdur.
Bir gün o, öz gürcü tanışlarını qonaq çağırır. Onlar Faxralının meşələrində yeyib-içirlər və sonra Səryinəyə gəzməyə gedirlər. Gürcülər orada olan alban tikililərini öz adlarına çıxır, sonra isə qəbr daşlarını göstərib həyasızlıqla Şah Abbasa söyürlər.
Musa Həsənov da onların sözünə qoşulub Şah Abbasa söyür. Bunu eşidən gürcülər təəccüblənirlər:
– Musa, maraqlıdır, siz niyə Şah Abbasa söyürsünüz?
Musa Həsənov təmkinlə və qürurla cavab verir:
– Mən ona görə söyürəm ki, o, gərək sizin kökünüzü kəsəydi ki, belə haqsız danışmayaydınız…
Bunu eşidən gürcülər inciyib gedirlər…
Öz həmkəndlisinə yardım etməsi
Bir gün Musa Həsənov Bolnisi rayonunun inzibati idarəetmə orqanı olan “raykom”un binasının qabağında öz həmkəndlisi ilə rastlaşır və onun dilxor olmasının səbəbini soruşur:
– Nə olub, ay eloğlu? Niyə bikefsən, – deyir.
Həmin şəxs dilxor olmasının səbəbini rayon milis şöbəsinin rəisi Danel tərəfindən onu milis orqanına çağırılması ilə bağlı olduğunu deyir.
Musa Həsənov çox əsəbləşir, bir siqaret yandırır və hətta Danelin ünvanına gürcü dilində söyür də:
– Ay biqeyrət, xəbərim olmadan mənim həmkəndlimi milis orqanına niyə çağırtdırıbsan?
Sonra sözünə davam edir:
– Qayıt evinə, Danel “qələt edir”, mən məsələni həll edərəm…
Musa Həsənovu pəncərədən seyr edən “raykom” onun söyüşlərini və əsəbi formada qışqırıq səsini eşidir. Onu yanına çağırtdırır. Əsəbdən özünü ələ ala bilməyən Musa, katibə də gürcü dilində kobudluqla cavab verir…
Sonra o, Danelin yanına gedir və onunla da “məsələni həll” edir.
O gündən sonra həmin şəxsi milis orqanından narahat etmirlər.