BORÇALIMIZIN ASLAN QIZI
Fatma Aslanın müəllifi olduğu kitablar və yazdığı şeirləri barədə məlumatlara müvaiq linklərdən baxmaq olar.
Artıq tarixə çevrilən 2010-cu ilin ədəbi həyatında baş verən yaddaqalan hadisələrdən biri də Fatma Aslanın “Göy üzündə gəzən bulud” adlı ilk şeirlər kitabının işıq üzü görməsi oldu. Çağdaş Azərbaycan poeziyasının Gürcüstanda yaşayıb-yaradan istedadlı nümayəndələrindən biri sayılan Fatma Aslanın kitabının Tiflisdəki “Universal” nəşriyyatında çap olunması faktı öz-özlüyündə sevindiricidir. Vaxt var idi, Gürcüstanda Azərbaycan türkcəsində nəşrlər mümkünsüz görünürdü. Nəşrin rəhbəri və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin direktoru Rafiq Hümmətdir.
Öncə Vətən
“Göy üzündə gəzən bulud” kitabı müəllifin toplu halında oxucularla ilk görüşü olsa da, indiyədək onun bir çox şeirləri, müxtəlif səpkili ədəbi-bədii yazıları çeşidli mətbu orqanlarda çap olunub. Amma yalnız toplu halında nəzərdən keçiriləndə aydın olur ki, Fatma Aslanın poeziyasında vətənpərvərlik motivləri üstünlük təşkil edir. Vətən isə doğma evin divar-larından, doğma yurddan başlayır. Fatma Aslanın doğma yurda münasibəti isə onun “Faxralı” adlı şeirində ifadə olunub:
Quru kəsəyinə, daşına qurban,
Qayadan süzülən yaşına qurban,
“Borçalı üzükdür”, – dedi sənətkar,
Faxralı adında qaşına qurban…
Fatma xanımın düşmən tapdağı altında olan Qarabağa, Xocalıya həsr etdiyi şeirləri göz yaşları ilə yazılsa da, onların sətirlərində nikbinlik, qələbəyə inam, torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyinə ümid ehtiva olunub:
Qızıl qanla yazıldın,
Yaddaşıma, yadıma,
Qarabağım, dayan, dur,
Vətən çatar dadına…..
(“Qarabağ – qan yaddaşım”)
Fatma xanımın “Vətən məni çağırsa….” adlı şeiri belə bir bəndlə sonuclanır:
Aslan elə aslandır,
Erkək, dişisi olmaz,
Vətən keşikçisinin,
Qadın, kişisi olmaz.
Təbii ki, burada müəllifin yeganə məqsədi məlum atalar sözünü bir daha xatırlatmaq olmayıb. Mənə elə gəlir ki, şairə Fatma Əliyeva nəyə görə “Aslan” təxəllüsü daşıdığını məhz bu sətirlərdə açıqlayıb. Bildirib ki, vətənpərvər bir kişinin, Aslan kişinin qızıdır.
Ümumiyyətlə, vətənpərvərlik Fatma Aslanın xarakterində, düşüncəsində elə bir üstünlük təşkil edən cəhətdir ki, onun başqa mövzuda yazdığı şeirlərdə belə sətirlərin altından boylanır.
Ana dili – layla dili
Dil və ədəbiyyat müəlliminin ya şair, ya da yazıçı olduğunu təxmin edənlər çox vaxt yanılmırlar. Deyərdim, hətta belə bir rəy də mövcuddur ki, dil və ədəbiyyat müəlliminin poeziya ilə, nəsrlə əlaqəsi yoxdursa, demək, onun pedaqoji fəaliyyəti də səmimi deyildir. Əlbəttə, istisnalar da az deyildir. Ancaq mənə elə gəlir ki, bu stereotip əbəs yerə yaranmayıb. Uman yerdən küsərlər, – deyib atalarımız. Ədəbiyyatı öyrədənlər elə ədəbiyyatı yaratmağı da bacarmalıdırlar. Fatma xanım həm dərslərində, həm çalışdığı təhsil ocağında keçirilən tədbirlərdə və əlbəttə ki, şeirlərində ana dilimizə olan sonsuz məhəbbətini dərin məna yüklü sözləri ilə çox təbii şəkildə çatdırır. Millətin həyatında və taleyində ana dilinin misilsiz rolunu prinsipial filoloq, geniş dünyagörüşlü ziyalı və təcrübəli maarifçi kimi qiymətləndirən Fatma Aslan “Ana dilim” adlı şeirində yazır:
Ana dilim – mənim adım,
Şəxsiyyətim, vəsiqəmdir.
Anamın həzin laylası,
Ürəyimdə dinən simdir.O, mənim var olmağımdır,
Tarixlərdə qalmağımdır.
Dünənimə körpü salıb,
Sabah yol açmağımdır…
Müəyyən şəraitlərin təsirilə hərdən-hərdən hansısa qatqılara uğrasa da, əsasən saf, təmiz, musiqili, cazibədar qalan, möhtəşəm Azərbaycan türkcəsində yazıb-yaradan Fatma Aslan da bu dilə xidmət edir.
Nikbinlik dolu misralar
Ola bilməzdi ki, Lermontovun “Aşıq Qərib”ini oxuyaraq, Qliyerin “Şahsənəm” operasını dinləyərək ilhama gələn şairə Fatma Aslan Aşıq Qurbaninin “Bənövşə”sinə biganə qalsın. Xeyr, biganə qalmayıb, həm də bənövşənin abı rənginə nikbin çalarlar əlavə edib:
Şax tut zərif boynunu,
Ellərə bahar gəlir.
Ürəklərə həyəcan,
Çöllərə vüqar gəlir…
Ümumiyyətlə, Fatma Aslanın təbiətə həsr etdiyi şeirlərinin az qala hamısından bahar təravəti duyulur, xeyir-bərəkətlə sonuclanır. Məsələn, “Göy üzündə gəzən bulud” şeirində Fatma xanım yazır:
Göy üzündə gəzən bulud,
Qırp gözünü, ağla bir az,
Ümid bircə sənə qalıb,
Dağ seli ol, çağla bir az.Ruzi-bərəkət bollaşsın,
Çayan-çəmən yaşıllaşsın,
Quru çaylar aşıb-daşsın,
Bənd-bərəni bağla bir az…
Nikbinlik Fatma xanımın az qala bütün şeirlərinin əsas, özü də üstün xüsusiyyətidir. Bu nikbinliyin ən böyük təsdiqi, opti-mizmin apogeyə çatdığı “Dünya, hələ səndən köçən deyiləm…” şeirdir:
Dünya, hələ səndən köçən deyiləm,
Hələ görülməmiş işim var, nələr.
Qopmayıb qəlbimin dərinliyindən,
Hələ neçə-neçə həzin nəğmələr.Görürsən, nə qədər şirindir həyat,
Hər günü bayramdı, hər an toy-büsat.
Bizimçün yaranıb qoca kainat,
Dünya, hələ səndən köçən deyiləm.
Ot kökü üstə bitər
Fatma xanımın şəxsiyyətinə, yaradıcılığına münasibət bildirərkən, qeyd etməyi özümə borc bilirəm ki, nəcibliyi, ziyalılığı ona nəsildən, qandan keçib. Fatma xanım çox gözəl, məclislərdə yeri başda olan, sifətindən nur, bərəkət yağan ziyalı kişinin – Aslan Əliyevin qızıdır. O Aslan kişinin ki, həmişə eldə-obada nüfuz sahibi olub, hörmətli olub, maarifpərvər bir kişi olub. Həmişə təhsilin qeydinə qalıb. Çalışıb ki, elində-obasında nə qədər gözəl insanlar var, hamısı ali təhsil alsın, savadsızlıq ləğv olunsun. Ağsaqqallarımızın təhsilə olan belə qayğılı münasibətinin nəticəsidir ki, Faxralıda ziyalı nəsillər yetişmişdir. Belə ziyalı nəsillərdən biri də Faxralıda Koxallı nəslidir. Bu nəslin Mirzə Rza Əlizadədən başlanmış Mirzə Seyfulla Həbibullaya qədər bir çox tanınmış təmsilçiləri barədə müəllifi olduğum “Ağır elsən, Borçalıda adın var” kitabında məlumat vermişəm. Məhz həmin nəslin gəlini, Faxralının, eləcə də, ümumiyyətlə, Borçalının ilk ziyalı qadınlarından olan Roza xanım Nuriyeva kənddə ali təhsil alan ilk qadın olduğuna görə, bir çoxları onun yolu ilə getmək istəyirdilər. O vaxta qədər kənddə qız xeylağının ali məktəbdə oxumasına yaxşı baxmırdılar. Sanki Roza Nuriyevanın ali məktəbi qurtarıb gəlməsi bu kənddə qızlar arasında ali təhsilə böyük oyatmışdı. Yəni digər qızlar da onun kimi ali məktəbdə təhsil almağa can atırdılar. Məhz bu ərəfədə kəndin bir neçə ziyalısı öz qızlarının ali məktəbdə oxumasına şərait yaratdılar. Aslan Əliyev də məhz belə bir ziyalılardan idi. Maarifpərvər, geniş dünyagörüşlü, qızların da oxumasında böyük prespektiv duyan, savadsızlığın tamamilə ləğv olunmasını təbliğ edən kişilərdən olan Aslan Əliyev uzun müddət Borçalıda müxtəlif vəzifələrdə işləyib, gözəl övladlar böyüdüb, hamısına ali təhsil verib. Aslan Əliyevin layiqli vətəndaş kimi yetişdirdiyi, indi hərəsi bir sahədə mütəxəssis kimi çalışan həmin övladların arasında Fatma xanımın məxsusi yeri var. Borçalının görkəmli ziyalılarından, mənim də müəllimim olmuş Əli Səngərli az sayda tələbələrinin ünvanına gözəl sözlər deyərdi. Sevinirəm ki, mən də o siyahıda vardım. Dəfələrlə Əli müəllimdən Fatma Əliyeva barəsində də yüksək fikirlər eşitmişəm. Əli müəllim həmişə mötəbər məclislərdə Fatma xanımın savadından, səviyyəsindən ağızdolusu danışardı. Çünki Əli Səngərli bu ailəyə yaxşı bələd idi, onun hörmət bəslədiyi Faxralı ziyalılarından biri də Fatma xanımın atası Aslan Əliyev idi. Onun ailəsindən çıxan, onun tərbiyəsini alan hər bir övladı, Əli müəllim ayrı cür – vətənin ləyaqətli vətəndaşı kimi qəbul edər, onlarla fəxr edərdi. Onu fərəhləndirənlərin arasında Fatma Əliyeva ayrıca bir yer tuturdu. Əli müəllimin, – Allah rəhmət eləsin, – ən yaxşı yetirmələrindəndir Fatma Əliyeva.
“Mütaliənin acı”
Fatma xanım çox prinsipial, inadkar, savadlı, səviyyəli bir ziyalıdır. Heç təsadüfi deyil ki, ali məktəbə qəbul olmaq yolunda ilk cəhdində müsabiqədən keçə bilməsə də, qarşısına məqsəd qoydu ki, mütləq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olacaq. Onun bu prinsipiallığı öz bəhrəsini verdi, inadkarlığı, zəhmətsevərliyi sayəsində həmin fakültəyə qəbul olundu. Və çox yaxşı oxudu, yaxşı müəllimlərdən dərs aldı, Azərbaycan və dünya miqyasında tanınmış görkəmli alimlərimizdən bilik öyrəndi. Həmin alimlərdən biri də türk dünyasının çox böyük ziyalısı, iki çağırış Azərbaycan Milli Məclisinə deputat seçilmiş mərhum professor Şamil Qurbanov idi. Həmişə Şamil müəllim Fatma xanımın arıq cüssəsinə işarə edib deyərdi:
“Bax, Fatma oxumaqdan, mütaliə etməkdən quruyub”. Yəni mütaliə Fatma xanımın həyat tərzinin mühüm tərkib hissəsi olub.
Qədirşünaslıq nümunəsi
Müdriklərdən biri deyib, o adam böyük ürək sahibidir ki, xalqının sevincinə sevinir, kədərinə acıyır. Fatma Aslan da məhz belə böyük ürək sahibi olan ziyalılardandır. Onun şeir-lərini oxuduqca, baxırsan ki, nə qədər həyatdan nakam gedən-lərin valideynlərinə təsəlliverici söz deyir, ürək-dirək verir. Şahidi olursan ki, görkəmli şəxsiyyətlər barədə onların möv-qeyi haqda söz deyir, onları tərənnüm edir. Çoxdu Fatma Aslanın belə şeirləri. Onlardan biri də yuxarıda xatırladığım görkəmli ziyalı, hamımızın dərin hörmət bəslədiyimiz müəllim, şair Əli Səngərlinin xatirəsinə həsr etdiyi şeiridir:
Ulu Səngərimdən ad alan şair,
Əzəmət, ucalıq, od alan şair,
Elində ucalan, qocalan şair,
Heç zaman demərəm getdi Səngərli,
Sənət gülzarında bitdi Səngərli.
Son bəndini təqdim etdiyim bu şeir həm də öyrənənin öyrədənə, şagirdin müəllimə olan minnətdarlığının, qədirşünaslığının ifadəsi kimi qəbul olunmalıdır. Fatma Aslan öz müəllimlərinə olan minnətdarlığının əvəzinə həm də onlardan öyrəndiklərini öz şagirdlərinə ötürmək yolu ilə ödəməyə çalışır. Onun dərs dediyi şagirdlərin sorağı indi nəinki Azərbaycanın və Gürcüstanın, eləcə də MDB üzvü olan digər dövlətlərin, dünyanın başqa ölkələrinin nüfuzlu ali məktəblərindən gəlir. Fatma xanım da onlarla fəxr edir, fikirləşir ki, ömür hədər getməyib, çəkdiyi zəhmət boş yerə sərf olunmayıb. Onların uğurlarının şahidi olduqca Fatma müəllimə vaxtilə müəllimlərinin keçirdiyi qurur hisslərini keçirir, sanki onların da ömrünü yaşayır.
“Qızım, sənə deyirəm…”
Fatma Aslanını öz əzizlərinə – atasına, anasına və onların timsalında bütün valideynlərə, qardaşlarına, övladlarına, qohumlarına, gənclik dostlarına, tələbə yoldaşlarına həsr etdiyi şeirlər də kitabda xüsusi çəkiyə malikdir. İlk baxışda bu qəbildən olan şeirlər subyektiv görünsə də, Fatma Aslanın istedadı özünü onda göstərir ki, toxunduğu mövzuya ictimai vüsət verməyi bacarır. Tələbəlik dostu Sona Abbasovaya yazdığı şeirdən parçaları nəzərdən keçirək:
Doyunca gül, Sonası,
Gülmək yaraşır sənə.
Necə ki, qızıl lalə
Yaraşırdı çəmənə.Yadındamı, Sonası,
Əkbər müəllim qəzəblə:
“Gülün, – deyərdi bizə,
Zaçotda, imtahanda
Gülərəm gününüzə”.
Müşahidə etmək çətin deyil ki, bu misralarla Fatma Aslan daha əvvəl söz sərrafları, müqtədir qələm adamları tərəfindən deyilmiş və həyati müşahidələrdən doğan “Nə gözəl yaraşır insana gülmək” və “əsl gülən son güləndir” ehkamlarını növbə-ti dəfə təsdiq edir, xatırladır.
Bu qəbildən olan “Bir az duyarlı ol…” şeirini nəzərdən keçirək:
Bir az duyarlı ol, ay masabəyi,
Məclisin ruhuna bir nəzər yetir.
Bir qəlbi sınıqdı məclisin bəyi,
Özgə sevgilərdən məsəllər gətir.Ata sağlığına içmə, amandı,
Atasız bala var, yaman ağlayar.
Atasız balanın halı yamandı,
Ürəyə od salar, sinə dağlayar.Bir az duyarlı ol, ay masabəyi,
Məclisin ruhuna bir nəzər yetir.
Sevdası yarımçıq bir yazıq bəyi
Anaraq, ruhuna salavat gətir.
Sonrakı sətirlərdə müəllif məclisin bəyinin adını çəkir. Amma bu xüsusiyyətinə görə həmin şeirə “bir nəfərə ünvanlanmış şeir” qəlibi vermək doğru deyildir. Bu şeir əslində işi-gücü başqalarının sağlığına tost demək olan masabəylərinin, çörəyi tərif söyləməkdən çıxan sərpayıların timsalında bütün basmaqəlib sözbazlara ünvanlanmışdır. Bu yerdə istər-istəməz adamın yadına böyük yazıçımız Anarın “Evləri köndələn yar” tamaşasından tamada Surxayzadə düşür. Yalançının hafizəsi olmaz, deyib atalar. Surxayzadənin da tamadalıq etdiyi məclislərin sahiblərinə münasibətin kökündə səmimiyyət deyil, pul durduğundan, onların adlarını tez-tez unudur, dəyişik salır. Nadir əvəzinə “Nodar”, Rəfiqə əvəzinə “Rasimə” deyir.
Fatma Aslanın öz qızı Rayihə xanıma yazdığı şeir isə bütün qızlara, gəlinlərə tövsiyə – “qulaq sırğası” ilə sonuclanır.
Atana üzağlığı,
Anana qol-qanad ol.
Bir igidin nigarı,
Bir körpəyə həyat ol.
Yenə də bayatı…
Əsrlərin qaranlığından gur işıq seli kimi axaraq mənəviyyatımızı aydınladan, dilimizin, xalqımızın tarixini özündə yaşadan şifahi xalq ədəbiyyatımızla öyünməyə haqqımız var. Bu hikmət xəzinəsinin hər bir incisi xalq ruhunun dərinliklərindən boy qaldırır, xalqın bağrından qoparaq onun mənəvi zənginliyini, düşüncə tərzini, yurd sevgisini, qəriblik həsrətini, şair təbiətini, lakonizmini, gah nikbin, gah da bədbin ovqatını, zaman-zaman sınaqlardan çıxmış öyüd-nəsihətlərini, aydın məntiqini bizlərə çatdırır. Şifahi xalq ədəbiyyatımızın gözəl nümunələri olan bayatılarda qorunub saxlanan tarixizmlər, arxaizmlər həm dilimizin, həm də xalqımızın uzaq-uzaq keçmişə, ulu bir tarixə malik olduğunu bir daha təsdiq edir. Bayatı janrının gözəlliyi ondadır ki, bu janra müraciət edənlər təkcə dili tədqiq edən, onun müxtəlif zaman kəsimlərində uğradığı leksik-semantik, qrammatik və üslubi dəyişiklikləri araşdıran filoloq-tədqiqatçılar deyil, həm də şairlərdir. Bəli, bayatılar dövrümüzdə də yazılır. Fatma Aslanın da gözəl bayatıları vardır. Bu bayatılar adamı doğma yurda – Borçalıya, nənəli-babalı, atalı-analı, laylalı-bayatılı çağlara qayıtmağa sövq edir. Bayatılarda parçalanmış Vətəndən söhbət gedir:
Eləmi, göy çəmənə,
Şeh düşüb göy çəmənə.
Bir qan verən yaradı
Qarabağ, Göyçə mənə.Eləmi, göy çəməni,
Şeh tutub göy çəməni.
Hayqırır, haray çəkir,
Çağırır Göyçə məni.
Bayatılarda Fatma Aslanın həm də bir qadın kimi üstün tutduğu deyərlər üzə çıxır. Məsələn:
Eləmi, atdı gözəl,
Kamına çatdı gözəl.
Özünü namus üçün
Qayadan atdı gözəl.
Və yaxud:
Əzizim, Vətən daşı,
Yurd daşı, Vətən daşı,
Öləndə qoy arxamca
Atılsın Vətən daşı.
Hələ deyilməmiş neçə sözü var…
Borçalıda Fatma Aslanın “Göy üzündə gəzən bulud” kitabının çox gözəl təqdimatı keçirildi. Bu kitabı Borçalı ədəbi mühitində mühüm hadisə kimi qiymətləndirən hər kəs öz ürək sözünü dedi. Doğrudur, sırf tənqidçi gözü ilə baxanlar bu kitabda hansısa “yerinə düşməyən ifadələr” tapa bilərlər. Bu “qüsurlu yerləri” bütün şair və yazıçıların yaradıcılığında tapmaq olar. Amma, əlbəttə ki, Fatma Aslanın yaradıcılığında tərəzinin sağ gözü, yəni təqdirəlayiq cəhətlər vəzndə də, qiymətdə də ağır gələcək.
Hesab edirəm ki:
“Hələ deyilməmiş neçə sözüm var,
Hələ ürəyimdə odum-közüm var”
– deyən Fatma xanım bundan sonra da sanballı şeirlər yazıb-yaradacaq, kitablarının sayını artıracaq, oxucularını dəfələrlə sevindirəcəkdir. Kitabın ilk oxucularından olmağıma görə mən də sevindim. Ona əzizlərinin əhatəsində uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıram. Ümid edirik ki, Fatma Aslan öz qələmi ilə bizim inamımızı, gümanımızı gələcəkdə də doğruldacaq, İnşallah!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.