Uğurlu Oruc oğlu Hüseynov

HƏYATDA AMALI HALALLIQ OLDU

Heç də uzaq olmayan tarixi keçmişimizdə – Sovetlər dönə­min­də çox zaman insanlara şəxsi key­fiyyətlərinə, el-oba ara­sında qa­zan­­dığı hörmətə görə yox, sa­dəcə olaraq tərcümeyi-hal göstə­ri­ci­lə­ri­nə görə qiymət verirdilər. Yəni filankəs filan yerdə təhsil alıb, fi­lan vəzifədə çalışıb. Kimisə bir rəhbər vəzifəyə təyin edəndə də ilk növbədə bu göstəricilər əsas götürülürdü. Amma atalar nahaq­dan deməyib ki, elin gözü tərəzədir. Eldə-obada adama tutduğu vəzifəyə görə yox, insanlığına, el adamı olmasına görə hörmət edirlər. Vəzifəni gəldi-gedər, insanlığı, xeyirxahlığı isə əbədi, heç zaman unudulmayan kimi dəyərləndiriblər. Vəzifəni məq­səd yox, elinə-obasına daha çox xeyir vermək üçün bir vasitə hesab edənlər isə vəzifə adamı ol­maqdan çox el adamı olmağa çalışıblar, bundan qürur duyub­lar. Çünki yaxşı biliblər ki, insanı yaşadan onun əməlləridir.

Borçalıda ağır el kimi tanınan Faxralıda dövlətin etibar et­diyi vəzifə ilə el-oba qarşısındakı məsuliyyəti uğurla uzlaşdırıb böyük hörmət və nüfuz qazanan kişilər çox olub. Belə kişi­lərdən söz düşəndə yadıma ilk düşənlərdən biri də Uğurlu Hüsey­novdur. O Uğurlu Hüseynov ki, uzun müddət kənddə rəhbər vəzifədə çalışdı, el hörməti qazandı, çünki düz oldu ilqarı, düz oldu andı. Heç kəsi özündən incik salmadı, eli-obası yolunda şam kimi yandı.  Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıq oldu. Elə buna görə də başıuca, alnıaçıq yaşadı, xalqın gözündə ucaldı. Ona həsr etdiyim şeirdə dediyim kimi:

Ömür yollarında boşaldı, doldu,
Həyatda amalı halallıq oldu.
Başı uca, alnıaçıq yaşadı,
Xalqın da gözündə daim ucaldı.

Hər dəfə onun haqqında düşünəndə ilk növbədə yadıma sevimli xalq şairimiz Zəlimxan Yaqubun sözləri düşür:

Adam var zəhərə döndərir balı,
Zəhəri bal edən dodaqlar da var.
Otuz beş yaşında el ağsaqqalı,
Altmış yaşında uşaqlar da var.

Nə qədər sərrast və dəqiq ifadə olunmuş və özü də Uğurlu müəllim kimi böyük kişilərə yaraşan fikir: otuz beşi yaşında el ağsaqqalı!

 …Uğurlu Oruc oğlu Hüseynov 1934-cü ildə Bolnisi ra­yo­nu­nun Faxralı kəndində anadan olub. Kənddəki orta   məktəbi   və 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutunun aqro­nom­luq fakültəsini bitirib. İnstitutu bitirdikdən sonra doğma Bor­çalıya qayıdıb və Bolnisi rayo­nunun Abdallı kəndindəki kol­xozda aqronom vəzifəsinə təyin olunub. Bu vəzifədə çalış­dığı dörd il müddətində bacarıqlı mütəxəssis kimi rəhbərliyin diqqətini çəkdiyindən sonra o, doğma kəndində – rayonun bö­yük təsərrüfatlarından olan “Qələbə” kolxozunda baş aqronom və partiya komitə­sinin katibi kimi məsul vəzifələrdə çalışıb. Eldə-obada qazandığı hörmətlə vəzifə pillələrindəki yüksəlişi bir-birini üzvi şəkildə tamamlayıb. Sübut etməyə çalışıb ki, vəzifə daşımaq ona şəxsi karyerası üçün yox, el-obasına xeyir vermək üçün lazımdır. Və bu işgüzarlığı, təşkilatçılıq qabi­liy­yəti, adamlara maksimum diqqətlə yanaşması ona daha böyük etimadlar göstərilməsinə səbəb olub. 1971-ci ildə Faxralı kənd sovetinin sədri vəzifəsinə seçilib. İki il bu vəzifədə çalışdıqdan sonra “Qələbə” kolxozunun sədri vəzifəsinə irəli çəkilib. 1973-1975-ci illərdə həmin kolxozun sədri olub,  1975-ci ildən isə həmin kolxozun bazasında yaradılmış Faxralı üzümçülük sovxozuna 16 il fasiləsiz olaraq rəhbərlik edib.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə və ağır elli Faxralının şərəfinin əbədiliyinə həsr edən Uğurlu Oruc oğlunun əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib. O, sovet dövrünün ən böyük dövlət təltiflərindən sayılan “Qırmızı Əmək bayrağı” və “Sərəf nişanı” ordenləri, çoxsaylı me­dal və tərifnamələrlə təltif edilib, 1978-ci ildə isə XTNS-in qızıl medalına layiq görülüb, dəfələrlə Bolnisi Rayon Sovetinin deputatı, Gürcüstan KP qurultaylarının nümayəndəsi seçilib.

1982-1991-ci illərdə Marneuli rayonunundakı Sadaxlı meyvə-tərəvəzçilik sovxozunun partiya komitəsinin katibi işləmiş Arif Mustafa oölu Məsməliyevin dediklərindən:

Cumber İliç Patiaşvili Gürcüstan KP MK-nın kənd tə­sər­rüfatı üzrə katibi işləyən zaman zona müşavirələrində Uğur­lu Hüseynovun ən qabaqcıl, bacarıqlı təsərrüfat rəhbərlərindən olduğunu, onun idarə etdiyi təsərrüfatın dövlət plan və öhdə­lik­lərini artıqlaması ilə yerinə yetirdiyini xüsusilə qeyd edərdi. Çı­xış üçün sözü birinci ona verər, onu digər təsərrüfat rəhbər­lə­rinə nümunə göstərərdi. Sonralar Gürcüstan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən həmin zona müşavirələrində U.Hü­sey­novu həmişə yaxşı təsərrüfat rəhbəri kimi təqdim edər, onun timsalında işlək camaat olan borçalılara rəğbətini heç vaxt gizlətməzdi.

Onu təkcə faxralılar yox, bütövlükdə borçalılar bir el ağsaq­qa­lı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirdilər. Təkcə bir fakta diqqət yetirmək istəyirəm ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi zamanı Uğurlu müəllim Borçalıda hansı fədakarlıqları göstərmişdi. O zamanlar mən Faxralıda ol­ma­sam da, yaxşı bilirəm ki, Borçalıda, xüsusilə Bolnisi rayo­nun­da soydaşlarımıza qarşı münasibətin o qədər də ürəkaçan ol­madığı, milli zəmində ayrı-seçkilik aparıldığı bir vaxtda o qanlı hadisədən iki gün sonra rayonun bütün kəndlərindən nümayəndələrin iştirakı ilə Arıxlı kəndində böyük mitinq keçirilmişdi. Və təbii ki, belə bir həssas məqamda bu mitinqi təşkil edənlərdən biri də məhz Uğurlu Hüseynov idi. Sovet imperiyasının hərb maşınının törətdiyi bu dəhşətli faciəyə etirazını bildirən Uğurlu müəllim eyni zamanda rayonun digər kəndlərindən olan ağsaqqallarla birgə Bakıdakı  şəhid ailələrinə və yaralılara yardım etmək qərarına gəlmiş və qısa müddətdə rayon üzrə təşkilat komitəsi yaradılmışdı (təbii ki, ancaq ayrı-ayrı kəndlərdəki ağsaqqalların və rəhbər vəzifədə olanların he­sa­bına). Tezliklə bu təşəbbüsə rayonun bütün kəndləri qoşul­muş və yanvar ayının 30-da Bolnisi rayonundan 50-dək yük maşınında müxtəlif ərzaq məhsullları Bakıya gətirilərək şəhid ailələrinə və yaralılara paylanılımışdı.

Hər dəfə kəndə gedəndə mütləq onunla görüşərdim. İşlə­rimlə maraqlanar, hər kiçik uğurumdan belə böyük qürur duy­du­ğunu söyləyər və deyərdi ki, mənim atam Oruc kişi ilə sənin baban İsmayıl kişi möhkəm dost olublar. Keçmişinə daim bö­yük hörmətlə yanaşan Uğurlu müəllim bu dostluğu mənim atam Eyvaz Məmmədovla davam etdirirdi. Aralarında olduqca səmimi münasibət vardı.

Bir dəfə çox mötəbər məclislərin birində Uğurlu əmiyə (mən ona belə müraciət edərdim) dedim ki, biz qardaşların ali təhsil almasında sizin zəhmətiniz atam Eyvaz Məmmədovun zəhmə­tindən az olmamışdır. O, mənim sözlərimdən məmnun olub razılığını bildirdi. Və mən hiss elədim ki, ən böyük mükafatı xal­qın hörməti olan Uğurlu əmi mənim bu sözlərimi də bir mü­kafat kimi qəbul elədi. Sonralar eşidirdim ki, dəfələrlə məclis­lərdə mənim ona dediyim sözləri cavanlara nümunə göstərib de­yir ki,  hər hansı bir diqqət və qayğını  dilə gətirib qiymətlən­dir­mək insanın içindən gəlir və onun mənəvi kamilliyinə dəlalət edir.

Həyatda bütün çətinliklərə mətanətlə sinə gərən, heç nəyin  və heç kəsin qarşısında əyilməyən Uğurlu Hüseynov həyatında tək bircə dəfə dözümlü ola bilmədi: qardaş itkisi qəddini əydi, oğlu Fərmanın dağına dözə bilmədi. Dərd onu üzdü. 2003-cü ilin payızında dünyasını dəyişdi. Ürəklərdəki yeri isə dəyişməz olaraq qalır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur