Ələddin Dəmirçinin şeirlərindən nümunələr
GETMƏZ SİNƏMİZDƏN BU DAĞIN, FƏLƏK
Düzü, əvvəllər onun şeir yazdığını bilmirdim. Amma bilirdim ki, özünün sadə və halal zəhməti ilə dolanan ləyaqətli eloğlularımdan biridir. Onu da bilirdim ki, bu gün az-az rast gəlinən bir sənətin sahibidir – dəmirçidir. Bu yaxınlarda isə öyrəndim ki, sən demə, böyük fiziki güc, iradə və mətanət tələb edən bir sənətin sahibi olan Ələddin dəmiri döyüb müxtəlif formalara saldığı, ondan cürbəcür əşyalar düzəltdiyi kimi, sözlə işləməyi də bacarırmış. Bəlkə də çoxlarına qəribə gələcək ki, dəmirçi kürəsində bişmək hara, həm də duyğulu könül, incəlik, zəriflik tələb edən şairlik hara? Hesab edirəm ki, bu yaxınlarda Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Sən kövrəlmə, mən kövrəlim” adlı şeirlər kitabı bu sualla baş-başa qalanlara tutarlı cavabdır, yardımçıdır. Elə kitabın adı da çox mətləblərdən xəbər verir. Sən demə, indiyədək həmyerlilərinin öz işini yaxşı bilən bir dəmirçi kimi tanıdıqları Ələddin həm də kövrək qəlbli bir şair imiş…
Ələddinin mənsub olduğu Alməmmədli nəsli çox böyük dühalar yetirmişdir. Onlardan Borçalının Ələsgəri olan Şair Nəbinin vəsf elədiyi Alməmmədoğlu Möylə, Aşıq Senliyin qəhrəmanı Alməmmədoğlu Hümbət, Axund Alı, Borçalının ayrı-ayrı kəndlərində təsərrüfat rəhbərləri olmuş İsrafil Məmmədov, Əli Xəlilov, Aslan Əliyev, türk dünyasının böyük alimi Şamil Qurbanov, elmlər doktoru, professor Namaz Bədəlov, tarixçi-alim, respublikanın Əməkdar jurnalisti Məmməd Məmmədov, Qara Hümbətov, İsa Məmmədov, Yasin Xəlilov və bütün Borçalının fəxri olan Arif Əliyevin adlarını çəkə bilərik. Ələddin də o nəslin sinəsində yanar ürək gəzdirən oğullarından biri idi.
…Ələddin Musa oğlu – bu gün hamımızın həm də şair kimi tanıdığımız Ələddin Dəmirçi 1948-ci ildə Borçalının Faxralı kəndində anadan olub. Hələ uşaq ikən o illərin repressiya acısını dadıb. Belə ki, Ələddin təxminən 2 yaşında olarkən onun valideynləri Qazaxıstana sürgün olunub. Yalnız Stalinin ölümündən sonra – 1954-cü ildə doğma yurda – Faxralıya qayıda biliblər. Valideynləri yenidən özlərinə gün-güzəran qurub, övladlar böyüdüblər. Ələddin də böyüdükdən sonra atasının sənətinə yiyələnib, eldə-obada dəmirçi kimi tanınıb.
O, eyni zamanda qəlbinin incə duyğularını sözün ecazkar qüdrətindən istifadə edərək ipə-sapa düzüb. Bir-birindən gözəl şeirlər yazsa da, təvazökarlıqdanmı, yoxsa nədənsə, yazdıqlarını üzərə çıxartmayıb, onların nəşri barədə düşünməyib.
Yuxarıda adını qeyd etdiyim “Sən kövrəlmə, mən kövrəlim” adlı ilk və hələlik son kitabı da onun ölümündən sonra işıq üzü görüb. Tanınmış fölklorşünas alim, Əməkdar Mədəniyyət işçisi, elimizin ləyaqətli oğlu, Ələddinin qohumu və uşaqlıq dostu Elxan Məmmədlinin redaktorluğu ilə çapa hazırlanan kitabın sponsoru da digər xeyirxah əmioğlumuz İbrahim Alməmmədlidir. Kitaba geniş və səmimi, ürəkdən gələn bir ön söz yazan Elxan Məmmədli Ələddinin şeir yazmasıyla bağlı həmin yazıda belə deyir:
“Ələddinin ali təhsili olmasa da, zəngin mütaliəsi vardı. Daha çox poeziyanı sevərdi. Çox sonralar bildim ki, “Dəmirçi” təxəllüsü ilə şeirlər yazır. Bunu mənə bir neçə il öncə mərhum əmim şair Əli Səngərli demişdi.
Ələddin Dəmirçi təvazökar insan idi. Bu illər ərzində onun şeir yazdığını özündən eşitməmişdim. Hər dəfə əmim onun şeirlərini tərifləsə də, Ələddin məndən gizlədirdi.”
Elxan müəllim yazır ki, onun öz dilindən şeirini ölümündən iki həftə əvvəl – dostu Aydın müəllimin dəfnində iştirak etmək üçün Faxralıya gedəndə eşidib: “Kənddə böyük izdiham var idi, bütün kənd bu hörmətli müəllimi haqq dünyasına yola salmağa gəlmişdi. Dəfn mərasimindən sonra Ələddin Dəmirçi məni adamlardan aralayıb bir kənara çəkdi. Dedi, “əmioğlu”, Əkrəm Əylisliyə bir şeir yazmışam, gəl sənə oxuyum”.
O zaman Elxan müəllim hardan biləydi ki, aradan 20 gün keçməmiş onun öz dəfninə gələcək. Amma bu gün bir onda təsəlli tapır ki, həmin görüşdə Ələddinin oxuduğu həmin şeiri onun öz səsiylə (özündən xəbərsiz) diktofona yazıb və bu gün Ələddinli günlərin şirin xatirələriylə baş-başa qalanda diktofonun düyməsini basıb o həzin səsi dinləyir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ələddinin uşaqlığı Qazaxıstan çöllərində sürgündə keçib. Onun valideynlərinin sürgün olunmasını öz gözləri ilə görən və yaddaşında bu gün də yaşadan Elxan müəllim yazdığı ön sözdə bir az da o illərə qayıdır. Qayıdır ki: “Bunları hamı bilməlidi. Musa kişinin ailəsinin başına gələn bu müsibətlər təkcə onların faciəsi deyildi, bu, həm də xalqımızın faciəsi idi”.
Bəli, hələ körpə ikən həyatın sərt sınaqlarına tuş gəlib Ələddin. E.Məmmədli bu haqda belə yazır: “Ömrü yağ-bal içində keçmədi, həyatı boyu çoxlu əzab-əziyyətlər gördü. Zəhmətə bağlandı, cavan yaşlarından əməyi sevdi, çalışdı, vuruşdu. Körüyü, zindanı, çəkici özünə çörək ağacı elədi. Oddan, qığılcımdan özünə çörək çıxartdı. Gözəl balalar böyütdü. Baba oldu, nəvə sevinci daddı. Və heç kimin gözləmədiyi halda, bir gün belə yorğan-döşəyə düşmədən 31.03.2013-cü il tarixində quş kimi uçub getdi, əzizlərini tərk etdi”.
Bəli, düz bir il əvvəl ana yurdumuz Faxralı daha bir şair oğlunu itirdi. Sağlığında şair kimi tanınmasa da, ölümündən sonra işıq üzü görən kitabı onu poeziyasevərlərə daha yaxından tanıtdı, yaradıcılığı haqqında yüksək fikirlər söyləndi. Filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə onun kitabıyla bağlı “Təhsil problemləri” qəzetində böyük məqalə ilə çıxış edib. Ələddin Dəmirçinin poetik yaradıcılığını yüksək qiymətləndirən A.Bədəlzadə yazır: “Ələddin Dəmirçinin şeirlərini oxuduqdan sonra məndə təbii bir təəssürat yarandı. Bu şairin sevimli peşəsi olan dəmirçiliklə poeziya arasında qəribə assosiasiya olduğuna inandım. Təəssürat ruhən məni elə tərpətdi ki, bu şeirlər haqqında ürəkdən gələn sözləri demək ehtiyacı duydum”.
A.Bədəlzadə daha sonra yazır: “Ələddin Dəmirçinin hətta zəif şeirlərinin özü də odlu dəmirçi kürəsindən çıxan şeirlərdir. Dəmirçi zindan üstündə xam dəmir parçasını döyüb istədiyi şəklə, formaya sala bildiyi kimi, Ələddin də öz ürəyinin odlu kürəsindən çıxanı bizə təqdim edir”.
Elimizin qeyrətli oğlu, əmisioğlu Arif Əliyevə yazdığı şeiri insan gözyaşları ilə oxuyur:
Kökümü qurutdun, kökün qurusun,
Heç puçur açmasın budağın, fələk.
Bir oğul apardın Gözəl dağından,
Getməz sinəmizdən bu dağın, fələk.
Ələddinin şeirləri haqqında çox danışmaq olar. İnanıram ki, hələ bundan sonra barəsində çox danışılacaq, çox yazılacaq. Nə qədər ki, qədirbilən faxralılar var, onun sadiq dostları və doğmaları var, o, ürəklərdə yaşayacaq.
Şeirləri şəxsiyyətini, şəxsiyyəti şeirlərini tamamlayan Ələddin Dəmirçi ləyaqətli eloğlu, sadiq dost, istedadlı şair ömrü yaşayıb haqqa qovuşdu. Allah rəhmət eləsin! Ələddin hamımızın əzizi idi! Biz hamımız ona əmioğlu deyə müraciət edirdik. O da bizə əmioğlu deyirdi. Həqiqətdə də belə idi. Təbiətin qoynuna tez-tez səfərimiz olardı. Yemək hazırlanıb süfrəyə gələnə qədər onun əl-ayağını görmək olmurdu. Ələddin o qədər ayağına yüngül idi. Əmioğluları bir yerə yığışanda (İbrahim, Tofiq, Eldar, Sərdar, Cavanşir və digərləri) sevincinin həddi-hüdudu olmazdı. Bir gün dedi, əmioğlu, səndən bir xahişim var. Dedim buyur, mənim gözüm üstə. İstəyirəm bir şeir yazasan, orda “Mən insan ömrünü bahar istərəm” kəlamı öz əksini tapsın. Çox çəkmədi mən həmin şeiri yazdım və belə tamamladım:
Həyatın min cürə fəndi-feli var,
Taledən işıqlı səhər istərəm.
Səməndər, dünyanın nuru insandır,
Mən insan ömrünü bahar istərəm.
Heyif, işıqlı səhərin və baharın zövqü-səfasını az sürə bildi. Ö.Xəyyam rubailərinin birində yazır:
Bir ucsuz-bucaqsız dairədə sən,
İki cür insanı xoşbəxt görərsən:
Bir qismi, hər şeyi bilən, o biri
Xəbərsiz yaşayar dünya işindən.
Ələddin hər şeyi bilirdi, hətta ölümü də ona əyan olmuşdu. Cənnəti-məkan ol, Ələddin. Elin-oban var olsun, balaların, qohumların var olsun. Bir də sənin hər kəlmənə işıq tutanlar – Elxanlar, İbrahimlər və Səməndərlər var olsun.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.